Balama qurban sərçələr...
Hekayə
Maşın binamıza çatıb dayananda
bütün yayı bir udum su içmək ümidiylə pəncərəmə
dadanan quşları xatırladım. İki gün evdə
olmamışdım, indiyə kimi dondurma qabında pəncərənin
ağzına qoyduğum su ya buxarlanmışdı, ya da quşlar
içib qurtarmışdı. Pilləkənləri
qaça-qaça ikinci mərtəbəyə qalxdım,
açarı tez-tələsik açar yerinə salmağa
çalışdım, tələsdiyimdən işim tərs
gəldi, çətinliklə qapını açdım.
Birbaş mətbəxin pəncərəsinə
cumub pərdəni araladım. Su qabı
bomboş idi. Allah bilir, suya gələn
neçə quş ümidsiz, əliboş
qayıtmışdı. Litrlik bankanı
suyla doldurub qaba tökdüm, ancaq bundan sonra çiçəklərimə
su verdim, çaydanı doldurub qaynamağa qoydum. Bütün bu işləri gördüyüm
müddətdə ərimlə uşaqlarım özləriylə
daşıyıb gətirdikləri əşyalarla birgə evə
qalxdılar.
İki günlük şahzadəliyim bitmişdi, bu iki
gündə cavan, qəşəng oğlanlar qarşıma
yemək düzmüşdülər, ürəyim nə istəsə
bir göz qırpımında önümə gətirmişdilər. Burda, öz mətbəximdə
artıq özüm qulluq eləməliydim, təzədən
buna alışmaq çətin olacaqdı. Evdəkilər rayona getməyimizi istədiklərində
elə həmişə buna görə könülsüz
razılaşıram. Birinci günün
yarısı o başa, ikinci günün yarısı bu
başa yol çapırıq, oluruq yol yorğunu. Bircə
mətbəxdən canımı qurtarmağım xoş
olur... xoş olur nədir e, lap adamın ürəyinə
sarı yağ kimi yayılır. Bu iki
gün bir göz qırpımında bitir, geri
qayıdırsan və önlüyünü geyinirsən.
Şahzadədən qulluqçuya dönürsən.
Təlaşla
axşam yeməyi üçün əlləşirəm... həm
də iki gün rayonda xərclədiyimiz pula görə vicdan
əzabı çəkə-çəkə. O pula
uşaqların nə qədər dərd-sərini həll etmək
olardı. Bu vaxt tanış səsləri eşidirəm, -
bütün yay bu səslər qulağımı
oxşayıb, - əvvəlcə çöl göyərçinlərinin
qurultusunu, sonra sərçələrin civiltisini. Sevinirəm
ki, bu dəfə susuz qayıtmayacaqlar. Sonra qəfil yenə
uşaqlığıma qayıdıram və
günahkarlıq duyğusu min birinci dəfə baş
qaldırır.
***
Nənəmin
nağıllarındakı acgöz tülkülər kimi
aylardır dilimizə ət dəymirdi. Nağıllardakı
tülkülərə ürəyimiz heç yanmazdı,
onların hiyləgər qarğaları tutub yeyə bilmədiklərinə
sevinərdik. Həmin vaxtlar biz özümüz o
tülkülərin gününə
düşmüşdük.
Anam dərd
eləsə də, səsini çıxarmırdı. Ancaq nənəm
yaman səs-küy salırdı. Elə hey gileylənirdi ki,
uşaqlar ət yemir. Arvad o qədər tez-tez şikayət
edirdi, özümüz də ət yeməsək,
naxoşlayacağımızdan qorxmağa
başlamışdıq. Bir-iki dəfə atam hansısa su
kanalından balıq tutub gətirmişdi, bir neçə dəfə
də dost-tanışlarıyla dovşan ovuna
çıxmışdı. Atamın heç tüfəngi də
yox idi. Bilmirəm dovşanı necə tuturdu. Yəqin ki,
dostları öz tutduqlarından atama verirdilər, atam deyirdi mən
vurmuşam. Ovçu Pirim kimi də döşünə yaman
döyürdü.
Bir dəfə
çox nəhəng dovşan gətirmişdi. Onu gülləylə
vurmuşdular. Ömrümdə o boyda dovşan görməmişdim.
Heç cizgi filmlərində də, xəyalımda da elə
böyük dovşan olmazdı. Yazıq heyvancığaz
gözləri qapalı, cansız şəkildə iri
tasımızın içində uzanırdı. Yekəliyinə
nə qədər heyrət etsəm də, gözümü
çəkə bilməsəm də, ona baxmaq mənimçün
ağır idi, balaca ürəyim sızım-sızım
sızlayırdı.
Kasıbçılıq
elnən gəlmişdi, nənəm nə qədər desə
də ki, elnən gələn toy-bayramdır, bu toy bayramın
dözülməz çətinlikləri vardı. Bu qədər
yoxluğun içində nənəm nəvələrini ətsiz
qoymamağa çalışırdı. Nənəmə
görə, insan ət yeməliydi, yoxsa xəstə
düşərdi.
Açıq
artırmamızın baş tərəfindəki balaca mətbəximizin
pəncərəsini daim açıq qoyur, qapının pərdəsini
çəkir, pusurdu. Pəncərədən içəri ac
sərçələr girir, nənəm pəncərəni-qapını
örtüb, sərçələri tuturdu. İnsanlar nə
qədər ac idisə, heyvanlar da o qədər ac idilər.
İnsanlar tox olanda, insanlar aləmində, onların
yan-yörəsində yaşayan quşlar da, itlər-pişiklər
də o qədər tox olur, kökəlib ətə-cana gəlirdilər,
xoşbəxt olurdular. Nənəm deyirdi ki, qıtlıqdan bəri
yaman düşüb, hətta sınıxandan sonra
adamların ona münasibətinin dəyişdiyini belə hiss
eləyib. Əvvəllər ətli-əndamlı olduğu
vaxtlarda, sözü ötkəmmiş, hamıya, böyük
oğluna belə söz keçirə bilirmiş. İndi bədəni
balacalaşdıqca sözü kəsərdən
düşüb, özü də hörmətdən. Nə gəlinləri,
nə oğulları, nə də böyük nəvələri
daha onu adam yerinə qoymur, saymırlar. Qonum-qonşular da ona
birtəhər baxır, toyda-yasda
sınıxdığını üzünə deyir,
oğlanlarının ona yaxşı baxmadığına
eyham vururlar.
İndi həyətimizə
bir qarın yemək dalınca gələn pişiklər
kor-peşman, əliboş geri qayıdırdılar. Pişiklər
nənəm qədər ağıllı və tədbirli
deyildilər, bəziləri o qədər əfəl idi ki, sərçə
də tuta bilmirdilər. Bütün günü onların sərçələri
pusmağına, necə asta-asta, oğrun-oğrun sərçələrə
yaxınlaşmalarına göz qoyurdum. Ancaq hər dəfə
pişiklər sərçələrə çatmağa az
qalmış, sərçələr duyuq düşür, qaçıb
yaxınlıqdakı ağaca qonurdular. Təbii ki, buna
sevinirdim. Axı canlarını qurtarmış olurdular.
Nənəm
tutduğu sərçələrin başını bir
göz qırpımında üzür, tüklərini yolur,
ikiyə bölür və həmişə qaz peçinin
üstündə saxladığımız pas rəngindəki
qulplu dəmiri balon qazıyla alışdırdığı
odun üstünə qoyub isinməyini gözləyirdi. Bu dəmirin
üstündə nənəm o qədər ət, ciyər
qızardıb bizə vermişdi ki! Hərdən bağın
künc-bucağından göbələk də tapıb
qızardırdıq bu dəmirin üstündə. Başqa
vaxtı ancaq çay dəmləməyə yarayırdı.
Nağıllardakı
tülkülər qarğaları ovlamaq istəyirdilər.
Qarğaların canı qurtarmışdı bizdən.
Qarğa əti yemək haram sayılırdı.
Əslində
bəlkə də əksinə olmalıydı. Adam göyərçinə
necə qıyar? Göyərçinin əti haram,
qarğanın əti halal olsa yaxşıydı. Axı
gözəlliyə qıymaq belə asan olmamalıydı.
Nənəm
sərçələri tutmaq üçün hər dəfə
mətbəxin qapı-pəncərəsini bağlayanda Allaha
yalvarırdım ki, arvad onları tuta bilməsin,
qaçıb getsinlər. Mətbəxin pəncərəsinin
bir gözü sınıb tökülmüşdü. Nənəm
pərdəni bərk-bərk çəkib pəncərəni
bağlasa da, bəzən quşlardan hansısa təsadüfən
ordan qaçıb canını qurtara bilirdi. Nənəm əsəbləşirdi
onda. Qorxumdan mən də qapını aça bilmirdim ki,
quş uçub canını qurtarsın. Nənəm bunu bilə-bilə
elədiyimi başa düşərdi. Bəlkə məni
döyərdi də. Düzünü deyim, bir neçə dəfə
döyülmüşdüm, döyülməkdən də
yaman qorxurdum.
Sərçə
əti bişəndə qoxusu yayılırdı. Əvvəlcə
adamın burnu xoşhallanırdı, sonra ağzı
sulanırdı, mədəsi qazınmağa
başlayırdı. O qoxunun qabağında dayanmaq hər
adamın işi deyildi. Sərçələrə ürəyim
yansa da, ətlərini gözümə təpirdim.
Başlanğıcda yeməkdən imtina elədim,
düzünü desəm, çimçinirdim, ürəyim
götürmürdü, alışmadığım dad idi.
Ancaq bir-iki dəfə yeyəndən sonra dadına öyrəşdim.
Nənəm
tutduğu sərçələrin hamısını
bişirib bizə yedizdirmirdi. Bir də görürdün,
ovcunun içində möhkəm-möhkəm
saxladığı sərçəni götürüb
özü taxtadan düzəltdiyi stulunun üstündə
oturdu. Nəvələrini yanına haylayıb, yan-yana
düzdü. Ovcunda qorxudan ürəyi ağzına gələn
bala sərçəni bir-bir başımıza hərləyir,
bunu eləyə-eləyə dilinin altında dua eləyirdi:
"...balalarıma gələn qada-balanı özüylə
aparsın, balalarımın
başının-gözünün sadağası olsun!".
Nənəm
bu sözləri deyib ovcunu açar, sərçəni havaya
buraxardı. Sərçə bir göz
qırpımında, güllə kimi uçub yoxa
çıxardı. Bu mənim ən çox
sevdiyim səhnə idi. Sonralar yuxularımda belə səhnəni
tez-tez görərdim: nənəm bərk-bərk yumduğu
ovcunu başımıza hərləyib sevimli duasını
pıçıldayır, sonra ovcunu açır, nənəmin
ovcundan çıxan körpə quş güllə kimi
uçur. Həmin anlar mənimçün həm
həyəcanlı, həm sevincliydi. O balaca sərçənin
azadlıq duyğusunu elə dərindən hiss edər, elə
böyük sevinclə sevinərdim ki! Ət yemək
üçün heç ürəyim atmır, heç vaxt
sevindiyimi xatırlamırdım. Hələ-hələ
sərçə ətiyçün heç ürəyim
getmirdi. Əksinə, nənəm
quşları tuta biləndə çox kədərlənirdim.
Nənəm sərçələri ehtiyacdan, bizi
düşündüyündən tutmağa məcbur
qalırdı.
Ancaq biz həm də uşaq idik axı. Oyun axtarırdıq. Özümdən
balaca qardaşım qəribə bir əyləncə
tapmışdı. Hərəmiz bir stəkan
götürür, açıq artırmadakı yemək
stolunun ətrafında düzülür, stolun üstünə
qonan milçəkləri güdür, pişik sərçəni
pusan kimi pusur, sakit-sakit stəkanı
yaxınlaşdırıb, qəfil milçəyi stəkanın
altına alırdıq. Binəva milçək
əvvəlcə nə baş verdiyini anlamırdı. Döyükə-döyükə baxır, təhlükəni
anlayanda isə stəkanın içində
çırpınmağa, özünü gah stəkanın
bu yanına, gah o yanına çırpıb xilas olmağa
çalışırdı. Onsuz da
bütün milçəkləri axırda azadlığa
buraxırdıq. Stəkanı ehmallıca
qaldırırdıq, bunu lap yavaş hərəkətlə
edirdik ki, milçəyin sevinclə uçub gedişini
görə bilək. Qardaşımda qəddarlıq
da vardı. Hərdən o, tutduğu
milçəklərin qanadlarını qoparırdı.
Onun bu hərəkətindən xoşlanmasam da,
qarşısını alacaq bir iş də
görmürdüm. Bəlkə də bu barədə
ona bir söz demək sadəcə ağlıma gəlmirdi.
Bir gün nənəm bərk xəstələndi. Əməlli-başlı
yatağa düşdü. Atam bir həkimi
gətirdi, yola saldı, sonra başqasını gətirdi.
Həkimlər gəlib baxır,
başlarını bulayıb gedirdilər. Evimizə axışan qohum-qonşunun, böyüklərin
üz-gözündən, xısın-xısın söhbətlərindən
anlayırdıq ki, nənəmin vəziyyəti heç
yaxşı deyil.
Sərçə tutmaq, nənəmin başına
fırlayıb qada-balasını götürməsini diləmək
bizə olduqca çətin gəldi. Nənəmin sərçə
tuta bilməsinə heyranlıqla, heyrətlə
baxırdıq, əlçatmaz, bir göz
qırpımında uçub uzağa qonan quşları nənəmin
tuta bilməsi bizi mat qoyurdu. Odur ki,
pişiklərin belə əldən
qaçırdığı sərçələri tuta biləcəyimiz
ağlımızın ucundan keçmirdi. Başqaları dəryalardan qızılbalıq
tutub ondan arzu diləyəndə, biz də ümidimizi
milçəyə bağlamışdıq. Qardaşımla birgə açıq
artırmadakı yemək stolunun üstündə stəkanla
milçək tutmağa çalışdıq. Qəribədir ki, bütün cəhdlərimiz
boşa çıxırdı. Bilmirəm niyə, həmin
gün milçək də gözə az
dəyirdi. Havalar artıq soyuyurdu, bəlkə
ona görə. Üstəlik, süfrəmizə
qonan milçəklər ya bicləşmişdilər, ya da
necəsə cəldləşmişdilər. Onların sürətinə çata bilmirdik. Xeyli uğursuz cəhddən sonra qardaşım əlindəki
stəkanı ağzıüstə qapqara, iri bir milçəyin
üstünə endirdi. Ancaq kor taledəndi,
ya nə sirr idisə, stəkanı milçəyin
üstünə devirəndə qardaşım milçəyin
bir qanadını möhkəm əzdi. Tuta
bildiyimiz yeganə milçək də şil-küt, şikəst
qalmışdı. Biz indi bu milçəyi
nənəmin başına hərləyib, onun
sağalmasını arzulaya bilməyəcəkdik. Çünki bu milçək artıq uça
bilmirdi.
İkimizin də qanı möhkəm
qaralmışdı. Az qalırdıq hirsimizdən
ağlayaq. Qəfil evimizin içindən dəhşətli
səslər qopdu. Bibimin yanıqlı səsi
aləmi başına götürdü. İşin
nə yerdə olduğunu başa düşdük. Nənəmiz dünyasını dəyişmişdi.
Biz ağlamağa başladıq. Ancaq həm də
bacarıqsızlığımıza yanıb-yaxılır, nənəmizi
sağalda bilməməyimizə üzülürdük.
Elə bilirdik ki, milçək, doğrudan da,
onun qada-bəlasını, xəstəliyini götürüb
özüylə uzağa, çox uzağa apara bilər.
Ancaq bir qanadı belə qırılmasaydı...
Bir də
bu peşmanlıq bizi uzun müddət tərk etməyəcəkdi:
kaş ki, nənəm sərçələri tutub
başımıza çevirib azadlığa
buraxdığı,
başımızın-gözümüzün
sadağasını özləriylə aparmaqlarını dilədiyi
zamanlarda biz də nənəmiz üçün dualar etsəydik!
Kaş ki, belə gecikməsəydik!
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2022.- 15
oktyabr.- S.12.