Yazıçı Kamran
Nəzirli: “Mənim
Anara sevgimin
kökündə həm
də onun şəxsiyyəti dayanır”
- Kamran müəllim, bir yazıçı və tərcüməçi kimi
Yazıçılar Birliyinin
qarşıdakı qurultayından
nə gözləyirsiniz,
ümumiyyətlə, qurultay
sizin üçün
nə deməkdir?
- Sualınızın ikinci hissəsindən başlayıram:
ənənəvi olaraq
hər bir qurultay ali
orqan hesab olunur. Ona görə
çağırılır ki, yazıçıların
hesabatları dinlənilsin,
ötən illər ərzində ədəbi
prosesə və hadisələrə nəzər
salınsın, növbəti
illər üçün
Yazıçılar Birliyinə
rəhbərlik edəcək
idarə heyəti, katiblik, komissiyalar, sektorlar və sair və ilaxır
seçilsin. Bütün bunlar
ədəbi ictimaiyyətə
bəllidi, həm də texniki-təşkilati
məsələlər baxımından
həmişə asan başa gəlmir. Çünki yazıçı təşkilatı hər
hansı siyasi partiya təşkilatı deyil ki, dəqiq,
səliqəli, intizamlı
və əlbəttə
ki, çərçivəli
olsun. Yazıçı
təşkilatının özəllikləri
var, ən başlıcası bu təşkilata üzv olan insanların yaradıcı, azad düşüncəli, müxtəlif
dünyagörüşə və biliyə, yazı üslubuna, bir-birindən seçilən
məfkurə və ideya istiqamətlərinə
və s. malik sənətkarlar olmasıdır.
Amma hesab edirəm ki, yazıçıların
qurultayı o biri qurultaylardan nə qədər fərqli olsa da, yenə
eyni missiya, eyni mobillik, eyni birlik yaradır.
Yazıçılar Birliyi elə
yazıçıların birliyi
deməkdir, qlobal, aktual, ümumbəşəri
məsələlərdə, milli-mənəvi dəyərlərimizin,
dövlətçiliyimizin, əxlaqımızın... qorunması
məsələlərində bir nöqtəyə vurmaqdır. Bu mənada qurultay çox vacib və əhəmiyyətli
orqandır.
- Gözləntilərim və
ümidlərim çoxdur;
o ki qaldı kimin hansı vəzifəyə seçilməsinə,
bu, qurultay nümayəndələrinin hüququdur,
onların hüququna müdaxilə edə bilmərəm. Mən şəxsən öz seçimim haqqında danışa bilərəm
və bəri başdan da deyə bilərəm: əgər Anar sədrliyə öz namizədliyini versə, ona səs verəcəyəm.
Anarın kitabları yeniyetməlik və gənclik çağlarıma
yeni nəfəs, yeni ruh, yeni
ovqat və təlatüm gətirib; onu
həm bir şəxsiyyət, həm
də bir yazıçı kimi sevmişəm və indi də bu
fikirdəyəm; lakin
hər zaman arzulamışam ki, ondan yaxşı yazım, ondan yaxşı tanınım,
daha təmkinli, ədəbli olum, ondan da yaxşı
nüfuzum olsun... məncə, hər bir yazıçının
həyatında və
içində bu və ya buna
oxşar duyğular yaşanır. Amma yaşa dolduqca anlayırsan ki, Anar təkdir, ikinci Anar ola
bilməz, necə varsa, onu eləcə
də qəbul edirsən; sən yalnız məsum çağlarında yazıçı
kimi kiməsə bənzəməyi, kiməsə
oxşamağı arzulaya
bilərsən. Təbii ki,
gənc və qoca ağaclar, onların budaqları, yarpaqları olur, ictimai statusundan asılı olmayaraq adamlar da belədi
- cavan, enerjili, çılğın, çiçəklənmə
və qocalma dövrü yaşayırlar.
Sakit, dinc, təlatümlü mühitlər görürlər,
məzmunca, formaca dəyişirlər, amma müdrik və insani dayaqlarını itirmirlər. Taleyin də,
təbiətin də məntiqi budur. Düşünürəm ki, burda əsas məsələ kökdür, insan nə qədər yaşlanır yaşlansın,
kökü çürüməsin,
təmiz qalsın; o kökün üstündə
neçə-neçə yeni
görkəmli saf, vüqarlı budaqlar, ağaclar, yarpaqlar boy atacaq, meyvələr yetişəcək. Bu baxımdan mənim yazıçı Anara sevgimin kökündə həm də onun şəxsiyyəti dayanır. O kök daha saf, daha
möhkəm, daha əsilzadədir. Konkret kimə
səs verəcəyimin
səbəbini izah edə bildimmi?
Cəmilə SEYİD
Ədəbiyyat qəzeti.- 2022.-
15 oktyabr.- S.18.