“Şah İsmayıl Xətainin anadilli
“Divan”ının
Daşkənd nüsxəsi”
kitabının təqdimatı keçirildi
Azərbaycanda keçirilən VIII Beynəlxalq Bakı Kitab Sərgisi çərçivəsində böyük Azərbaycan hökmdarı, şair Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi əsasında hazırlanmış nəşrin təqdimatı keçirilib. Tədbirdə alimlər, ədəbiyyatşünaslar, sərgi ziyarətçiləri iştirak etdilər.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ərsəyə gəlmiş bu nəşrin Azərbaycan ədəbiyyatı üçün çox böyük bir töhfə olduğunu söyləyib. O, dahi sərkərdə-şairin 535 illik yubileyi münasibətilə hazırlanan bu nəşrin 2019-cu ildən başlayaraq Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda Azərbaycana dair saxlanılan əlyazmaların araşdırılması və tədqiqi əsasında ərsəyə gəldiyini bildirib. Samir Abbasov, Şah İsmayıl Xətainin Azərbaycan dövlətçilik tarixində oynadığı böyük rolla yanaşı, onun klassik ədəbiyyatımızın inkişafında və eləcə də ana dilimizin dövlət dili səviyyəsinə çatdırılmasında da böyük rolunun olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli məsələyə tarixi aspektdən yanaşaraq Şah İsmayıl Xətainin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərindən danışaraq “Xətai “Divan”ının Daşkənd nüsxəsi”nin nəşrinin mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin dünyada tanıdılması, öz keçmişimizə, milli dəyərlərimizə sahib çıxmaqla yanaşı, sözügedən zəngin irsimizin gələcək nəsillərə ötürülməsi, təbliği istiqamətində mühüm əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr edilmiş bu əsərin ədəbiyyatşünaslıq baxımından böyük əhəmiyyətindən söz açıb, əsərin gözəlliyi, qədimliyi ilə yanaşı onun Azərbaycan kitabının ən gözəl, unikal bir nümunəsi olması yönündən də çox dəyərli mənbə olduğunu vurğulayıb. Akademik, kitaba “Ön söz” yazan mədəniyyət naziri Anar Kərimovun sözlərindən sitat gətirərək Azərbaycan xalqının şanlı dövlətçilik tarixinə, zəngin mədəniyyətə, incəsənətə, bütün dünya ədəbiyyatına təsir edə biləcək ədəbiyyata malik olduğunu qeyd edərək Xətayi yaradıcılığının da bu dəyərlər içində böyük çəkiyə sahib olduğunu bildirib.
Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, tədqiqatçı-alim, professor Nizami Tağısoy, özbək şairə, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm və başqaları Azərbaycan–Özbəkistan arasında tarixi dostluq əlaqələri, mədəni-ədəbi münasibətlər haqqında danışaraq bu nəşrin Xətai irsinin tədqiqinə böyük töhfə olduğunu qeyd ediblər.
Sonda nəşrin tərtibçisi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Xətai əlyazmaları içərisində xüsusi seçilən anadilli “Divan”ın Daşkənd nüsxəsinin nəşrinin Azərbaycan ədəbiyyatşünaslığı üçün böyük əhəmiyyətini vurğulayaraq tədqiqata və nəşrin ərsəyə gəlməsində göstərmiş olduqları dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, yenicə çapdan çıxmış “Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi” adlı nəşrin Bakı və Daşkənddə geniş təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.
Ədəbiyyat qəzeti.- 2022.- 15
oktyabr.- S.23.