N.S.-nın ayaqları

 

hekayə

 

"Görəsən, biz hara gedirik?"

İlyas Əfəndiyev

 

1

 

N.S. anadan olanda adi çağalardan qətiyyən fərqlənmirdi və yalnız altı aylığında anası onun ayaqlarının bir az yekə olduğuna fikir verdi, bir yaşına çatanda isə anası gülə-gülə:

- Deyəsən, ayaqları yekə olacaq... - dedi.

N.S. üç yaşına çatanda onun ayaqları on yaşında uşağın ayaqları boyda idi və anası:

- Baxın, - deyirdi. - N.-nın ayaqları az qala mənim ayaqlarım boydadı.

N.S. da elə o vaxtlardan ayaqlarına baxmağa başladı və get-gedə ayaqları onun üçün bütün oyuncaqlarını əvəz etdi. Səhər yerindən duran kimi, elə yerindəcə ayaqlarını uzadıb, boylanaraq ayaq barmaqlarını oynadırdı və həmin anlarda o, dünyanın ən gülərüz və xoşbəxt uşağı idi.

O, həyətdəki uşaqlara fəxrlə ayaqlarını göstərirdi və uşaqlar onu ələ salanda üzlərinə tüpürüb, evə, anasının yanına qaçırdı.

Onun ayaqları gözgörəti böyüyürdü və dörd yaşlı N.S. evə gələn qonaqlara da artıq 39 ölçülü ayaqlarını göstərib, açıq-aşkar bir fəxarətlə:

- Baxın, - deyirdi. - Ayaqlarım 39-dur.

Və bir dəfə N.S.-nın atası, professor K.S. ona acıqlanaraq:

- Bir də heç kimə ayaqlarını göstərmə! - dedi və N.S. bərkdən ağlayaraq qaçdı, anasını qucaqlayıb gözlərini yumdu.

N.S. həmişə anasını qucaqlayıb gözlərini yumanda, anasından gələn doğma, mehriban, isti bir qaranlıq içində ayaqları gözlərinin qabağına gəlirdi və o, həmin qaranlıq içindəki ayaqlarına doyunca baxıb gözlərini açırdı, anasını öpüb yalın ayaqlarını parketin üstündə şappıldada-şappıldada o biri otağa keçirdi.

N.S.-nın boyu, bədəni adi uşaqların boyundan, bədənindən fərqlənmirdi, ancaq onun ayaqları 42 ölçünü keçəndə çox narahat olan prof. K.S. onu hansı klinikaya aparır, hansı məşhur mütəxəssisə baxdırırdısa, heç bir faydası olmurdu və hamı bir ağızdan: "Bu, unikal bir hadisədir, - deyirdi. - Tibb elminə, insan fiziologiyasına belə bir hadisə məlum deyil".

N.S. məktəbə getməli idi və prof. K.S. onun artıq 46 ölçülü ayaqlarına baxa-baxa bu qərara gəldi ki, repetitorlar evdə ona dərs desinlər, ancaq repetitorlar da bir ağızdan şikayət edirdi ki, N.S.-nın bütün fikri-zikri ayaqlarındadır və ona nə öyrətmək istəyirsən, bu qulağından alıb, o biri qulağından yola salır.

Bir dəfə N.S. çimib, vanna otağından çıxanda, prof. K.S. gözlərini oğlunun yalın, yaş ayaqlarına zillədi və N.S. atasının o baxışlarında, sifətindən ötüb-keçən təbəssümündə açıq-aşkar bir ikrah hiss etdi və mətbəxə qaçıb anasını qucaqladı. Anası parketdə N.S.-nın yaş ayaqlarının saldığı nəhəng izlərə baxaraq, onu özünə daha da bərk sıxdı.

N.S.-nın ayaqları artıq ayaqqabı ölçüləri ilə yox, santimetr ilə ölçülürdü və prof. K.S. on dörd yaşlı oğlunun uzunluğu 58 sm olan yalın ayaqlarını parketdə şappıldada-şappıldada gəzməyinə dözə bilməyib, ailəsindən getdi. Prof. K.S. çamadanını götürüb, həmişəlik evdən çıxanda N.S. onu nifrət dolu nəzərlərlə yola saldı və divanda ayaqlarını uzadıb, barmaqlarını oynada-oynada gözəl bir rahatlıqla gülümsədi.

Anası gözlənilmədən vəfat edəndə 18 yaşlı N.S. tək qalmışdı və onun ayaqlarının uzunluğu artıq 83 santimetr idi. Ayaqlarının dayanmadan bu qədər böyüməyinə baxmayaraq, o, hər halda prof. K.S.-nın oğlu idi  başqa bir ailə qurmuş professor özü heç vaxt oğluna baş çəkməsə də, N.S.-ya xidmət etmək üçün aylıq bir rus qadını tapmışdı.

Bu yaşlı və mehriban qadın taleyindən çox razı idi: az pensiyası müqabilində prof.K.S. onun əlavə əməkhaqqını vaxtlı-vaxtında ödəyirdi və N.S. da heç vaxt onun könlünə dəymirdi. Qadın hər axşam televizorda rus detektivlərinə, tarixi türk seriallarına rahatca baxırdı - N.S. yalın ayaqlarını parketdə şappıldada-şappıldada otaqlarda gəzir, kresloda oturub ayaqlarına tamaşa edirdi və görəndə ki, ayaqları əvvəlki günlərlə müqayisədə bir az da böyüyüb, ayaq barmaqlarını əməlli-başlı bir təntənə ilə elə oynadırdı, elə bil, o barmaqlar da sevinc içində rəqs edirdı. N.S.  televizorda filmlərə, konsertlərə, cürbəcür verilişlərə baxmaqla arası yox idi, yalnız beynəlxalq siyasi xəbərlərə baxırdı və dünyada baş verən hadisələr belə onun üçün öz ayaqları qədər maraqlı deyildi.

 

2

 

İmpresario cənab Bred Arminstroqun hazırladığı şoular yalnız ABŞ-da deyil, bütün Avropada, hətta Yaponiyada, Avstraliyada da məşhur idi və onun adı XXI əsrin ən məşhur impresariosu kimi Britaniya Ensiklopediyasına da düşmüşdü. Klod Steller, Şo-In-Mın, Mişel de Montrel və başqa bu cür böyük estrada ulduzları və cazmenlərinı, illüzionistləri məhz cənab Bred Arminstronq kəşf etmişdi və onlar cənab Arminstronqun ilk olaraq Brodveydə hazırladığı şoular vasitəsilə dünyada məşhur olmuşdular. Nyu-Yorkda da, Londonda və Parisdə, Tokio və İstanbulda, hətta Moskva və Pekində də onun şoularının biletləri iki-üç ay əvvəldən satılırdı və tamaşaçılar da, informasiya agentlikləri, mətbuat, televiziya da böyük maraqla onun yeni-yeni şoularını gözləyirdi, hər dəfə də sosial şəbəkədə ajiotaj yaranırdı.

Ancaq bu böyük uğurlara baxmayaraq, dünyanın işlərinə yaxşı bələd olan cənab Bred Arminstronqun sövq-təbiisi son zamanlar ona deyirdi ki, artıq şouların məzmununda da, formasında da yeniliklər etmək lazımdır və həmişəki kimi Ginnes kitablarının son nəşrini vərəqləyərkən, bir fakt onun diqqətini cəlb etdi: Azərbaycanda 26 yaşlı, normal boylu, normal bədənli bir kişinin ayaqlarının uzunluğu 97, eni isə 31 santimetrdir.

Sövq-təbiisi Bredi heç vaxt aldatmamışdı və bu dəfə də onun coşqun və yaradıcı fantaziyası yeni bir həvəslə canlandı beynində, 97 x 31 ölçülü ayaqlar əsasında hazırlanacaq tamamilə yeni və gözlənilməz şou süjetləri fikrində bir-birini əvəz etdi.

Biznesinə demək olar ki, heç nədən başlamış cənab Arminstronqun "Forbes" jurnalının 2019-cu il üçün son məlumatına görə, varidatı 10 milyard dollara yaxınlaşırdı və belə bir səviyyə onun sövq-təbiisinin diktəsi, onun enerjisi, cəldliyi sayəsində yaranmışdı. O, bu dəfə də vaxt itirmədən şəxsi təyyarəsi ilə Azərbaycanın  paytaxtı Bakıya uçdu və çətinlik çəkmədən N.S. ilə görüşdü.

Prof. K.S. oğlunun Bakıdakı məşhurluğundan xəcalət çəkirdi və bu xəcalət hissi yaşı o qədər də çox olmayan professorun saçlarını ağappaq ağartmışdı. Universitetdə o, daha professor kimi yox, N.S.-nın atası kimi məşhurlaşmışdı və cənab Bred Arminstronqun ABŞ-dan uçub gəlməsi və təklifi prof. K.S. üçün gözlənilməz və nə gizlədək, həqiqi mənada göydəndüşmə oldu.

N.S. özü isə cənab Arminstronqun çox xoşuna gəldi - xüsusən onun öz ayaqları ilə fəxr etməsi, ayaqları naminə bütün fədakarlıqlara hazır olması bir daha sübut etdi ki, Bredin sövq-təbiisi nə qədər həssas və dəqiqdir.

Və cənab Arminstronq ABŞ-dan gətirdiyi vəkillərinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesinin, BMT-nin Azərbaycandakı nümayəndəsinin və prof. K.S.-nın iştirakı ilə N.S. ilə yüksək qonorarlı müqavilə bağladı və düz yeddi aydan sonra Brodveydə "97 x 31" afişalı şounun premyerası o vaxta qədər görünməmiş bir uğurla keçdi. Mübaliğəsiz deyə bilərəm ki, bütün Nyu-York "97 x 31"-dən danışırdı və hətta maqazinlə arası olmayan "Nyu-York tayms" qəzeti bir padvallıq məqalə ilə "97 x 31"-ə yüksək qiymət verirdi. Şou o qədər şöhrət qazanmışdı ki, ABŞ-ın prezidenti cənab Donald Tramp xanımı Melana Tramp ilə birlikdə tamaşaya gəldi və şou bitdikdən sonra N.S. fəxarət hissi ilə ayaqlarının fotoalbomunu prezident Trampa təqdim etdi.

Sonra isə qastrollar başladı.

 

3

 

Cənab Arminstronqun köməkçiləri onun tapşırığı ilə "Alaska orqinale" firması ilə əlaqə saxlayıb, N.S.-nın ayaqları üçün müxtəlif modellərdə ayaqqabılar sifariş etmişdi və İspaniyanın ən brend ayaqqabı modelyerlərinin hazırlayıb göndərdikləri ayaqqabıları, səndəlləri cənab Arminstronq şəxsən bir-bir baxıb, bəyənib, qəbul edirdi. Köməkçilər yenə də cənab Arminstroqun şəxsi tapşırığı ilə soraqlaşıb, N.S.-nın ayaq barmaqlarını pedikür etmək üçün Nyu-Yorkdakı məşhur manikür ustalarından biri olan yaşlı xanım Syuzannanı işə cəlb etdilər və xanım Syuzanna N.S.-nın ayaqlarını, barmaqlarını, nəhəng dırnaqlarını görəndə, ilk günlər o qədər həyəcanlanırdı ki, pedikür edərkən əlləri titrəyirdi, ancaq sonralar xanım Syuzanna bu ayaqlara da, dırnaqlara da öyrəşdi. N.S.-nın dırnaqları vaxtı çox aldığı üçün xanım Syuzanna əbədi bir keçmişdə qalmış gənclik illərini xatırlaya-xatırlaya avtomatik olaraq işini görürdü və N.S. da diqqətlə onun işini izləyirdi. O, pedikür edilmiş, rəngsiz lak çəkilmiş barmaqlarına baxa-baxa sinə dolusu bir qürur hissi keçirirdi və çox-çox təəssüf edirdi ki, anası bu dırnaqları bu cür görmədi.

Paris qastrolları zamanı İspaniyadan gətirilmiş ayaqqabılar arasından üzü daha çox açıq olan səndəlləri seçib, yalın ayaqlarına geyərək cangüdənlərinin müşayiəti ilə şəhərə çıxmaq N.S. üçün əməlli-başlı bir müşkülə çevrilmişdi - "97 x 31" onun ayaqları sayəsində elə bir uğur qazanmışdı ki, Ritz Paris otelinin dəhlizi səhər tezdən avtoqraf almaq istəyən parislilərlə dolu olurdu və otel işçiləri, hətta polis belə qayda-qanun yaratmağa çətinlik çəkirdi, N.S. də otelin arxa qapısından çıxmalı olurdu.

Düzdür, N.S. özü pərəstişkarların əlindən bu cür qaçmaq istəmirdi, çünki ayaqlarının fotosu olan açıqçalara, "97 x 31"-in proqramlarına, bəzən adicə bloknot kağızlarına avtoqraf yazmaq, əlbəttə, onun ayaqlarına hörmət və məhəbbətin ifadəsi idi, ancaq Parisin küçələrində də onun ayaqları, səndəldə aydın görünən barmaqları, xanım Syuzannanın xüsusi cidd-cəhdlə pedikür edib, lak çəkdiyi dırnaqları hamını mat qoyurdu. O, özünü Paris muzeylərinin canlı eksponatı kimi hiss edirdi və bu hiss N.S.-ya anasını qucaqladığı unudulmaz anları xatırladırdı.

Luvrun Baş direktoru cənab Oskar de Blanje N.S.-nın bu boyda ayaqlarla Luvra gəlmək istədiyini eşidəndə, çox narahat oldu ki, nəhəng ayaqqabılar divara, parketə ziyan vura bilər, qapıya, divara toxunub zədələyər və tapşırıq verdi ki, N.S.-nı nəzakətlə geri qaytarsınlar. Belə bir münasibətdən qəzəblənmiş cənab Arminstronq insan haqlarını pozduğu üçün müsyö Oskar de Blanjeni məhkəməyə verəcəyi ilə hədələdi və uzun sözün qısası, N.S. mühafizəçilərinin müşayiəti ilə Luvra gedə bildi.

N.S. yenə ayaqqabı yox, səndəl geymişdi, çünki səndəldə onun yalın ayaqları, barmaqları aydın görünürdü və bu möhtəşəm muzeyin zallarından zala keçərkən, addımlarını ehtiyatla atırdı, ayaqlarını da şappıldatmırdı. Buna heç ehtiyac da yox idi, çünki onun ayaqlarını görən insanlar yerlərində donub qalırdı, yalnız Yaponiyadan gələn turistlər özlərini itirmirdi və tez-tələsik ayaqların fotosunu çəkirdi.

O, Mona Lizanın nümayiş olunduğu zala girəndə, insanlar topa ilə Mona Lizaya baxırdı və N.S. məcburiyyət qarşısında qalıb, ayaqlarını bir-iki dəfə şappıldadaraq barmaqlarını oynatdı. Bu zaman Luvr parketində qeyri-adi şappıltı səsini eşidərək, arxaya boylanıb ayaqları, barmaqları, salonun elektrik işığında par-par işıldayan nəhəng dırnaqları görəndə, o bir topa insanın hamısı arxasını Mona Lizaya çevirib, N.S.-nı dövrəyə aldı və xeyli müddət dağılışmadı.

N.S. böyük ruh yüksəkliyi və bütün daxilini doldurmuş fəxarət hissiylə hərdən ayaqlarını şappıldadır, barmaqlarını oynadırdı. Onun barmaqları da elə bil o ruh yüksəkliyindən, o fəxarət hissindən gələn bir şövqlə rəqs edir, dırnaqları isə Luvrun elektrik işığında eləcə parıldayırdı.

Həmin gün N.S. heç vaxt olmayan bir duyğusallıqla prof. K.S.-ya WhatsApp-la belə bir yazı göndərdi:

"Əziz ata! Mən çox xoşbəxtəm. Bu gün Luvrda Mona Lizanın qarşısında toplaşıb, ona baxan insanlar bir anın içində arxalarını Mona Lizaya çevirib, məni əhatə etdilər. Onlar mənim ayaqlarıma baxırdılar. Artıq Mona Lizaya baxan yox idi".

 

21 avqust 2022.

Gündoğan

 

Elçin

Xalq yazıçısı

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.4-5.