Ən vecsiz tənqidçilər
Coys Kerol Outsun məqaləsi
Coys Kerol OUTS - məşhur ABŞ
nasiri, şairi, dramaturqu, esseçisi və ədəbi tənqidçisidir.
16 iyun 1938-ci ildə Nyu-York
ştatının iri şəhərlərindən biri
sayılan Lokportda dünyaya göz açıb.
Ali təhsil almaqdan
ötrü Sirakuz Universitetinə daxil olub, magistr dərəcəsini
isə 1961-ci ildə Viskonsin-Medison Universitetində alıb.
Ədəbi fəaliyyətə
1963-cü ildə başlayıb və o vaxtdan bəri 50-dən
çox romana, xeyli sayda hekayəyə, şeir və
non-fikşn (qeyri-bədii və ya sənədli nəsr)
janrında əsərlərə imza atıb. 1960-cı illərin ədəbi nəsli
arasında ən məhsuldar qələm sahibi
sayılmaqdadır.
İlk kitabı 1963-cü
ildə çapdan çıxan "Üzü şimala"
hekayələr toplusudur. Bir il aradan sonra onun ilk romanı "Başgicəllənmənin
doğurduğu büdrəmələr" işıq
üzü görüb.
1990-2000-ci illər
arasında yazdığı mistik məzmunlu romanları Outs
"Rozamond Smit" və "Loren Kelli" ədəbi təxəllüsləri
ilə də çap etdirib.
"Onların həyatı"
(1969) romanına görə yazar Milli Kitab Mükafatına
layiq görülüb, "Qara sular" (1992), "Nə
üçün yaşadım" (1994) və
"Sarışın" (2000) romanlarına görə isə
nüfuzlu Pulitser ödülünə əsas namizədlərdən
biri olub.
Layiq görüldüyü digər
mükafatlar sırasına "Qugenheym ödülü"
(1967), ABŞ-ın Milli Humanitar medalı" (2010),
"İlin humanisti" (2007), ən yaxşı xarici müəllif
üçün İtaliyanın "Femina" (2005), O.Henri
(1967), Puşkart və Stoun mükafatları, Sent-Luis
ştatının ədəbi ödülü (1988), ən
yaxşı fantastik əsər nominasiyası üzrə Milli
Kitab Mükafatı (1970), "Ən yaxşı hekayə
üçün Ri ödülü" (1990), ən
yaxşı roman üzrə Brem Stoker ödülü (1995),
Amerikanın PEN / Malamud ədəbiyyat mükafatı (1996),
Opra klubunun (2001) və Helmeriç (2002) ödülləri,
görkəmli nailiyyətlərə görə təqdim
olunan "İctimai dəyər" ərməğanı
(2003), ən yaxşı xarici roman üçün
Böyük mükafat (2011), Çino del Duka ödülü
(2020) və sair daxildir.
25 il boyu, həm də
fasiləsiz şəkildə ədəbiyyat üzrə Nobel
mükafatını almağa namizəd göstərilsə də,
hələlik ona layiq görülməyibdir.
Uzun illər ölkə
universitetlərində gərgin pedaqoji fəaliyyət və
araşdırmalar ilə məşğul olduğu
üçün C.K.Outs Brendays və Şimal-Qərb
Universitetlərinin fəxri doktoru adlarını
qazanıbdır.
Vyetnam müharibəsi başlananda
ölkəsinin yeritdiyi imperialist siyasətə kəskin etiraz
əlaməti olaraq, C.Outs Kanadaya köçüb və
oradakı Vindzor Universitetində mühazirələr oxuyub. 1978-ci ildən etibarən isə o, Prinston
Universitetində çalışmaqdadır.
Ən vecsiz tənqidçilər
Özünütənqid elə bir sənətdir ki, ona
yiyələnmək hər kəsə nəsib olmur. Yazıçının
öz əsərinə kənar bir gözlə baxmağa (mətnin
müəllif tərəfindən cilalanması işi bu
qavrama aid deyildir!) cəhdlər göstərməsi həm sadəlövhlükdür,
həm də əbəsdir, çünki bir şeyə nə
qədər dərindən bələdsənsə, onda hələ
nə qədər naşı olduğunun fərqinə
gec-tez, həm də mütləq varırsan. Başqa sözlə desək, öz ətrafı ilə
müqayisədə insanın özünə bələdliyi
nə dərəcədə mümkündür axı?!
Göz sinirinin uc qisminə düşən
işıq şüası onun qişasını
qıcıqlandıra bilmədiyi kimi, görmədəki kor
nöqtələr (ləkələr) də bütün insan
övladlarına xasdır. Bu mənada biz hamımız
öz krallığının külli-ixtiyar sahibi olan, fəqət
özü barədə çox az şey
bilən kral Lirə bənzəyirik.
Ədəbiyyat tarixinin uzun əsrləri ərzində
yazarların öz yaradıcılıqları barədə
söylədikləri ekssentrik, bəzən də
özünüinkara qədər gedib çıxan xeyli
açıqlamaya rast gəlinir.
İngilisdilli ilk böyük şair Çoser
özünün dahiyanə əsərlərinə nəinki
layiqli dəyəri verməyib, hətta onlardan imtinaya da cəhd
edibmiş və bu zaman, bir xristian kimi, o, özünün fani
dünyanın günahlarına bulaşdığını əsas
gətirirmiş.
İngilis
dilində yazılan iki misilsiz romanın - "d'Ebervillər nəslindən
olan Tess"in və "Gözəçarpmayan Cud"un müəllifi olan Tomas Hardi özünün
romançılıq sahəsindəki bu uğurları barədə
hədsiz saymazyanalıqla danışırmış,
adıçəkilən romanları da o, öz poetik
yaradıcılığında yaranan "müvəqqəti
maliyyə sıxıntısı"nın qaçılmaz nəticəsi
sayırmış.
Frans
Kafkanın özünə tənqidi yanaşması isə tədricən
özünəişgəncə həddinə
çatırdı və öz miqyası baxımından bu
özəllik səviyyəcə onun dahiyanə əsərlərindən
əsla geri qalmırdı: onun mazoxist fantaziyalarında
insanın canlandırılması, şikəst edilməsi,
yer üzündən izinin-tozunun silinməsi böyük
üstünlük təşkil edirdi. Yarımçıq
şedevrləri sayılan "Proses" və "Qəsr"
romanları daxil, özünün bütün əsərlərini
məhv etməyi dostu Maks Broddan xahiş eləməsi də
bu baxımdan bizə əsla təəccüblü
görünmür. Dostu isə, Kafkadan daha
uzaqgörən bir sənət sərrafı olduğu
üçün, onun vəsiyyətinə əməl eləməyibmiş.
Lev
Tolstoydan sonra ən böyük rus yazarı sayılan
Çexov öz qələm dostu İvan Buninə deyirmiş:
-
Heç bilirsən mənim əsərlərim daha neçə
il oxunacaq? Yeddi il.
Bunin ondan
soruşubmuş:
- Bəs
niyə yeddi il?
Bunu
görən Çexov bir az da dəqiqləşdiribmiş:
-
Yaxşı, olsun yeddi il yarım.
Gah son dərəcə məşhurluqdan irəli gələn,
gah eqosentrizmin, gah da son dərəcə sadəliyin yekunu kimi,
çəkingənlik, özünəinamsızlıq, ya da
şöhrətinin zirvəsində ikən Kamyunun nümunəsindəki
kimi, bunların hər ikisinin sirli qarışımı adətən
yazarın yaradıcılığında tam bir tıxanmaya
yol açır. Çünki C.Sviftin: "Gərəkli sözü həmişə
ən uyğun yerdə işlət!" devizi kamilliyə can
atan hər bir qələm sahibi üçün əsl gecə
kabusuna çevrilibmiş.
Uilyam Qass
deyirdi ki: "Asanlıqla qələmə aldığım
istənilən cümlə mənə nə isə bir
şübhə hissi aşılayır. Məhz
rahat yaza bilmədiyim üçün də mən ləng
yazıram. Yazdığım mətnlərin
üzünü dönə-dönə
köçürürəm ki, bəlkə bu sayədə
orta səviyyəni, birtəhər də olsa,
yaxalayım".
Yaradıcılıqdakı
iqtidarsızlığı məntiqi baxımdan və
öz-özlüyündə bu cür izah eləmək olar:
yeni kitab (əsər) yaratmaq barədə düşünən
yazar insan həyatının əbədi məsələləri
üzərində də baş yormağa məcburdur. Təsadüfi
deyil ki, passivlik, cürətsizlik və yaradıcılıq
"impotensiyası" Hamletdən sonrakı romantik
üslubda, həm də Mallarme, Bodler və "fin de siecle"
(fransızca "əsrin sonu" deməkdir - A.Y.)
düşüncəsiylə yazıb-yaradan digər şairlər
üçün öz-özlüyündə sənətin
bir predmetinə çevrilir: onlar əmindirlər ki, həyat
onlara heç bir ilham-zad vermir, dil amili isə insan
varlığının ziddiyyətli faktlarının ifadəsi
üçün yetərsizdir.
Öz yazarlar nəslinin ən məşhur təmsilçilərindən
biri sayılan Cerom Selincerin şöhrətinin ən yüksək
zirvəsində qərarlaşarkən çap olunmaqdan imtina
istəyi də hələlik bizim üçün bir sirr
olaraq qalır.
Tənqidçilərin rəyinə görə,
"böyük ümidlər verən" və hətta
"gözqamaşdırıcı" istedad sahiblərinin də
sonradan ədəbiyyat üfüqlərindən qeybə
çəkildiyinə, yazı-pozunu atdıqlarına və ya
ən azından sonrakı əsərlərinin
çapından imtinalarına dair də bir çox faktlar bizlərə
bəllidir. Bəlkə onları belə
qorxudan əvvəlki ədəbi şöhrətləri
imiş? Yoxsa tənqidçilər öz
tərif dolu rəyləriylə bu adamlara elə dərin inam
hissi aşılayıblar ki, artıq içlərinə
düşən bir şübhə qurdu onları bundan sonra
daha yaxşı yaza bilməyəcəklərinə
inandırıb?
Əksəriyyətin gəlmiş olduğu rəyə əsasən,
öz yazarlar nəslinin ən istedadlı qələm sahiblərindən
biri sayılan tanışım da son illər ərzində
özündən əminlik hissini necə itiribsə, artıq
heç kəslə, hətta yaxın dostlarıyla da məktublaşmır. O inanır ki,
yazdığı hər bir mətn gələcəkdə
daha layiqincə qiymətləndiriləcək, elə buna
görə də o, adicə yazışma qeydini də edərkən
xüsusi ciddi-cəhd sərgiləyir və bu üzdən
özünü hədsiz dərəcədə yorub əldən
salır. Bu səbəbdən o, son vaxtlar hər
kəslə məhz telefonla əlaqə saxlamağa
üstünlük verir.
Bəzilərimizin özünə bəslədiyi təbii
şübhələrin artmasında vaxtilə eşitdiyi mənfi
rəylər əsl hipnoz təsirinə malikdir. Məsələn,
C.Apdayk deyirdi ki, barəsində müsbət rəy yazanlar ona
hədsiz dərəcədə nəcib yanaşırlar,
halbuki yerdə qalanlar onu istedadsız biri sayırlar.
Qor Vidal
da bir kərə demişdi ki: "Tənqidçilərin
yağdırdığı təriflərə şəxsən
mən dərin şübhə ilə yanaşıram".
Ancaq çox vaxt yazarlar ətrafdakı insanların
onların fəaliyyətini necə dərk elədiklərindən
heç agah da olmurlar. Hələ gənc yaşlarında "Taypi" və
"Omu" kimi misilsiz əsərlər yaradan Herman Melvill
qadınlar üçün patriarxal üslubda
yazdığı "Pyer" romanını bitirəndə
ona elə gəlirmiş ki, növbəti bestsellerə imza
atıb, halbuki bu son dərəcə qəddar əsər
oxucularda yalnız və yalnız nifrət hissi
oyandırmağa qadir idi. Daha əvvəl
yazdığı "Mobi Dik" romanı kimi, bu əsər
də öz müəllifini maddi iflasın eşiyinə
sürükləmişdi.
Dikkens isə
özünün "Böyük ümidlər"
romanını hər halda bir fars (tamaşaçılarda
yüngül gülüş doğurmağa hesablanmış
kiçik səhnə əsəri - A.Y.) sayırmış və
buna görə də yazırmış ki, əsərdə
"ağlasığmaz dərəcədə və hədsiz
gülüş doğuran bir xeyli məqam var", halbuki ən
sıravi oxucu da bu əsərin əsl faciə olduğunu əminlik
hissiylə söyləyə bilər.
Frensis Skott Fiscerald tam arxayınlıqla söyləyirmiş
ki, onun "Şəfqət dolu gecə" romanı misilsiz əsər-filan
sayıla bilməz, bundan əlavə, həm də bu roman
Coysun "Uliss"i ilə müqayisədə eksperimental nəsrin
daha bariz nümunəsidir.
Özündən
hədsiz dərəcədə razı olan Uilyam Folkner
düşünürmüş ki, onun "Pritça" əsəri
əvəzsiz bir nailiyyətdir, halbuki bu onun ən
sönük və uydurma əsəridir: əgər ciddi
müqayisə aparacaq olsaq, onun qalan romanları bununla
yanaşı qoyulduqları vaxt kül içində bərq
vuran iri almazları xatırladırlar. Yeri gəlmişkən,
Folkner özünün "oxu daşa dəymiş bir
şair" olduğunu da vaxtaşırı təkrarlamaqdan əsla
usanmazmış.
Əksəriyyətin
artıq oturuşmuş rəyindən fərqli olaraq, Coys
üzərində on yeddi il boyu sərasər işlədiyi
"Finneqanın hüzürü" romanını "bəsit"
əsər sayırmış. O deyirmiş: "Bu mətndəki
hər hansı parça başa düşülmədiyi
halda atılacaq yeganə addım - onu təkrar-təkrar və
ucadan oxumaqdır". Sonralar, yəni bu əminliyi yerlə-yeksan
olanda isə yazar etiraf edirmiş: "Ola bilsin, bu əsərim
həqiqətən də bir sayıqlamadır. Yüz
il keçəndən sonra bu xüsus bir az da dəqiqləşər,
əlbəttə".
Coys
doğma qardaşı Stanislavın aşağıdakı rəyinə
etiraz eləməyə də hər hansı gərək
duymayıb:
"Bu roman deyilməyəcək qədər
darıxdırıcıdır. Hətta o, tamamilə
sönmək ərəfəsində olan bir istedadın son və
artıq faydasız görünən
çırpınışlarıdır. Əgər
səni yaxından tanımasaydım, mən onun heç bircə
abzasını da oxumazdım".
Özündən əmin olmamaq məsələsində
Virciniya Vulfa çatan isə heç tapılmaz. Bəlkə də
bunun əsas səbəbi - onun öz işinə,
özünütəhlil prosesinə hədsiz dərəcədə
köklənməsi idi. 1936-cı ilin noyabrında,
özünün ən qəliz əsərlərindən
sayılan "İllər" romanının
korrekturasıyla məşğul olarkən o, gündəliyində
bu sətirləri yazıb:
"Birinci hissəni oxuyarkən, ümidsizliyə, həm
də çarəsiz və soyuq bir ümidsizliyə qapıldım. Xoşbəxtlikdən
kitab elə zay qələmə alınıb ki, onun
çapından ümumiyyətlə söhbət gedə bilməz.
Korrekturadan sonra bu mətni bir pişik
ölüsü kimi L.-ə təhvil verəcək və
xahiş edəcəyəm ki, bu romanı oxumadan
yandırsın".
Ancaq Leonard Vulf bildirir ki, kitab onun xoşuna gəlib və
onu "son dərəcə uğurlu" bir əsər
sayır. Əslində, Leonard Vulf bunu da yalandan söyləyirmiş,
amma Virciniya bu saxtakarlığın heç fərqinə də
varmayıb. Gündəliyində isə
qeyd edib ki, bəlkə də özü durumu həddindən
artıq şişirdir və əslinə qalanda roman sən
deyən də zəif sayılmaz. Lakin aradan bir neçə
gün ötdükdən sonra həmin dəftərdə
romanın həqiqətən də zəif olmasıyla
bağlı onun növbəti qeydi peyda olub: "Bundan belə
bu cür qalın kitablar yazmayacağam".
Bir
müddət sonra Vulf yazırdı: "Görünür,
"İllər" romanıma görə tamamilə ruhdan
düşməyimə dəyməzdi. Ən nəhayət,
belə anlaşıldı ki, əsər fəna deyilmiş.
Ən azından bu, həqiqi bir əsərdir və
oxucunu düşüncələrə vadar edir. Onun
üzərində apardığım işi az əvvəl
tamamladım və daxilimdə görünməmiş bir ruh
yüksəkliyi hiss edirəm".
Sonralar yazar etiraf edirdi ki, bəlkə də roman zəifdir,
ancaq bütün hallarda onun üzərində təzədən
işləmək niyyətindən də uzaqdır. Halbuki əsər
haqda ilk rəylər başdan-ayağa təriflərlə
dolu idi. Həmin məqalələrdə
Vulf həm "birinci dərəcəli xanım
romançı", həm də "misilsiz lirik şairə"
titullarına layiq görülmüşdü.
"İllər" romanı az qala
yekdilliklə bir şedevr elan olunmuşdu.
Bundan bir
gün əvvəl isə Virciniya öz gündəliyində
bu sətirləri yazmışdı:
"Öz-özümdən heç baş
çıxara bilmirəm. Bu gün sanki bütün ruhum dincəldi,
könlüm sevincdən dolub-daşdı, bunun səbəbi
isə Edvard Murun dünən "Lisner"də, Skott Ceymsin
isə cümə günü "Life and Letters"
haqqında dərc etdirdiyi xeyli sərt fikirlər oldu. Hər ikisi aşımın duzunu yaxşıca
veriblər. Edvard Mur yazıb ki: "İllər"
romanında yaşadığımız həyatdan heç
bir nam-nişan yoxdur və o, bəslənən ümidləri
zərrəcə doğrultmayıb. Ceyms də
öz rəyində elə buna oxşar fikirlər
açıqlayıb. Bunları oxuyanda
gözlərimin önü qaraldı və mən gövdəsi
tən ortadan qırılan bir qamış kimi torpağın
köksünə əyildim. "Əsərdə
yaşadığımız həyatdan heç bir
nam-nişan yoxdur və o, bəslənən ümidləri zərrəcə
doğrultmayıb" yazarkən sanki onlar məni
yalançılıqda suçlayırlar. Sən demə, mənim kitabım - ona bəslədiyim
ümidlərdən ibarət olmaqla yanaşı, həm də
zəhləm gedən bir düyü pudinqi imiş. Bu - mənim
iflasım imiş. "Həyatdan heç bir nam-nişan
yoxmuş...". Sübh saat
dörddə mən ürəyimdə qopan kəskin
ağrıdan oyandım, dözülməz ağrı-acı
duyurdum. Ancaq iztirablarım tezliklə səngidi: buna səbəb
- "Empire review"da çıxan dördsətirlik, həm
də xeyirxahlıq dolu bir rəy oldu. Demə,
bu - mənim ən yaxşı kitabım imiş. İndi belə çıxacaq ki, mənə
yaşama gücü verən də bu rəy oldu, eləmi?
Məncə, yox, bu duyğu o qısa rəylə
bağlı deyildir. Amma sevincim, duyduğum
o sevinc təbii idi. Axı, bəzən elə olur ki,
özünü ələ alırsan, şənlənib-şuxlaşırsan
- bəyəm bundan ötrü də hansısa xoş söz
yetərli olmur ki?!".
Qəribə
olan da burasıdır ki, "İllər" romanı o vaxt
ABŞ-da dörd ay boyu bestsellerlər siyahısının
başında dayansa da, hazırda onu Vulfun ən uğursuz
eksperimentlərindən biri, görünməmiş dərəcədə
cansıxıcı və oxucuya yuxu gətirən bir kitab
sayırlar. Onda həqiqətən də "həyatdan
heç bir nam-nişan yoxdur", halbuki yazarın digər əsərləri
- "Mayaka doğru", "Missis Dellouey" və
"Dalğalar" əsl şedevr sayılır və bir mənada
onlar Klod Monenin tablolarını xatırladırlar.
Ədəbiyyat tarixində öz əsərlərini
yenidən yazmaq və "daha səviyyəli" yazmaq kimi mənasız
həvəsə indiyədək bir çox məşhur yazar
cəhd göstəribdir. Bunu deyərkən, ilk
növbədə U.H.Oden, Marianna Mur, Con Rensom gəlir
adamın ağlına. Gənclik enerjisi qeybə çəkilən,
qocalmağa başlayan və hər halda öz gənclik
dövrünün revanşını (intiqamını - A.Y.)
almağı arzulayan yazar mətnin hər əyər-əskiyini
düzəltməyə can atır: hər şeyi
özünün şübhə ilə yoğrulan təcrübəsinə
uyğun şəkildə qısaltmağa, yenidən
biçib-doğramağa və təkrar
quraşdırmağa çalışır.
Odenin
dostu, yunan şairi C.Seferis (Outs burada məşhur yunan
şairi Yorqos Seferisi nəzərdə tutur: bəzi Qərb
dillərində onun əslində "Giorgos" və ya
"Georq(i)os" olan adı "Corc"
şəklində yazılıb. Əslində
şairin ilkin halı "Seferiades" olan soyadı da sonradan
qısaltmaya məruz qalıb. Xatırladaq ki, bu modernist
şair 1963-cü il üçün ədəbiyyat üzrə
Nobel mükafatı laureatıdır - A.Y.) "1 sentyabr 1939-cu il" şeirini pis günə
saldığı üçün Odeni möhkəmcə
danlayıbmış. Bunun səbəbi isə
Odenin məşhur "Biz bir-birimizi ya sevməli, ya da ölməliyik"
misrasını "Biz bir-birimizi sevməli və ölməliyik"
şəklinə salması imiş. Şeirin
bir başqa çap versiyasında müəllif bu misranın
olduğu bəndi ümumiyyətlə ixtisara
salıbmış. Seferis bu cür dəlləkliyi
"mənəviyyatdan uzaq" və "eqoist"
yanaşma sayırdı, çünki sözügedən
şeir artıq çoxdan öz müəllifinin toxunulmaz əqli
mülkiyyəti olmaqdan çıxıbmış.
U.B.Yeyts isə mətnlərində düzəlişlər
aparmağa hər zaman hazır imiş və bunlar onun
yaradıcılığında müsbət nəticələrə
vəsilə olub. (Şair deyirmiş: "Mənim ruhumdur bunu məndən
tələb eləyən").
Eyni fikirləri
Henri Ceymsə və məncə, Emili Dikinsona da aid eləmək
olar: deyilənlərə görə, hətta onun tələm-tələsik
yazdığı məktubların da bir xeyli qaralama
versiyası olurmuş.
D.H.Lourens "Seçilmiş şeirlər"
kitabını çapa hazırlayarkən özünün
ilk qələm təcrübəsi sayılan şeirlərini
sırf onları zəif saydığı üçün
köklü şəkildə işləyib, təkmilləşdiribmiş. Onu da xüsusi qeyd etməliyəm
ki, Lourens özünün poeziya sahəsindəki ilk
uğursuzluqlarını son dərəcə səmimi bir
şəkildə belə etiraf eləyibmiş:
"Cavan şair öz ilham pərisindən
hürkür və vaxtaşırı əliylə
ağzını qapadığı o pərinin yerinə
dil-dil ötməyə başlayır. Ancaq onun bu
hüdülədiklərinin çox nadir hallarda şeiriyyətə
bir dəxli olur. Buna görə də mən
özümün son çalışmalarımda sözü məhz
ilham pərisinə verməyə cəhd göstərdim və
cavan şairin onun yerinə danışdığı
bütün yerləri mətnlərdən çıxarıb
atdım".
Yazarlar arasında özünə hədsiz dərəcədə
və aşkar heyranlıq hallarıyla da sıx
rastlaşırıq, hətta deyərdim ki, bunlara həddindən
çox rast gəlinir. Amerikanın tanınmış ədibləri
arasında bir kişilik idealı sayılan Ernest Heminquey
sağlığında öyünürmüş ki,
yazıçılarla xəyalən keçirdiyi boks matçlarında o, Turgenevi və Gi de
Mopassanı əzişdirib, Stendalla qatıldığı
döyüşlər isə düz iki kərə
heç-heçə ilə bitib. O deyirmiş: "Ancaq əminəm
ki, sonuncu döyüşdə aşkar üstünlük məhz
mənim tərəfimdə idi".
Tomas Mann,
Uilyam Folkner və Ernest Heminquey kimi novella ustalarının
müasiri olan Con O'Xara isə ölçü hissini əməlli-başlı
itiribmiş və deyirmiş: "Qısa hekayə yazmaqda mən
heç kəsi özümə rəqib-zad
saymıram".
Məşhur şair Robert Frost hətta ahıl
vaxtında da hansısa başqa bir şairin (hələ bir də
rəğbətlə qarşılanan birinin!) onun hüzurunda
şeir oxumasına heç cür dözə, qatlaşa
bilmirmiş.
Hazırcavablığıyla ad çıxaran Con
Çiver deyirdi ki, rus şairi Yevtuşenkonun (məşhur
sovet şairi, nasiri, publisisti, ssenaristi, rejissoru və aktyoru
Yevgeni Yevtuşenko (1933 - 2017) nəzərdə tutulur - A.Y.)
çılğın eqosu "iyirmi futluq (6 metrlik - A.Y.) məsafədən
də büllur qabı sındırmağa qadirdir".
V.Nabokov
hesab edirdi ki, digər yazarlarla yanaşı, Dostoyevskini,
Turgenevi, Tomas Mannı, Henri Ceymsi və Corc Oruelli xeyli geridə
qoyubdur.
Milli Kitab
Mükafatına layiq görüldüyüm vaxt müəllim
məsləkdaşlarımdan biri bu münasibətlə
aşağıdakı fikirlərini mənimlə
bölüşmüşdü: "Əminəm ki, mən səndən
daha yaxşı mətnlər yazıram, sadəcə hələlik
məni çap eləmirlər. Sənin isə
sözügedən çevrələrdə xeyli
dost-tanışın var".
İstənilən qələm sahibinin bir yazar olaraq
mövcudluq ehtimalı hansısa illüziyanın, həm də
"özünüdərk" illüziyasının üzərində
qurulubdur və yazıçılığa iddialı şəxs
bu faktdan heç cür qurtula bilməz. Görünür,
heç bir insanoğlunun varlığı
illüziyalarsız ötüşmür.
H.İbsen bunları "həyati baxımdan vacib
yalan" adlandırırdı və bu, xeyli sərt
yanaşma idi.
Bəlkə bunu qulağa daha xoş gələn
terminlə, yəni "həyati baxımdan vacib ideal"
adlandıraq, hə? Ən azından
ideallarla yaşamaq mümkündür, yalanla baş-başa
yaşamaq isə sən deyən də xoş bir şey
sayılmaz.
Hər şeyə rəğmən, biz, yəni yazarlar,
həyatda qalmaq istəyiriksə, bu prinsipə əməl etməli
və illüziyalarlamı, yoxsa onlarsız yaşamağa dair
qəti bir qərara gəlməliyik. Çünki hər
şeyin bunun tam əksini isbatladığı hallarda belə,
biz durmadan təkmilləşməkdəyik. Hazırda üzərində işlədiyimiz mətn
bizim indiyə qədər yazdıqlarımızın hələlik
ən kamilidir, növbəti kitabımız isə əvvəlkindən
daha mükəmməl sayılacaq.
Bu
baxımdan bütün yazarlar öz məğzləri
etibarıyla amerikalıdırlar: bizdən ötrü
inkişafdan qalmaq - uçuruma yuvarlanmağa bərabərdir.
Bəlkə də biz... haqlıyıq.
Tərcümə: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2022.- 8
oktyabr.- S.30-31.