Asif Ata və Güney Azərbaycan
Cənubi Azərbaycan millətçiliyi
o deməkdir ki, İranın daxilində, İran ölkəsinin
içində bir dünya var - Cənubi Azərbaycan milləti
adlanan dünya... Cənubi Azərbaycanda Uluyurd hərəkatı
yaranmalı, tarixdən ibrət dərsi götürülməlidir.
Asif Ata
O,
bütün fikirlərini beləcə - böyük cəsarət
və uzaqgörənliklə, hətta peyğəmbərcəsinə
söyləyirdi. Hələ 1987-ci ildə "Bilən
üçün" adlı tezislərində: "Avropa
öz üstünlüyünü əldən verəcək
və həmin üstünlük əskiklik kimi görünəcək..."
- demişdi. Bundan təxminən on il sonra,
daha dəqiq desək, 1996-cı ildə həmin fikri bir qədər
də konkretləşdirərək: "Qərb öz dairəsini
aşıb dünyalaşması ilə özünə
çox böyük ziyan vurdu!" hökmünü
vermişdi. Qərbin bundan sonra balaca-balaca lokal məğlubiyyətlərə
düçar olacağını və bu lokal, balaca-balaca məğlubiyyətlərin
böyük məğlubiyyətə çevriləcəyini
iddia edərkən, eyni zamanda millətçiliyi əbədi
ideya kimi dəyərləndirir, gələcəyin millətçilikdən
qaynaqlanacağını da düşüncələrə
yeritməyə çalışırdı. Bax beləcə,
Azərbaycanın mühüm ictimai-siyasi problemləri ilə
bağlı öz qənaəti, öz çözüm yolu
vardı Asif Əfəndiyevin, ocaqçı
övladlarının iftixarla "İnam Ata" söylədikləri
böyük filosofun... Əslində o, bu məsələlərin
ən real həlli yolunu Güney Azərbaycanla bağlayır,
vahid, qüdrətli və müstəqil Azərbaycan dövlətinin
yaranması üçün bunu əsas
götürürdü. Ancaq onun həyat fəlsəfəsinin
özülündə məhz türkçülük dururdu.
"Azərbaycan - Türkün beyni və ürəyi,
Türkiyə -Türkün qolu və kürəyidir" deyərkən,
digər türkdilli xalqların, özbək,
qırğız, uyğur, çuvaş, türkmən və
başqalarının da, hər birinin bu türk bədənində
- varlığında öz yerinin olduğunu, bu baxımdan hər
bir türkdilli, türkəsilli xalqın çiyninə
çox ağır yük götürdüyünü
vurğulayırdı. Bu yükün canında,
mahiyyətində isə türkün ruhunu özünə
qaytarmaq və dünyaya tanıtmaq missiyasının
durduğunu açıq-açıq etiraf edirdi. Eyni zamanda türkçülüyü-türk
ruhaniyyatçılığı, türk tarixi və türk
ictimai fikri kimi üç əsas bölgüyə
ayırır, azərbaycançılığı isə
türk ruhaniyyatının canı sayırdı.
Türkçülüyün
mahiyyətindən danışarkən Babək faktoruna
xüsusi diqqət yetirməyin vacibliyini qeyd edirdi: "Ruhsuz və
əxlaqsız saydıqları bu qəhrəmanın
ruhaniyyatının canı fərəh fəlsəfəsidir.
Fərəhin ən gözəli
azadlıqdır, özünəməxsusluqdur. Babək
can atdığı azadlıqla özgəsinin qılıncla
gələn dininə qatılmağa çalışır,
bu yolda mübarizə aparır, bununla da özünün
ömrünü fərəhə qərq edirdi. Nə az, nə
çox - düz 23 il xilafətlə döyüşmək, o
xilafətlə ki, başı Bağdadda, ayağı isə
Hindistanda idi, bir əldə qılınc, o birində
"Quran" yenə də türk vüqarı!
Türkün ayrı-ayrı dövrlərinin mahiyyəti
tarixi türkçülükdür ki, burada da müəyyən
dövrdən sonra əsas rolu osmanlı
türkləri oynayıb. Bizim Şumer
dövrümüz də türkün aqibəti ilə
bağlıdır. Sivilizasiyanın, mədəniyyətin
əsasını qoyan Şumerlər bizim eradan əvvəl
VIII-V əsrlərdə Midiyalıları yaradıblar ki, onlar
da dünyanın ən böyük ölkəsi səviyyəsinə
qalxıblar. Midiyalılar məğlub
olduqdan sonra, İranın bir hissəsinə çevrilib ki, bu
da indiki Cənubi Azərbaycandır. Bununla
da Azərbaycan öz dövlətçiliyini itirib,
ardı-arası kəsilməz fəlakətlər də məhz
bundan sonra başlanıb" - deyən bir aydının
ürək yanğısını, təəssüf hissini
anlamamaq mümkün deyil.
Cənubi Azərbaycan məsələsinin, Güneylə
bağlı problemlərin onu nə qədər narahat etdiyini,
fikrini, ruhunu, bütün varlığını
qapsadığını duymaq çətinlik törətmir,
hətta bu qapsamanı görmək belə
mümkündür. "Cənubi Azərbaycan məsələsi ən
azından 36 milyon Azərbaycan türkü deməkdir və 36
milyon Azərbaycan türkü məmləkətin
regiondakı vəziyyətini kökündən dəyişdirməklə,
Zaqafqaziyada birinciliyi ələ alar və dünyanın
mövqeyini dəyişdirər. Onda erməni də
quyruğunu qısardı. Ancaq "Cənubi
Azərbaycan məsələsi beş-on günə həll
olunası elə asan məsələ deyil". Asif Ata
bu fikirləri söyləyərkən Cənubi Azərbaycan məsələsinə
qarşı bütün dünyanın
dayandığını iddia edir, bu xalqın ayağa
qalxacağı təqdirdə Rusiyanın, başda Amerika
olmaqla, bütün Qərbin bizə, yəni bütün Azərbaycana
qarşı duracağını deyirdi. Onun qənaətinə
görə, Cənubi Azərbaycanda döyüş dünəndən
başlayıb, bu gün də davam edir. Lakin
necə? Köhnə inqilabi yollamı?
İnqilabın ən böyüyü Oktyabr inqilabı idi ki,
bir gündə baş verdi, yetmiş ildən
sonra süqut etdi. Azərbaycan heç vaxt dar dairə səviyyəsində
xoşbəxt ola bilməyəcək. Azərbaycan
qoşulanda itirir: Ərəbə, farsa qoşulduq - itirdik! Rusa qoşulub - məhv olduq. İndi
də bizi kapitalizmə qoşurlar. Bəşəriyyəti
yalnız və yalnız ruhaniyyatçılığın
xilas edəcəyinə, dünyanın yalnız
ruhaniyyatçılığa gəlməklə xaosdan
qurtulacağına əminliklə: "Maraqlıdır,
dünyada elə şair, filosof tapılmaz ki, kapitalizmi sevsin.
Bəşəri yalnız ruhaniyyatçılıq xilas edəcək,
Azərbaycan burda başlanğıc olmalıdır, bizə
qoşulmalıdırlar: Biz bunu bacararıq..." - deyirdi Asif
Ata...
Azərbaycançılıqda Güney Azərbaycan
amilinin rolu barədə hər dəfə dəyərli fikirlər
səsləndirən Asif Ata Azərbaycan üçün ən
əsas siyasi məsələ hesab etdiyi Cənubi Azərbaycan
məsələsinin həllini Vahid Azərbaycan dövlətinin
yaradılmasında görürdü. O, əhali çoxluğunu, iqtisadi
gücü, silahı tanıyan müasir siyasi dünyanın,
eyni zamanda Nəsimini, Füzulini tanımadığını
(əslində özünü tanımır kimi göstərdiyinin)
və bizi balaca saxlamaq istəyinin tutarlı cavabını da
Vahid Azərbaycanda axtarır və: "Vahid Azərbaycan
"balacalığımızı" aradan qaldırar.
Dünyada yerimizi bilərik, dünya da bizim yerimizi bilər!.. hökmünü verir.
Asif
Əfəndiyevin görə: "Azərbaycan Midiya
dövründə də türk ölkəsiydi, Albaniya
dövründə də türk ölkəsiydi, bütün
başqa dövrlərdə də türk ölkəsi olub və
elə də qalmaqdadır". İran
Midiyası da, udin Albaniyası da əfsanədir, üç
Azərbaycan ideyası isə məqsədli yalandır.
Azərbaycan birdir, onun əsas etnosu-türkdür!..".
Bu gün
məsələyə başqa don geyindirənlər Vahid Azərbaycan
ideyasına qarşı İranın parçalanması təhlükəsini
ədalətsizlik kimi ortalığa qoyur ki, bu da fikir və
düşüncələrə təsir edir, onları fəaliyyətdən
çəkindirir. Asif Ata isə başqa bir düşüncənin
daha optimal qənaət sahibi kimi deyir: "Əslində isə
bir xalqın əzilməsi, buxovlanması, əriməsi
bahasına yaranan möhtəşəmlik -
parçalanmalıdır, bu, ədalətli hadisədir,
qaçılmazdır, imperiyaların heç birinin
axırı yoxdur; onlar hansı adlarla
çağırılsalar da, mahiyyətləri, aqibətləri
birdir...".
O,
Güney Azərbaycanı inqilablar məskəni
adlandırır, bu sırada sərdari-milli Səttar xanın,
Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər
Pişəvərinin rəhbərlik etdiyi inqilabları
ayrıcalıqla qeyd edirdi. Dünyada ondan əvvəl
baş verən inqilabları, məşhur İngiltərə,
Fransa və Rusiyadakı inqilabları, onların heç də
dünyanı təzələyə bilmədiklərini və
bunun səbəblərini açıqlayırdı. İlk səbəb olaraq adamın insan olmaması
faktını göstərir və inqilabın insanı dəyişmədiyini,
əksinə ondakı yırtıcılığı daha da
artırdığını deyir. Digər
tərəfdənsə inqilabı zor vasitəsilə irəliləmək,
inkişafa, azadlığa, bir gün müstəqilliyə
nail olmaq kimi dəyərləndirirdi. Bütün cəmiyyətdə
adam insan ola bilər, bir şərtlə
ki, adam özünü insan eləsin. Quruluş
o zaman dəyişilə bilər ki, onu inqilab yox, intibah
yaratsın. Asif Ata böyük əminliklə
söyləyirdi ki, gələcək millətçiliyindir.
"Millətçilik nədir?" sualına: "Millətin
özünü dünya saymasıdır", - deyə cavab
verirdi: "Cənubi Azərbaycan millətçiliyi o deməkdir
ki, İranın daxilində, İran
ölkəsinin içində bir dünya var - Cənubi Azərbaycan
milləti adlanan dünya. O dünyanın öz dili var, öz
mədəniyyəti var, öz ənənəsi var... Millətçilik, Cənubi Azərbaycan millətçiliyi
- Azərbaycançılığın dərkidir. Dünyamızı əlimizdən alıblar,
dünyamızı özümüzə qaytarmalıyıq.
Cənubi Azərbaycan millətçiliyi budur...".
Cənubi Azərbaycan məsələsinin bütöv Azərbaycanın ən əsas siyasi məsələsi olduğunu bu mövzudakı yazılarında dönə-dönə vurğulayan böyük filosof islamlaşmağı da, qərbləşməyi də millət üçün, elə ədəbiyyatın özü üçün də zərərli sayır, öz-gələşmənin iki qütbü adlandırır, "İslam farslaşdırır, Qərb Avropalaşdırır" deyərək cənublu soydaşlarımızı müasir Qərb siyasətinin əsl üzünü görməyə, mahiyyətini anlamağa çağırırdı. XX əsrdə Güney Azərbaycanda sonu məğlubiyyətlə nəticələnən inqilabların məğlubiyyət səbəbləri də onu dərindən düşündürürdü. Bu səbəblərdən biri kimi ruhani təməli olmadan Güney Azərbaycanlıların sosial-demokratiyaya uymalarını, onların Ümumiran hərəkatının ən fəal, ən cəsur və ən istedadlı adamları olduğunu və bununla da özlərinə yox, Ümumirana qulluq etdiklərini göstərirdi: "Bütöv İran hərəkatı (pis mənada) Təbrizdə yarandı, İranı böyüdən, tarixə salan Səttar xan oldu, təəssüf ki, müstəqil Azərbaycan ideyası atılmadı ortaya, düşündülər ki, elə Ümumiran məşrutəsi elə Azərbaycanın azadlığı deməkdir və Azərbaycana azadlıq veriləcək. Bu düşüncədə olanlar və möhtəşəm bir ölkə iddiası ilə yaşayan bir ölkə özünün bir hissəsini o qədər böyütməz ki, özü kiçilsin. Pişəvəri hərəkatında bu ideya var idi, lakin onu da məhv etdilər öz ideyaları ilə birgə. Burada da, Güney Azərbaycan ideyası kommunizm və sosializm ideyası ilə bir yerdə verilirdi, Müstəqil Azərbaycan yox idi. Odur ki, nə olur-olsun, Müstəqil Azərbaycan hərəkatı, Uluyurd hərəkatı yaranmalıdır. Qələbə bundan sonra mümkündür!..".
Esmira Fuad
Ədəbiyyat qəzeti.- 2022.- 8
oktyabr.- S.24.