Yuxu uçqunu
Sən yuxuda ikən
yuxundan oyansam,
gözündəki bir damla
dənizə dönüb daşsa,
mən də göyləri
dəniz sansam,
yer ayağımız altından
qaçmazmı?
Sularda yuyunan külək
bu qədim düşərgəni
başımıza uçurmazmı?
Kim xilas edər bizi
bu yuxu uçqunundan?
Yuxumda dəniz görünür,
sahilində
bir ağbəniz görünür,
xatirələr sularından
daha dərin,
üfüqündə Ay kimi
saralan üzün...
kor qayalar görə bilməz
üfüqdə batanları,
qayaların yuxusunda
daşa dönüb yatanları
Günəş də oyada bilməz...
sənin yuxundan oyana bilsəm...
Yaddaşın dörd fəsli
Yaddaşın payızında
saralan xatirələr
qopub düşər
ömrün budaqlarından,
xatirəsiz qalarsan,
ömür də çılpaqlaşar,
qış ömrün
oğlan çağında
don vurar ümidləri,
ruhun üşüyər,
üşüyər...
Yaza çıxmaz arzular,
günəş it-bata düşər
yayın cırhacırında,
alnındakı yazını
Tanrı
yazıb,
çiynindəki mələklər
üzünü köçürürlər...
Qəlbin
heç vaxt boş qalmaz,
sevinc gedər, qəm gələr,
bu Allah qonaqları
ömrü ikiyə
bölər,
birinə azı düşər,
birinə çoxu
düşər...
Yaddaşının qışında
kirpiyinin ucunda
xatirələr sırsıra
bağlar,
azca soyuqdəymədən
hərarətin yüksələndə
qopub düşər,
kirpiklərin qapanar...
Partizan sevgi
Qürub
çağı
kölgəsini biçirəm
yorğun ağacın,
qürub çağı
uzunluğunu ölçürəm
günün, saatın,
ayaqlarımı sürüyüb
keçirəm
vaxt körpüsündən,
ancaq keçə bilmirəm
sənin üzündən...
vaxt məndən belə öc alır,
gəncliyin şirin
neməti
gözüm önündə
qocalır...
O üzdə ayrılıq bal dadır, gülüm,
bu üzdə nəğməmiz
bir qırıq valdadır, gülüm.
Ürək heybəsinə bu
uzun yola
bir çimdik sevinc qoymuşam,
bir tikə təbəssümündən,
ikimiz birlikdə keçirik
həsrət düzündən...
Körpü vəfalıdı,
çöl vəfalıdı,
mənə torba tikən
vaxt vəfalıdı.
Biz körpünü keçən
kimi
partladacaq onu
bir sevgi partizanı!..
Adsız qadın
Etibarsız qadının
oğlu oldu,
adını Etibar qoydu,
qızı oldu,
Vəfa
adı verdi
ona.
Özü çevrildi adsız
qadına...
Kimdənsə eşitmişdi:
Adlar
insanın taleyinə
çevrilir nə vaxtsa...
Özü taleyindən qaçaq
düşmüşdü
nə vaxtsa...
bəxt körpüsündən
keçəndə
ayağı sürüşmüşdü,
üstündən adı düşmüşdü,
adsız qalıb
üşüyürdü
etibarsız qadın,
vəfasız qadın...
***
Bu uşaq qartopu oynamaq istəyir,
qışı daşa
basmaq istəyir,
qar isə yağmır ki yağmır...
Adamlar, yollar, atlar, bayquşlar, itlər
Azğın atların qamaşan
nalları altında
unudulmuş kəndlərə
uzanan
torpaq yollar
qəflət yuxusunun
tozunu çırpır,
başqasının yatağında
başqa adla uyuyan tənbəl sərsəri kimi...
yoxluğun varlığa
çevrildiyi,
ümid bulağından
içib həyata qayıdan yollar,
atların ayaq səsini eşidincə
təkr etdi bu yerləri kor bayquşlar,
ac qalmış itlər atlara cumdu,
atların üstündə
adamlar vardı,
itlərin ağzı
yandı,
itlər adamlar tərəfindən zəncirləndi,
aclıqdan qurtuldu itlər,
tapdandıqca sevindi yollar...
Adamlar,
yollar və atlar
azdırılmış həyatı
kəndinə qaytardı...
Öncəgörmələr
İlhaməyə
Yuxun bərkə-boşa düşür,
Uşaq
kmi ağlayırsan,
Səhər durub yastığını
Yaş görürsən.
Sənin
yuxuna
Heç
vaxt baş verməyəcək
fəlakətlər sızır,
bədənin zəlzələöncəsi
yer kimi titrəyir, qadın.
Bir dəfə yuxuda
Fil görmüşdün,
üstünə su püskürürdü,
Demişdin evimiz olacaq.
Oldu.
Sənin
timsalında
inandım möcüzələrə.
Sən əməli-sahel adamsan,
bəlkə də yuxunda Tanrını görən
yeganə qadınsan.
Sentyabrda
demişdin:
noyabrda Şuşaya bayrağımızı sancacağıq!
Çoxları sənə inanmadı,
Oktyabrda dözməyib bunu yazıya çevirdin.
Sonra: hər kəs bu yazını oxusun, - deyirdin.
Bütün müqəddəslərin ruhları
Cıdır düzündə idi.
Yazıya
pozu yoxdur!
Mən yuxularımda
Keçmişi görürəm,
sən gələcəyi!
***
Mənim
içimdə
bir cavan oğlan,
bir tənha qoca var,
cavanın sevgiyə,
qocanın mərhəmətə
ehtiyacı var...
***
Bu dəyişməyən mənzildə
yerin rahatdımı,
ana?
Yaylıq
da yoxdur cibimdə,
göz yaşımı
daşla silirəm, ana...
səndən sonra
çox mənzillər
dəyişdim,
hələ də rahat deyiləm,
axır aramızdan vaxt çayı, axır,
donuq baxışların
ardımca baxır,
mən bir gün gəlməsəm,
narahat olma,
məni gətirəcəklər
sənin yanına,
o zaman kimsə bizi
ayıra bilməyəcək,
hələlik, ana, görüşənədək...
Ekspress qatarında
eksperimental mozaika
"Qəzəb salxımları"ndan
çəkilmiş
"Gürgan şərabı"ndan
içib
unutdum "Bulanıq dünya"nı,
"Fələk qırmancı"nın yaralarını,
"Tarix və tale" oyununda
taleyə uduzdum,
"Fəlsəfi oyunlar"la
yola verdim həyatı,
fəqət "Yaşamaq
yanğısı"
məni tərk etmədi,
arada sözarası
məsləhət verənlər
də oldu:
"Ürəyinin apardığı
yerə get",
Tanrıya ibadət et,
"İçimizdəki şeytan"a
uyma...
"Həyatın dibində"
gördüyün "Səfillər"i,
onların həyat
tərzini,
bir vaxtlar sən də
onlardan biri olduğunu unutma.
"Tənha"lığın damında
ulayan
"Kor bayquş"a
inanma,
"Ölülər"in "Qiyamət"
günü
"Dirilmə"sinə inan...
"Yaddaş kartı"ndakı
"Pozuq fotoşəkillər"
sənə xatırladar
faniliyin əyaniliyini,
"Daş evlər"də
sona yetər "Ömür kitabı"n.
Düşünərsən:
"Fironun dəftəri"ndə
niyə Musanın adı yoxdur?
Axı qoca tarix deyir
ki,
"İsanın qadını"
yoxdur...
"Yeraltı külək"lər
səni
"Metro
vadisi"nə gətirib
çıxarar,
"Qan-tər içində"
enərsən
"Nəfəs yelləncəyi"ndən,
qalarsan "Yenə iki od arasında",
bu an "Sehrli dağ"ın
qımıldandığını eşidərsən -
"Və dağlardan səda gəldi"!
"Tanrı dağları"na xoş gəldin!
"Axirət sevdası"
"Tərsinə addımlayan
kölgələr" kimi
təqib edər
səni,
səni, məni...
Mən
"Günah keçisi"
deyiləm axı,
bəs niyə "Günəşə sarı
gedəndə"
gözlərim yenə
arxada qalır?!
Və...
"Tanatos mehmanxanası"na
zəng vurub deyərsən:
- Lütfən, mənə bir "Otel otağı" ayırın.
Yenə
və...
orada "Mehmanxana sahibəsi"nə
aşiq olarsan,
səninçün "Həyat"
yenidən başlayar...
Sehrbaz təbiət
Mən gülüşümü
qapının çölündə
unutmuşdum,
eyvanda durub dənizə baxanda
gülüşünü dalğalara
atıb-tutan
adanı gördüm,
təbiətin bu sehrbazlığı
itmiş təbəssümü
üzümə qaytardı...
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.-
15 oktyabr.- S.8.