Anara qırx sual

 

Xalq yazıçısı Anara yeni işıq üzü görmüş "Söz dünyası" beşcildliyinin üçüncü və dördüncü cildləri haqqında suallar

 

Əvvəli ötən sayımızda

 

- "Anarın obrazları... hər konkret situasiyada öz real xislətləri ilə çıxış edirlər. Anar polifonik yazıçıdır". Bu sözlər tənqidçi Aydın Məmmədova məxsusdur. Mən bu polifoniyanı "Söz dünyası"nda toplanmış obrazlara da aid edərdim. Əkrəm Əylisli, Vahid Əziz, Kamil Vəli Nərimanoğlu, Seyran Səxavət, Salam və bir çox digərləri konkret situasiyada "öz real xislətləri ilə çıxış edir" və istər sizə, istərsə də AYB-yə münasibətdə fikir dəyişkənliyinə yol verirlər. Seyran Səxavətə verdiyiniz "Görək illər keçdikcə dəyişən və dəyişməz dəyərlər, dəyişən və dəyişməyən münasibətlər necə olur. Mənim mövqeyim 2003-cü ildə necəydisə, indi də elədir. Bəs, sənin?" sualını çoxlarına ünvanlamaq olar. Amma əgər Heraklitin diliylə desək, hər şey axır, hər şey dəyişirsə, dəyişməmək mümkündürmü? Və insan fasiləsiz dövr edən dəyirmanın pərlərinə ilişib fırlanan Servantes qəhrəmanı kimi zaman qarşısında aciz deyilmi?

- Dəyişən və dəyişməyən sifətlər haqqında əvvəlki suallarına cavab verərkən fikrimi bildirmişdim. Bu sualında isə razılaşmadığım məqam odur ki, Don Kixotu heç də zaman qarşısında aciz qəhrəman saymıram. Xəyalpərəstlik, illüziyalar aləminə qapılmaq, başqa bir zaman və məkanda yaşamaq zaman qarşısında acizlik deyil.

- Polemik ovqatın bütün dramatizmi ilə yanaşı, opponentlərinizə qarşı bəzən təbəssüm, bəzən təəccüb, bəzən isə şiddətli gülüş doğuran yumorunuz da özünü büruzə verir. Məsələn, Vahid Əzizin "Mən erməni gülləsi qarşısında oturanda onlar (yəni Anar və Fikrət Qoca - Ə.C.) hardasa kabab yeyib bığlarını yağlayırdılar" sözlərinə belə bir dəqiqləşdirmə verirsiniz: "Nə mən, nə də Fikrət bığ saxlamırıq". Gülüş burda qarşı tərəfin ciddi cavab almaq haqqını itirməsinə işarədir, yoxsa problemin həll olunmazlığına?

- Əleyhdarlarımın (mən onları nə düşmən, nə də bədxahlarım adlandırmaq istəmirəm) bəzən mənə elə iradlar tuturlar ki, onlara ciddi cavab vermək gülünc olardı. Gərək gülə-gülə cavab verəsən. Məsələn, bir əski dostum deyəndə ki, "Anarı elə yandıracam külü Fəxri xiyabana çatmasın", buna necə cavab vermək olar? Şairin sözləriylə cavab verdim: "Sən yanmasan, mən yanmasam, biz yanmasaq, nasıl çıxar qaranlıqlar aydınlığa".

- Kamil Vəli təxminən 20 il öncə təklif edib ki, Dədə Qorqud haqda ikinci filmin ssenarisini Anar, Mövlud Süleymanlı və Altay Məmmədov birgə yazsın və siz bundan imtina etmisiniz. Yaradıcılıq praktikanızda şərikli müəlliflilik faktı olubmu? Ümumən Qonkur qardaşları kimi iki və daha artıq şəxsin birgə əsər yazmasına necə baxırsınız?

- Kamil Vəliyə alim kimi hörmətlə yanaşsam da, bu təklifi absurd idi. Axı, nə Mövlud, nə Altay Məmmədov bu mövzuda əsər yazmaq fikrində olmayıblar. Bu mövzunu mən təklif etmişdim. Nədi, gərək mən hörmət bəslədiyim o yazıçılara müraciət edəydim ki, belə bir yazı yazmaq istəyirəm, gəlin siz də qoşulun. Mən yalnız ilk gənclik illərində Maqsud İbrahimbəyovla birgə iyirmi dəqiqəlik "Dəniz" sənədli filminin ssenarisini yazmışam, bir də Araz Dadaşzadəylə bir yerdə R.Taqorun kiçik "Bağban" kitabını tərcümə etmişəm, Vəssalam. Başqa heç kəslə müştərək yaradıcılıq işlərim olmayıb.

- "Söz dünyası"nın dördüncü cildində Mansur Vəkilovun sizi bir insan kimi dəqiq səciyyələndirən bu sözləri var: "Ziyalılıq, incə təbiətlilik Anarın ümdə keyfiyyətidir, hərçənd ki, bu, əqidə möhkəmliyini istisna etmir... ən əvvəl anasından gələn həlimlikdir. Nigar xanım gözəl şairə olmaqla bərabər, rəhmdil, münəvvər qadın idi. Anarın xasiyyətindəki möhkəmlik isə atası Rəsul Rzadandır". Heç sevmədiyiniz "Anam Nigar, atam Rəsul" abreviatura açıqlamasını xatırladan bu qısa arayışla razısınızmı?

- Bu xoş sözlər üçün rəhmətlik Mansura minnətdaram. Uydurma "Anam Nigar, atam Rəsul" abreviaturasının bu mətləbə dəxli yoxdur.

- Vaqif Nəsib isə sizin Rəsul Rzadan fərqli cəhətinizi yazır: "Rəsul Rzada orta mövqe yox idi, ya yaxşı idi, ya da pis... Təəssüf ki, bu cəhət Anarda çatışmır. Anar liberaldır".

- Vaqif Nəsibin o qədər müxtəlif sifətləri var ki, bilmirsən hansına üz tutasan. Odur ki, müxtəlif zamanlarda söylədiyi bir-birinə daban-dabana zidd fikirlərinə cavab vermək müşkül məsələdir. Yəqin, mənim liberallığım onda görünür ki, addımbaşı kölgəmi qılınclayan, barəmdə ən nalayiq ifadələr işlədən Vaqif Nəsibin Yazıçılar Birliyinin mətbuat orqanlarında gen-bol çap olunmasına heç vaxt etiraz etməmişəm.

- Kitabda sarkazmın kulminasiya nöqtəsi də Vaqif Nəsiblə bağlıdır: "Əgər nankorluq, nanəciblik və tərbiyəsizlik yarışı keçirilsəydi, Vaqif Nəsib ... ikinci yerə çıxardı" yazırsınız. Bəs, bu göstəricilər üzrə birinci yerin sahibi, sizcə, kimdir?

- O, haqqımda alçaldıcı sözlər deyib, mən də cavabını vermişəm. Əlavə bir şey demək istəmirəm. O ki qaldı nankorlar yarışında kimin birinci olmasına, bu yerə iddiaçı çoxdur.

- "Söz dünyası"nın üçüncü cildi "El üçün yaşayıb yaradan Elçin" haqqında yazılarla tamamlanır. Məntiqidir - final akkordu güclü vurulmalıdır. Zahirən ən uzaq görünənlər, əslində, ən yaxındırlar. Təsadüfi deyil ki, Elçinin 75 illik yubileyinə həsr etdiyiniz "Yazıçının yaşı olmur" adlı məqalənizdə yazırsınız: "... atamın vəfatı günündə də, anamın keçindiyi gecə də yadıma ilk düşən Elçin oldu". Sonra fikrinizi belə ümumiləşdirirsiniz: "Cavanlıqda dostlarımız çox idi: bir hissəsini ölüm aldı əlimizdən, bir hissəsini həyat". Bu, Epikür, yaxud Volterin özünün belə qibtə edəcəyi qədər gözəl aforizmdir. Və Elçin nə həyat, nə də ölümün əlinizdən ala bilmədiyi bəlkə də yeganə dostunuzdur. Amma indi sualım başqadır: necə fikirləşirsiniz, dostları əlinizdən alan nə ölüm, nə də həyat yox, "sənin bir dostun var, o da mənəm" fikrini sizə təlqin eləyən Tanrının özü deyilmi? Bəlkə, rastlaşdığınız bütün nankorluq və İuda xəyanətləri bu həqiqəti qəbul etməyiniz üçün Tanrının sizə mesajıdır?

- Elçinlə də, başqa yaxın dostlarımla da aramızı vurmaq təşəbbüsləri çox olub. Şükür ki, biz o əxlaqın sahibləri deyilik, bir-birimizə etibarımız və inamımız hər növ təxribatlar qarşısında süpərdir. Müasir gənclərin diliylə desək, "super - süpər". Tanrıya isnadla deyilən sözlər: "sənin bir dostun var, o da mənəm" mübahisəlidir. Əvvəllərdə dediyim kimi, Tanrının lütfünü minnətdarlıqla qəbul etməyimlə bərabər onun dostluğunun yeganə olduğunu sanmıram. Çox məmnunam ki, ömrüm boyu çox sayda sədaqətli dostlarım olub. Və var.

- Elmira Axundova kitaba daxil etdiyiniz "Əngəllər" məqaləsində yazır ki, Heydər Əliyev cənabları yaradıcı heyətlə hal-əhval tutmaq üçün səhnəyə ilk dəfə sizin "Şəhərin yay günləri" pyesinizin tamaşasından sonra çıxıb, ali məktəblərə qəbulda rüşvət problemindən bəhs edən pyesi vaxtında yazılan əsər adlandırıb, bu mövzuda film çəkilməsini tövsiyə edib. Və iş elə gətirdi ki, təxminən 10 il sonra - 1987-ci ildə pyes əsasında ekranlaşdırılan "Şəhərdə yay" filminə təsadüfən mən də çəkildim. Təəssüf ki, montajda müvafiq hissəni çıxardılar və film dünyanıza düşə bilmədim. Əvəzində söz dünyanıza düşmüşəm - vaxtilə sizdən aldığım müsahibəni də dördüncü cildə daxil etmisiniz. Buna görə sağ olun. Amma kitabdakı qeydinizdən gördüm ki, müsahibədə qoyulan bəzi suallardan elə də məmnun deyilsiniz. Bəs, indiki suallardan necə, razı qaldınızmı?

- Mənim ssenarimlə çəkilən filmdə iştirakından xəbərim yox idi. Heyif ki, o kadrlar filmdə qalmayıb. Kino dünyasına düşməməyinlə, bəlkə, yaxşı bir aktyoru itirmişik, amma ədəbiyyat aləminə gəlməyinlə istedadlı bir tənqidçini qazanmışıq.

Bu səfərki suallarından razı qalmasaydım bələ ətraflı cavablar verməzdim ki...

- Çoxlu sayda yazarlar var ki, çoxillik ədəbi mübarizələrdə sizə dəstək olsalar da, "Söz dünyası"na daxil olmayıblar: haqqınızda "Onuncu portret" monoqrafiyasının müəllifi, tənqidçi Bəsti Əlibəyli, "Çiyninə mələklər qonmuş" kitabını sizə həsr edən yazıçı Aləmzər Sadiqqızı, barənizdə "Anar tarixdir" məqaləsini yazan yazıçı Südabə Sərvi və sair... Nə vaxtsa, onları bir yerə cəm edib, "Kitabi-fəramuşan" bağlamaq fikriniz varmı?

- Mənə müxtəlif məqamlarda dəstək verən bütün əhli-qələmlərə minnətdaram, amma kiminsə haqqında yazı yazanda məni dəstəkləyib-dəstəkləməyib meyarlarıyla yazmıram, axı. Adlarını çəkdiyin hər üç xanım ədəbi həyatımızda layiqli yerləri olan insanlardır.

- Qarşıdan Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı gəlir və gündəmdə bu suallardır: Anar sədrliyə namizədliyini irəli sürəcək, yoxsa özünə varis olaraq başqasını təklif edəcək? Bu varis kim olacaq - Çingiz Abdullayev, Elçin Hüseynbəyli, Rəşad Məcid, Səlim Babullaoğlu, İlqar Fəhmi, yoxsa tamam başqa birisi? Fərdi mənzilə ehtiyacı olan yazıçılara mənzillər bağışlanacaqmı? Sənət adamları üçün Şabranda inşa olunan Mədəniyyət və İstirahət Mərkəzi nə vaxt istifadəyə veriləcək?

- Qarşıdan gələn qurultayla bağlı sualın daha müfəssəl cavab tələb edir. Çünki hər qurultay qabağı olan kimi bu səfər də cürbəcür şayiələr, dedi-qodular, təxribatlar baş alıb gedir. Adlarını çəkdiyin və adları çəkilməyən bir çox başqası da Yazıçılar Birliyinə rəhbərlik etməyə layiqdir və şübhəsiz, hansısa bir vaxt bu vəzifəni tutacaq. Ancaq bu qurultayda mən SON dəfə namizədliyimi irəli sürəcəyimi demişəm. Çünki yaşımın çoxluğuna baxmayaraq (yaşlı olmaq günahdırmı?) gördüyüm işləri davam etməyə özümdə güc, enerji və həvəs duyuram. 35 il bu təşkilata rəhbərlik etmək asan iş deyil.

Bir vəzifəni uzun zaman tutmağı nöqsan sayanlar hər hansı vəzifədə azacıq çətinliklə üzləşəntək oranı qoyub qaçan fərarilərdir.

Yazıçıların böyük əksəriyyəti işimdən narazı qalsaydılar, dörd qurultayda açıq səsvermədə mənə yekdilliklə səs verməzdilər. Heç kəs deyə bilməz ki, tam demokratik yolla, ən yaşlısından ən cavanına qədər ədəbiyyatımızı legitim şəkildə təmsil edən nümayəndələri kimlərsə hardansa - yuxarıdan, aşağıdan, sağdan, soldan belə səs verməyə məcbur edib. Seçimlərinin nümayəndələrin öz iradəsiylə olmadığını iddia edənlər ilk növbədə bütün yazıçıları təhqir edirlər.

SON dəfə namizədliyimi irəli sürməyim - böyük çətinliklər dəf edərək başladığım bir neçə vacib işi tamamlamaq istəyindən doğulur. Hörmətli Prezidentimizə müraciətimdən sonra Yazıçılara mənzil tikiləcəyi yer ayrıldı, müxtəlif idarə və təşkilatlarla bürokratik sənədləşmə işləri başlandı, lakin bir neçə dəfə Bakı İcra Hakimiyyətinin sabiq rəhbərliyi bizə ayrılmış yeri dəyişdi, ayrı yer təklif etdi və sənədləşmə süründürməçiliyi yenidən başlandı. Nəhayət, bir daha cənab Prezidentə müraciət etməli oldum və məsələ həll edildi, tikiləcək evin təməli qoyuldu və bir ilə-il yarıma bina təhvil veriləcək. Mən Yazıçılar İttifaqına rəhbər seçiləndə Şüvəlanda Yazıçıların Yaradıcılıq Evi fəaliyyət göstərirdi. 90-cı ilin Qara Yanvar hadisələrindən sonra bu evdə şəhərə soxulub qırğın törətmiş sovet hərbçiləri yerləşdirildi. Onlar rədd olub gedəndən sonra Yazıçılar İttifaqının rəhbərliyi öz şəxsi təşəbbüsüylə o binada evsiz-eşiksiz qalmış qaçqınların bir hissəsini yerləşdirdi. Son illərdə qaçqınlar ayrı mənzillərə köçürüldü və binanın əsaslı təmirə ehtiyacı oldu. Mütəxəssislərin yekdil rəyilə artıq yararsız hala düşmüş bina söküldü və yerində cənab Prezidentin yazıçılara xüsusi hörmət əlaməti olaraq verdiyi göstərişlə yeni, ən müasir dəbdə yaradıcılıq evi tikilir. İnşaatın bütün mərhələlərini izləyirik, tikinti gələn il başa çatacaq. Nəhayət, təşəbbüskarlarından olduğumuz Şabrandakı yaradıcılıq şəhərciyi hazır olmaq üzrədir. O səfalı yeri seçməkdən tutmuş, bütün inşaatını izləmişik, tikintinin müxtəlif mərhələlərində dəfələrlə ora getmişik. Yazıçılara, rəssamlara və bəstəkarlara ayrılmış hərəsi on kottec və ümumi yaşayış binası, demək olar ki, hazırdır və yəqin ki, yaxın aylarda açılışı olacaq. Bu işləri tamamlamaq və ümumiyyətlə bir sıra başqa mühüm ədəbi layihələri həyata keçirmək üçün son dəfə namizədliyimi irəli sürməyə qərar verdim. Yazıçıların öz iradələriylə seçilmiş qurultay nümayəndələri məni bu vəzifədə saxlamağı lazım bilsə, işimi bir müddət də davam etdirərəm. Əgər seçilsəm və Allahın lütfüylə 2027-ci ildə keçiriləcək qurultaya qalsam, çoxlarının göz dikdiyi bu ağır vəzifəni demokratik yolla seçilmiş layiqli birisinə böyük məmnuniyyətlə təhvil verərəm.

Şüurlu ömrümün yarıdan çoxunu, yaradıcılığıma ayrılacaq illərimi, səhhətimi, əsəblərimi Yazıçılar Birliyində tutduğum vəzifəni layiqincə yerinə yetirməyə verdim. Keçmiş SSRİ-nin başqa respublikalarında, Moskvanın özündə olduğu kimi təşkilatımızın parçalanıb dağılmasına imkan vermədik. Dövlətimizə, milli-mənəvi dəyərlərimizə, klassiklərimizin ruhuna sadiq olduq, çağdaşların qayğısına qaldıq, yeni ədəbi nəsillərin sağlam ruhda yetişməsinə çalışdıq, onların inkişafı üçün münasib şərait yaratdıq, gəncləri mükafatlara, təqaüdlərə təqdim etdik, əsərlərinin təqdimatlarını, müzakirələrini keçirdik. "Ulduz" jurnalı bütünlüklə cavanların ixtiyarına verildi, hər qurultayda yeni yetişən nəsillərin nümayəndələri Birliyin rəhbərliyində, redaksiyalarımızda, seksiya və yerli bölmələmizdə məsul vəzifələrə irəli çəkilirlər.

Əvvəl ulu öndərin, sonra möhtərəm Prezidentimiz İlham Əliyevin yardımıyla Birlik, onun mətbu orqanları, Tərcümə Mərkəzi büdcəyə salındı. Qəzet və jurnallarımız ədəbi əsərlərin vəsait ödəmədən çap olunduğu, müəlliflərə qonorar verən yeganə mətbuat orqanlarıdır.

Bir neçə kəlmə də Yazıçılar Birliyinin ictimai fəaliyyəti haqqında.

Xalqımızın taleyüklü məsələlərinin həllində Yazıçılar Birliyi həmişə milli maraqların daşıyıcısı və qoruyucusu kimi çıxış edir. Ulu öndər Heydər Əliyev Moskvadakı yüksək vəzifəsindən insafsızcasına uzuqlaşdırılandan düz iyirmi gün sonra adı bədnam akademik A.Aqenbekyan Parisdə Qarabağa erməni iddialarını bəyan etdi. Bu çıxış haqqında xəbər Bakıya çatan kimi Yazıçılar Birliyində yığışdıq, yazıçıların adından M.Qorbaçova birinci məktubu, bir neçə gündən sonra yazıçılarla birlikdə görkəmli incəsənət xadimlərinin də imzaladığı daha geniş ikinci məktubu göndərdik. Hər iki məktubda Qarabağın tarixi Azərbaycan torpağı olduğu inandırıcı dəlillərlə əsaslandırılırdı. Bir neçə gündən sonra Azərbaycan KP MK-nın o vaxtkı ikinci katibi Konovalov mənə zəng elədi. Qorbaçovun məktublarımızı aldığını dedi və onun adından ziyalılarımızı əmin etdi ki, respublikalar arasında sərhədlərin dəyişməsi barədə söhbət ola bilməz. Bu riyakar bəyanata baxmayaraq, Mərkəz ermənilərin torpaqlarımızı işğal etməsinə imkan yaratdı.

Yazıçılarımız Moskva, Türkiyə, Avropa televiziya kanallarında, yerli və xarici mətbuat səhifələrində çıxışlar edərək xalqımızın haqq işini dünyaya bəyan etdilər. 1990-cı ilin Qara Yanvar müsibəti, Xocalı soyqırımı barədə məlumatlar Moskva mətbuatında ilk olaraq Azərbaycan Yazıçılar Birliyinin bəyanatlarıyla çatdırıldı. 21 yanvarda yazıçılar Akademiyada sovet ordusunun təcavüzünə etiraz toplantısı keçirdilər, həmin günün gecəsi Ali Sovetin Bəxtiyar Vahabzadənin radio çağırışıyla toplanmış iclasında çıxışlar etdik, dünya təşkilatlarına müraciətlər hazırladıq. Moskvada Ali Sovetin sessiyalarında, SSRİ Xalq Deputatlarının Qurultaylarında çıxış edərək Qarabağ qarşıdurmasının fitnəkarlarını damğaladıq. Türkiyədə, Avropa ölkələrində, ABŞ-da beynəlxalq konfranslarda, simpoziumlarda, Avropa parlamentində çıxış edərək Qarabağa erməni təzavüzüylə bağlı haqlı mövqeyimizi çatdırdıq.

O vaxt artıq xalqın etimadını itirmiş Kommunist Partiyasından başqa, heç bir siyasi partiya fəaliyyət göstərmirdi. Hər yerdən əlləri üzülmüş, ümidlərini itirmiş qaçqınlar, köçkünlər axın-axın Yazıçılar Birliyinə üz tuturdular. İmkanımız daxilində onların problemlərini həll etməyə çalışırdıq. Yazıçılar Birliyinin təşəbbüsüylə "Qarabağ" və "Qayğı" cəmiyyətləri, Xəlil Rza həbs edilərkən onu müdafiə komitəsi yaradıldı. SSRİ Xalq deputatı olarkən Lefortova həbsxanasında Xəlillə və onun müstəntiqiylə görüşdüm, azadlığa çıxması üçün əlaqədar yerlərə müraciətlər etdik, bir qədər sonra şair həbsdən buraxıldı.

Yazıçılarımız gündən-günə güclənən Xalq hərəkatının fəal iştrakçıları və öncülləri idi. İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Qabil, Sabir Əhmədli, Xəlil Rza Ulutürk, Məmməd Araz, Yusif və Vaqif Səmədoğlular, Fikrət Qoca, Nüsrət Kəsəmənli, Aydın Məmmədov, Elçin, Kamal Abdulla, mitinqlərin daimi aparıcılarından Sabir Rüstəmxanlı - Parlamentdə, Azadlıq meydanında, mətbuatda, televiziyada çıxışlarıyla, şeirləriylə Xalqın səsini ucaldırdılar.

Xalqımızın böyük xilaskarı Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra Yazıçılar Birliyi Prezident seçkilərində onu, ondan sonra dörd seçkidə İlham Əliyevi dəstəkləməsi barədə bəyanatlar verdi, yazıçılarımız seçki kampaniyalarında fəal iştirak etdilər.

Prezidentimiz, müzəffər Ali Baş Komandanın əzmi, iradəsi, rəhbərliyilə qəhrəman ordumuzun 44 günlük müharibədə qazandığı tarixi qələbədə yazıçılarımızın da payı var.

- Və nəhayət, söhbətimizin qırxıncı otağı. Mansur Vəkilovun xatirəsinə həsr etdiyiniz "Sözümüzün ağası" adlı yazınızda gözlənilməz bir etirafla rastlaşdım. Ola bilər ki, illər keçsin, bu kitabdakı bütün umu-küsülər, tərif və tənqidləri zaman yaddaşımdan silsin, amma bu etirafınızı, yəqin ki, unutmayacam: "... mən elə yaşamağa çalışıram ki, bir dəqiqə də həyat və ölüm haqqında düşünməyə macalım olmasın. Axı, bilirəm mənim də ömür limitim bitmək üzrədir. Bəlkə də, bu zəiflikdir, amma mən qalan ömrümü çox vaxt mənasız işlərlə, növ-növ təşkilat məsələləriylə, adamı çərlədən toplantılar, çıxışlar, görüşlərlə lim-həlim doldururam, vaxtımı vücudları üç qəpiyə dəyməyən adamların atmaclarını cavablandırmağa həsr edirəm ki, Əbədi qaranlıq və sükut haqqında düşünməyə imkan qalmasın. Qaçılmazın qarşısından qaçmaq təşəbbüsüdür bütün bu görüşlər, söhbətlər, dedi-qodular". Bu sözləri yazmağınızdan artıq 14 il keçir və xoşbəxtlikdən ömür proqnozunuz özünü doğrultmayıb. Çünki ömür həmişə yaşa baxmır və hər şeyin doğrusunu bilən Allahdır. Sizi qarşıdan gələn qurultay münasibətilə bütün yazıçılar adından təbrik edir, seçkilərdə sizə demokratik qələbə və bundan sonra da uzun illər mənalı ömür arzulayıram.

- Əziz Əsəd! Sənin bu son sualın konkret mətləblərdən metafizik mövzulara keçmək təşəbbüsüdür. Bu isə başqa 40 sualına cavablar olacaq digər geniş söhbətin başlanmasıyla nəticələnərdi. Həm də sualında elə mənim müəyyən ovqatda söylədiyim fikirləri artıq açıb faş etmisən.

Qarşıdakı qurultayla bağlı xoş sözlərin üçün təşəkkür edirəm. Seçildim, ya seçilmədim, heç kəs və heç nə artıq yaşanılmış 35 ili taleyimdən silə bilməz. Və yenə də - seçilsəm də, seçilməsəm də - Yazıçılar Birliyi mənim üçün həmişə 35 il halallıqla çalışdığım müqəddəs ədəbi ocaq olaraq qalacaq.

 

Söhbətləşdi: Əsəd CAHANGİR

 

Sentyabr 2022

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.2-3.