Mütaliə qeydləri:
Orxan Saffarinin
"Əjdər"
hekayəsi haqqında
Orxan Saffarinin
"Əjdər" hekayəsini
"Kulis.az" ədəbiyyat saytında keçirilən
hekayə müsabiqəsi
zamanı oxumuşdum və çox zövq almışdım. Fikrimi
lap sadə və birbaşa desəm, bu hekayə o müsabiqədə birinci
yerə layiq görülən hekayədən
daha yaxşı hekayə idi. Lakin nəinki birincilik, heç iyirmiliyə də düşə bilmədi. Çox təəccüblüdür.
Yəqin, Saffarinin bu hekayəsində ekstralinqvistik infraqırmızı
bədii həll və kulminativ metaforik kompozitiv və s. kimi şeylər çatışmırmış.
"Əjdər" hekayəsi
ona görə daha yaxşı hekayə idi ki, müəllif bu mətni ilhamla
yazıb, zorla, ağılla, məntiqlə,
hesablamayla yazmayıb,
ona görə də cümlələri gözəldir, mətn oxunaqlıdır, oxucu can sıxıntısından əzab
çəkib yorulmur,
əksinə mətn səni çəkib aparır və sən hətta elə cümlələrə
rast gəlirsən ki, tüklərin ürpərir. Məsələn,
torpaqlarının iyirmi
faizi işğalda olan bir ölkənin
haqq müharibəsinə
yollanmış və
bu müharibədən,
əllərini, qollarını,
ayağını itirərək,
yarımcan qayıtmış
qazinin bir az da toxtaq ruhla, zarafatla,
yumorla dediyi cümləyə baxaq:
"Torpaqların neçə
faizini aldığımızı
bilmirəm, amma məndən 80 faiz getdiyi dəqiqdi...".
Yaxud belə bir mənzərə:
"Uşaq vaxtı
futbol oynayanda oyununa baxdığımız
oğlan, müharibədə
ayaqlarını itirdi".
Yeri gəlmişkən,
bu cümlədəki
"baxdığımız" sözü mətndə, əslində, "buraxdığımız"
şəklindədir. Və hekayə
yaxşı olsa da, müəllif artıq ikinci dəfədir çapa verdiyi bu mətnin
redaktəsinə bu cür laqeyd və əhli-kef münasibət bəsləməklə
heç də yaxşı təəssürat
yaratmır. Əgər
mən səhv anlayıb "buraxdığımız"
sözünü nahaqdan
"baxdığımız" etmişəmsə, yəni
cümlə müəllifin
yazdığı kimi
- "Uşaq vaxtı
futbol oynayanda oyununa buraxdığımız
oğlan, müharibədə
ayaqlarını itirdi"
şəklində olmalıydısa,
o zaman cümlə nə anlama gəlir? Bəlkə "oyuna buraxdığımız"
yazmaq istəyib.
Yaxud aşağıdakı
cümlədə iki
"amma" sözünün
yaratdığı qüsurla
bağlı nə deyək?
"Əjdər belə
qayıtdı amma. Sağ, amma
salamat yox".
Lakin yeri gəldiyi üçün
söylənməli olan
bu qüsurlar, təbii ki, əslində, asanlıqla
düzəldilə biləsi
qüsurlardır və
hekayənin əsas görkəminə, gözəlliyinə
ciddi xələl gətirmir.
Orxan Saffarinin "Hüznsov depressiya" kitabında yer alan
bir sıra hekayələri kimi bu hekayə də poetik ovqatla yazılıb. Məsələn, ilk iki cümləyə
baxaq.
"...Onunla oğurluğa çox getmişdik. Mən indi o şıltaq günlərin
adına oğurluq deyirəm, amma siz elə
görməyin, elə
deməyin".
"Amma siz elə görməyin, elə deməyin".
Bu kəlmələr artıq
hansısa kədərli
əhvalatı danışmaq
istəyən bir adamın sözləridir və həssas oxucu məhz bu sənətvari kədəri hiss etdiyi üçün hekayəni
oxumağa davam etmək istəyir.
Yaxud aşağıdakı cümlələr:
"Sonra sonra hər şey birdən-birə dəyişdi. Mən oğurluq
eləmədim, evlərə
girmədim, cibə girmədim".
Hər şeyi
dəyişən nə
olur? Niyə hər şey
birdən-birə dəyişir?
Çünki müharibə başlayır.
Və təhkiyəçinin bir
vaxtlar birlikdə avaralandığı, birlikdə
oğurluğa getdiyi köhnə dostu müharibəyə yollanır.
Yəni Əjdər müharibəyə
yollanır. Bir vaxtlar
Əjdərin oğurluq
etdiyi qonşularının
hamısı haqqını
Əjdərə halal
eləyir. Arxasınca "əşşi, sağ-salamat
qayıtsın, yenə
xırda şeylər
oğurlasın" deyənlər
olur.
Amma yazıçı Əjdərin
qayıdışını belə təsvir edir:
"Oktyabrın ilk günləri
idi. Cəbhədən xəbərlərin güllə kimi açıldığı bir
vaxtda Əjdəri iki əlsiz, bir də ayaqsız
qarşılayası olduq".
Yazıçı özündən yalançı,
saxta bir dünya yaratmır. Əjdər müharibəyə
gedib qazi kimi qayıtsa da, müəllif onu özündən uydurduğu ideal insan obrazına həbs etmir. Əksinə, onun bütün
paxırlarını hekayənin
lap əvvəllərindəcə açıb ortaya qoyur və oxucuya
məlum olur ki, müharibədən sağ qayıtmasa, hamımızın müqəddəs
şəhid adlandıracağımız
Əjdər, əslində,
oğru imiş, narkoman imiş, hətta həbsdə yatıbmış.
Yəni müəllif bu hekayəsini saxtakarlıqla
uydurmur, əksinə ustalıqla uydurur.
İndiyə qədər yazılmış
bir sıra ədəbiyyat nümunələrində,
ayaqlarını itirən
müharibə iştirakçısının
faciəsini əks etdirmək üçün
müəlliflər çox
vaxt "daha ayaqqabı geyinə bilməyən bir insan" obrazını canlandırırdılar. İtirilmiş
ayağı oxucuya
hiss etdirmək üçün
ayaqqabı detalına
köklənirdilər. Orxan Saffari
isə müharibədən
əlsiz, ayaqsız qayıdan Əjdərin əlsizliyini, qolsuzluğunu
daha fərqli şəkildə göstərir.
Savaşdan öncə narkotik
çəkən və
damarına iynə vuran Əjdər müharibədən qayıdanda
artıq qolları olmur, damarları olmur. O damarlar artıq yerli-dibli yoxa çıxır. Artıq əvvəllər iynəyləyə
toxunduğu o qolun, o damarların yerində sadəcə boşluq var.
Təhkiyəçi dostu Əjdərdən soruşur:
"Əjdər, bəs
iynə? Gül kimi damarların var idi, indi
damağa soxacaqsan?!".
Deyəsən, Əjdər özü də bu haqda
düşünməmişdi.
Sonra müəllif hekayənin ən çətin hissəsinə - sonluğuna
çatır və Əjdərin əhvalatını
bu cümlələrlə
bitirir:
Əjdər sualıma cavab vermədi.
Elə bildim, tüstünü ciyərinə
alır, sən demə, səsini udurmuş.
Nəşədən iki qüllab vurub, başımı göyə qaldırdım.
Gözlərimi yumub bir anlıq
özümü necə
unutdumsa, Əjdər tək qalan ayağı ilə ayağıma vurub ayıltdı məni. İlahi, bu
tək ayağa görə də sağ ol. İndi onunla aramdakı bağ, həm də bu tək
ayağıdır.
Telefonla zəng edə bilməz, qışqırsa,
o deyil.
Əjdərin 20 faizinə baxıb diksindim. Təzədən nəşəni
dodağına uzadıb,
sonuncu tüstünü
vurdurub, aşağı
çömbəlib ayağını
qucaqladım...
- Müharibə davam edir!
P.S. Hekayədə qüsur kimi görünən şeylərdən biri kimi açıq-saçıq
ifadələrin tez-tez
qarşıya çıxmasını
qeyd etmək olar. Doğrudur, hekayəni nəql
edən obraz, belə demək mümkünsə, küçə
uşağıdır və
hekayədə də küçə leksikonunun
olması, əslində,
qaçılmazdır. Amma yenə də, bu ifadələrin mətnin ümumi səslənişinə xələl
gətirdiyini danmaq olmaz. Məsələn,
təsəvvür edək
ki, ədəbiyyata qayğı göstərməyi
qəfildən qərara
alan hansısa
qurumlar "Əjdər"
hekayəsinin televiziyada
səsləndirilməsiylə bağlı göstəriş
verir. Bu hekayəni
televiziyada, kütlə
qarşısında səsləndirmək,
görəsən, mümkün
olacaqdımı? Məncə, yox.
Qörtrud Stayn Heminqueyə
məhz bu məsələ ilə bağlı irad tutarkən onun açıq-saçıq ifadələrlə
dolu olan hekayələrindən birini
"üzə çıxarılmaz"
hekayə adlandırır
və fikrini Heminqueyə bu cür izah edirdi:
"Yaxşı hekayə
idi, buna söz yox, amma
mən belə əsərlərə "üzə
çıxarılmaz" əsərlər
deyirəm. Təsəvvür
elə ki, rəssamsan, bir rəsm əsəri çəkirsən, amma elə şey çəkirsən ki, adam arasına
çıxarılası deyil.
Sərgi
olur və sən bu əsəri
heç yandan asa bilmirsən. Heç kim
də bunu almaq istəmir, çünki alsalar, onlar da asa
bilməyəcək". (Ernest
Heminqueyin xatirələrindən).
5 oktyabr 2022
Təvəkgül Boysunar
Ədəbiyyat qəzeti.- 2022.- 8
oktyabr.- S.23.