Dünyanın ən varlı şairi
Telefonuma
zəng gəlir, ekrana yazılan adı oxuyuram: "Tamam Bayatlı". Zəngə cavab verirəm:
- Alo...
- Atamın ad gününə
gələcəksən?
Telefonun o başından Vaqif Bayatlı Odərin 6 yaşlı oğlu Odər Bayatlının şən-şaqraq səsi
duyulur.
- Gözləyəcəm səni,
gəl!
Sözüm ağzımda qalır. Odər əfəndi
düz-əməlli sağollaşmamış
telefonu söndürür.
Vaqif müəllimin oğlu da özü kimi çılğın,
dəli-dolu və son dərəcədə də
həssasdır. Ruhi duyumu
elədir ki, indidən onu "insan sərrafı" da adlandırmaq olar. Xüsusən də, Vaqif Bayatlı Odəri ürəkdən sevənləri
bəs qədər tanıyır...
Yeri gəlmişkən,
qeyd edim ki, oktyabr ayının
1-də görkəmli şair
Vaqif Bayatlı Odərin 74 yaşı tamam oldu.
Bu mübarək doğum gününə tale dostum,
gözəl şair Şəhriyar del Gerani də dəvətli idi. Onunla Hüseyn Cavid parkının qarşısında
görüşüb böyük
şairin təvəllüd
tapma gününü
qeyd etməyə yollandıq. Maşına əyləşib hal-əhval
tutandan dərhal sonra Şəhriyarın
ilk sualı bu oldu?
- Ora nə alıb
aparaq?
Şairin
ani sualı məni bir az da çaş-baş
saldı, axı mən də o sualı həmin gün özümə azı yüz dəfə vermişəm.
Hər dəfəsində də cavab tapa bilməmişəm.
Hətta həmin gün Əl Oyunları Sarayında keçirilən IV Milli Kitab Sərgisində bir neçə həmkarla, dostla, satıcıyla 74 yaşlı
şairə nə ala
biləcəyim barədə
məsləhətləşəndə edilən təkliflərin
heç biri ürəyimə tam yatmadı.
Vaqif Bayatlı Odərə nə almaq olar,
görəsən? Məsələn, könlümdən ona dəri üzlüklü şeir dəftəri almaq keçəndə xatırlayıram ki, axı o şeirlərini dəftərlərə yox,
adi, orası-burası
cırıq, yarımçıq
vərəqlərə yazır.
Bu yay ərzində şairin evində onun haqqında iki cilddə kitab hazırlayarkən, əlyazmalarını oxuduqca
şahid olmuşam ki, şeirləri adi vərəqlərə
yazır... Bir şeirin onlarca
variantını da elə vərəqlərdə
qaralayır.
Bəlkə, Vaqif müəllimə nəsə paltar alaq? Düzü, Vaqif müəllimə
əksər paltarı
yaraşdırmaq olmur,
sanki o paltarları geyinmir, əynindən asır. Səhhəti də elədir
ki, əvvəlki qədər kitab da oxumur, ovqatı
yaxşı olanda da sevdiyi müəlliflərə
yenidən qayıdır.
Ona ətir almağa da adamın əli gəlmir. Vaqif müəllim cismini sanki ruhuna
geyinib, belə adam necə
ətir vursun axı?!
Ağlımıza gələn əksər hədiyyə ehtimallarını
saya-saya, sonra onları çıxdaş
edə-edə fərqinə
varırıq ki, bu dünyada, deyəsən, Vaqif Bayatlı Odərə, heç nə lazım deyil.
Adətən, hədiyyəni o adama alırlar ki, ona nəsə gərək olur. Kor-kor, gör-gör,
Vaqif müəllimə
heç nə lazım deyil. Elə bil onun
üçün gərəkli
ehtiyaclar yoxdur, zəruri ehtiyaclar var. Məsələn, dərmanları...
Çox güman, Azərbaycanda ikinci belə bir şair tapmaq
çətindir ki, ona çox zaman maddi mənada
heç nə lazım olmasın. Ədəbi
mühitimizdə elə
şairlər var ki, hər gün
maşınla getdiyi yolu bir gün
avtobusla getsə, ürəyi partlayar, yaxud tədbirdə
2-3-cü sırada oturmaq
onlar üçün
faciəyə bərabərdir,
kimdən sonrasa onlara söz verilməsindən ölüm
yaxşıdır, amma
belələri gecə-gündüz
şeirlərində yalan-palandan
püfləyir ki, guya onun nəzərində
cahan fanidir, ölüm baqidir, onun üçün dünya malı bir heçdir... Fəqət Vaqif Bayatlı Odərin, həqiqətən, dünya
malında zərrəcə gözü
yoxdur. Və bu nəfsitoxluq,
əslində, bir şeirinə münasibətdə
mümkünsüzü mümkün
edib. Uzun illər öncə qələmə aldığı
məşhur şeirlərindən
birində yazıb ki: "Dünyanın ən varlı adamı ola
da bilmərəm, olmaq da istəmirəm".
Nə olsun ki, Vaqif Bayatlı
Odər dünyanın
ən varlı adamı ola
bilmədi, əvəzində
bir sıra həmkarları ilə müqayisədə dövrünün
"ən zəngin"
şairi oldu. Onun ən böyük var-dövləti isə təmənnasızlığı, ehtiyacsızlığı və
paklığıdır.
Vaqif müəllim
evdə sayğacın
yerini belə bilmir, illərdir dükan-bazara getmir, bəzən sənələrcə
əlinə pul dəymir. Ailənin bütün qayğıları
şairin vəfalısı
Tamam xanımın zərif çiyinlərinə
düşüb. Tamam
xanım Vaqif Bayatlı Odər ilə maddi dünya arasında Tanrının çəkdiyi
"Çin səddi"dir.
Vaqif müəllimin şeirləri ona görə həm də bunca təmiz,
pakdır ki, həmin poetik nümunələrin pəncərəsindən
maddi dünya, alış-veriş gerçəkliyi,
umacaqlılıq, məqsədlilik,
"bu gün var, sabah yox"
amalları qətiyyən
görünmür. Vaqif müəllim
bəzən maddi dünyanı görür,
ancaq Tamam xanımın cəfakeşliyi
sayəsində o dünyaya
heç zaman ayaq basmır. Belə olduğuna görə də onun şeirlərində
maddi dünyanın tələblərindən olan
maraqlar toqquşmur, mənəvi dünyanın
mənaları culğaşır.
Xatirimdədir, bir dəfə söhbət əsnasında
Tamam xanımdan soruşdum ki, siz olmasaydınız Vaqif müəllim bunca bütöv qala bilərdimi? Cavabında söylədi
ki, bəli. Sonra fikrini belə
izah elədi ki, o, sadəcə su ilə, yavan
çörək ilə
dolanar, ölənəcən
darısqal mənzildə,
şəraitsiz yaşayar,
ancaq yenə də heç kimə əyilməzdi, əlbəttə, ona indikindən çətin
olardı yaşamaq, bəlkə də, heç bu qədər
yaşamazdı, ancaq əminəm ki, heç zaman heç kimə əyilməzdi.
***
Qayıdaq hədiyyə məsələsinə. Bu fani dünyada heç nəyində gözü olmayan Vaqif Bayatlı Odərin ad gününə
ən böyük hədiyyə o gözəl
yığıncağa əliboş
getmək idi. Amma üzündə pak sevinclə, qəlbində
sonsuz məhəbbətlə
getmək. Aşağıdakı şeiri yazan və qələmə aldıqlarını mümkün
dürüstlüklə taleyində
də yaşayan şairə axı nə alıb aparasan?
Mənə ən böyük
dünya varı
qapı, pəncərəsi
açıq
üzü-gözü gülən
bir alaçıq!
Biz bu şeirin diktə etdiyi mənanı dərindən
anladığımıza görə
şairin doğum gününə əliboş
getdik. Ona görə də
əliboş getdik ki, şairi qucaqlamağımıza heç
nə mane olmasın.
Boş əllərimizi
açıb Vaqif Bayatlı Odəri daha rahat, daha
möhkəm, ürəkdən
qucaqlayaq, sinəmizə
sıxaq...
Sonra isə bizi doğum gününə dəvət
edən cəngavərə
- şairin oğlu Odərə aldığımız
kiçik hədiyyələrimizi
verdik. Necə deyərlər, çörəyi
ver çörəkçiyə,
birini də üstəlik!
Yüz yaşa, böyük şair, təkrarsız Vaqif Bayatlı Odər!
Fərid HÜSEYN
Ədəbiyyat qəzeti.- 2022.-
15 oktyabr.- S.11.