Yazıçı Sevinc
Nuruqızının
“Pıçıltı” kitabının təqdimatı
olub
Respublika Uşaq Kitabxanasının
VIII Beynəlxalq Kitab Sərgisində silsilə tədbirləri
davam edir.
Bakı
Ekspo Mərkəzində
kitab sərgisinin “Xurşidbanu Natəvan”
təqdimat zonasında “Təhsil” Nəşriyyat Poliqrafiya
Müəssisəsinin, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və
“Sultan” cizgi filmi studiyasının tərəfdaşlığı
ilə yazıçı Sevinc Nuruqızının
“Pıçıltı” kitabının təqdimatı təşkil
olunub. Kitabın ideya müəllifi və naşiri Tural
Axundov, rəssamı Nigar Mustafayevadır.
Əvvəlcə “Sultan” cizgi filmi studiyasında
çəkilmiş “Pıçıltı” cizgi filminin
tanıtım roliki və 3 nömrəli Uşaq-Gənclər
İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq
teatrının azyaşlı aktyorlarının ifasında səhnələşdirilmiş
“Pıçıltı” kompozisiyası təqdim olunub.
Sevinc
Nuruqızının Gəncə terrorunun günahsız
qurbanları olan uşaqlara ithaf etdiyi “Pıçıltı”
bütün canlıların və cansızların məhvinə
səbəb olan terrora “YOX” deyənlərin haqq səsidir.
Kitabın ilk səhifələrində deyildiyi kimi: “Əslində,
təbiət pıçıltılarla doludur... Biz eşitmədiyimiz
pıçıltılarla... Səsini insana çatdıra
bilməyənlərin pıçıltısı ilə...
Arzularını səmalara ötürənlərin, istəklərini
ağ-gümüşü buludlara
pıçıldayanların səsi ilə... Çiçəklərin,
böcəklərin, küləklərin
pıçıltısı ilə... Quşların,
daşların, yağışların
pıçıltısı ilə... Dünyanı cənginə
alan terrora, müharibələrə “YOX” deyənlərin
pıçıltısı ilə... Bu yaşıl, mavi,
günəşli planeti uşaqların əlindən alanlara
etiraz edənlərin haqq səsi ilə...”
Təqdimatda çıxış edən yazıçı
Sevinc Nuruqızı, “Təhsil” nəşriyyatının
direktoru Tural Axundov, F.Köçərli adına Respublika
Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova,
N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq
ədəbiyyatı” şöbəsinin müdiri Elnarə
Akimova, gənc rəssam Nigar Mustafayeva kitab və onun mahiyyəti
haqqında ətraflı məlumat verdilər.
Qeyd edək ki, tədbirin
keçirilməsində əsas məqsəd rəqəmsal əsrdə
uşaqların intellektual inkişafında kitabın və
mütaliənin rolunu artırmaq, uşaq və yeniyetmələri
mütaliəyə həvəsləndirməklə
yanaşı, uşaq ədəbiyyatı sahəsində ərsəyə
gələn yeni əsərlərlə tanış
etmək, yazıçı və oxucu arasında kommunikasiya
xidmətini yüksək səviyyədə
həyata keçirtməkdir.
Ədəbiyyat qəzeti.- 2022.-
15 oktyabr.- S.5.