Ay Laçın... Can
Laçın...
Hekayə
- Anaaa!!!
Ataaa!!! Qardaşşş!!! Hardasınız???
- Səs dağlara dəyib əks-səda verirdi. - Gəli-n-nn!
Mən Laçındayam!!! Evimizdəyəm!..
Evimizdə!!! Eşidirsizmi!??? Sizin Laçın balanız
Laçındadı!!! Axır ki, Laçına
qayıtmışıq! Qayıtmışıq, heyyy! Görürsünüzmü məni?! - Haray səsindən
dağlar, daşlar lərzəyə gəlmişdi. - Məni
tək qoymayın bu ulu dağların arasında... gəlin!!!
- Laçın xanım evimiz dediyi yalnız karkası
qalmış dörd sütundan birini qucaqlamışdı. -
Anaaa, evimiz yerlə-yeksandı, ana... İsti yuvamız kol-kos
olub, ata!!! Gəlin, gözlərinizlə görün!!! Bu evi
biz necə zülümlə, əzab-əziyyətlə
tikmişdik... O daşların çoxunu mən
daşımışdım indi qurumuş bu əllərimlə...
Səsimə səs verin, heyyy!!! Mən bu
doğma evimdən ermənilərin əlindən baş
götürüb qaçanda evin təp-təzə pəncərələrinin
təptəzə pərdələrini çəkib
örtmüşdüm. Təzə qapını ehtiyatla
qıfıllamışdım ki, üstünə
cızıq düşməsin! Bir neçə günə
qayıdarıq, demişdim... Açarları hələ də
çibimdədi! Otuz ildi o açarları üfürə-üfürə
qoruyub saxlayıram... Heç ev-yuva üzü görməyəsən
səni, ay evləri, yuvaları yıxan erməniii! -
Dağlar səsdən, haraydan, hıçqırıqdan
boğulurdu sanki... əks etdiyi nalənin ağır
uğultusu eşidilirdi.
Heyyy...
Ulu dağlar...
Bağlandı
yolun, dağlar...
Köçdü
oban, irmağın...
Yox oldu
Elin, dağlar!!!
Sanki
günahkar dağlarmış kimi onlara üz tutan
Laçın xanım gah dizlərinə döyürdü,
gah da saçlarını yolurdu...
...80-ci
illər Laçının - bu rayon mərkəzinin də
xoşbəxt, firavan, cənnətməkan vaxtları idi. Dağların sinəsi boyunca yeni daş evlər
tikilirdi. Üstü boz şiferli ikimərtəbəli
evlərin əksəriyyəti yeni nəslin qurduğu ocaq-yuva
idi. Onda Laçın xanımın on səkkiz
yaşı vardı. Bakıda Tibb Məktəbində
oxuyurdu. Bu adı da ona babası
vermişdi, - Laçın dağları qədər
ömrün uzun, gözəl olsun, qızım, - demişdi.
O xoşbəxt günlərdə Laçın hər Bakıya
gedib-gələndə qonşuları Ariz onu
qarşılayıb yola salırdı: "Ay Laçın,
can Laçın, gəl səni alım, qaçım! Nə
olar?!". Məktəbi
bitirən kimi də elçiləri qapılarını
döymüşdü. Payızda el adətilə
toy etdilər. Sonra da hər ikisi əl-ələ verib
gecə-gündüz çalışdılar, bu dağın
ətəyində özlərinə ikimərtəbəli
göz oxşayan ev tikdilər. Üzü qışa getdiyindən birinci mərtəbəni
hazırlayıb ora köçdülər.
- Hər
kəsin öz odu-ocağı olmalıdı, qızım, hər
kəsə öz yuvası şirindi, - demişdi
qayınanası. - Yazda havalar istiləşəndə biz də
kömək edərik, ikinci mərtəbəni də
hazırlayarsız, yayı ora köçərsiniz... sərin
olacaq...
Amma... o
yaz gəlmədi... O yaz Günəş doğmadı, Ay
görünmədi... Yaz əvəzinə dəhşət gəldi...
Qan-qada gəldi, od-alov gəldi... O yaz dünyaları
dağıldı. Ellər, obalar pərən-pərən
düşdü... Yersiz, yuvasız, dinsiz-imansız ermənilər
gəldi... Yerli qaçç... - dedilər!!! Laçın
şəhərinin bütün kişiləri məhlə-məhlə
bölünüb evlərinə, ailələrinə,
qız-gəlinlərinə qarovul çəkirdilər.
Ermənilərin qəfil basqınlarının
qarşısını almaq üçün gecə-gündüzü
çöllərdə, dağlarda, dərələrdə,
daşların dibində yatıb dururdular. Amma
olmadı... Bu hiyləgər, fitnəkar, xain, murdar məxluqların
hücumlarının qarşısını ala bilmədilər...
1992-ci ilin fevralında baş verən Xocalı faciəsindən
sonra xalqla dövlət arasındakı uçurum daha da dərinləşdi...
Dövlətin dəstəyini, köməyini
görməyən laçınlılar da Laçını
tərk etməli oldular. Mayın
ortalarından başlayaraq laçınlılar ailəsini-uşağını
götürüb hara gəldi qaçırdı. Onsuz
da ruhdan düşüb şəhəri tərk edən dinc əhalini
ermənilər qılıncdan keçirdilər... yüzlərlə
əsir düşən qız-gəlindən, əhaliyə
qarovul çəkən, ermənilərin yolunu kəsən
kişilərdən, oğullardan hələ də bir soraq
yox... Laçının atası, qayınatası,
qardaşı, can yoldaşı, qayınları hələ də
itkindilər. Bəlkə də ermənilər onları elə
o vaxt hardasa güllələyib basdırıblar...
...Laçın
xanım hıçqıra-hıçqıra sütunlara, həyətdəki
kol-kosa sığal çəkirdi. Susuzluqdan,
insan hənirindən, qayğısından uzaq
düşmüş ağaclar ayaq üstə quruyub
ölmüşdülər. Ürək
dağlayan bir görkəmi, mənzərəsi vardı
buraların. Arabir Laçın xanım
Laa-çınn! - deyib qıyya çəkir,
keçən günlərini çağırırdı:
- Mənim
cavanlığım, xoşbəxt günlərim,
atalı-analı illərim, hardasınız? - Onu sakitləşdirmək istəyən
qız-gəlinləri Qoşqar müəllim geri
çağırdı, - dəyməyin, qoyun ürəyini,
otuz ilin tıxanmış ağrı-acısını
boşaltsın, - dedi. - Asan deyil, iki böyük nəsildən
qalan tək-tənha bu qadındı. - "Amma ürəyi
dayanmasa yaxşıdı", - düşünən Qoşqar
kişi Laçın xanımı bura gətirməyinə
çox peşman olmuşdu. Bu
dağılmış, köhnə qəbiristanlığı
xatırladan yurd yerlərinə gəlib baxan kişilər
heç dözmür. Bütün qohum-əqrəbasını
müharibədə itirən bir qadın necə
dözsün?
Neçə vaxt idi ki, bir neçə
laçınlı gənc, orta yaşlı
laçınlılar Qoşqar müəllimin yanına gəlib-gedirdilər
ki, qabağa düşsün, qanuniləşdirsin, onlar da
gedib Laçını görsünlər. Düzdü,
qanunsuz, gizlin gedib-gələnlər vardı. Amma mina təhlükəsi olduğundan Qoşqar
müəllim risk eləmirdi. Nəhayət, Prezidentin -
Ali Baş Komandanın "Laçın artıq bizimdi!"
- çağrış elanından sonra o
da getməyə qərar verdi. Qonum-qonşu
laçınlılar yığışdı, iki
maşınla Laçına üz tutdular. Amma gərək hələ gəlməyəydilər.
Bir az da dözüb gözləsəydilər...
Onsuz da qoyub getdikləri Laçın yox idi! Sanki heç
olmamışdı... Al-yaşıl dağların
qoynundakı kirəmitli, şiferli evlərin yalnız
dağılmış daşları ağarırdı...
Kişi
bir daşın üstünə çökmüşdü,
qarşı dağlara baxırdı... Xəyalı isə onu
çox-çox uzaqlara, ağır keçmişə
aparmışdı...
Bu sərsəm erməni başçıları özgə
torpaqlarında Böyük Ermənistan dövləti yaratmaq
istəyir.
Yerli əhalini qıra-qıra, qova-qova ilk başda istəklərinə
nail olublar da... Ermənistan dövləti Azərbaycan
torpaqlarında yaranmayıbmı? İki əsrə
yaxındır ermənilər qarış-qarış Azərbaycanı
zəbt etməkdədi... Əhalisini qırmaqdadı... XIX əsrin
üzqarası - Gülüstan, Türkmənçay
müqavilələri, XX əsrdə 1918-ci il,
1948-ci il, 1988-ci il... faciələri... minlərlə azərbaycanlı
məhv edildi. Bu ideyanın kökünü kəsməyin,
onu yaşadan, nəsildən nəslə ötürən
"Vətənpərvər" erməniləri məhv etməyin
bir yolu olmalıdı axı... Dadanannan, quduranın
amanı-imanı olmaz, imkan düşən kimi
ömrünü çalıb, yurdunu da yağmalayar... Necə
ki minlərlə insanı yox etdilər... Təkcə azərbaycanlıları
deyil, öz erməni gəncliyini də məhv elədilər...
Guya Böyük Ermənistan dövlətinin yolunda qurban veriblər...
Tarixdə dünya ağalığına can atan sərkərdələr
çox olub - Makedoniyalı İskəndərdən
tutmuş, Hitlerə qədər... Nəticəni
isə tarix özü göstərdi ki, bu mümkün deyil.
Çünki hər bir xalqın, millətin əsrlərlə
formalaşmış öz ərazi dairəsi var... Bu dairənin içində həmin xalqın dili, mədəniyyəti,
tarixi, kökü-köməci yaşayır. O dairəni
keçmək olmaz! Əgər keçərsən ya o dairənin
içində əriyib itərsən bir xalq olaraq, ya da ordan əzilib
çıxarsan! Ən yaxşı halda bu
"Erməni dövləti" anlayışını ləğv
etmək lazımdı. O qədər xalqlar, tayfalar var
ki, öz dövləti yoxdu, hansısa dövlətin tərkibində
sakitcə yaşayırlar... Bir halda ki, sən həm öz
xalqını, həm də başqa xalqları məhv etmək
yolunu tutmusan, sənin qaniçən dövlətin kimsəyə,
heç öz xalqına da gərək deyil! - Qoşqar müəllim
dərindən nəfəs alıb ayağa qalxdı. Bir az uzaqlarda ermənilərin köçüb
gedərkən yandırdıqları evlərin
tüstüsü görünürdü. Burum-burum
burulan tüstü ərşə dirənmişdi. -
Yandırın-yandırın. Onsuz da, ay donuz otaranlar, siz
yaşadığınız evlərdə kimsə
yaşamayacaq! - Qoşqar kişi ürəyində
deyindi. Amma bir həqiqət - fakt da vardı.
Qoşqar müəllim bu yerdə onu da
xatırlamaya bilmədi. Əvvəllər
Laçında ermənilər çox az
olub. 70-80-ci illərdə - Sovetlərin
Qızıl dövründə hər yerdə olduğu kimi
Laçında da quruculuq işləri gedirdi. Köhnə
qara kərpic evləri söküb yerində ağ
daşdan evlər tikirdilər. Onda ermənilər usta, fəhlə
kimi qapı-qapı gəzib yaxşı ev
tikəcəklərini təklif edirdilər. Əksər
insanlar bu təklifi qəbul edirdi. İnsafən
də, onlar gecə-gündüz bilmədən
çalışırdılar ki, bu evi tez tikib qurtarıb
başqalarının da evini tiksinlər. Bu
müddət ərzində isə elə həyətlərdə
olan əl damlarında yatıb-dururdular. Sonra bu işə
yarayan ermənilərə də torpaq sahəsi ayrıldı,
dağların döşündə onlar da özlərinə
ev tikdilər. Beləcə, bu
axarlı-baxarlı dağlar ermənilərə də qucaq
açdı... Laçındakı evlərin bəlkə də
çoxunu Qavroş adlı bir erməni usta tikmişdi. Axı bu erməni ustanın nəyinə
lazımdı Böyük Ermənistan?! Ailəsini,
uşağını saxlamaq üçün onun bir
parça çörəyə ehtiyacı vardı, onu da bu
dağlarda qazanırdı... Deyilənlərə
görə, erməni ordusu Laçını tutanda əsir
götürdükləri lacınlılarla birgə Qavroşu
da güllələyiblər. - Sən erməni deyilsən!
- deyiblər... Bax belə!!!
Düşünmək... Düşünmək gərəkdi...
Böyük Ermənistan xülyası erməniləri məhv
edəcək, Qafqazda sakitlik, dinclik, əmin-amanlıq
yaranmayacaq...
...Ünlü
dağlar,
Ay qara
günlü dağlar!
Qaytar əzizlərimi,
Dumanlı,
çənli dağlar!
...Laçın
xanım hələ də dizlərinə döyə-döyə
bayatı çəkir, 90-cı illərdə itirdiyi əzizlərini
haraylayırdı...
...Qoşqar
müəllimlə gələn digər dəstə üzvləri
bu xarabalıqda öz doğma evlərinin heç olmasa bir
qırığını, söküyünü,
talanmış bağ-bağçalarının bir izini,
kolunu axtarırdılar. Göz yaşları selə
dönmüşdü...
...Yanğın
indi də evlərdən ağaclara, meşələrə
keçmişdi... Qırmızı alov tüstünü əvəzləmişdi...
dağların cərgəsiylə sanki yer də, göy də
yanırdı...
... - Qoy
yansın hər şey, evlər də, ağaclar da... ermənilərin
izi-tozu, nəfəsi də qalmasın bu müqəddəs
torpaqlarda, yanıb kül olsun! Yaxşı ki, özləri
yandırıb gedirlər... Bu xalqla bütün körpülər,
əlaqələr, münasibətlər, get-gəllər beləcə
yansın və qurtarsın! - düşünürdü
Qoşqar müəllim. - Cünki başqa yol qoymadılar bu
zatı, kökü qırıq nankorlar! Amma çox çəkməyəcək,
bu dəli-dolu dağlarda dəli yağışlar yağacaq,
yanğının izlərini də, külünü də
yuyub aparacaq, yeni pöhrələr, yeni ağaclar əkiləcək,
yeni evlər tikiləcək və Laçının
laçınlı günləri yenidən başlayacaq!.. Necə ki başlayır...
Avqust 2022
Bahar Bərdəli
Ədəbiyyat qəzeti.- 2022.- 8
oktyabr.- S.27.