Ölməyən hüceyrələr
Esse
Hərdən ölənləri sağ, sağ qalanları ölü bilən yüz bir yaşlı Şəkəri görməyə gələnlərin çoxu onunla marçamarç öpüşüb, əl-əhval tutub, kövrəlib göz yaşlarını siləndən sonra həvəslə verdikləri ilk sual adətən, "Şəkər nənə, (ya xala) məni tanıdın?" olur. Bu sualı qocalı, cavanlı verən qohumlar sanki onun yaddaşında, dünyasında öz varlıqlarını təsdiq etməyə can atır. "Tanımadım, a bala. Kimlərdənsən?" - "Mənəm də, Əhməd, rəhmətlik qardaşın Taryelin oğlu", "Ay xala, Nazlıyam da, rəhmətlik bajın Afətin qızı". Əhməd bibisinin sifətindəki donuq ifadəni görüb dilxor olur, Nazlı ikinci dəfə kövrəlir. Bəzilərinin canına "Birdən qocalanda, biz də belə olarıq" xofu düşür.
Vatsapla yetmiş dörd yaşlı bacısıqızına görüntülü zəng edib xalasıyla calaşdırırlar. Salaməleykümdən, "Necəsən?"lərdən sonra, yenə "Xala, məni tanıyırsan?" sualı səslənir. "Elmira, sən niyə maa heylə sual verirsən?". Hamı Şəkərin əzizlərdən heç olmasa, birini tanıdığına sevinir. Az sonra onun öz bacısı nəvəsi Rahibə "A bala, bə sən ölməmişdin?" sualını verməsi gurultulu gülüşə səbəb olur. "Yox, ay nənə, hələ sağam, öz də turp kimiyəm. De görüm, mən kiməm?" - "Rahibsən də, kim olassan ki?". Hamı yenə gülüşür, kimsə bərkdən əlini əlinə vurur. "Ee, ay nənə, ta sənə sözüm yoxdu. Bircə dəyqənin içində məni öldürüb diriltdin", - Rahib süni acı təbəssümlə deyir. Güllünün "Görən, əvvəl Rahibi kimə oxşatdı?" pıçıltısı mübahisəyə səbəb olur. Kimsə illər öncə ölən Fazilin, başqası uzaq səksənlərdə Süleymanlı kəndində kolxoz sədri işləmiş Nağının adını çəkir. Mübahisənin uzanmasından tıncıxan, əsas da avtoqəzada ölən əmisi Nağıya zahirən bənzəməsindən hürkən Rahib əsəbiləşir: "Siz Allah, bəsdirin görək. Nənəm məni öldürüb diriltdi, siz, deyəsən, birdəfəlik məni o adamların yanına göndərmək istiyirsiz", mübahisə elə ordaca xırp kəsilir.
Son vaxtlar tez-tez həyətə düşüb gəzən Şəkər arada meyvə ağaclarının qabağında dayanıb onlarla xeyli söhbət edir, arada kiminləsə bərk mübahisə edir, bəzənsə sığallayır onları. Ona baxan yeganə övladı Şəfiqə qohumlara deyir ki, hərdən anam ağacları adam bilir, armud ağacıyla danışanda deyir, ay Hürü, o hərəkətinə görə sən heç düz eləmədin, dağ çəkdin sinəmə. "Nar ağacını bağrına basıb sövəliyir, deyir, ay Sevda, nə yaxşı ki, aramızda heç vaxt söz-söhbət olmadı, ömrü boyu can deyib, can eşitdik". Əmisi oğluna zorla nişanlandırılan Hürü toyundan bir gün qabaq sevdiyi oğlanla qonşu kəndə qaçan bacısı, - subay əmisi oğlu üç il sonra, 1943-də Kursk döyüşündə həlak olmuşdu, - Sevda isə eltisidi, hər ikisi Cəbrayılın işğalından çox-çox əvvəl, keçən əsrin əllinci illərində rəhmətə gedib. Qulaq asanlara təəccüblü gələn Şəfiqənin bu şeyləri anasının ağaclarla yox, ölmüş qohumlarıyla söhbəti kimi həvəslə danışmasıdır. Bəzilərinin gözündə təxminən belə bir sual yaranır: "Bəlkə, ölənlərin ruhlarını ağaclarda görür?".
Sonra Samirə yay tətilində Süleymanlıda bacılarıyla, xalası qızlarıyla eyvanda çay içərkən, masada heyva mürəbbəsi ola-ola "Ay Şəkər nənə, bizə qoz mürəbbəsi gətir" deməyini, nənənin ikinci mərtəbədən aşağı düşüb anbardan bir şüşə qoz mürəbbəsi gətirməyini, bacısı nəvəsi İradənin "Yox e, nənə, mən bunnan istəmirəm, mənə şaftalı mürəbbəsi gətir" deməsini, nənənin həmin uşağın xətrinə yenə anbara düşməsini, gündüz dörd-beş uşağı çimizdirib, qurulayıb qucağında ikinci mərtəbəyə qaldırmasını, axşam bir-bir onları həyətə tualetə aparıb gətirməsini gülə-gülə hamıya danışandan sonra başını bulayıb deyir: "İndi bu şeylər yadıma düşəndə xəcalət çəkirəm". Samirənin sifətindən getməyən təbəssümdən hiss olunur ki, xəcalət çəkib eləmir, əksinə, xoş bir nostalgiya yaşayır uşaqların o vaxtkı şıltaqlıqlarından.
"...Xala, Cəbrayıl bizdədi, ordumuz oranı da, Süleymanlını da ermənilərdən aldı". - Bunu deyən bacısı qızı Güllüdür. "Ehh, ay bala, Allah erməninin tifağını dağıtsın. Bizə çox zülm elədilər". - "Ay xala, onu bildik, amma rayon indi ermənilərdə deyil, bizdədi", - Güllü "bizdədi" sözünü vurğulamaqçün əliylə sinəsinə vurur. Xala reaksiya vermir, Rahib pıçıltıyla deyir: "Güllü xala, ondan asılı deyil, beynindəki hüceyrələr öldükcə yaddaşı itir". Güllü yerə sakitcə deyir: "Ay gidi dünya. Vaxt varıydı, ikirəqəmlini ikirəqəmliyə vurub ordaca cavabı deyirdi".
Bir vaxtlar Süleymanlı kəndinin mühasibat işlərini qəpiyinə qədər doğru-dürüst aparan, atını minib rayon mərkəzinə hesabat verməyə, maaşları gətirməyə gedən Şəkərin bu halına qohumları indi acıyır. Mətbəxdən çaylarla qayıdan qızı Şəfiqə deyir: "Güllü, elə indi də ikirəqəmlini ikirəqəmliyə vura bilər". - "Ciddisən?" - "Hə, sənin canınçün". - "Xala, iyirmi səkkizi iyirmi dördə vuranda neçə eliyir?" - "Altı yüz yetmiş iki", - azca fikirləşəndən sonra Şəkər cavab verir. Güllü "Məəttələm, vallah", - deyib başını bulayır. "Elə mən də məəttələm. Ayıb da olsa deyim, yaşım qırxa gedir, vurma cədvəli arada yadımdan çıxır. Şükür Allaha, nənəmdə hələ yaddaş hüceyrələrinin hamısı ölməyib", - son cümləni Rahib elə əminliklə deyir, sanki nənəsinin beynindəki hüceyrələrin sayından az-maz xəbəri var.
Elə bu vaxt Şəkər əmr tonunda
qızına səslənir: "Şəfiqə, dur
çayın altını yandır, indi Nazim gələjək".
Nazim üç il əvvəl əlli altı yaşında
insultdan ölən qardaşı oğludu. Rahibin optimist replikasından
sonra Şəkərin bu sözləri naqolay sükuta səbəb
olur. Şəfiqə
sükutu aradan qaldırmaqçün xalası nəvəsinə
az əvvəl verdiyi sualı bir də verir: "Samirə,
deyirsən, qızın Türkiyədə institutu oxudu
qutardı hə?". Samirə
bu sualı guya birinci dəfə eşidir. "Hə, gələn
ay İstanbula gedəjəh diplomunu almağa", - cavab verir
və qızıyla bağlı növbəti sualı
eşitməməkçün qəfil başqa bir mövzuya
keçir: "Nənə, o vaxt kənddə ilan səni
sancanda..." - "Həə, a bala, qoy danışım, -
Şəkər artıq adını və özünü
unutduğu nəvəsinin sözünü kəsir,
oturduğu yerdə qamətini dikəldir, gözləri
parıldayır, hiss olunur ki, maraqlı bir hadisə
danışmaq həvəsindədir. - Kənddə qaynar bir
yay günüydü, göydən od
yağırdı. Kələsərdə
(üzümlük) üzümlərin dibini belliyirdim, nətəər
oldusa, beqafıl gürzə topuğumdan sancdı. Allah tərəfi özümü itirmədim, tez
yaylığımı çıxardıb baldırdan
aşağı tərəfi bərk-bərk sıxdım.
Baah, qoyardımmı ilan əlimdən
qaçsın, - gözləri hələ də
parıldayır. - Beli götürüb
düşdüm kələsərin canına, o üzüm sənin,
bu üzüm mənim, dedim, nə olur-olsun, onu tapıb
öldürməmiş, rayon balnisəsinə (xəstəxanasına)
gedən dəyiləm. Axırı tapdım
ilanı, belnən təpəsinə-təpəsinə vur ki
vurasan. Tərpənmirdi,
ölmüşdü, amma ürəyim soyumadı,
boğazından tutub qaldırdım yuxarı,
var-gücümnən çırpdım yerə. Taa tam
arxayın olanda ki, ilan gəbərdi, atı hayladım, at
özünü yetirən kimi hoppandım belinə,
çapdım düüz Cavreyil balnisəsinə...". Samirə pıçıldayır:
"Papam danışırdı ki, Şəkər xala xəstəxanaya
özünü çatdıranda, bütün bədəni səpmişdi,
ilanın qabığı rəngindəydi dərisi. Tez zəhər əleyhinə iynə vurub, nənəmi
ölümün ağzından qaytarmışdılar.
- Nənə, - üzünü ona tutaraq, - bəs gürzə
səni çalanda, qorxmurdun ki, zəhər sənin
axırına çıxa bilər? Niyə o dəyqə
atı minib xəstəxanaya çapmadın?".
Samirə bu sualı verəndən sonra
özü də gülür, o birilər də.
"Bax, yenə deyirəm, Həzrət Abbas haqqı, onda
öz canımın hayında dəyildim, ancaq ilanı
öldürməyi fikirləşirdim", - bunu deyib Şəkər
şəhadət barmağını yuxarı qaldırır.
Şəfiqə gülə-gülə deyir: "Samirə, sən
ilandan söhbət saldın deyə, anam başladı o hadisəni
danışmağa. Bizə evə adamlar gələndə,
sual versələr də, verməsələr də, hər dəfə
anam ilan hadisəsini elə həvəslə
danışır, elə bil bu şeylər dünən
olub". Rahib sifətinə müdrik ifadə verib guya nəsə
yeni bir şey deyir: "Sizi inandırım, nənəmin
ölməyinə bir saat qalmış kimsə gəlib desə
ki, o hadisəni danış, hamısını indiki kimi
başdan-ayağa danışacaq".
Az sonra
Şəkərin bacısı oğlu Qurban əlini dizinə
vurub qohumlara deyir: "Atalar üçdən deyib, görək
bu dəfə alınacaq?".
Üzünü xalasına tutaraq: "Xala! Ordumuz qırx
dörd gün vuruşdu, Süleymanlını, Balyandı,
Qarajallını, rayon mərkəzini, Cəbrayılın
bütün kəndlərini, Şəyağı,
Ziyaratı, üstəlik Hadrutu, Suru, Zamzuru, Banazuru ermənilərdən
aldı, indi oralar hamısı bizimdi!". Son
cümlədən sonra o doluxsunur, gözləri
yaşarır, amma qürur imkan vermir, göz yaşını
silsin. Qohumlar təmkinli, hisslərini cilovlamağı
bacaran adam kimi tanıdıqları
Qurbanın bu halına heyrətlənir, bacısı,
bacısı qızı, xalası qızı kövrəlir.
Şəkər hökmlə deyir: "Hə, qadan alım,
hamımız inşallah gedəjik Cavreyilə, atı minib
Ziyaratın başına çıxajam. Qoy hələ
Nazim gəlsin, gedək bazardan bir qoç alaq.
Aparıcıyıq Ziyarata, qurban kəsdirəjəm
orda". Hamı əl çalır,
gülür, bu dəfə Güllünün, Samirənin
sevinc göz yaşları parıldayır.
Qəfil Samirə deyir ki, bəlkə, rəsmi icazəsini
alaq, Şəkər nənəni aparaq rayon mərkəzini,
Süleymanlını görsün. Güllü deyir, yox,
ürəyi dözməz, Cəbrayıldakı
dağıntıları görəndən sonra Bakıya
qayıdıb iki-üç günün içində
infarktdan ölən yaşlı adamları misal çəkir.
Qızı da eyni şeyi deyir və evdəkilər
iki yerə, "Dözər, dözməz" deyənlərə
bölünür. Qurbanın "Onsuz
ömrünə az qalıb, bəlkə gedib o yerləri
görüb ölməyi məsləhətdi. Elə orda da dəfn edərlər" sözləri
beynindən keçsə də, bunları dilinə gətirmir.
Zəif eşidən Şəkər jestlərdən,
mimikalardan evdə mübahisə getdiyini anlayır. "Nə danışırsız? Maa da
deyin". Qurban birdən deyir: "Xala, Ziyaratı bildik,
günü sabah Süleymanlıya getməyə
hazırsan, ya yox?" - "Hazırsan nədi?
- yenə qamətini dikəldir. - Bə
bilmirsənmi, srağagün getdim camaatın pullarını
verdim? Şükür, indi kənddə
hamının güzəranı yaxşıdı. Bizimkilər ermənini ordan qavalıyandan (qovandan)
sonra, hamı yenə öz işinnən məşğuldu".
Ortaya hüznlü sükut
çökür, 1993-cü ilin avqustunda vətənindən
qovulmuş Şəkərin ruh kimi işğaldan azad
olmuş doğma Süleymanlıya xəyali səfərini,
ölmüş əzizlərini diri adamlar kimi görməsini,
"Hamı yenə öz işinnən məşğuldu"
deməsini, keçmişi indi bilməsini qohumlar
çözməyə çalışır. Əvvəlcə
qızı əlini yelləyib dillənir: "Ehh,
anamçün indinin, dünənin fərqi yoxdu, Bir gün Cəbrayıldadı,
bir gün kənddə, bir gün də burda, Bakıda".
Samirə köks ötürüb dillənir: "Nə deyim,
yəqin bu, Allahın möcüzəsidi ki, anlamaq
gücündə deyilik". "Ağacı adam
bilmək, kəndə getmək. Vallah, mən də nəsə
deməyə acizəm", - bunu deyib Güllü çiyinlərini
çəkir. Yaddaş hüceyrələrini
düşünən canlılar kimi təsəvvür edən
Rahibin fantaziyasında onlar sağ qalmaq uğrunda şiddətli
mübarizə aparırlar ki, nənəsi yaddaşını
tam itirməsin. "İnandırım sizi, nənəm
ora gedib qayıtsa, hamımız birdəfəlik onun yadına
düşəjiyik", - Rahib özünə xas əminliklə
deyir. Qurban isə xalasının zaman və məkan məsələlərini
bir-birinə qarışdırmasını belə izah edir:
"Şəfiqə, sən deyirsən, xalamçün
indinin, dünənin fərqi yoxdu. Bax, tutaq ki,
ya Allah eləməmiş, Cəbrayıl indi də
işğal altında olsaydı, xalam yenə ora rahatca gedəcəkdi,
eşitdiyimiz şeyləri yenə eyni həvəslə bizə
danışacaqdı".
9 iyun-29
sentyabr 2022
Bakı-Zaqatala-Bakı
Alpay Azər
Ədəbiyyat qəzeti.- 2022.- 8
oktyabr.- S.25.