Lev Nikolayeviç
Qumilyov – 110
Sən mənə deyirsən...
Sən mənə deyirsən: sabah. Eh! Sabah
Fələk başımıza hər oyun açar.
Bütün kainata hakimdir
Allah,
Zamana tək onun qüdrəti çatar.
Bir saat vaxt vermiş
- şərabtək şirin,
Dante ahəngitək təkraredilməz.
Geçiksən, qəm bağlar
pəncərələrin,
Sevincsə bir daha yaxına
gəlməz.
Xatırlayır ixtiyarlar...
Xatırlayır ixtiyarlar, xatırlayır
nəvələr;
Ulduzların öz yolundan sapmadığı zamanlar,
Bir-birilə evlənərdi bir-birini
sevənlər,
Savaşardı bir-birilə layiqini tapanlar.
Artıq
kimə tay
olasan, bölüşməyə
kimin var,
Hansı dərdi söyləyəsən
daha səbir daşına?
İndi
qurdlar ulaşmada, indi zavallı quşlar
Dolanırlar viran qalmış şəhərlərin başına.
1937
Yoxsul olsa da
torpaq...
Yoxsul olsa da torpaq,
zəngindir tariximiz,
Nə mənzillər,
nə illər yorar yaddaşımızı.
Müqəddəs ataların adına and içən
biz,
Bu gün utancımızdan
əyirik başımızı.
Evdə xanımın belə baxammırıq üzünə.
Sındırılmış, riyakar, bu ürkək nəzərləri
Bilə-bilə qatırıq al şərabın
gözünə,
Qərq edirik qədəhdə eyibləri, şərləri.
1935
Bizim atlar yelqanadlı...
Bizim atlar - yelqanadlı,
bizim qızlar - tər çiçək,
Düzəngahlar - sonsuz, azad,
çöllərimiz - gen qucaq.
Amma atlar yorulacaq,
qızlar qısqanc olacaq,
Sonsuz, azad çölləri də
bəmbəyaz qar örtəcək.
Mənim
başqa istəyim var:
dərdlərimi unudub,
Bir ocağın
ətrafında dostlarımla
oturum.
Bizi hər vaxt şənləndirən
"səadətdən" məst
olub -
Xoş ətirli
şərab ilə qədəhləri doldurum.
"Peterburq"
silsiləsindən
Pilləkən
Tozlu pillələrdə ay ilə
çıraq
Zaman keçirirlər
pıçıldaşaraq.
Amma qaranlıqdır döngələr
yaman,
Orada Roqojin - mənfi qəhrəman;
O, hər xışıltıya
diqqətli qulaq,
Ona çətin
deyil bıçaq saplamaq.
Qaranlıqmı belə dönmüş
məşhərə,
Qorxu toxumları
səpir hər yerə?
Zaman öz rəhmini tükədir boşa,
Kimlər ki, bıçaqla qalmış baş-başa.
Pillələr üstündə aymı qalıb tək?
Qorxuncdur caninin əlinə düşmək.
1935
"Tarix" silsiləsindən
Özgə sözlərdədir gizli məkanı
Özgə zəfərlərin, qəbahətlərin,
İnad
əcdadların, sağır
zamanın,
Bizlərə naməlum xəyanətlərin.
Ötən əsrlərin, qərinələrin
Kəfkiri ürəktək sinəmdə
vurur.
Başqa
həyatlar və başqa ölümlər
Başqa kəlmələrdə yaşayıb
durur.
Ölümün onları haqladığı
yer
Dönüşü olmayan elə məkandır,
Adı kitablardan silinsə belə
Zülümdən doğulan izləri vardır.
Onlar yaşayırlar - qəbir
daşları,
Etimad edərək can verənlərin,
Amalı
uğrunda qan tökənlərin
lal sirdaşları.
Taleyin kələfi
Əfsus ki, hər kəsə
bir cür tor qurur.
Əsrlər ardından gələn
sədalar
Ürəktək qəlbimin içində vurur.
Mən iki ürəklə ölmərəm bir də,
Yaşayıb yad gündə, yad kəlmələrdə.
1936
Yol
Hər bir yolun başı
sevgidir desək
Dünya boş görünməz
o zaman bizə.
Torpağa yenidən bir nəzər etsək
Bir başqa
aləmtək görünər
gözə.
Yaxşı tanımırıq ana
torpağı,
Yerdəki həyatı örtür buludlar.
Biz burda zamanın vaxtsız qonağı,
Əbədi dünyada öz evimiz var.
Poeziya
Vaqif olmaq üçün bəşər sirrinə,
Bəzən yetməyəndə buna
gücümüz,
Sığınıb sözlərin möcüzəsinə
Şeirlər qoşmağa başlayırıq
biz.
Yollar qarşımızda açılır
bir-bir,
Bu yeni dünyaya əlini uzat;
Özü sözümüzün önündə gedir
Sözün önümüzdə açdığı
həyat.
Bilgi
Yeni söz deməyə acizik müdam,
Köhnə sözlərin də yox bilicisi.
Cani
olmaq istər indi hər adam,
Ayırd etmək üçün yaxşını, pisi.
Biz koruq. Elmsə, sözün doğrusu,
Yeni bilgilərin
möcüzəsidir.
O, bahar çağının
göy gurultusu,
Məsih badəsinin bir şöləsidir.
Nəticə
Məkanımız - düşüncələr,
zamanımız bol.
Bağlıdır dünyaya qapı,
azadlığa yol.
Könül açan xəbərlər
də
səssiz-səmirsiz.
İndi
dünənin qədrini
çox bilirik biz.
Rus dilindən tərcümə:
Afaq Şıxlı
Moskva
Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.26.