Bəxtəvər
Hekayə
İlıq yaz günəşinin zəif
şüaları ağacların başında, şirəli
yarpaqların üzərində sayrışırdı. Həzin yel ağ,
iynəyarpaqlı tozağaclarının, nazik gövdəli sərvlərin
qol-budağını xəfifcə yellədir, onları
qocasayağı mürgüdən ayıldırdı. Tutqun və
bulanıq sulu çay vahiməli
qıjıltıyla dənizə tələsirdi. Şırıltı, xışıltı və
pıçıltı sədaları ağappaq, təmiz,
xoş xəyal və ən məsum əyləncə kimi ətrafa
xoşhallıq bəxş edirdi.
Getdikcə seyrəkləşən ağacları
göy üzünü dələn meşənin yaşıl
talalarından quşların məzhəkə dolu
haylamaları andıran növbənöv hay-küylü səsləri
eşidilirdi.
Qatran rəngindəki hava uzaqda sıralanan
dağların tünd-bənövşəyi kölgəsi ilə
birlikdə qızğın bir darıxmaq hissi,
anlaşılmaz narahatlıq duyğusu oyadırdı. (Hərgah bu hava həyat cövhəri ilə
doluydu).
Bəxtəvərin
kolluqla örtülü oyuğun kənarında
üzüqoylu sərilmiş lüt-anadangəlmə cismini
ilk görən adam Uzunorta Fərrux oldu. Dərənin
mavi köksündə yerləşən Arabaçılar kəndinin
camaatı Fərruxun haray-həşirini eşidib zəif
dumana bürünmüş yaşıllığın hər
yerindən iki-iki, üç-üç çıxaraq
yanına toplaşdı. Nimdaş geyimli,
cod simalı, üzü tüklü kişilər
qaloşlarının ucuyla yerdəki heysiz vücudu
dümsükləsələr də, ondan səs-səmir
çıxmadı. Bunu görən Yetim
Sabir camaatın arasından sivişib tərpənməz bədəni
üzü üstə çevirdi. O an
əsən xəfif yel bədəndən çıxan
xoş ətri kəndlilərin burnuna doldurdu. Onlar
küt heyrətlə onun qamətinin çiçək zərifliyinə,
şəffaf kövrəkliyinə, əşrəfi kimi parlaq
saçlarına, qüsursuz bədəninin cizgilərinə
tamaşa etdilər. Gözlərini çəkmədikləri
bu bənzərsiz varlıq bir mələk olmalı idi, hərgah
onlar mələklərin pulcuqlu, qanadlı, qulaqsız
olduğunu eşitmişdilər. Yetim
Sabiri qabağa verdilər ki, tərpənməz
varlığın diri olub-olmadığını yoxlasın.
Yetim Sabir onun qarşısında ürək tab gətirməyən
gözəlliyindən vəcdə gəlmiş halda məxmər
kimi hamar dərisinə, dodaqlarının möhtəşəm
büküşlərinə acgözlüklə baxdı,
burun pərlərini geniş açaraq başgicəlləndirici
qoxusunu içinə çəkdi. Qulağını
sinəsinə dayayıb dinşədi. Bir
anlıq ətrafa dənizin dibi kimi lal səssizlik
çökdü. Tutqun kütlə həyəcanla
Yetim Sabirdən cavab gözləyirdi. O, nikbin bir əminliklə:
- Diridir!
Həm də necə diri! - dedi.
Sevinc və şadlığı ifadə edən
gurultulu səslərin əks-sədası ətrafa
yayıldı.
Mələk kəndlilərin qollarında son dərəcə
həssaslıq və ehtiyatla çay sahili boyunca uzanan yolla kəndə
aparıldı. Üzünə soyuq su
çırpılan kimi öskürüb gözlərini
açdı. Camaat şadlandı. Mələyin şərəfinə məclis quruldu.
Yüngülməcaz əhli-keflərin süzgün
gözləri dumanlandı, ağızları şərab
zeyiylə haşiyələndi. Közləri
tüstülənən, işıqları
saç-saqqallı sifətlərdə oynayan ocaqlarda qaynayan
yemək qazanlarından buğum-buğum buxar qalxırdı.
Kürəklərini stulların söykənəcəyinə
dirəyib yeməyə girişən kəndlilər toxluq
hissinin verdiyi ləzzətlə nıqqıldadılar. Mələk isə elə hey susur, ağzına
heç nə almırdı.
Dərdini bilmədilər, ağlaşıb dizlərini
döydülər. Sonra isə fikirləşdilər ki, mələk
elə belə olmalıdır - nə yeməlidir, nə də
içməli. Bu düşüncə onları bir az toxtatdı.
Məclisin axırında qızğın bir mübahisə
başladı.
Mələk gecəni kimin evində keçirəcəkdi?
Hər kəs şəfqət və nəvazişlə
ona yaxınlaşmağa, toxunmağa
çalışırdı. İri əndamlı, boz
gözlü, qısaqıç Höcət Səyyarə yaylıqlı
başını irəli uzadıb:
- Mənim
pərqu döşəkli divanım var. Qoy o bizdə
qalsın! - dedi.
Etiraz dolu hay-küy eşidildi. Bu dəm balaca, gombul, arsız,
oynağan Dingildək Telli
qolsuz, yaxalıqsız yun paltarının altında ehtirasdan
qabarmış yumru döşlərini ovuclayıb işvəylə:
- Mənim
gündən isti qoynum var, - deyib Mələyin qolundan tutdu. Öz yumşaq və hərarətli bədənini
ona yapışdırmaq istədi. Tellini
çəkib Mələkdən araladılar.
Pəltək
Vəli də insanı özünə çəkən bu
varlığı qonaq aparmaq istəyini kəkələyə-kəkələyə
dilinə gətirdi:
- M-mənim
xalça-palaz dö-döşənmiş geniş
otaqlarım var.
Kəndlilər Mələyi ora-bura
dartışdıra-dartışdıra qalmışdı. Heç kim
öz arzusunu daxilində boğmaq istəmirdi. Nəhayət,
bir qərara gəldilər. Rəhmətlik
Kəvər Abbasın evi boş idi. Səyyarənin
pərqu döşəkli divanını, Vəlinin
xalça-palazını, Mürvətin stol-stulunu, Firəngizin
qab-qacağını daşıyıb evə doldurdular.
Mələyi də ora yerləşdirdilər.
Mələyin lüt-üryan olması onları
qayğılandırdı; dərhal onun bədənini rəiyyət
paltarıyla örtməyə başladılar. Qadınlar ona
alt geyimi, enli şalvar, qollu yun köynək geyindirməkdən
maraqlı və xoşagələn bir həzz aldılar.
Qərara gəldilər ki, hər gecə bir nəfər
Mələyin başının üstündə keşik
çəksin. Heç kim ümumi mənafeyə
xidmət edən bu fikrə qarşı çıxmasa da,
hamı növbənöv səbəblər üyüdərək
və özünü öz səbəblərində
üsyankarcasına müdafiə edərək birinci gecənin
qarovulçuluğuna özünü layiq bildi. Otağın
tutqun işığında vurnuxan siluetlərin arasından
şişman bir kişi fiquru irəli
çıxıb yoğun səsiylə Mələyə səsləndi:
- Ey
mübarək varlıq, özün de! Yanında kimin
qalmasını istədiyini bizə söylə!
Otaqda qaynaşan izdihamdan qopan amiranə donqultu o dəqiqə
kəsildi. Mələk köksünə sallanmış
başını qaldırıb uzun və ağır nəzərlərlə
kəndliləri süzdü. Bir-birindən
aralı olan qəşəng gözlərin üzərinə
dikildiyi hər kəs şənlənir, sevinirdi. Varlığına qeyri-müəyyən bir qüssənin
hakim kəsildiyi şövkətli və möhtərəm
varlığın zərif dodaqları arasından
çıxacaq bircə kəlmə belə otaqda dəhşətli
tufan qopara bilərdi. Ancaq o danışmadı.
Baxışlarını elə bir adamın
üzərində dayandırdı ki, hamı gərgin maraq
içində boylanıb bir-birinə baxdı. Mələk barmağıyla da eyni adama işarə
edəndə kəndlilər lap özündən
çıxdı. O, Yetim Sabiri seçmişdi. Sabir onun etimadından mütəəssir olmuş
halda qollarını sinəsində çarpazlayıb itaətlə
baş əydi.
Kəndlilərin sel kükrəməsini xatırladan
coşqunluğu səngidi. Təlaş və məyusluqla
başlarını aşağı dikib bir-bir otaqdan
çıxdılar.
Camaat dağılışan kimi Mələk pərqu
döşəkli divana uzanıb yuxuya keçdi. Yetim Sabir asta,
küt addımlarla ona yaxınlaşıb ətrini içinə
çəkir, aldığı ləzzətdən yerindəcə
qovrulurdu. Öz təbiətinə və vərdişinə
görə itaətkar olan qarayanız, nazik dodaqlı,
mülayim, hissiyyatlı gənc heyranlıq içində Mələyin
divana dağılmış qara, yumşaq saçlarını
barmaqlarına dolayırdı. Mələyin
yatışı, sinəsinin aramla qalxıb-enməsi,
qızılı-çəhrayı qulaqları, alt
dodağının şəhvani nəmliyi, isti, ətirli nəfəsi
misilsiz heyrətamizliyə malik idi. Yetim
Sabir Mələyin tərpənməzliyindən cəsarətlənib
ilk tapdıqlarındakı kimi başını sinəsinə
qoydu. Həyəcandan gicgahlarındakı
mavi damarlar qabardı, sevgi, pərəstiş dolu ürəyi
bərk-bərk döyündü. Qəlbinə
yeni aləm bəxş edən hisslər onu qeyri-cismani həyat
barədə şirin xatirələrə qapdırdı.
İndiyədək yaşadığı
iztirabın hədsizliyini tamam-kamal unutdu. Ruhu
dinclik tapdı. Fərəhlə, vəcdlə,
ümidlə gözəl şeylər haqda
düşündü.
Sübh şəfəqləri söküləndə
Yetim Sabiri oyatdılar. Mələyin rahatlığının
pozulmaması üçün yanından ayırıb
çölə çıxardılar. Kim
olduğunu, nə danışdığını xəbər
aldılar. Yetim Sabir Mələyin bircə kəlmə
belə danışmadığını, bu bəxtəvər
varlığın bütün gecəni şirin-şirin
yatdığını dedi. Beləcə, onun
adını da Bəxtəvər qoydular.
Kəndlilər yaradılmışların ən gözəl
və lətifini onlara göndərdiyi üçün
Tanrıya dua edirdilər. Bəxtəvər isə
kimsəylə kəlmə kəsmir, özünü ac-susuz
saxlayırdı. Bütün günü
gözlərini vüqarla, qüssəylə göyə
dikirdi. Bəzən səmaya dikilmiş
gözlərində xırda yaş damcıları da
görünürdü. Kəndlilər Bəxtəvərin
dərdini anlayıb bir çarə tapmadıqları
üçün özlərini qınayırdılar.
Günlər keçdikcə kəndlilərin Bəxtəvərə
olan sevgisi artırdı. Beyinlərdə bu sevgini cana-qana hopduran
minlərlə səbəb kök salmışdı. Qızların bəzək-düzəyində bakirə
cəlbedicilik, şıltaqlıqlarında naz-qəmzənin
cövhəri hiss olunurdu. Kor-kobud sifətli,
qaraşın, tükü kişilər saçlarını
yağlayır, qocalar qarınlarını yığıb qədd-qamətlərini
düzəldirdilər. Əndamlı,
yumrusifət qadınlar kələ-kötür məxməri
parçalardan tikilmiş paltarlar geyinir, gənc aşiqlər
kimi şəfqətlə gülümsünürdülər.
İlahi varlığın öpüşünə
həsrət şəhvani dodaqları titrəyirdi. Növbəsi çatıb gecəni onunla keçirən
hər kəs səhər açılanda yanından
ayrılmaq istəmirdi.
Bir gecə növbə çəkən Dingildək
Telli ehtirasını cilovlaya bilməyib Bəxtəvərin
boynunu dişlədi. Ağrıdan diksinərək yerindən
dik atılan Bəxtəvər üstündəki
qadını hiddətlə itələdi. Sarsılmaz
bir sərtliklə:
-
Çıx get burdan! - deyə
bağırdı. Gombul və kefcil qadının həyəcandan
az qaldı ürəyi dayana, qorxa-qorxa evdən
çıxdı.
O gündən
sonra Bəxtəvər heç kimi yanına buraxmadı. Əlinə bir çomaq alıb kəndin qoyun
sürüsünü qabağına qataraq kirəclənmiş
təpəliklərdən keçirib dağlara
aparırdı. Axşamadək
heyvanların yanında qalır, kül rəngli toranlıq
düşəndə sürünü geri qaytarırdı.
Gizlicə Bəxtəvəri güdən kəndlilər
onun boynunu bükməyinə, çomağı çənəsinə
dayayıb fikirlərə qərq olmasına, üzünün
heç zaman gülməməsinə nə bir məna, nə
də çarə tapa bilirdilər.
***
Bir gün qoyunların yanında çənəsini
çomağına dayayıb nisgilli, sızıltılı
səsiylə ağlayıb ah-fəryad edən Bəxtəvər
qəflətən dikəlib dərin bir uçurumun kənarına
çatanadək addımladı. Dərdli-dərdli
aşağı baxdı. Külək onun
bihuşedici ətrini ətrafa yayırdı. Əlindəki çomağı uçurumdan
yuvarladı. Bir müddət onun
düşüşünü izlədi. Çomaq
gözdən itən kimi kəndlilərin dəhşətli
baxışları altında özünü aşağı
buraxdı.
Kəndlilərin gözləri dəli gözləri kimi
bərəldi.
Həyəcanla uçurumun ağzına
yığılıb aşağı boylansalar da, Bəxtəvəri
görə bilmədilər.
Dərhal ağacların incə kölgələri
altındakı seyrək otları həvəssiz-həvəssiz
qırpan atlara tərəf götürüldülər. Atları dəhmərləyib
qayış-quşqunları səs sala-sala, toz
qaldıra-qaldıra irəli çapdılar. Yetim Sabir öz mis rəngli atıyla ən qabaqda
gedirdi. Çox keçmədən
uçurumun ən dayaz yerinə - daşlarla əhatə
olunmuş kimsəsiz əraziyə çatdılar. Çox keçmədi atlardan biri
fınxırıb quyruğunu yellədi. O, Bəxtəvərin
yaxınlıqda olduğunu duymuşdu. Birdən
daşların arasında tutqun bir qaraltı
göründü. Yaxınlaşanda Bəxtəvərin
qəmgin bir məyusluq içində iri bir sal daşın
üstündə oturaraq təqsirkar kimi gözlərini yerə
dikdiyini gördülər. Həyəcanlı
sifətlər dənizi qatı bir hövsələsizliklə
bozumtul axşamın alatoranlığında Bəxtəvərin
hər bir əzasını gözdən keçirdi. O,
sapbasağ idi, nə bir sınığı vardı, nə də
bir sıyrığı.
Bax onda onun fövqəladə bir varlıq olduğuna
şübhə yeri qalmadı.
***
Ertəsi gün Bəxtəvər taladan
yığdığı bütün zəhərli göbələkləri
yesə də, ona heç nə olmadı. Meşədən
tutduğu zəhərli ilana qolunu sancdırdı - bir şey
dəyişmədi. Başı göyə çatan
çır-çırpı topasına od
vurub, özünü üzərinə atdı. Paltarları yanıb külə dönsə də,
nə alov dilləri dərisinə nüfuz edə bildi, nə
də boğazına dolan tüstü onu boğub heydən
saldı. Beləcə, ləyaqətsiz və
dəyərsiz həyatdan bezən zavallı
varlığın ölməklə bağlı bütün
ümidləri tükəndi. Yaşadığı
əzabın iyrənc bitməzliyinə boyun əyməkdən
savayı əlindən bir şey gəlmədi.
Daha ona ayrılan evə gəlmədi, gecə-gündüz
dərədə-təpədə veyil-veyil gəzdi. İldırımın
parlaq rişələri üzündə
yanıb-söndü, şırıltı və gurultuyla
yağan yağış bədənini islatdı.
Kəndlilər ondan qopmadı, hara getdisə yorulmadan,
usanmadan arxasınca düşdülər.
***
Havalar soyuyanda kəndlilər yenə Bəxtəvəri
geyindirdilər. O, iri bir çinarın başına çıxıb
günlərlə orada qaldı. Kəndlilərin
yalvar-yaxarından sonra aşağı enib ona ayrılan evə
qayıtdı. Yıxılıb yatdı.
Oyandıqda hamını başının
üstündə gördü. Açılmış
böyük süfrənin üstü yemək-içməklə
doluydu. Bəxtəvər ona heyranlıq və
məftunluqla baxan bu nəcib və nəvazişkar insanlara qəlbinin
dərinliyində təşəkkür etdi.
Süfrəyə yaxın oturub çörəkdən
bir parça qopardı, təzə qaymaqdan yedi. Bunu görən
kəndlilərin ürəyi məstedici sevinclə doldu.
Bir-birlərinə göz vurub himləşdilər.
Hər kəsin beynində bir sual dolaşırdı: axı
bu qəribin dərdi nədir? Bu suala cavab tapmaq
istəyi ağlasılmaz bir həddə idi. Dəyirmi
sifətli, qırmızı yanaqlı ədalı, mötəbər
Qənirə ana Bəxtəvəri nüfuzedici nəzərlərlə
süzüb ifadəli səsiylə:
- Sənə
nə olub, quzum? - deyə soruşdu.
Bəxtəvər bir müddət laqeydcəsinə
susdu. Başını ağır-ağır
qaldırıb çəkingən insani gözlərini tavana
zillədi. Səksəkə doğuran səsiylə:
- Mən
yerin-göyün qəzəbinə düçar olmuşam, -
deyib qəfil və şiddətli hönkürtüylə
ağladı. Bu amansız həqiqət
hamını kədərləndirib yasa batırdı. Kəndlilər də ona qoşuldu. Dizlərini döyüb üzlərini
cırdılar.
Bəxtəvər dikəlib ayağa qalxdı. Xırda
addımlarla yeriyib eşiyə çıxdı.
Qanrılıb çiyni üzərindən gözləri
sevgi və mərhəmət nuruyla dolmuş kəndlilərə
baxaraq boğuq və qeyri-əmin səslə:
- Arxamca gəlməyin,
nə olar! - dedi.
Kəndlilər bir anlıq onları çulğayan əlacsızlıq
ovqatı altında ayaqlarını quru otların üzərində
sürüyə-sürüyə gözəl və təravətli
vücudu olan varlığın arxasınca düşdülər.
***
Uzaqdan gümüşü rəngə çalan
çayın üzərini solğun çən
almışdı. Mamoy bataqlığı daşan
çayın suyunu içinə çəkərək daha
da böyümüşdü. Bəxtəvəri
uca çinarın başından aşağı
düşürüb buralara gətirən də, ona
arzuladığı ölüm üçün ən
sağlam tələ təsiri bağışlayan da bu
bataqlıq idi.
Münasib şəraiti, məlum məqamı
qaçırmaq istəməyən Bəxtəvər vəhşi
qızğınlıqla paltarlarını çıxarıb
özünü Mamoyun ağuşuna atdı. Bataqlıq Bəxtəvəri
uddu.
Sonsuz çarəsizlik və misilsiz dəhşətdən
sarsılan kəndlilər Bəxtəvərin ətrini
qoxlamaq ümidiylə bataqlığın kənarına
toplaşdı. Amma onun qoxusu da özü kimi dibsiz
palçıq dəryasının dərinliklərinə
çəkilmişdi.
Dönüb arxada qalan aləmə - axşamın toranına
qərq olmuş ağaclara, üstündə şəfəqlərin
söndüyü boz-bulanıq sulara, kül rəngli səmaya,
zülmətə qərq olmuş boşluğu xatırladan
ucsuz-bucaqsız çöllüyə baxdılar. Dünya Bəxtəvərsiz
necə də boş idi! Hava Bəxtəvərsiz
necə də üfunətli və dözülməz idi.
Bu qəhərə dözmək mümkün
olardımı? Yox! Yox!
Dünyəviliklərini itirmiş boz sifətli,
hissiyyatsız bədənli məxluqlar bir-birinin ardınca
özlərini bataqlığa atdılar. Təkcə
Yetim Sabir gecəni Bəxtəvərin paltarlarını
qoxlaya-qoxlaya bataqlığın kənarında keçirdi.
Dan yeri çırtlayanda insan cəsədlərindən
şirə çəkən bataqlıq otlarının, cillərin
bir gecədəcə necə sürətlə
uzandığının şahidi oldu. Pərişan
halda uzaqdan yiyəsiz evlərinin damları qaralan
Arabaçılar kəndinə tərəf üz tutdu.
Axşamüstü hava dəyişdi. Getdikcə sıxlaşıb
tündləşən buludlar göy üzünü aldı.
Hər şeyin üzərinə qatı bir
zülmət çökdü. Nəm, ətirli
və sərin külək şiddətləndi. Zülmətin rənglərinə
boyanmış bulud parçalarından saralıb
yaprıxmış otların üzərinə su ələndi.
Qol-budaqları oynaşan, gövdələri yırğalanan
ağaclar tutqun alaqaranlıqda kabusabənzər obrazları
xatırladırdı.
***
Bataqlığın üzərində xəfif bir titrəyiş
əmələ gəldi. Palçığın
içindən əvvəlcə bir əl, ardınca isə
baş çıxdı.
***
Meşənin
kənarındakı birgözlü yiyəsiz daxmanın
açıq bacasından çölə uzanan çuqun
borudan çıxan tüstünü külək oyan-bu yana dağıdırdı. Daxmanın
divarları möhrəpalçıqdan
hörülmüşdü. Təktaylı
taxta qapısı çürümüşdü.
Alçaq tavandan asılmış mis gövdəli neft
lampası xəfif yırğalanışla içəri titrək
işıq yayırdı. Küncdə
qurulmuş sobada quru odunlar çırtaçırtla
yanırdı. Sobanın bacadan eşiyə
çıxan borusunu külək tərpədir,
yağış tıqqıltıyla döyəcləyirdi.
Bəxtəvər lüt-üryan halda zərif əllərinin yüngül hərəkətiylə daxmaya yığdığı odunlardan sobaya doldururdu. Qırmızı közün aydınlatdığı palçıqlı, gənc sifətindən heyrətedici ehtiyatlılıq və səksəkə oxunurdu.
Orxan
İsmayıl
Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.16-17.