Hekayələr
Analiz
Səksən yaşlı ana xəstələnmişdi. Ah-uf edir,
sakitləşmək bilmirdi. Alim
anasının butulkaya yığılmış sidiyini
özü ilə götürdü ki, işə dəyib
sonra onu analiz üçün laboratoriyaya aparsın. Fəqət, başı öz işlərinə
qarışdığından imkan tapa bilmədi ki, analizi laboratoriyaya
çatdırsın.
Növbəti gün yenidən analiz üçün
sidik yığıldı. Bu dəfə isə
butulka unudulub evdə qaldı. Gün
dolandı, axşam düşdü, sonra da səhər
açıldı. Alim nahar yeməyi üçün
hazırlanmış buterbrodu götürüb getmək istəyəndə
anası dilə gəldi:
- Belə
də övlad olar? Bir gör anasının
halına yanır?! Günü günə
satır, aparıb analizi vermir?
Alim ayaq saxladı. Əsəbi halda oğlu Elmarı səslədi:
- Ay
uşaq, get, o zəhrimarı da gətir.
Elmar gətirib
verdi. Alim deyinə-deyinə
yola düzəldi.
Axşam hamı süfrənin ətrafına
yığılmışdı. Ana da bir balaca
özünə gəlmişdi. Alim əllərini
yuyub yuxarı başa keçdi. Qoyun ətinin
yağlı yerindən yaxşı küftə-bozbaş
bişirmişdilər. Belə yeməyinki
baş soğan, sarımsaq, bir də spirtli içki idi.
Onda yağlı ət adamın ürəyini
vurmurdu.
Alim bir çəngə quru nanə, bir çəngə
də quru reyhan götürüb ovuşdurdu və yeməyin
üstünə səpdi. Sonra üzünü arvadına
tutaraq:
- O
konyakı da gətir, - dedi.
Ceyran
xanım təəccüblə ona baxaraq soruşdu:
- Nə
konyak?
Alim səsini
qaldıraraq:
- Necə
yəni nə konyak?! O şüşədəki
yarımçıq konyakı deyirəm.
Ceyran
xanım key-key onun üzünə baxdı:
- Səndə
heç huş qalmayıb. Yadından
çıxıb yoxsa?! Səhər tezdən
istədin, mən də gətirib verdim. İşə
aparmadın məgər?! Ev bir yana
qalsın, işdə də içməyindən qalmırsan.
Alim bunu
eşidib dik ayağa qalxdı:
- Necə?
Onun bağırtısına hamı bir-birinə dəydi.
Ceyran
xanım izah etməli oldu:
- İşə buterbrod qoymuşdum. Dedin: Gətir o zəhrimarı
da ver. Fikirləşdim ki, yəqin, konyakı deyirsən. Günorta yeməyində içəcəksən.
Alim əlləri
ilə başını qucaqladı:
- Vay... Elə bilmişəm anamın sidiyidir, analiz
üçün qoymusunuz. İndi necə
olsun?! Aparıb laboratoriyaya verdim. Amma, sözün doğrusu, şübhələnmişdim.
Baxıram ki, rəngi nə isə tünddür, dedim qoca
arvaddır, yəqin, ondandır.
...Baş
verən hadisədən özü üçün nəticə
çıxaran Alim axır ki, anasının sidik analizini
laboratoriyaya çatdırdı. Onu görən tanış həkim şaqqanaq çəkdi:
- Ay pir
olmuş! Konyakı gətirmisən, çox
yaxşı. Bəs onun
şokoladını niyə unutmusan?
Bizdə işləmir
1980-ci illərin sonları idi. Ermənistandan azəri
türklərini qovub çıxarır, başlarına min
oyun gətirirdilər. Bakıda Azadlıq
meydanına yığışan xalq bu vəhşiliyə
qarşı öz etirazını bildirir, SSRİ rəhbərliyindən
tədbir görməyi tələb edirdi.
Ermənilərin
zorakılığından, ərazi iddialarından cana gələn adamlar bəzən bizim idarə
və müəssisələrdə çalışan ermənilərin
də işdən çıxarılması tələbini irəli
sürürdülər. N nömrəli məktəbdə
üç erməni müəllim
çalışırdı. Meydan hərəkatı
başlayanda onlardan ikisi üzüsulu çıxıb
getmişdi. Mariyetta adlı birisi isə kimlərəsə
güvənib heç kəsi saya salmır,
arxayın-arxayın gəlib dərslərini deyirdi... Məktəbin direktoru Sabutay müəllim pedaqoji
kollektivin və şagirdlərin tələbi ilə əmr
verib Mariyettanı işdən çıxarır. Lakin erməni qadını inadından dönmür,
şikayət edir.
O zamanlar
bizimkilər gözləmə mövqeyi tutur, ermənilərlə
ehtiyatlı davranırdılar. Dərhal məktəbə
müstəntiq göndərdilər. Sabutay
müəllimi tapıb müstəntiqin hüzuruna gətirdilər.
Sabutay müəllim:
- Buyurun,
eşidirəm... - dedi.
Müstəntiq
hökmlü:
- Mariyetta
müəllimənin ərizəsinə əsasən gəlmişəm.
Onu niyə çıxarmısınız?
-
Bütün kollektiv tələb edirdi. Mən də
əmr verdim.
- Nahaq yerə.
Qeyri-qanuni iş tutmusunuz. Ermənistanda nə
edirlər, bunun bizə dəxli yoxdur. Biz
öz beynəlmiləlçi adımıza ləkə vura
bilmərik. Çağırın o
Mariyetta müəlliməni buraya.
Acığından dili dodağını kəsən
Sabutay müəllim birtəhər əsəblərini
cilovlayıb qapını açdı. Qapının
ağzından keçən ingilis dili müəllimi
Nazlıya müraciətlə dedi:
- O
fahişəni çağır buraya, mənim yanıma gəlsin.
Demə, Nazlı Azərbaycan dilini yaxşı
bilmirmiş. Ona görə də direktorun kimi nəzərdə
tutduğunu da aydın başa düşmür. Sinif
otaqlarının qapısını açaraq:
-
Fahişə müəllimə zdes? - deyə-deyə
bir-bir soruşur.
Şagirdlər uğunub gedirlər. Müəllimlər də
key-key, təəccüblə onun üzünə baxaraq:
- Xeyr, -
deyə cavab verirlər.
Müəllimi heç yerdə tapa bilmədiyini görən
Nazlı axırda direktor müavininin yanına gedərək
ondan soruşur. Müavin də təəccüb içərisində
onu süzərək:
- Bizdə
belə müəllim işləmir.
Nazlı
gəlib direktora bildirdi:
- Sabutay
müəllim, öyrəndim, okazıvayetsə, Fahişə
müəllim bizdə
işləmirmiş...
Bunu eşidən Sabutay müəllimlə müstəntiq
gülməkdən uğunub getdilər. Müstəntiq ayağa
qalxaraq, əlini direktorun çiyninə qoyaraq:
- Mən
getdim, Sabutay, sən də öz işində ol... - dedi.
Dəftər
Yavərlə İsanın cavan vaxtları idi. Pedaqoji
institutun dördüncü kursunda oxuyurdular. Neçə gün idi ki, instituta deyil, orta məktəbə
gedirdilər. Burada pedaqoji təcrübə
keçirdilər. Gün günorta yerinə
qalxmışdı. Lakin yaz günəşi
olduğundan hələ onun şüaları adamı
yandırıb-yaxmırdı. Dostlar
dayanıb avtobus gözləyirdilər. Dayanacaqda
üç qız da vardı. İsa Yavərlə
söhbət etsə də, əslində fikri qızlarda idi.
Bu, Yavərin diqqətindən yayınmadı.
Avtobusa mindilər. Qızlardan
biri yer tapıb əyləşdi. O biri iki qız onun
başı üzərində dayandı. İsa
adamları aralayıb Yavəri də çəkə-çəkə
qızlara yaxın məsafədə dayandı.
Yavər onun xasiyyətini bilirdi. Gözü tutan
qız olanda söhbət etməkdən özünü
saxlaya bilmirdi. Alınanda görüş də
verirdi. İndi də irəli keçməkdə
məqsədi qara xallı, alagöz qızı söhbətə
tutmaq idi. Yavər onun xallı qıza sarı
dartındığını görüb ətəyindən
çəkdi və yavaşca qulağına
pıçıldadı: "İşin olmasın. Özünü yaxşı apar". İsa qulaq asmadı. Qıza müraciətlə:
- Oxuyan
qıza oxşayırsan, - dedi. - Maşallah, kitab-dəftər
əlindən düşmür.
Qız da hazırcavab imiş. Özünü itirməyib:
- Oxumaqda,
görünür, sənə oxşamışam, - dedi.
İsanın da əlində kitab vardı. Qızı söhbətə tuta bildiyi üçün sevinən İsa ürəkləndi:
- Olar dəftərinə baxım?
Yavər yenə İsanın köynəyindən dartdı:
- Lazım deyil...
Qız əlindəki dəftərlərdən birini ona uzatdı.
Yavər dəftəri alıb vərəqlədi:
- Heç nə yazmamısan ki...
Qız gülümsəyib:
- Hələ təzə almışam, - dedi. - Yazanda gəlib oxuyarsan.
Yavər deməyə söz tapmadı. Sonra özünü ələ alıb:
- Dəftəri
haradan almısan? Mənə də lazımdır, - dedi.
Qız
dedi:
-
Maşallah, yekə oğlansan. Heç
inanılası deyil. Doğrudan bilmirsən
dəftəri harada satırlar?
Qız güldü, o biri qızlar da ona qoşuldular. Yavəri də
gülmək tutdu. Bir də onda
ayıldılar ki, qızlar artıq avtobusdan düşüblər.
İsa tələsik avtobusu tərk etdi. Lakin gec idi, qızlar gözdən itmişdilər.
Dostlar məktəbə gəldilər. Az sonra ikinci növbənin dərsləri
başlandı. İsanın onuncu sinifdə
açıq dərsi vardı. Təcrübəçi
tələbələrdən bir neçəsi, bir də
metodist müəllim arxa cərgədə əyləşmişdilər.
İsa evə verilmiş tapşırığı
yoxladı. Şagirdləri sorğu-suala
tutdu. Sonra yeni mövzunun izahına
başladı. Mirzə İbrahimovun həyat
və yaradıcılığı idi. Dərs
yaxşı keçdi. İsa dərsi
yekunlaşdırıb sinfə müraciətlə soruşdu:
- Yeni
mövzuya aid kimin sualı var?
Bir anlığa sinfə sakitlik çökdü. Sualı olan
yox idi. Sinifdən səs
çıxmadığını görən qızlardan biri
əlini qaldırdı:
- Müəllim,
mənim sualım var.
İsa
sevindi:
- Buyur.
Qız
ayağa qalxıb aramla:
- Müəllim,
dəftər aldınız? - deyə
soruşdu.
İsanın sifəti bir anda qıpqırmızı
oldu. Bu, bayaq avtobusda söz atdığı qız idi.
Həm sən qabağa düş, həm
də mən...
Vəli qonaq gəlmişdi. Məmməd tez
süfrə açdırdı. Ortaya yemək-içmək
gəldi. Yedilər-içdilər, doyub
çəkildilər. Süfrəyə
mürəbbə və limonla çay gəldi. Məmməd Vəlinin söhbətindən,
danışığından başa düşdü ki, o, elə-belə,
səbəbsiz onun qapısını açmayıb. Vəlinin xasiyyətinə bələd idi. Nə isə dərdi vardı. Görünür,
yenə borca gəlmişdi. Bunu fikirləşib
soruşdu:
-
Dayıoğlu, xeyir ola?! İlin-günün
bu vaxtında səndən nə əsəb bizi yada
salmısan?
Vəli mətləbə
keçdi:
- Bibioğlu, kasıbçılıqdır, dolanmaq olmur. Kənddə-kəsəkdə iş-güc yoxdur ki, başımızı qatıb beş-on manat qazanaq...
Məmməd onunla razılaşdı:
- Doğru deyirsən, kolxoz yox, sovxoz yox. Amma əlini əlinin üstünə qoyub evdə oturmaq, "Allahdan buyruq, ağzıma quyruq" da demək olmaz. İş, pul adamı tapmır, sən onları tapmalısan.
Vəli sözünü demək üçün fürsət tapdığına sevindi:
- Dayıoğlu, elə mən də bu fikirdəyəm, bir işlə məşğul olmaq istəyirəm. Qərara almışam ki, balıq alıb satım. Amma əlimdə maya yoxdur. Beş yüz manat pul lazımdır. Kəsəsi, borca gəlmişəm.
Məmməd yaxşı bilirdi ki, axırda söhbət gəlib borcun üstünə çıxacaq. Ona görə də Vəlinin xahişi onunçün gözlənilməz olmadı. Üzünü arvadına tutub:
- Get, iki
yüz əlli manat pul gətir.
Fatma deyilən
məbləğdə pul gətirib Məmmədə verdi. O da pulu stolun üstünə qoyub:
-
Götür, bibioğlu, - dedi.
Vəli təəccüblə
ona baxaraq:
-
Dayıoğlu, mənə 500 manat pul lazımdır, 250 manat
yox.
Məmməd
halını pozmadan:
- Bibioğlu, bu, birinci dəfə deyil ki, məndən borc alırsan. Amma hələ ki geri qaytardığın olmayıb.
Vəli nəsə demək istədi, Məmməd əli ilə işarə edib onu saxladı:
- Bilirəm,
500 manat alıb onu da qaytarmayacaqsan. Götür
bu pulu. 250 manat sən qabağa düş, 250 manat da mən!
Akif ABBASOV
Ədəbiyyat qəzeti.- 2022.- 15
oktyabr.- S.15.