Ömrümü səpdim gül kimi
Dünyaya gəldiyin günə
Ürəyim bir eşqin piri, məbədi,
Açıqdır pəncərəm, odam adama.
Kimsə
anlamaz ki, dilimdən mənim,
Doğmayam Allaha, yadam adama.
Başımın üstündə şeirdəndi
dam,
Mən adda piyada, atlı min adam...
Var bircə istəyim, var bircə duam,
Dəyməsin qoy ağrım-qadam adama.
Dünyaya səs salıb
füsnkarlığı,
Bu geniş dünyanın
nədir darlığı?
Hər dəfə gördükdə
ali varlığı,
Gülərüz, sevincək, şadam adama.
Bu yolun sonunda əyləyimmi
mən,
Solan çiçəkləri
iyləyimmi mən?
Dayanıb yanıltmac söyləyimmi
mən
Bu ağac adama, badam adama?
Hər kəsin deyəsi sözü var əlbət,
Söz ilahi eşqdi, söz adi şəhvət...
Yağışa çevrilə sevgi-məhəbbət,
Gözündən, könlündən dama adama.
Nəğməyə çevrilir sətir əllərin,
Buludlar içində
itir əllərin.
İslanmış bəxtinə çətir
əllərin -
Üstünə leysanlar amma a dama...
Bu ruh bu bədənə
gəlmədi, ey dost,
Ruh getdi, nə yaxşı ölmədim,
ey dost.
Mən gölə çevrilə
bilmədim, ey dost,
Sən qal yağa-yağa, qal dama-dama.
Arzular yağışdı, adam islanır -
Arzular ilğımdı - yanında
sanır...
Uzaqda bir damın işığı yanır,
Saxlayıb sabahı o dam adama.
Getmə,
qaragözlüm, getmə
dərinə,
Bu ömrü kim
sürər sənin yerinə?
Kədərim əkizdi hər
kədərinə,
Bu qədər oxşamaz adam adama.
***
Dünən sıxıb göz
yaşımı balınca,
Ağlamışam uşaq kimi, qayıt gəl.
Öpüşlərin dodağımda,
üzümdə
Pambıq kimi, yumşaq kimi, qayıt gəl.
İçək sevgi şərabını,
xumarlan,
Eşq misalı, ətlə
dırnaq, damar-qan...
Sığalımla qollarımda tumarlan,
Pişik kimi, vaşaq kimi qayıt gəl.
Dayanmışam əlimdə bir
Sur ilə,
Sənsiz keçən günlərimi
vur ilə.
Gəl,
aydınlat zülmətləri
nur ilə,
Gözlərimə işıq kimi qayıt gəl.
Aman-zaman
gümanın yox bu eşqdə,
Məndən özgə pənahın
yox bu eşqdə...
Sanki sənin günahın yox bu eşqdə,
Süddən çıxan qaşıq
kimi qayıt gəl.
Qalmayıb ki, şairində
hal indi,
Çəkir sənə bu ruhumu yol indi.
Sıx köksünə ürəyimi,
çal indi,
Qayıt ey yar, aşıq
kimi qayıt gəl.
Bağlamağa tələsmə bu
kitabı,
Eşqin ilə başlayıram xitabı.
Dilə
gəlib sevgilərin rübabı,
Mahur kimi, üşşaq kimi qayıt gəl.
Qayıt
mənə özün
kimi, sən kimi,
Yollarıma duman kimi, çən
kimi.
Ahıl
vaxtı saçlarıma
dən kimi -
Ömrümə yaraşıq kimi qayıt gəl.
Bir tən imiş, bir can imiş bu Faiq,
Öz dərdinə
sultan imiş bu Faiq.
Dur qəsdinə, düşman
imiş bu Faiq,
Bir dost kimi, aşiq kimi qayıt gəl.
***
Şair,
sevgi dediyin adama qanad verər,
Hər qayğıya
satmazlar.
Adam sevgi sözünə nəfəs verər, dad verər,
Yarı yolda atmazlar.
Bu dünyada nə varsa, öz adıyla çağrılar,
Malı mala qatmazlar.
Nə qədər dərin olsa bu qüssələr,
ağrılar,
Qəm gölündə
batmazlar.
Vədlər uymaq üçündür,
yalanlar qucağında
şirin-şirin yatmazlar.
Ayrılıq bir sükutdur, ömrün payız çağını
Söz ilə ovutmazlar.
Xəyanət dediyin də sənin gördüyün
deyil,
Əl üstündə
tutmazlar.
Xəyanət qüruruna əmr
eləməkdir: - əyil!
Keçmişi unutmazlar!!!
***
Çox
gördüm bu dünyada səbr edən dərvişləri,
Daşdan aşdı
işləri.
Yetim qaldı arsuzu murada "varmışların",
Unutma
olmuşları!!!
Dirildir hərdən səni içindəki ölüm
də,
Sərtdi davranışları.
Gəl götür bu günəşin yarısını
əlimdən,
Ərit bütün
qışları.
Sən əvvələ qayıtdın,
mən sonu izləyirəm,
Qoy yerinə
daşları.
Məktub
yazdım, göylərə
aparsın... gözləyirəm
qumruları, quşları...
Qürur
əyilir, sınır,
yeni düzən qurulur,
Sil
daha yaddaşları...
Edam kürsülərində həqiqətlər
vurulur -
Kətil üstə başları...
***
Hamının üzündə bir
iztirab var,
Hamı qanadlanır umud üstünə.
Deyirəm, dünyanı tərs
çevirəsən,
Adamlar yıxıla
bulud üstünə.
Qovuşa
arzular ənginliklərə,
Yerdə yer tapmayan süzə
göyləri.
Min ildi yazırdıq yerin dərdini,
Gətirə bilmirdik sözə göyləri.
Deyirəm, dünyanı tərs
çevirəsən,
Quşlarla balıqlar verə baş-başa.
Buludlar saxlaya dağların yükün,
Çaşdıra Allahı bu tərs tamaşa.
O da əsəbləşə,
coşa, kükrəyə,
Əfv edə,
çəkməyə sözü
dərinə.
Deyə,
kim tərsinə
çevirib rəsmi?
-
Fırladıb yenidən asa yerinə.
***
Ürəyimi söz kimi,
Əllərində bük saxla.
Ürəyimdə eşq yükü
-
Bir az da sən yük yaxla.
Günəşindir bu baca,
Ömür sirli bulmaca...
Balacanı balaca,
Böyüyü böyük saxla.
Bu şad daşı, şən daşı,
Mənə yetişən daşı,
Başıma düşən daşı,
Ətəyinə tök saxla.
Çıxıb dünya qəmindən,
Üzün gülsün sənin də.
Saçlarımın dənindən
Torpağına ək, saxla.
Qərar
ver hər gününə,
Axşam-səhər gününə
-
Sözü məşhər gününə,
Tənha saxla, tək saxla.
Keçdi neçə el məndən,
Ömür məndən, il məndən.
Ətək səndən, əl
məndən,
Əlimə ətək saxla.
Demirəm, yan Faiqə,
Bu ruh, bu can
Faiqə.
Bir az inan Faiqə,
Bir azca da şəkk saxla.
***
Salam olsun şadlığına,
Gözündən güldüyün günə.
Salam olsun Yer üzünə
Göydən töküldüyün günə.
Gəlsin
dünyanı xəlq
edən,
Rizası yarpaq titrədən.
Salam olsun, ey ruh,
bədən,
Özünü bildiyin günə.
Tən əmanət, can sadağa...
Göl olmusan yağa-yağa.
Toxum kimi bu torpağa,
Şükür əkildiyin günə.
Sən adda ölkə saldılar,
Dünyanı şəkə saldılar...
Mələklər kölgə saldılar
Gəlib dincəldiyin günə.
Səssiz,
sözzsüz ağ çağından,
Qopdun - qopar gül tağından...
Həmd
olsun bağlar bağından,
Qopub incəldiyin
günə.
Sözdü - güldən yüngül
kimi,
Üzün niqabı tül
kimi...
Ömrümü səpdim gül
kimi
Dünyaya gəldiyin günə.
***
Bəzən ayaqlarım alır,
Bəzən alır baş gücümü.
Yorub yenə əldən salır
Ötüb keçən yaş gücümü.
Ürəyimdə dağ saxlayır,
Bir üzümü ağ
saxlayır.
Min ildi torpaq saxlayır,
Saxlayır bu daş gücümü.
Faiq ruhun ad parçası,
Gah qəmgin,
gah şad parçası.
Kaş olaydım od
parçası,
Toparlasam kaş gücümü.
Dərdi-qəmi ata bilsəm,
Beş-on şeir
sata bilsəm.
Gücümə güc qata bilsəm,
Bir eyləsəm beş
gücümü.
Üstümüzü ah almasın -
Şeytanı günah almasın.
Arzumdu,
Allah almasın,
Mənim bu yaddaş gücümü.
Sözdü, səsdi, eşqdi
nəşəm,
Belə olsun qoy həmişə.
Səni
düşünməkdi peşəm,
Buraxmışam iş-gücümü.
***
İçimdə müharibə,
Köhnə-yeni savaşlar...
Sənə olan hisslərim
Hər gün yenidən başlar.
Çox
getmişəm dərinə,
Çıxar məni sərinə.
Oturmayır yerinə,
Oturmayır bu daşlar.
Burda bir eşq mürgülər,
Kim
ağlayar, kim gülər...
Köhnəlirmi sevgilər,
Korşalanda yaddaşlar?
Rəsmini çəkdim ahın,
Dünən, bu gün, sabahın...
Ayəsidi Allahın
O dodaqlar, o qaşlar.
***
Mən könül vermişəm
həqiqətlərə,
Bir eşqin
içinnən keçib
gəlmişəm.
Xızırtək varmışam ölümsüzlüyə,
Dirilik şərbətin
içib gəlmişəm.
Allah verən ömrü eylədim yarı,
Axtardım insanda insanlıqları.
Geridə
qoymuşam qaranlıqları,
Simruq qanadında
uçub gəlmişəm.
Bir az kövrəlmişəm,
bir az dolmuşam,
Sözə vurulmuşam, ilham almışam.
Bir zaman "un idim, qoğal olmuşam,
Atadan-anadan qaçıb gəlmişəm".
Söz özü bakirə qız imiş demə,
Sadəcə bəxtini uduzmuş demə.
Dünyanın bir üzü boz imiş demə,
Mən ağı
qaradan seçib gəlmişəm.
Ortaq et acına, ağrına
məni,
Haqqına, düzünə, doğruna
məni...
Qucaqla, həyat, bas bağrına
məni,
Sənə qollarımı açıb
gəlmişəm.
Faiq Hüseynbəyli
Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.14.