Şəxsiyyət vəsiqəsi
Yaz!
Ərəbəm.
Kartımın nömrəsi əlli
min,
Uşaqlarımın sayı səkkiz,
Doqquzuncu
da yoldadır
Yayın
axırında yanımızda
olacaq!
Hirslənirsən?
Yaz!
Ərəbəm.
Karxanada
işləyirəm fəhlə
yoldaşlarımla
Uşaqlarımın sayı səkkiz
Paltarlarını, dəftərlərini
Daşdan
çıxarıram
Çörəklərini!
Sədəqə gözləməyəcəyəm sənin qapında
Malikanənin qabağında
Alçalan deyiləm
Hirslənirsən?
Yaz!
Ərəbəm.
Adım var, ancaq soyadım
yoxdur.
Bu ölkədə
Qəzəb tiyanında yaşayan
Ən səbirli adamam
Zamanın yaranışından
Daha qədimə
Tarixin hesablanmasından
Söyüdlərdən, zeytunlardan
Daha qədimə uzanır köklərim
Yer şumlayan ailədən çıxıb atam
Şanlı əsilzadələrdən deyil!
Babam əkinçi idi
Nə əsli
bəlli idi, nə nəsli.
Kitab oxumağı bacarmadığım
vaxtlarda
Günəşin doğmağını öyrədirdi mənə!
Evim
Sadə
komadır,
Budaqlardan və qamışlardan.
Xoşuna
gəldi
Vəziyyətim?
Adım var, ancaq soyadım
yoxdur.
Yaz!
Ərəbəm.
Saçlarım: kömür kimi
qara
Gözlərim: qəhvəyi
Çalmamın üstündən halqa
qoyuram
Əllərim sərtdir daş
kimi,
Əzər nəyi tutsa.
Ünvanım:
Küçələri adsız,
Unudulmuş bir kənddənəm, silahsız.
Karxanadadır, tarladadır bütün
kişiləri
Bu kəndin
Hirslənirsən?
Yaz!
Ərəbəm.
Sən talan etdin ata-baba
bağlarımızı
Şumladığım,
Uşaqlarımla şumladığım torpağı
Sən talan etdin.
Qoymadın nəsə qalsın
Mənimlə nəvələrim üçün
Bu qayalıqlardan başqa!
Və deyirlər ki, hökumətiniz
Bunları da alacaq, hə?
Elədirsə!
Yaz!
Yaz birinci səhifənin başından!
Nifrətim yoxdur insanlara
Heç kimə hücum etmirəm.
Amma ac qalanda
Torpağımı əlimdən alanın
ətini didərəm!
Özünü gözlə, qorx
mənim aclığımdan!
Qorx mənim qəzəbimdən!
Özünü gözlə!
Sürgündən məktublar
I
Salamlarım, öpüşlərim sonsuzdur,
Diqqətəlayiq heç nə olmayıb hələ.
Hardan başlayım? Nəyi danışım?
Zaman axıb gedir
Qürbətdə tək və tənha
Bir torbam var
İçində quru çörək
və məhəbbət
Bir də dəftərim
Bəzi
xəyallarımı yazdığım
Səhifələrində məni hirsləndirən
Məni
boğaza yığan
hər şeyə tüpürdüyüm
Dəftərim.
Hardan başlayım?
Danışılanlar
Və sabah danışılacaqlar
Bitib-tükənmir
Bir əlin toxunuşuyla nöqtələnmir
Mühacir qayıtmır evinə
İtkin
yaralı quşun qanadlarında
Lələk bitmir
Hardan başlayım?
Salamlarım, öpüşlərim sonsuzdur
İndi...
II
Ona de ki, deyirəm radioya,
Ona de ki, yaxşıyam
Ona rast gəlsəniz, deyirəm quşlara
Məni unutmayasınız ha.
Ona deyin ki, yaxşıyam
Yaxşıyam,
Mən yaxşıyam.
Hələ görür gözlərim
Ay hələ də göy üzündədi!
Hələ cırılmayıb köhnə
paltarım
Balaqları didilib, amma salamatdı hələ
Artıq
iyirmi yaşlı cavan oğlanam
Gör
ha, düz iyirmi yaşındayam
Artıq
cavan oğlanam ee
Həyatla əlləşirəm,
Kişi
kimi cavabdehəm,
Çalışıram,
Kafedə
qab yuyuram,
Qəhvə dəmləyirəm müştərilər
üçün
Onlar xoşbəxt olsun deyə,
Gülümsəmə yapışdırıram
Kədərli simama.
III
Yaxşıyam,
İyirmi
yaşındayam,
Cavan oğlanam artıq
Siqaret çəkirəm,
Divara söykənib fit çalıram,
Söz atıram
fahişələrə.
Eynən
başqaları kimi
"Dostlar" deyirəm
"Nə qəşəng şeydi bunlar
Onlar olmasa bu həyata
necə dözərdik
Onlarsız yaşamaq olmaz bu həyatı".
Bir dostum soruşdu
"Çörəyiniz var, a
dostlar,
Hər gecə ac yatanlar varsa, soruşuram
Nədir
qiyməti insanın?".
Yaxşıyam
Yaxşıyam mən.
Qara çörəyim
Bir qab da tərəvəzim var.
IV
Mühacirlər salam göndərir mühacirlərə
Radioda
Hamımız yaxşıyıq deyir
hamı,
Pisəm
deyən yoxdu!
Doğrudan, nə edir atam?
Yenə Tanrını zikr edir əvvəlki kimi?
Uşaqlar, torpaq və zeytunluq necədi?
Bəs qardaşlarım?
Hamısı işə girə bildi?
"Hamısı müəllim
olacaq"
Deyirdi atam
"Ac qalaram,
amma onları kitabsız qoymaram"
Demişdi bir gün.
Məktubları aça bilən
heç kim yoxdu kəndimdə
Bəs bacım
necədi?
Böyüyüb? Elçiləri gəlib?
Bəs nənəm
nə edir?
Yenə çıxıb qapının
ağzında oturur?
Yaxşılığımız üçün,
cavanlar üçün,
bərəkət üçün
Dua edir hələ də?
Bəs evimiz?
Hə, evimiz necədi?
Köhnə kandarımız,
ocağımız, qapımız
necədi?
Radioda
Mühacirlərin mühacirlərə
salamlarına qulaq asıram
Yaxşıdı hamısı?
Mənsə kədərliyəm
Parça-parçadı hüznlü ürəyim
Kədərli olsa da
Ah, kədərli olsa da
Sizdən
bir xəbər demirlər
Radioda.
V
Gecə
canavar kimidi
Mühaciri harda olsa sıxışdıran,
Qanına
susayan,
Sübhü qaranlıqlara açan
Ac canavar!
Küləklə qol-boyundur söyüd
ağacları
De
Nədir günahımız?
Həm də yaşaya-yaşaya ölürük
Həm də həyatımız ölümlü
De,
Nə üçün
iki dəfə ölürük?
Bilirsən məni ağladan nədi?
Tez gəl
Bir gecə xəstələndim
Dərmanlar yıxdı məni!
Axşamüstünə soruşsaq
Bilmirəm xatırlayar, ya
yox
Buralara gələn, yurduna qayıtmayan qaçqını
Axşamüstünə soruşsaq
Bilmirəm xatırlayar, ya
yox
Kəfənsiz ölən qaçqını
Ey söyüdlük, bilmirəm
fərqindəsən, ya
yox
Adi bir meyit kimi
kölgənə atdıqları
İnsandır, insan!
Fərqindəsən, ya yox?
Mən də insanam, insan!
Cəsədimi bayquşlardan qoruya bilərsən?
Birdənəm, ürəyim!
Bu sətirləri kimə
yazdım?
Hansı qasid çatdırar bu məktubu?
Quruda, dənizdə, üfüqdə
Bağlayıblar bütün yolları...
Və sən, ürəyim!
Atam, qardaşlarım, yaxınlarım,
dostlarım!
Bəlkə sağsınız,
Bəlkə də yox,
Bəlkə mənim kimisiniz. Ünvansız!
Yurdu yoxdursa,
Bayrağı yoxdursa,
Nədir qiyməti insanın?
Hə, nədir qiyməti insanın
Ünvanı yoxdursa?
Mahmud Dərviş
Tərcümə: Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.- 2022.-
15 oktyabr.- S.13.