Tanrı Drinanın sahilindəki
bədbəxt qəsəbəni
tərk etmişdi...
İvo Andriçin Nobel
mükafatına layiq görülmüş "Drina
körpüsü" romanı barədə
Oktyabrın 8-də Krım körpüsü partladıldı. Ertəsi gün - oktyabrın
9-da "Drina körpüsü"nün
müəllifi İvo
Andriçin doğumunun
130-cu ildönümü tamam
oldu...
Tanrı Drinanın sahilindəki bədbəxt qəsəbəni
tərk etmişdi. Amma Drinanı
"tərk etdisə
bütün dünyanı,
yeri, göyü tərk etmədi ya". Axı hələ dünyada
Allaha sayqı duyan insanlar vardı.
"Drina
körpüsü" mədəniyyətlərin,
dinlərin çarpazlaşması,
birləşməsi, ayrılması
və çatışması
barədə romandır.
Ədəbiyyatın, ədəbiyyatın araçılığı ilə
isə Molla İbrahimlə Rahib Nikolanın eyni vaxtda gördüyü yuxudur. İvo Andriçin 1961-ci ildə
Nobel ödülü qazanmış
romanı sivilizasiyaları,
mədəniyyətləri, dinləri birləşdirən
körpünün, az qala, 500 illik yuxusudur. Ədəbiyyatın hüsnünə
yansımaqla onu (yəni ədəbiyyatı)
bir az
daha estetikləşdirən
bu roman yaddaşın
qırçınlarına qoşulub axan (yaxud həkk olunub qalmış) tarixin portretidir. Bu tarixdə fərqli etnik zümrələrin qaynayıb-qarışması da,
ayrılması da, birinin digərinə qənim kəsilməsi də, sevgisi də, nifrəti də var. Sokullu Mehmet Paşa (Mehmet Sokoloviç) Drina körpüsünü yaddaşında
yalnız xəfif bir sızıltı kimi qımıldanan ata yurdu Bosniyanı
İstanbula (və Şərqə) birləşdirmək
amacıyla inşa etdirdisə də, az sonra bu
körpü dünyanın
mədəniyyətlərarası bağlantı xətlərindən
birinə döndü.
Qan və qırğınları
çox gec səngisə də, mədəni vəsfinə
görə xeyli cazibədar olan Balkan modelinin əsas ilham qaynağı oldu. Şərqlə Qərbi birləşdirdi.
Birləşdirdi, amma
Osmanlının çöküşü
ilə Qərblə Şərqi bir-birinə bağlamaq missiyasını
əldən verdi.
Qitələrin və
mədəniyyətlərin deyil, daralıb, daralıb Vişeqrad boyda qalmış balaca dünyanın - bir şəhərin iki səmtinin yoluna və zəif bəndinə çevrildi.
"Drina körpüsü"
körpünün sağ
sahilindəki müsəlmanlarla,
sol sahilində sakin xristianların daş yuxusudur. Bu daş yuxunun metafizik hörgüsündə "İncil"
və "Quran", Sırat
körpüsü və
Ponti Pilat, mifoloji sehrində xristian uydurması - körpünün qurulmasını
istəməyən su
pəriləri, məchul
bir kimsənədən
hamilə qalan dəli İlinkanın ölü doğduğu əkizlər, yenə də güya körpünün təməlinə
qoyulmuş Stoya və Ostoya adlı əkiz körpələr, qaranlıq
otaqda - qara dəlikdə yaşadığına
inandıqları Ərəb,
"çox qədim
zamanlarda küffarın
buralara girməsinə
əngəl olmaq üçün şəhid
düşmüş" və
indi də çayın "o biri sahilində, körpünün
üst tərəfindəki
məzarında" dincələn,
amma bir gün yenidən diriləcəyinə və
körpüyə yaxınlaşmağa
cəsarət edən
düşmənin yolunu
kəsəcəyinə etiqad
etdikləri Şeyx Turxan...
Üstəlik, dünyanın ilk körpüsü
barədə təsəvvürlər. Əli Xocanın atasından, onun da Şeyx
Dədədən eşitdiyi
əfsanə: Qadiri-mütləq
dünyanı yaratdığı
zaman Şeytan Allahın adəmoğluna
bu bəxşişinə
qısqanmış, hələ
yer üzü sərtləşməmiş və
xəmir kimi yumşaqkən Allahın torpaqlarını uzun dırnaqlarıyla mümkün
olduğu qədər
dərin qazımağa
başlamış. İnsanlarla ölkələri
bir-birindən ayıran
uçurumlar, irmaqlar beləcə meydana gəlmiş və Allahın Adəmoğluna
bir bağça kimi hədiyyə etdiyi dünyada onların bir yerdən başqa yerə getmələrini imkansız bir hala gətirmişdir.
Allah bu məlunun
etdiyi işləri görüncə qəzəblənmiş,
insanlara yardım etmələri və hər şeyi asanlaşdırmaları üçün
mələklərini yollamış.
Mələklər zavallı
insanların bu dərinlikləri və uçurumları aşa bilmədiklərini, işlərini
görə bilmədiklərini,
bir sahildən o biri sahilə səslənərək boş
yerə vaxt itirdiklərini görüncə,
bu yerlərin üstünə qanadlarını
gərmişlər, insanlar
da bir yandan
o biri yana
mələklərin qanadı
üstündə asanca
keçə bilmişlər.
Adəmoğlu da körpünün necə
qurulduğunu mələklərdən
öyrənmiş... Odur ki, Sokullu Mehmet Paşanın gözəl
əsərinin - Drina körpüsünün
başında daima bir mələk keşik çəkir.
Və cənabi-Haqq ona nə qədər ömür verdisə körpü də o qədər duruş gətirəcəkdir.
Yuqoslav yazıçısı
İvo Andriç İkinci Dünya müharibəsi illərində
qələmə aldığı
bu romanda dünya birliyi modelini Drina körpüsünün
və Şeyx Dədədən eşidilən
bu hədisin timsalında ifadə edir. Bunu danışan
Xoca Əli isə bir gün
qulağından divara
mismarlanacaq, əzab çəkəcək və
rüsvay olacaqdı...
Vişeqradlı xristianlar hələ doğulduqları ilk günlərdə
türklərin qurduğu
körpüdən keçərək,
müsəlman məhəlləsinə
gətirilib vəftiz olunurlar - xaç suyuna salınırlar. Fəthin xatirəsi
də, zülmün ağrısı da, diləyə yetişməyən
sevgilər də
"Drina körpüsü"ndə bir harmoniyanın qoynunda və qarğaşaya yer vermədən yan-yana və iç-içədirlər.
Müharibənin də,
düşmənliyin də,
xristian təəssübkeşi
kinli Radisavın payaya keçirilməsi də, onu əvvəlcə
qızmar zincirlə döydürüb, sonra da payaya keçirilməsinə
əmr verən daşürəkli memar Abid Ağanın zalımlığı (və
mərhəməti də),
sevmədiyi Nail bəyə
gəlin gedərkən
özünü Drina çayına
atan Fatonun ölümünün təsviri
də ədəbiyyat
dilindədir, estetdir. Andriç bu estetizmi dinlərüstü
bir yazıçı
tavrı sərgiləməklə
gerçəkləşdirib, yalançı milli təəssübkeşliyi qələminə
yaxın buraxmayıb,
romanını bir xristianın, yaxud bir müsəlmanın, bir slavyanın, yaxud bir türkün
dilindən anlatmayıb.
Andriç insanı yazıb.
İnsanın taleyini,
insanın sarsıntısını,
insanın suçunu,
insanın aldanışını,
insanın qəzəbini
və sevgisini yazıb...
Drina körpüsündə əsgəri növbə çəkən Fedunu işvəsiylə yoldan çıxaran "müsəlman
qızı" əslində,
Fedunun fəlakətinə
yol açan Yelenkadır. Yelenkanın "qoca nənəsi"
əslində Yelenkanın
çarşaba bürünmüş
sevgilisi haydut (qaçaq) Yakovdur. Bu epizod özünün
kədər dolu anlamında, mühtəvasında
misilsiz bir eşq dastanının ilməsidir. Fedun belə
bir qorxulu, həm də məsum oyunun qurbanı olur. İntihar edir. Amma intihar edən
adamı xristian məzarlığında dəfn
etmək olarmı?
Olmaz, olmayacaq təbii. Fedun məzarlıqda deyil, gözdən uzaq bir yerdə, bir hasarın dibində basdırılmalıdır.
Son söz Rahib
Nikolanındır. Rahib Nikola Uniat
məzhəbinə bağlı
birinin günahını
əfv edə bilərmi? Bu da fanatik bir
dartışmaya səbəb
olacaq. Rahib Nikola
isə qərarını
üzərinə türk
səccadəsi sərilmiş
kürsünün üstündə
verəcək: "Kim ağlı
başındaykən həyatına
qıya bilər? Kim onu bir dinsiz
kimi, heç bir rahibin yardımı
olmadan bir divarın dibinə basdırmaq sorumluluğunu
üstünə ala bilər?.. Göməlim. Həm də
məzarlığa... Başqa
bir yerə deyil! Günahlarını
mən əfv edəcəyəm... Həyatında
bədbəxt olması
yetmirmi ki?.. Yuxarıda hamımızın günahlarının hesabını
soracaq olan, varsın, onun da günahlarının hesabını sorsun".
Yazarın pozisyonu nəinki millətlərüstü, görüldüyü
kimi, hətta dinlərüstü bir miqyas alıb. Rahib Nikola təmsil
etdiyi dinin bağnazı, fanatı kimi deyil, sadəcə,
insan olaraq düşünür və
qərar çıxarır.
İvo Andriç yaratdığı
obrazın mənəvi
və psixoloji yapısına, özülünə
humanizm daşları düzür. Həm də,
yuxarıda dediyim kimi, yazıçının
önə çəkdiyi
milli məsələ
deyil, insani məsələdir. Sevən də
insandır, xəyanət
edən də insandır. Ölən də, öldürən
də insandır.
Ya Əli olsun, ya da Corc.
Oxunan türkü ya serb türküsü olsun, ya da Bosniya
müsəlmanlarının türküsü. Səslər, ifalar və hətta sözlər də eynidir.
Modern axınların güclü
dalğası ən sonunda yola, yol
isə böyüyüb-böyüyb
qaranlığa dönüşür. Xoca Əlini
öldürən də
elə yolun (daralması deyil) qaralması, qaralan yolun genişlənməsi
olur. Dairə belə qapanır.
Böyük bir qaranlıq
və Xoca Əlinin ölümü.
Siyasi qaranlıq, insanlığın çöküşü
Drina körpüsünün qutsallığını
sozaldır və onu heçə endirir...
Azər Turan
Ədəbiyyat qəzeti.- 2022.-
15 oktyabr.- S.9.