Tarixin nəfəsi kimi,
yaxud xalçanın gülünə
bax
Altaydan
Dunayacan fikrində, düşüncəsində böyük
Turan dünyasından, Türküstandan min bir naxış
olanların dünyasıdı görkəmli xalça
ustası Afaq Kərimovanın bənzərsiz sənət aləmi.
Təkcə gözlə
nəzər yetirmək,
baxmaq yetməz ki! Gərəkdi duyğularının, milli təəssübkeşliyinin
nəzərlərilə ziyarət
edəsən vurduğu
hər ilməni, naxışı, çeşnini.
Ərişindən-arğacından, kələfindən, kiryidindən dolanıb gələ hisslərin.
Gözəlimiz Qarabağ qarasevdalısı
Yavuz Bülend Bakilerin söz-söz, misra-misra anlatdıqlarını
naxış-naxış, ilmə-ilmə
yansıdır Afaq Kərimovanın sənət
dünyası. Baxırsan, duyursan
və inanırsan ki, həqiqətən də belədi. Həqiqətən də:
Yüz illərdən bəridir Altaylardan Dunaya
bizim türkülərimizdir
söylənən,
danışan dil bizim dilimizdir.
Rəng-rəng, naxış-naxış
aləmi içinə
alan sonsuzluq
heç də torpaq deyil,
kilimlərimizdir...
Xalımız-xalçamızdır. Türkülərimizin, dilimizin, düşüncələrimizin
rəng-rəng, naxış-naxış,
ilmə-ilmə əzizlənməsi,
süslənməsi Afaq
xanımın sehrli barmaqlarına əmanətdi.
Hər naxışın, ilmənin
yerini, məqamını
bilir. Əsiridi bu aləmin.
Heç kim
onun kimi anlaşa bilməz ilmənin, kələfin səssizliyilə. "Yeri, yeləni güllü bahar, köbəsi qış"
(F.Sadıq) xalçalarımıza
verilən nəfəs
Afaq Kərimovadan gəlir. "Gəlindən
ismətli, qızdan həyalı, ətri-təravəti
çiçəkdən alan, bütün keçidləri, döndərmələri,
bütün ilmələri
ürəkdən olan"
(Z.Yaqub) ipək əriş-arğaclı, çiçək
topaları, gül çələngləri olan
xalça aləmimizin
sonuncu mogikanlarındandı
Afaq Kərimova. Barmaqları işıq seli, şüası kimidir.
Zərif
və təravətlidir.
Hər ilməsi "insanda insan oyadır" (R.Rza). Hər naxışı "Mən burdayam, İlahi" dilmanclığı
edir. "Zərrə mənəm, günəş mənəm,
çar ilə pəncü şeş mənəm, Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam"
ucalığından, dünyaviliyindən
gəlir Afaq xanımın sehrli çeşni, naxış
aləmi. Dədə
Qorqudu, Şah İsmayıl Xətaini anladır. Nizamini təqdim edir.
Cavidə, Şəhriyara qovuşur.
Bütöv Azərbaycanı təcəssüm etdirir.
Onlarda yaşayır, onlarda ömür sürür.
Dərsini, bilgisini görkəmli xalça ustası Lətif Kərimovdan alıb Afaq xanım. Onun tələbkarlığını
və qayğısını,
diqqətini görüb.
Bu böyük ustadı ilə həmişə fəxr edib. Məsuliyyət hissi böyük
ustadından gəlir.
Dönə-dönə, sayğı və
şükranlıqla xatırlayır
ki, "tələbəliyimin
ilk semestrinin sonunda Lətif müəllimin tapşırığından kənara
çıxıb onun
portretini qrafik üsulla, ornamentlərlə
işlədim. Ustadın
çox xoşuna gəldi, məsləhətlərini
verdi. Bu portret həm də mənim gələcək sənət
yolum üçün
yaşıl bir işıq yandırdı".
Əsərlərinin dünyanın müxtəlif
ölkələrindəki muzeylərdə,
demək olar ki, hər gün
sərgilənməsinə yol açdı. Ulu öndər Heydər Əliyev prezident kimi ABŞ-a ilk səfəri zamanı amerikalı həmkarı Bill Klintona məhz Afaq xanımın göz işığının bəhrəsi
olan xalçanı hədiyyə etdi. Amerikanın dövlət başçısı
bu gözəl xalçanın dərin mənasını anladığını
dönə-dönə etiraf
etdi, heyranlığını
minnətdarlıqla dilə
gətirdi. Afaq xanım
Azərbaycan həqiqətlərini,
qədim Odlar yurdunun möhtəşəm,
yenilməz iradəsini,
dünyayla yaşıd
olmasını ilmələrin,
naxışların dililə
anlatdı dünyanın
super güclərinə.
İndi Afaq xanım xüsusi bir şükranlıqla dilə
gətirir ki, "mən böyük şairimiz Hüseyn Cavidin ev muzeyinin
tərtibatında əməyi
olmağımın xoşbəxtiyəm". Təklif görkəmli
sənətkarın qızı
Turan Caviddən gəlmişdir. Bu təklifin yolunu da Afaq xanımın
müəllifi olduğu,
H.Cavidə həsr etdiyi xalçanın xoş təəssüratları
açmışdı. Vaxtın və baxtın, zamanın ucalığından
təqdim edilir bu xalçada Cavid əfəndi; əbədi və tarixi məqamında.
Vaxt göstəricisi, çərxi-fələyin
dövran simgəsi belə ondan aşağıdadır. Ondan
da aşağı sonsuz kəhkəşanlara
götürən pilləkənlər;
ağla qaranın qovşağında... Pənbə
buduldar hücrəsində...
Hər ilmə
Cavidi anladır, hər naxış tarixin üslubu, nəfəsi kimidir. Bu ornametlər, üslub sənətkarın böyük
qəlb şairi Füzuliyə həsr edilmiş xalçasında
da göz önündədir. Lirika dəftərilə
açılır hücrə.
İlmələrin alt qatından pərvanələrin
ruhu, xəyali çırpıntıları yansıyır.
Mələklər seyrəngahdadı. Bu xaotik aləmi
yenə də zamanın fövqündən
seyr edir Mövlanə Füzuli.
Sanki indicə dil açıb deyəcək:
Öylə sərməstəm ki,
idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir,
meyü səhba nədir.
...Hikməti-dünyavü mafihə
bilən arif deyil,
Arif oldur bilməyə dünyavü
mafihə nədir.
Ahü-fəryadım, Füzuli, incidibdir aləmi,
Gər bəlayi-eşq
ilə xoşnud isən, qovğa nədir?
Afaq Kərimovanın
sənət aləmilə
tanışlıq hər
kəsi məhz onun özünə məxsus, özünün
olan, pünhan Göy üzünə, məhrəm Səmasına,
könül dünyasına
götürür. Düşüncəsinə, ruhuna yeni çalar qatır, zənginləşdirir, zamanı
bir öylə anladır ki, bütün istəklərin,
çabaların fövqündə
taxt qurmuş kimi hiss edirsən özünü. Aləmə
səs salmaq, anlatmaq, bəyan etmək istəyirsən ki:
Xalçanın gülünə bax,
İlmənin dilinə bax.
O yanda ocağına,
Bu yanda külünə
bax.
F.Sadıq
Baxıb
da Xan qızı
Natəvanı, Xan Şuşiniskini, Səməd
Vurğunu, Üzeyir bəy Hacıbəylini bir arada, ölümsüzlük
məqamında görür,
anlayırıq Afaq xanımın təqdimatında.
Baxıb da tanınmış sənətşünas
Ziyadxan Əliyevin Afaq xanımın bənzərsiz sənət
aləmini incələyən
fikirlərilə dönə-dönə
həmrəy oluruq:
"Afaq Kərimova həm də "batik"
texnikasında işlənmiş
çoxsaylı dekorativ-tətbiqi
sənət əsərlərinin
müəllifi kimi tanınır. Rəng improvizmlərinə geniş
imkan verən bu texnikanın uğurlu tətbiqi sayəsində onun müxtəlif mövzulara
həsr olunmuş çoxsaylı batik nümunələri
mövcuddur... Bu batiklər mövzu baxımından nə qədər fərqli olsalar da, onların
dərin məna tutumu ilə seçilən kompozisiyalarında
tamaşaçının diqqətini
cəlb edə biləcək, onu dialoqa çəkmək gücündə olan bədii ayrıntılar kifayət qədərdir".
Həqiqətən də belədir. Və əlbəttə,
dahilər, böyük
sənət fədailəri
ən kiçik işlərində belə
böyük olaraq qalırlar; eynilə Afaq Kərimova kimi.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.10.