Azərbaycan tənqidşünaslığının
Şirindil
Alışanlı formulu
70 yaşın tezisləri
Görkəmli ədəbiyyatşünas,
filoloji doktoru, professor Şirindil Alışanlının 70
yaşı ərəfəsində gözəl bir
kitabını oxudum: "Sözün yaşamaq haqqı"
(Bakı, "Sabah", 2022); və bu qeydləri etməyi borc
bildim.
Tehran Əlişanoğlu
AMEA-nın müxbir üzvü
1. Missiya barədə
Hər bir ictimai-tarixi şəxsiyyətin boynunda missiya var; və həmin tarixi vəzifənin məsuliyyətini şəxsiyyətin özündən çox duyub-yaşayıb-bilən olamaz. Mən Şirindil Alışanlını tanıyalı, - istər çoxsaylı elmi yazıları, məqalələri, kitablarından, istərsə çıxışları, məruzələri, hər zaman fəal olduğu elmi-ədəbi kürsülərdən; - daima bir missiya-qayğı, bir məsuliyyət, bir ictimai borc narahatlığı ilə yaşayan görmüşəm. Bunun adı: Azərbaycan ədəbiyyatşünaslığı; onun bugün səviyyəsi, qayğıları, problemləri, ədəbiyyatımız qarşısında cavabdehlik və xidməti funksiyaları. Şirindil Alışanlı həmişə bu haqda bir passionari, ədəbiyyatşünaslığın tam səlahiyyətlisi, missiya daşıyıcısı kimi danışır. Haqlı olaraq.
Bu haqqı Şirindil Alışanlı halal qazanmış, ömür uzunu böyük zəhməti, işi, fəaliyyəti ilə sübut etmişdir. Həm qələmi ilə, elmi əsərləri, kitablarında: "Sözün estetik yaddaşı" (1994), "Romantizm: mübahisələr, həqiqətlər" (rus dilində, 2000), "Ədəbi-bədii düşüncənin sərhədləri" (2010), "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" (2011), "Ədəbi-tarixi fikrin tarixiliyi və müasirliyi" (2013), "Sözün yaşamaq haqqı" (2022); həm də elə, bir ömür çalışdığı elmi-ictimai görəvlərdə - AMEA-da, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi katib, şöbə müdiri, "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olaraq ...
2. Şirindil Alışanlı bizim ədəbiyyatşünaslığın ən güclü, zirvə çağlarının yetirməsi, ədəbiyyatşünasların 70-ci illər nəslinin nümayəndəsidir; və bu görəvi, missiyanı etibarlı əllərdən almış.
Bəlli ki, bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığı bir elm, fənn, sahə kimi XX yüzilin məhsuludur; əslinə baxanda, elə çağdaş milli ədəbiyyat anlayışımızın özü də. 1903-də bu fənnin patriarxı Firidun bəy Köçərlinin düzüb-qoşduğu "tarix"dən (tarixçilikdən) baş alıb, dalğa-dalğa gəlir və məlum 1960-1970-lər (uzantıları 1980-lərə keçməklə) fənnin bizdə apogeyi, Şirindil Alışanlının sözləri ilə desək: "qızıl dövrü"dür. Şirindil Alışanlının bu temada mükəmməl tədqiqatı da var, adını çəkdiyim "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyası (Bakı, "Elm", 2011). Elə "Sözün yaşamaq haqqı" kitabında da böyük sevgiylə anıb qələmə aldığı, müəllimləri, ədəbiyyat-elm korifeyləri haqqında neçə-neçə portret-oçerklər də sanki həmin "qızıl dövr"ü bir daha xatırlamağımız, unutmamağımız üçündür...
Bir görün, kimlərdən dərs almış, öyrənmiş, kimlərlə nəfəs almış, oturub-durmuşdur Şirindil Alışanlı! Böyük yazıçı, alim, pedaqoq Mir Cəlal ("XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni"), akademik Həmid Araslı ("Klassikləri oxumağın Həmid Araslı dərsləri"), akademik Məmməd Cəfər ("Səni kim unudar"), "elmi mühitdə Yaşar Qarayev kimi nadir istedada malik mütəfəkkir alim" ("Yaşar Qarayev: yaxından və uzaqdan"), professor Şirməmməd müəllim Hüseynov ("Yaddaşın vətəndaşlıq tutumu"), professor Abbas Zamanov ("XX əsr ədəbi gedişatının şahidi"), akademik Teymur Bünyadov ("Tarixin elmi və bədii dərki"), professor Qəzənfər Paşayev ("Kərkük sevdalı filoloq", "Düzqırxlıdan başlanan yol"), professor Teymur Əhmədov ("Şərəfli ömür yolu"); və Şirindil Alışanlının yaradıcılığından daima, kitabdan isə ani, epizodik keçən daha neçə-neçə simalar: - Məmməd Arif, Mirzə İbrahimov, Məmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə, Əziz Mirəhmədov, Mirəli Seyidov, Qasım Qasımzadə, Qulu Xəlilov, Kamal Talıbzadə, Azadə Rüstəmova, Qulamhüseyn Beqdeli, Qafar Kəndli, Əkbər Ağayev, Kamran Məmmədov, Bəkir Nəbiyev, Seyfulla Əsədullayev, Tofiq Hacıyev, Qorxmaz Quliyev, Rəhim Əliyev... - kimisindən birbaşa auditoriyalarda, kimisindən dolayısı, içində olduğu elmi-ədəbi mühitdən və kitablarından, kimisindən də bilavasitə, üz-üzə, çiyin-çiyinə çalışdığı görəvlərdə, təmaslarda...
3. Və bir də "Yaşar Qarayev fenomeni"
"Unudulmaz
Yaşar Qarayev"; Şirindil Alışanlı içərisində
olduğu elm mühitini son dərəcə həssaslıqla
önəmsəməklə, "Yaşar Qarayev fenomeni"ni məxsusi ayırır. Təkcə alimin
unikal yaradıcılığı və təkrarsız şəxsiyyətinə
hərtərəfli işıq salan sanballı
portret-oçerkində yox ("Yaşar Qarayev: yaxından və
uzaqdan"); Yaşar Qarayev obrazı bütünlükdə
kitabdan və habelə Şirindil Alışanlının ədəbiyyatşünas-alim
bioqrafisindən keçir. Təsadüf deyil ki, Şirindil
Alışanlı hər yerdə, məqamında, yeri gəldimi,
Yaşar Qarayevdən çoxlu-çoxlu sitatlar gətirir,
dünənin və bugünün ədəbiyyat hadisələrinə
Yaşar Qarayevin nəzərləri ilə baxmağa,
günün elmi-tənqidi prosesinə Yaşar Qarayev
yanaşması, meyarı ilə ölçü
götürməyə, qiymət verməyə
çalışır. Yaşar Qarayevi (şəxsən və
irsini) "yaxından" tanımasından qürur duyur;
"uzaqdan" - günümüzdə(n) getdikcə
"uzaqlaşan" Səsini qaytarmağa, bizə
yaxınlaşdırmağa səylər qılır.
Çün "-şünaslığımız"ın
son mənziləsində nə var(dı)sa,
bura bağlı: "Yaşar müəllim XX əsr Azərbaycan
tənqidi, ədəbiyyatşünaslığı və
estetik fikrini, daha dəqiq desək, humanitar düşüncəsini
yeni istiqamətə yönəltdi, yeni mərhələnin əsasını
qoydu və bu mərhələni özü və
çoxsaylı yetirmələri tarixi reallığa
çevirdilər..." ("Sözün yaşamaq
haqqı", s. 118) Ki, bu yetirmələrdən
birisi də Şirindil Alışanlının
özüdür.
4.
"-şünaslığımız"a Şirindil
Alışanlı əlavəsi
Məsələ
burasındadır ki, 1970-ci illər
"-şünaslığımız"ın yalnız zirvəsi
olmayıb, həm də doyğun mərhələsidir.
Şirindil Alışanlı ədəbiyyat və elm aləminə
(elə həm də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutuna) qədəm qoyduğu çağlar eləydi
ki, ədəbiyyatımızın
bütün dövrləri, mərhələləri, cərəyanları,
məktəbləri, böyük klassikləri gərəyincə
öyrənilmiş, hər bir sahə, istiqamət adekvat
olaraq öz korifeylərini, mütəxəssislərini
yetirmişdi. Bir növ, klassik ədəbiyyatşünaslığımız
özünə dolmuş, doyğun görünürdü.
Özünəqədərki elmin bütün təcrübəsinə
möhürünü vurmaqla, unudulmaz Yaşar Qarayevin
humanitaridə yeni bir epoxa başlatmaq hünəri və zərurətini
də yada saldıq. Təzə elm gərəkirdi.
Doğma kollektiv gənc Şirindili (bu vaxt onun 25
yaşı vardı) böyük inamla Moskvaya elm ardınca
göndərdi və ümidlərində heç də
yanılmadı (kitabda Yaşar Qarayevlə səmimi məktublaşmalar
bu barədə çox söz deyir!). Öz yazdığından:
"Ədəbiyyat İnstitutunda bir il işləyəndən
sonra Yaşar müəllim, Mirzağa Quluzadə, Qasım Qasımzadə,
Kamal Talıbzadə, İmamverdi Həmidov məni Moskvaya,
M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna yola
saldılar. Yaşar müəllim dedi ki, onların çox
ağıllı bir alimi var, o, sənə rəhbərlik etsə
çox yaxşı olar. Dünya Ədəbiyyatı
İnstitutunda böyük rus alimi Yuri Borevə
yaxınlaşıb məqsəd və məramımı ona
bildirdim... Azərbaycana böyük rəğbəti
olduğunu bildirdi və bizim Yuri Borevlə münasibətlərimiz
mübaliğəsiz demək olar ki, Dünya Ədəbiyyatı
İnstitutu ilə Nizami İnstitutunun yaxın əməkdaşlığına
çevrildi..." ("Sözün yaşamaq haqqı",
s. 145)
Bu ki:
Şirindil Alışanlı Moskvada təkcə görkəmli
alim Yuri Borevin rəhbərliyi altda filolojiyə namizədliyini
("Romantizm problemi və onun Azərbaycan ədəbiyyatşünaslığında
şərhi") yazıb da, ugurla müdafiə etməklə
qalmadı; gedib-qayıtması Nizami İnstitutuna həm də
bir nəfəs dəyişimi gətirdi, Yaşar Qarayev məktəbinin
üstünə, üstəlik Moskva ədəbiyyatşünaslığı
da gəldi. 1970-ci illər rus
"-şünaslığı"nın dünyaya diktə
edən vaxtlarıydı hələ; Şirindil
Alışanlı buradan yeni baqaj, yeni adlar, yeni dil gətirdi:
"tarixi poetika", Aleksandr Veselovski, Mixail Baxtin, A.F.Losev,
Yuri Lotman, "formasiyalar nəzəriyyəsi-sivilizasiyalar
nəzəriyyəsi", İMLİ, Yuri Borev... Gətirdi və
elmi-tənqidi dövriyyəyə daxil etdi; bu heyndə
heç kəs qabağa düşüb deyə bilməz ki,
bəs elə deyil də, öndə mən varam... Dünyaca
məşhur Yuri Borevin gənc Şirindili qanadları
altına alması onu uzaqlara apardı, Moskva elmi mühitində
tanıtdı; hazırda tənqidşünas-alimin Estetika və
Azad sənətlər Akademiyasının (Rusiya) akademiki,
nüfuzlu "Akademiçeskiye tetradi", "Nauçnaya
kniqa" jurnallarının beynəlxalq redaksiya heyətinin
üzvü olması az söz demir . Öz etirafıdır:
"Bu iki alimin (Yaşar Qarayev və Yuri Borev - T.Ə.) tələbəsi,
yaxın dostu olmaq mənim taleyimə yazılmış ən
böyük qismətdir." ("Sözün yaşamaq
haqqı", s. 145)
Bugün
də tənqidi yazılarında, dürüst akademik dəyərləndirmələrində,
ədəbiyyat hadisələrinə səhih-sərrast qiymətində
Şirindil Alışanlı qələminin aşkar ikili
gücü, rupor mövqeyi aydın görünür:
Yaşar Qarayev örnəyi (1) və İMLİ təcrübəsi,
Moskva "-şünaslığı", Yuri Borev (2).
Bütün müstəqillik illəri ərzində bu irsi
qorumaq, yaşatmaq, artırmaq əzmi və səyləri
göstərdi ki, hazırda Şirindil
Alışanlının simasında bütövlükdə
"-şünaslığ"ın sözünü deyən,
dərdini çəkən sanballı tənqidşünas-alim
dayanır.
5. Nəzəriyyəçi və tənqidşünas
alim
Şirindil Alışanlının ədəbiyyat və
ədəbiyyatşünaslığımıza xidmətləri,
gördüyü təvazökar, lakin çox mühüm
işlər barəsində çox yazmışam; çəkinmirəm
deməkdən, başqaları qısqanc yanaşanda belə,
mən israr və vəcdlə xatırlatmışam. Ümumən də
yazmışam, "Romantizm: sporı, istinı",
"Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı"
monoqrafiyalarından da yazmışam, başqa kitablarından
da. Amma yubiley məqamında adətdəndir, bir
saymışamsa bir də sadalamalıyam:
- Birisi,
"-izmşünaslıq"dır; əslində, bu bizdə
"-şünaslığ"ın ən gəlişmiş
sahəsi ("realizmşünaslıq",
"romantizmşünaslıq") sayıla bilər (Mir Cəlal,
Məmməd Cəfər, Əziz Mirəhmədov, Arif
Hacıyev, Yaşar Qarayev və b.-ları; "sosrealizm"i
də əlavə etsək: Məmməd Arif və
b.-ları). Şirindil
Alışanlı cəsarətlə
romantizmşünaslığı hədəf alaraq bir az da irəli
apardı; təzədən ("yeni mərhələ"də)
bütün gəlirləri-çıxarları ilə (rus və
Avropa "-şünaslığı" ilə çək-çevirdə)
çözərək, söylədiyimiz kimi, namizədlik
işini və
"Romantizm: mübahisələr, həqiqətlər"
monoqrafiyasını (rus və Azərbaycan dllərində)
ortaya qoydu.
- İkinci birisi: Tarixi poetika layihəsidir. Şirindil
Alışanlı bu anlayışı nəinki bizdə ilk
elmi-tənqidi dövriyyəyə gətirənlərdən
oldu, habelə fənni günün aparıcı nəzəriyyə
və praktikasına çevirməkdən ötəri
böyük çabalar göstərdi; Ədəbiyyat
İnstitutunda rəhbərliyi ilə Tarixi poetika şöbəsini
yaratdı, Azərbaycan ədəbiyyatının tarixi
poetikası sırasından tədqiqlərə yol
açdı, sıra "Azərbaycan ədəbiyyatının
tarixi poetikası" toplularını ("Elm", Bakı,
1989; 2006) ərsəyə gətirdi. Ki: bugün bu fənnin
bizdə az-çox gəlişməsi,
"-şünaslığ"ın nəzəri
bazasında yerini alması və çoxsaylı tədqiqatlarda
təsir və səmərəsini görəndə, pionerlərini
də unutmamalıyıq.
-
Üçüncü birisi:
"şünaslığımız"ın Metodoloji
problemləridir. Müstəqilliyin gəlməsi
və gəlişməsi ilə, ümumən sovet ideolojisi və
ona böyük müqavimət şəraitində
yaşamağa öyrəşmiş ədəbiyyatşünaslığımız,
bütün digər humanitari fənlərində olduğu
kimi, böhran keçirirdi. Qayğılanıb, ilk ciddi
addım atan ədəbiyyatşünaslardan birisi Şirindil
Alışanlı oldu; şəksiz ki, unudulmaz Yaşar
Qarayevin dəstəyi və rəhbərliyi ilə ölkə
"-şünaslar"ını bir araya gətirib
"İki əsrin qovşağında" namında (2000-ci
ildə) bir konfrans
yapdı. Və özlüyündə "həyəcan
təbili" çalmış oldu; 2010-da daha bir, bu dəfə
Moskva "-şünaslığı" və Y.Borevin
iştirakı, akademik Bəkir Nəbiyevin dəstəyi ilə
"Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın
nəzəri-metodoloji məsələləri" adlı
mötəbər beynəlxalq konfrans keçirtdi. Amma ki,
"zaman qatarı"nı ötüb-getmiş
görüb, bu dəfə çağdaş
"-şünaslığ"ın problemlərini təkbaşına
çözməyə girişdi; mövcud metodoloji
qovğaları sistemli nəzəriyyə səviyyəsinə
gətirdi, konsepsiya irəli sürdü: "Azərbaycan ədəbiyyatşünaslığının
nəzəri-metodoloji məsələləri" (2012).
-
Dördüncüsü, Tənqidşünaslığın
özüdür. Tənqidşünaslığın
patriarxı akademik Kamal Talıbzadə Azərbaycan tənqidinin
ortaçağ qaynaqlarını üzə
çıxarıb, tarixini yazmış, gətirib XX əsrə
dirəmişdi (bax: "Azərbaycan ədəbi tənqidinin
tarixi (1800-1920-ci illər)", Bakı, "Maarif", 1984).
Çoxsaylı məqalə və monoqrafiyalara (Məmməd
Cəfər, Yaşar Qarayev, Şamil Salmanov, Nizaməddin
Şəmsizadə, Nazif Qəhrəmanlı və b.-ları)
rəğmən, sonrasını sistemləşdirmək, əsrin
süzgəcindən keçirib dəyərləndirmək,
tarixin borcunu ödəyib də günün istifadəsinə
vermək qalırdı; bu mənada "Müasir humanitar təfəkkür
və Azərbaycan ədəbiyyatşünaslığı"
(Bakı, "Elm", 2011) monoqrafiyası həm də tənqid
tarixidir, XXI yüzilə nə ilə, hansı baqajla gəlmişik
- görükdürür.
- Ən nəhayət,
bütün bu (və bu çevrədə daha da təfərrüatlı)
işlərdən sonra daha birisini deyə bilərik:
"Sözün yaşamaq haqqı" var. Əsasən son
on ilin fəaliyyətini qapsayan "Sözün yaşamaq
haqqı" (Bakı, "Sabah", 2022) kitabını mən
alimin yaradıcı ömrünün davamı, yaradıcılığının kvintessensiyası kimi
gördüm və qavradım. Mənə görə, kitab
bütövlükdə Şirindil Alışanlının həyatda
və elmdə çatdığı akademik mötəbərliyin
müdriklik halı və mənziləsini nişan
verir.
6. Ədəbiyyat tarixçisi və
tarixçiliyi.
Şirindil
Alışanlının "Azərbaycan ədəbiyyatı"
anlayışı hər yerdə
"-şünaslığımız"ın yüz ili ərzində
formalaşdırdığı konseptual baxışlar və
biliklərlə üst-üstə düşmür; bu barədə
çoxlu, fərqli, ayrıca mülahizələri də var.
Tənqidşünas-alimə görə, əslinə yetmək
üçün Azərbaycan ədəbiyyatının tarixi
materiallarını, Azərbaycan ədəbiyyatı tarixini Azərbaycan
ədəbiyyatının tarixən formalaşmış və
müasirlərimizin şüurunda olan obrazından
ayırmağı bacarmaq gərəkdir. Yada
saldığımız monoqrafiyalarının ardınca
kitabdakı bir çox məqalələri də elə bu məqamdan
qayğılanır və onu aktuallaşdırır.
"Səməd Vurğun sənəti müasir ədəbi-ictimai
reallıqlar kontekstində", "Cəfər Cabbarlı sənəti
zamanın və sənətin sınağında",
"Nizami Gəncəvi poeziyası Mir Cəlalın nəzəri
şərhində", "Klassikləri oxumağın Həmid
Araslı dərsləri"... - qoyulan problemlərə diqqət
etsək, klassiklərin sənəti, poeziyası, "əsilliyi"
ilə yanaşı bugün(kü) oxunuşu Şirindil
Alışanlını daha çox məşğul və hətta
narahat edir. Eləcə də, yenə vurğulara diqqət edək:
"Səni kim unudar" (Məmməd Cəfər
haqqında), "Sənətkarın yaşamaq haqqı"
(İlyas Əfəndiyev haqqında), "Zamanın
sınağında" (Bəxtiyar Vahabzadə haqqında),
"XX əsr ədəbi gedişatının şahidi"
(Abbas Zamanov haqqında), "Sənətkarın
obrazı" (Elçin haqqında)... - portret-oçerklərində
"həyat və yaradıcılıq" faktlarına həssas
olmaqla yanaşı, tənqidşünas-alimi ilk növbədə
tarixi dürüstlük, bunun atributları
("sınağı", "şahidliyi",
"yaşarlığı", "canlı obrazı")
düşündürür, hər yerdə "əsil"i
zamanların üzərinə qalaqladığı
qabıqlardan ayırmağa, qurtarmağa
çalışır.
Şirindil Alışanlı Nizami İnstitutunda ən
böyük tarixi şöbəyə - "XX əsr (sovet
dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinə
rəhbərlik edir. Burada vaxtilə, əlində imkan var ikən (həm də
AMEA "Elm" Nəşriyyat-Poliqrafiya mərkəzinə rəhbərlik
edərkən) həyata keçirdiyi neçə
"tarix" layihələri ("XX əsr Azərbaycan ədəbiyyatı
məsələləri" sırasından çıxan
üç kitab; poeziya araşdırıcısı Safurə
Quliyevanın tərtibatçılığı ilə
"XX əsr Azərbaycan poeziyası antologiyası"
sırasından dörd kitab) çoxumuzun yadındadır. Hazırda Şöbə akademik İsa Həbibbəylinin
ümumi rəhbərliyi ilə yazılan on cildlik Azərbaycan
ədəbiyyatı tarixinin yeddinci (sovet dövrü) cildi
üzərində çalışır. Cild, şəksiz
ki, Şirindil Alışanlının redaktorluğu və məhz
onun nəzəri düşüncələri bazasında ərsəyə
gəlir; həm də bir həmkarımızın
sözü ilə desəm: nə az, nə
çox, düz iyirmi ildir!
Amma
doğrusu, Ədəbiyyat tarixinin yazılması barədə
Şirindil Alışanlının özünün və sətirləri
arasından həm də söz açdığı korifeylərin
daha sərrast, korrekt, bir qədər də narahat mövqeyini
mən "Sözün yaşamaq haqqı" kitabında(n)
oxudum:
"İyirmi
ildir eyni sözləri eşidirik: tariximiz, ədəbiyyat
tariximiz və sair yenidən yazılmalıdır. Nəyin əsasında? Az-çox
yeni dövrün arxiv materialları dövriyyəyə gətirilib.
Ancaq dünya və milli humanitar fikrin tarixi təcrübəsinə
əsaslanan elmi-nəzəri konsepsiya mövcud deyil və bu
istiqamətdə konkret müzakirələr
görünmür..." ("Tarixi-ədəbi təcrübə
göstərir ki..." müsahibəsindən, s. 344)
Yaxud:
"Ədəbi-ictimai fikir tariximizin tezis şəklində,
populist bir tonda yenidən yazılmasını irəli sürənlərə
Şirməmməd müəllimin fəaliyyəti ən real
cavabdır. Tarixi təzədən yazmaq üçün ilk
növbədə tarixin kölgədə qalmış, təhrif
olunmuş fakt və sənədlərini dövriyyəyə
gətirmək gərəkdir..." ("Yaddaşın vətəndaşlıq
tutumu" məqaləsindən, s. 154)
Yaxud:
"Bu gün ədəbiyyatşünaslıqda, eləcə
də XIX-XX əsrlər Avropa nəzəri fikrində
mövcud olan nəzəri təlimlərin dövriyyəyə
gəlməsi vacibdir. Lakin bunlar o zaman praktik məna
daşıyır ki, milli yaddaşın
daşıycısı olan, tarixən kölgədə
qalmış qatları üzə çıxartsın..."
("Klassikləri oxumağın Həmid Araslı dərsləri"
məqaləsindən, s.55)
Yaxud:
"Bu məqamda klassik irsi yeni zaman hüdudlarında dəyərləndirməyin
ən müdrik düsturunu Yaşar müəllim Qarayev
vermişdir: "Ədəbiyyat tarixini yenidən
yazmağı - onu hər yeni dövrün ideologiyası ilə
və hər dəfə yenidən təftiş etmək kimi
başa düşmək olmaz. Bu tarixi - Qorqud, Nizami, Nəsimi,
Füzuli, Vaqif, Mirzə Fətəli, Mirzə Cəlil,
Əli bəy, Hadi, Cavid, Sabir... özü yaradıb. Söhbət onların yaratdığı irsin və
onlara verilən qiymətin mahiyyətinə bu gün dünənkindən
daha tam və dərindən yanaşa bilməkdən, onu
ehkamçı və vulqar-konyuktur əyriliklərdən təmizləməkdən
gedir". (Yenə orada, s.54)
Yaxud:
"Söz azadlığı, demokratik elmi fikir
meydanının varlığı məqamında daha mürəkkəb
məsələlər ortaya çıxır. Vaxtı
ilə formalaşmış stereotipləri yeniləri əvəz
edir. Sənətə qiymət verməkdə
adlar və titullar, siyasi mənsubiyyət, hakim ideologiyaya qulluq
və yarınmaq bədii yaradıcılığın bir
sıra tərəflərini kölgədə qoyan meyarlar
sistemi yaratmışdı. Bunların bir çoxu bu
gün də yaşayır..." ("Sənətkarın
obrazı" məqaləsindən, s. 178)
Belə
ki, Şirindil Alışanlının fikrincə: "Elmi-bədii
tərəqqini hər şəxsiyyət reallaşdıra
bilməz. İdeoloji təsisatlar tarixə, ədəbiyyatşünas-alim
isə bədii tərəqqinin mahiyyətini, milli-estetik
tutumunu üzə çıxarmaqla öz
araşdırmaları ilə milli sərvətə
çevrilir..." ("Klassikləri oxumağın Həmid
Araslı dərsləri" məqaləsindən, s.55)
Ustad
sözünə nə deyəsən!
Əlavə
olaraq, Şirindil Alışanlının "tarix"
mülahizələrində bir passaj da maraqlı gəldi mənə;
istinad verim, ürəyimdə qalmasın: "Söhbətlərimizin
birində dedim ki, Şirməmməd müəllim, yeni
dövrdə bizim xalqımızın ictimai-siyasi taleyini
M.F.Axundzadə, M.Ə.Rəsulzadə və N.Nərimanov həll
ediblər. Sözümü qurtarmamış dedi: "Bir də
H.Zərdabi!" Ustad sözünə nə deyəsən..."
("Yaddaşın vətəndaşlıq tutumu" məqaləsindən,
s. 158)
7. Tənqidşünas tənqidçi
Şirindil Alışanlı dərin poeziya bilicisidir. Bunu bütünlükdə
tənqid yaradıcılığı sübut edir, hələ
gənc yaşlarında ona böyük şöhrət gətirən,
AYB və Ədəbiyyat İnstitutunun birgə tədbirində
"Poema: axtarışlar, perspektivlər" mövzusunda məruzəsi
(bu vaxt Şirindilin düz 25 yaşı vardı),
1976-1984-cü illərdə "Ədəbi proses" toplularında
illik poeziya icmalları, Səməd
Vurğunşünaslığa töhfələri,
çağdaş Azərbaycan şeirini təsnifi və hər
yaş nəslindən şairlər barəsində
çoxsaylı məqalələri təsdiq edir. Bunu habelə
son illərdə yazdığı, kitabda da yer alan, bir
sıra çağdaş klassik sənətkarlar - Bəxtiyar
Vahabzadə ("Zamanın sınağında"), Hüseyn
Arif ("Gecələr harda gecələr"), "Sazın
qüdrətilə sözün hikmətini qovuşduran
ustad" Aşıq Şəmşir haqqında son dərəcə
tutumlu məqalələri, qardaşı Hüseyn
Kürdoğlunun poetik irsinə tükənməz sevgisi və
yazılarında usdufca istinadları, günün şeir mənzərəsindən
qəfil epizodlar və aktual qeydləri də ("Dağlar
oğlu" Qənbər Şəmşiroğlu, "Yurd ağrısı,
sözün yaddaşı" - Eyvaz Yusifoğlu haq., "Yeni
söz sorağında", "Şair Nazim Əhmədliyə
məktub") göstərir, əyan edir.
Şirindil Alışanlı nəsr haqqında da
yazır; həm də seçmə, ünvanlı, məqsədliyönlü
yazır. Yenə
son illərin yazılarına baxsaq: XX əsr klassikləri Mir
Cəlalın hekayə və romanlarının ("XX əsr
ədəbiyyatının Mir Cəlal fenomeni"), İlyas
Əfəndiyev ("Sənətkarın yaşamaq
haqqı") və Elçin ("Sənətkarın
obrazı") nəsrinin müasir oxuculara
doğru-dürüst təqdimatı Şirindil
Alışanlı qələminin bu yöndə də təhlil
gücünü, sözü-sözdən seçən incə
ştrixlərini, ümumiləşdirmə
başarısını yaxşı nümayiş etdirir.
Amma mənimcə, təkcə tənqid və ədəbiyyatşünaslıq
oçerklərində deyil, Şirindil Alışanlı tənqidçiliyində
də, "ədəbiyyat oçerkləri"ndə də
daha çox tənqidşünasdır, dəyərşünasdır. Adətən
konkret təhlillərə çox da aludə olmayıb,
yazıçının, şairin yaradıcılıq
bütövündən, mahiyyət göstərilərindən,
ümumiləşdirici nəticələrdən
çıxış edir; ədəbiyyatımızda təkrarsız
yerini, ünvanını, miqyasını göstərməyə
çalışır. Sanki sənətkarın
"elmi pasportu"nu verməyə, ədəbiyyatda
varlığının dəqiq düsturunu
çıxarmağa, bədii yaradıcılığın
adekvat elmi obrazını əldə etməyə
tuşlanır və buna nail də olur. Şirindil
Alışanlının tənqid yazılarında həmişə
ədəbi-tarixi və elmi-tənqidi kontekst var. Bütün
bu xassələr Şirindil Alışanlının tənqidçi
qələminə mötəbərlik qazandırmış.
Bu qisimdən yazıları çox olmasa da, hər
yazdığında mütləqa Ədəbiyyatın
sözünü deyir.
8. İrs və varislər.
Şirindil Alışanlı kitabını əbəs
yerə "Sözün yaşamaq haqqı"
adlandırmamışdır. Sözün
qayğısını çəkənlər bilir. Bir
anlıq sanki həm də Anarın az əvvəl
çıxmış, millətin minillər boyu yaşamaq,
var olmaq əzmi, qüdrətindən söz açan möhtəşəm
"Yaşamaq haqqı" traktatına (Bakı, Qanun nəşriyyatı,
2020) göndərmə edir. Elə məqalələrindən
birini də Şirindil Alışanlı "Sənətkarın
yaşamaq haqqı" deyə nəzərə gətirir.
Bu ki, kitab ilk cümləsindən: "Bu gün klassik ədəbi
irsi, xüsusən də XX əsr (sovet dövrü) ədəbiyyatının,
onu təmsil edən şəxsiyyətlərin ədəbi
irsinin tarixi və müasir mənasını dəyərləndirmək"
qayğısı ilə açılır və az qala
bütün məqalələr, yazılar, məxsusən də
müsahibələr ("Heç bilmirəm bu altmış
il necə keçdi", "Tarixi-ədəbi təcrübə
göstərir ki...", "Mühacirət irsində öyrənilməsi
vacib olan xeyli məsələ var", "Elm"in bu
günü və sabahı" və s.) axıracan həmin
narahatlıq ruhunu, ovqatını daşıyır,
bölüşür. Şirindil Alışanlı hər
yerdə bu ədəbi-elmi irsin apologeti kimi
çıxış edir, "sovet dövrü",
"marksist-leninçi", "sosrealizm" damğası
ilə ağına-bozuna baxmadan dağıdılmasına
üsyan edir, ümumən və hər bir konkret halda irsə
elmi-rasional yanaşmanın metodolojisini irəli sürür, əyani
nümunələrini verir. Əslində,
hazırkı "tezislər" də elə
başdan-başa tənqidşünas-alimin bu hünərlərinin
göstərisidir; o, bu irsi təkrar-təkrar gündəmə
gətirir, günün emalına, istifadəsinə verməyə
çalışır. Bu baxımdan
"Sözün yaşamaq haqqı"nda günümüzə
ornək olası "ötən günlər"in zərif
bir nisgili, nostaljisi də duyulur. Şirindil
Alışanlı canlı təcrübədən, korifeylərlə
ünsiyyətdən epizodları, heç yanda yazıya
alınmamış şifahi məqamları, fikir və
atmacaları, şəxsi yazışmalar və məktubları
da sətirlərinin arasına sızdırmaqla bu şəkildə
də irsi yaşatmağın nümunəsini verir.
Özü müsahibələrinin birində: "XX əsr Azərbaycan
gerçəkliyinin daşıyıcısı kimi ötənlərin
çoxu ilə fəxr etdiyi"ni
bildirir; və sanki geniş qolları arasına alaraq
bütün varlığıyla onu amansız zamanın nahaq zərbələrindən
qorumağa çalışır.
Şirindil Alışanlı polemikanı sevir; zamanla,
dövranla, mühitlə. Cavanlığından, ilk
addımlarında da belə olub (Öz dediyindən: "Bir qələm
əhli kimi belə yaradıcılıq prosesinin
ağrılarını çox yaşamışam. Ədəbi prosesdə geniş əks-səda
doğurmuş, qapalı iclasların müzakirə predmeti
olmuş ilk məqalələrimdən sonra Mərkəzi Komitə
mənə bir il çap olunmağa imkan vermədi..." -
"Sözün yaşamaq haqqı", s.338); indi də belədir.
Elmi-obyektiv Söz mövqeyində(n) həmişə
Şirindil Alışanlını danışan
görmüşəm. Polemik, öz həqiqətini
qorumaq, təsbit etmək üçün. Həqiqət dialoqlarda açılır. Doğrudur, güzəşt etməyi, həmkarlarına
isnad verməyi çox da sevmir; amma düz sözün məqamı
gələndə qısqanc da deyil. Bu
sarıdan kitabda akademik Nizami Cəfərovdan xeyli sitatlar var. Gərək
ki, bir yerdə akademik İsa Həbibbəyliyə də
istinad gördüm. Həmçinin kitabda Şirindil
Alışanlının həmkarlarına dair: "Hüseyn
Cavid irsinin görkəmli tədqiqatçısı"
(Kamran Əliyev haq.), "Elmi mühakimənin emosional
tutumu" (Bədirxan Əhmədli haq.), "Xeyirxahlıq və
səmimilik ünvanı" (Aydın Səlimzadə haq.)
yazıları da elmdə dürüstlüyə və mənəvi
intibalara nə qədər həssas olduğunu göstərir.
Şirindil Alışanlı elmdə xeyirxahdır və
bugün özü ustad mövqeyində, yetirmələrinin əhatəsindədir. Bunu öz təcrübəmdən,
aspirantlıq-doktorantlıq dövrümdə istedadlı gəncliyə
münasibətindən də bilirəm; kitabda, yetirmələrinə
yazdığı qürur və təəssüb dolu uğur
yazılarında: "Tarixə çevrilmiş ədəbi
mühit" (İlham Məmmədli haq.), "Səməd
Vurğunun nəzəri irsinə müasir baxış" (Aygün
Bağırlı haq.) məqalələrində də bir daha
gördüm.
9. Tarixin özü və obrazı
Şirindil Alışanlının ən çox isnad
etdiyi elmi prinsiplərdən biri tarixilikdir. Bundan da
çox kitabda obraz anlayışına üz tutur. Şirindil Alışanlıya görə, tarixin də
obrazı var. "Əslində isə, hər bir xalqın
tarixi onun tarix boyu yaratdığı obrazların tarixidir.
Xalqlar bir-birindən öz tarixləri ilə yanaşı
öz obrazları ilə də fərqlənirlər..."
("Sözün yaşamaq haqqı", s. 161)
Kitabın üslübunu çox sevdim, bəyəndim. Başqa kitablarında,
monoqrafiyalarında sırf akademik tərzdə, qiyafədə
gördüyümüz Şirindil Alışanlı burada
yaradıcı, sərbəstdir: son dərəcə canlı
portretlər cızır, ədəbiyyatdan, elmdən, elmin
dünənindən-bugünündən polemik
danışır, nitq söyləyir ("Azərbaycan
yazıçılarının IX qurultayındakı
çıxışın mətni"), müsahibələr
verir, xatirələrə dalır ("Su səltənəti
Laçın"), problemlər qaldırır, rəylər
yazır, açıq məktublar ("Qulu Ağsəsə məktub",
"Şair Nazim Əhmədliyə məktub"), təbriklər
("Uvajayemıy Oljas Omaroviç!", "Professor Həmdulla
Baltabayev", "Elm və həyat -40")
ünvanlayır... Kitabda çoxlu həyat
materialı var; Şirindil Alışanlı sanki
ötüb-getmiş əyyamların, canlı, diri, amma
bugün olmayan elmi mühitin obrazını yaradır. Vardıqca, göz önünə Ədəbiyyat
İnstitutunun illəri, insanları, qaynar dəhlizləri,
isti atmosferi gəlir. Şirindil
Alışanlını bu mühitin, insanların, söz
açdığı korifeylərin arasında,
sırasında, tarixi obrazında görürük. O ki
qaldı daha bir obraza - akademik rütbəyə, lap
yaxınında olsa da, Şirindil Alışanlı həmişə
rütbələrdən ucada durmuşdur.
Şirindil Alışanlı elmi-tarixi bərəkətimizdir;
sinəsini irəli verib qapsadığı irsdən sonacan bəhrələnməliyik. Həmən tarixi irs aşınıb-tükənib bir gün
heç olmaya da bilər.
70
yaşın mübarək, Şirindil Alışanlı!
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.20-22.