Mirzə Fətəli Axundzadənin
"A.S.Puşkinin
ölümünə Şərq poeması"
M.F.Axundzadənin
qəsidə formasında, fars dilində, klassik Şərq
şeirinin ənənələrinə uyğun olaraq
yazdığı "A.S.Puşkinin ölümünə
Şərq poeması" ədibin bizə gəlib
çatmış ikinci poetik əsəri hesab olunur.
Əsərin
1837-ci ilin fevral ayının sonu, martın əvvəllərində
yazıldığı ehtimal olunur. M.F.Axundzadə əlli
beytdən ibarət olan qəsidəni fars dilindən rus dilinə
nəsrlə tərcümə edərək onunla eyni idarədə
- Qafqaz Canişinliyində xidmət edən rus şairi
İ.S.Klementyevə vermiş, o da Moskvaya məktub yazaraq əsərin
sətri tərcüməsini cüzi düzəlişlərlə
çap olunmaq üçün "Moskovskiy nablyudatel"
jurnalına göndərmişdir. Jurnal əsərin nəsrlə
edilmiş tərcüməsini 1837-ci ilin mart nömrəsində
"Na smertğ A.S.Puşkina" (A.S.Puşkinin
ölümünə") adı ilə çap etmişdir.
Əsər
jurnalda çap olunan kimi, Rusiya ədəbi ictimaiyyətində
geniş əks-səda doğurur və təqdir olunmağa
başlayır. Siyasi və ictimai xadim, filologiya elmləri
doktoru Şıxəli Qurbanov yazır ki, "A.S.Puşkinin
ölümünə Rusiyada onlarca əsər həsr
olunmuşdur. Ölməz şairin ləyaqətli varisi
M.Y.Lermontovun üsyankar şeiri istisna edilərsə,
bunların heç biri M.F.Axundovun əsəri qədər
geniş yayılmamışdır".
1837-ci
ilin may ayında Qafqazın hakimi baron Rozen yaxın
qulluqçuları ilə birlikdə Abxaziyadakı
ixtişaşları yatırmaq üçün getdiyi vaxt
nahar zamanı M.F.Axundzadənin əsərindən söhbət
açaraq onunla tanış olmaq və mümkün olarsa
ruscaya çevirilməsini yanında olan A.A.Bestujev-Marlinskiyə
tövsiyə etmişdi. Qafqazda sürgündə olan dekabrist
yazıçı A.A.Bestujev-Marlinski poemanın sətri tərcüməsi
ilə tanış olmuş, müəllifin yardımı ilə
üzərində bəzi redaktə işləri apararaq yeni
variantını yaratmışdı. Bir neçə gündən
sonra Adlerdə döyüşdə dağlılar tərəfindən
öldürüldüyündən onun tərcüməsi
M.F.Axundzadədə qalmışdı. Poemanın sətri tərcüməsinin
yeni variantını XIX əsrin 70-ci illərində M.F.Axundzadə
dostu, görkəmli şərqşünas alim Adolf Berjeyə
vermiş və əsərin orijinalının
qalmadığını, itdiyini söyləmişdir. A.Berje həmin
tərcüməni dərc olunmaq üçün "Russkaya
starina" jurnalına göndərmiş və tərcümə
jurnalın 1874-cü ilin sentyabrında çıxan 9-cu nömrəsində
A.Berjenin ön sözü ilə ilk dəfə olaraq "Na
smertğ A.S.Puşkina: Vostoçnaə poema"
("A.S.Puşkinin ölümünə Şərq
poeması") adı ilə nəşr edilmişdir.
Qeyd
etməyi lazımlı hesab edirik ki, əsərin orijinalı
1936-cı ilə qədər əldə olmasa da, rus dilinə
olan tərcüməsi Rusiya şərqşünaslarının
diqqətindən yayınmamış, Adolf Berje poemanın
"Russkaya starina" jurnalında çap olunmuş nömrəsində
M.F.Axundzadə və A.A.Bestujev-Marlinski haqqında qısa məlumat
vermiş, jurnal əsəri "Puşkinin ölüm xəbərinin
təkcə daxili Rusiyanın deyil, böyük Rusiyanın
ucqarlarında yaşayan müsəlman əhalisini də
sarsıtdığını sübut edən şairanə
incilərin nümunəsi kimi qiymətləndirmişdir"
(Şıxəli Qurbanov).
1880-ci ildə
Moskvada A.S.Puşkinə qoyulan heykəlin
açılışı münasibətilə M.F.Axunzadənin
"Şərq poeması"nın
A.A.Sokolov tərəfindən edilmiş tərcüməsi
"Peterburqskiy listok" qəzəetində çap olunur
ki, bu tərcümə əsərin rus dilinə edilmiş ilk
poetik tərcüməsi hesab edilir.
"Şərq poeması" sonralar "Tiflisskiy
listok" qəzetinin "Əlavələr"ində, V.V.Kallaşın
"Puşkiniana"sında dərc edilir. Təkcə
"Qafqaz" qəzetində bu əsər iki dəfə -
1874 və 1899-cu illərdə çap olunmuşdur".
Gürcü şairi İ.Qrişaşvili əsərin
"Russkaya starina" jurnalında çıxan tərcüməsini
1932-ci ildə gürcü dilinə tərcümə edərək
"Droşa" ("Bayraq") jurnalının 5-ci nömrəsində
dərc etdirmişdir (Əziz Şərif).
Yuxarıda
adlarını çəkdiyimiz tərcümələrdən
M.F.Axundzadənin və A.A.Bestujev-Marlinskinin nəsrlə,
A.Sokolovun və İ.Qrişaşvilinin poetik tərcümələri
Şıxəli Qurbanovun redaktorluğu və müqəddiməsi
ilə çıxan "Mirzə Fətəli Axundov. "A.S.Puşkinin ölümünə Şərq
poeması" kitabında da dərc olunmuşdur.
1936-cı
ilə qədər əsərin farsca orijinalı ədəbi-elmi
ictimaiyyətə tanış
olmamışdır. 1936-cı ildə ədəbiyyatşünas,
professor Əziz Şərif əsərin orijinal əlyazmasını
meydana çıxarmış, bu haqda "Ədəbiyyat qəzeti"nin 33-cü nömrəsində məlumat
vermiş, əsərin həm ərəb əlifbası ilə
orijinalını (fotosurəti ilə birgə), həm
A.A.Bestujev-Marlinskinin ruscaya sətri tərcüməsini, həm
də M.Müşfiqin poetik tərcüməsini kiçik bir
müqəddimə ilə 1937-ci ildə kitabça şəklində
çap etdirmişdir.
Əsərin
orijinalının necə tapılması haqqında
Ə.Şərif yazır: "1936-cı il noyabr
ayının 10-da Tbilisidə M.F.Axunzadənin nəvəsi Fətəlidə
olan materialları araşdırarkən, biz böyük
yazıçımızdan qalan bir çox o biri ədəbi
və fəlsəfi materiallar arasında Puşkin haqqında
yazılmış poemanı da tapdıq" (Əziz Şərif.
s.10). Bundan sonra poema ilk olaraq Mikayıl Müşfiq, sonralar isə
Cəfər Xəndan, Böyükağa Qasımzadə və
Məmmədağa Soltanov tərəfindən Azərbaycan
dilinə tərcümə edilmişdir. Bu tərcümələr
yuxarıda adını çəkdiyimiz Şıxəli
Qurbanovun redaktorluğu və müqəddiməsi ilə
çıxan kitaba da daxil edilmişdir.
XX əsrin
ortalarından başlayaraq Respublikamızda olduğu kimi,
keçmiş SSRİ məkanında da bu əsərə
maraq güclənmiş, "A.S.Puşkinin ölümünə
Şərq poeması" rus (P.Antokolski), Ukrayna
(İ.Qonçarenko), Belarus (İ.Smejon), özbək
(M.Şeyxzadə), türkmən (M.Seyidov), tacik (K.Ayni), qazax
(K.Murzaliyev), qırğız (S.Çusuyev), gürcü
(İ.Qrişaşvili), erməni (A.Qaraşi), Litva
(A.Jukayskas), latış (Y.Vanaq), eston (H.Udam), moldav
(İ.Stavskaya), uyğur (X.Xamrayev), başqırd
(N.Sündüklü), tatar (Z.Nuri), udmurd (A.Kalbukov), Mari
(H.Kazakov), inquş (Ə.Vedzijev), yakut (S.Danilov), Osetiya (P.Qrus)
və qaraçay (M.Baycarov) dillərinə tərcümə
olunmuşdur.
Rusca tərcümədə
müəllifin özü tərəfindən
"A.S.Puşkinin ölümünə"
adlandırılan bu əsər sonralar "A.S.Puşkinin
ölümünə Şərq poeması", "Matəm
qəsidəsi", "Qəsideyi-təziyyət" kimi
adlandırılsa da, əsasən, "A.S.Puşkinin
ölümünə Şərq poeması" adı ilə
tanınmışdır.
Burada yeri gəldiyindən əsərin Azərbaycan dilinə
tərcüməsi ilə bağlı bir neçə kəlmə
deməyi zəruri hesab edirik. Klassik qəsidə
formasında, yəni ilk beytinin misaraları həmqafiyə,
sonrakı beytlərin ilk misrası sərbəst, ikinci
misrası birinci beytlə qafiyələnən, son beytdə
müəllifin təxəllüsü (Səbuhi) verilən əlli
beytlik bu əsərin Azərbaycan dilinə dörd tərcüməsi
mövcuddur. Tərcümələrin
yalnız biri, M.Müşfiqin tərcüməsi forması
etibarilə orijinalla uyğundur. Bu tərcümənin
ən müsbət xüsusiyyəti, hər şeydən əvvəl
ondadır ki, orijinaldakı hər beytin məzmunu, əsasən,
qorunmaqla bərabər, qafiyə oxşarlığı da
axıra qədər saxlanılmışdır. Bir
neçə beytə diqqət edək:
Orijinalda:
Nədade
didə bexab-o neşəste dər şəbe-tar,
Be qoftəmi
be del ey kane-qohəre-əsrar!
Qaranlıq
gecədə oturmuş,
gözlərimə
yuxu gəlmir,
Ürəyimdən
soruşuram:
Ey sirlər
gövhərinin mədəni.
Çe
şod ke, bolbole-qolzarət əz nəva mandə,
Çe
şod ke, tutiye-nitqət nəmikonənd qoftar?
Nə
olub ki, gülzarının bülbülü
nəvadan
qalıb, nəğmə oxumur?
Nə olub ki, nitqinin tutisi susub, söhbət etmir?
Çe
şod ke, rahe-soxən sənciyət şode məsdud,
Çe
şod ke, peyke-xəyalət bemande əz rəftar?
Nə olub ki, söz yolun kəsilərək
bağlanıb?
Nə olub ki, xəyal qasidin rəftarından qalıb?
Bəhar
aməd-o han hər yek əz bənate-nəbat,
Cəmale-xoş
be arayeşi-konəd izhar.
Bahar gəlmiş,
bütün bitkilər - təbiət qızları,
Bəzənmiş, xoş simalarını aşkar edirlər.
Tərcümədə:
Gecə
etdim uyğumu gözümdən kənar,
Sordum: -
Ey sirr çeşməsi - ürəyim nə var?
Nədən
ötməz bağçanın şeyda bülbülü,
Nədən qılmaz nitqinin tutisi göftar?
Şeir
yolun, söz yolun yoxsa kəsilmiş,
Hanı xəyal qasidin o yüngül çapar?
Yaz gəlmiş,
hər tərəfdə çəmən qızları,
Bəzənib camalını etmiş aşikar.
Qeyd edək ki, M.Müşfiq formanı qoruyub saxlamaqla
yanaşı, mümkün qədər məzmunu da
qorumağa səy göstərmiş və əsasən də
istəyinə nail olmuşdur.
İkinci tərcümə Cəfər Xəndana aiddir. C.Xəndan əlli beytlik qəsidəni
əlli beş beytlik məsnəvi
formasında (beytlərin qoşa qafiyələnməsi yolu ilə)
tərcümə etmiş, şeirin formasında oluğu kimi,
məzmununda da sərbəstliyə yol vermişdir. Yuxarıda
nümunə kimi verdiyimiz dörd beyti C.Xəndan belə tərcümə
etmişdir:
Gözlərimdən
yuxu qaçmış, məni boğmaqda xəyal,
Düşünən beynimi sarmış yenə bir qəmli
sual.
Niyə solmuş o çəmənlər ki,
ötüşmür quşlar?
Yoxsa göylərdə dərin, pərdəli bir hikmət
var?
Niyə şeirin yolu bağlandı? Səbəb var, bəlkə,
O günəş
batdımı sənət gülünə düşdü ləkə?
Bir nəzər
sal, nə qədər şövq var aləmdə gözəl!
Bu təbiət
nə qədər nazlıdır, həm də gözəl!
Böyükağa Qasımzadənin də tərcüməsi
sərbəst tərcümədir. Bu tərcümədə
də həm forma, həm də məzmunda nəzərə
çarpan sərbəstliklər kifayət qədərdir.
Bu tərcümə də misraların qoşa
qafiyələnməsi yolu ilə edilmiş, bəzi beytlərdə
məzmun qorunsa da, əksər yerlərdə qorunmamış
və əsərin həcmi 60 beytə yaxın olmuşdur.
İlk dörd beyti burada da təkrar edirik:
Gözlərimdən
yuxumu qovaraq için-için,
Qaranlıqlı
bir gecə qəlbimə sordum: neçin
Gülşəninin
bülbülü unutdu nəğməsini,
Bəlağət tutin kəsdi incə, dilbər səsini?
Söylə, söz düzmək yolun, söylə nədən
qapandı?
Noldu xəyal qasidin gedişindən dayandı?
Ey
könül! Ey sirlər gövhərinin mədəni,
Bir nəzər ətrafa, dinlə heyrətlə məni.
C.Xəndan və B.Qasımzadədən fərqli olaraq Məmmədağa
Sultanov formanı pozsa da, yəni əsəri qəsidə kimi
yox, məsnəvi kimi tərcmə etsə də, həm həcmi
(50 beyt) saxlamış, həm də məzmunu qorumağa
çalışmışdır. İrəlidəki beytlər onun tərcüməsində
belədir:
Oturmuşam,
gecədir, zülmətə batıb aləm,
Dedim bu qəlbimə;
"Ey sirr saxlayan həmdəm!
Nə
oldu gülşəninin bülbülü qalıbdır mat,
Kəlam tutinə noldu, dil açmayır, heyhat?
Nə
oldu təbinə ki, sənətə yaxın durmaz,
Xəyal quşun nə üçün bir də etməyir
pərvaz?
Bahar gəldi,
budur, acdı üz çəmən gözəli,
Verər camalına zinət təbiətin öz əli".
M.F.Axundzadənin
əruz vəzninin həzəc bəhrində
yazdığı bu əsər poemanın orijinal mətni
tapıldıqdan sonra Azərbaycan ədəbiyyatşünaslığına
və ədəbi-elmi ictimaiyyətə daha geniş məlum
olmağa başlamış, bu əsər haqqında müxtəlif
vaxtlarda Əziz Şərif, Feyzulla Qasımzadə,
Şıxəli Qurbanov, Nadir Məmmədov, Şahbaz
Şamıoğlu və digər müəlliflər fikir
söyləmişlər. Bəzi tədqiqatçıların
fikirləri təhlil səciyyəsi daşısa da, bəzilər
informasiya xarakteri daşımış, əsərin orijinal mətn
üzərində hərtərəfli təhlili
aparılmamış, fikir və mülahizələr daha
şox M.Müşfiqin və B.Qasımzadənin tərcümələrinə
əsasən söylənilmişdir.
Əlli
beytdən ibarət, misraları aa, ba, ca.. şəklində qafiyələnən və
sonuncu beytdə şairin təxəllüsü verilən əsər
klassik Şərq şeirinə xas olan təntənəli
üslubda yazılmış qəsidədir. Şıxəli
Qurbanovun yazdığı kimi, "Zahirən bu əsər
özünə qədər Şərqdə geniş
yayılmış qəsidəyə bənzəsə də,
dərin mənası etibarilə istər Azərbaycan, istərsə
də Şərq üçün yeni idi" və bu yenilik əsərin
formasında yox, daha çox məzmun və ideyasında
özünü göstərirdi.
"Nədade
didə bexab-o neşəste dər şəbe-tar,
Be qoftəmi
be del ey kane-qohəre-əsrar!"
- beyti ilə
başlanan əsərinə müəllif özü ad
qoymamış, sonralar əsərin məzmununa uyğun olaraq
bəziləri əsəri "Qəsidəyi-təziyyət"
("Matəm qəsidəsi"), bəziləri isə
"Puşkinin ölümünə Şərq
poeması" adlandırmış, əsər bu adla da
tanınmışdır.
Əsərin ilk beytləri bir növ şairin
özü ilə həsb-halı, daha doğrusu, ürəyi
ilə söhbətidir.
İlk üç beytdə aşağıdakılar təqdim
olunur. Zülmət gecə. Gözünə yuxu gəlməyən
şair sirlər gövhərinin mədəni deyə
müraciət etdiyi ürəyindən soruşur: "Nə
olmuşdur ki, bağçanın bülbülü nəğmədən
qalmış, nədən nitqinin tutisi susmuş,
danışmır? Nə olmuşdur ki, fikir, söz yolun
bağlanmış, nədən xəyal qasidin,
çaparın sakit, hərəkətsiz
dayanmışdır?".
Suallarına cavab almayan şair vəziyyəti dəyişərək
baharın təsvirinə keçir. Sonrakı beytlərdə oxuyuruq:
Bəhar
aməd-o han hər yek əz bənate-nəbat,
Cəmale-xoş
be arayeşi-konəd izhar.
Bənəfşəzar
şod ətraf cuybare-çəmən,
Şökftə
qonçeye-nari be qolbune-qolzar.
Əruse
dəşt müzəyyən-o raz bəhre - nesar,
Por əz cəvaher əz har daməne - kohsar.
Yaz gəlmiş, hər tərəfdə çəmən
qızları olan bitkilər bəzənərək xoş
simalarını göstərməkdə, camalını
aşkar etməkdədir. Axar suların kənarı,
çəmənlər bənövşəliyə
dönmüş, bağlarda ağaçların budaqları
odlu qönçələr açmışlar. Təbiətin sehri ilə çöl gəlin kimi bəzənmiş,
dağların ətəkləri onun başına ətək-ətək
cəvahir səpir. Beləliklə,
"bir tərəfdən kədərli və tutqun qəlbin,
o biri tərəfdən, insanda şadlıq və fərəh
artıran baharın təsvirini verməklə müəllif
poemada qüvvətli bir təzad yaradır".
Baharın gəlişini, təbiətdə
yaratdığı canlanmanı təsvirdən sonra şair
hadisələri təbiətin fonunda cəmiyyətin üzərinə
keçirir və yeddinci beytdən başlayaraq biz artıq təbiətin
təsvirində cəmiyyət hadisələrini
görürük. Əsərin bu beytlərində, sanki təbiət
yox, cəmiyyət təsvir olunur.
Bağın
içərisində başına açılmış
güllərdən tac qoymuş
ağacların şahı əzəmət və vüqarla
oturmuş, onun şərəfinə süsən və zanbaq
başçıları, yəni əyan-əşrəfləri
lalə qədəhlərində jalə şərabından
təkrar-təkrar nuş edirlər. Çəmən
büsatı, məclisi yasəmənlərlə elə bəzənmiş
ki, çaşqın, mat baxışlı nərgizin, yəni
məclis iştirakçılarının gözü bu təntənədən
xumarlanaraq qamaşır. Məslisə gələn qonaqlar:
bülbül töhfəsi olan nəğməsi ilə
xoş gəldin deməyə, besayiran isə dimdiyində
gül yarpağı ilə təbrikə gəlmişlər.
Buludlar da, səhər nəsimi də bu məclisə
biganə deyil. Buludlar susəpənlə
gülşənı sulayır, səhər nəsimi də əttar
kimi gülşənə ətir saçır. Səhərin açılması ilə nəğmə
oxumağa başlayan quşlar, "Ey nigar, torpaq pərdəni
üzündən götür", yəni ətrafı
bürüyən duman-çənə dağılın,
çəkilin deyirlər. Bu məclisdə hər nə
varsa, yəni kim iştirak edirsə,
hünərdən xali deyil və "bu bazarda nə
türlü mətah desən vardır".
Yeki be
hosne delaviz-o eşve cilvəgər əst,
Yeki be
nale konəd eşq baziyəş isar.
Həme
be zoqe tərəb vəqte xiş miqozərəd,
Veda kərde dər in hale ba ələm yekbar.
Biri hüsnünün gözəlliyilə işvə və
cilvə göstərir, birisi də fəğanıyla
eşqini izhar etmək istəyir. Bu halda hamı
hüznlü halı ilə vidalaşaraq zövq və sevinclə
vaxtını xoş keçirir.
On altıncı beytdən başlayaraq müəllif təsvirlərə
son verərək yenidən ürəyinə müraciət
edir və bu müraciət 21-ci beytə qədər davam edir. Şair ürəyindən
soruşur ki, ey ürək, məgər sən fərəh və
zövqdən binəsib olub bu sükut yuxusundan oyanmaq istəmirsən?
Könlündə bir həvəsin,
başında bir sevdan olmadığı kimi, şöhrət,
ad üçün şeir yazmaq xəyalından da kənarsan.
Məgər sən həmin ürək deyilsən
ki, dalğıc kimi dürr sözlər üçün
fikirlər dəryasına cumardın? Nadir
məna qızından (mənalı sözlərdən) minlərlə
bəzək yapıb inci düzümlərindən üzlərinə
zinət kimi taxardın. Bəs indi bu kədər,
bu məlamət haradandır? Varlığında
bu matəm yelləri haradan əsir?
Şairin
sorğusuna ürəyin cavabını şair belə poetikləşdirir:
Cəvab
dad ke, ey munisəm be tənhayi,
Məra degər pəs əz in dər mədare xod
beqodar?
Ço
şahedane - çəmən mən həm ər nədanestəm,
Ke həst bade-xəzan əz peye nəsime-bəhar.
Bedan be
tiğe-zəban qaməte-səvare-soxən,
Ze bəhre-nam biyarastəm dər in peykar.
Vəli məra
şode məlum bi vəfaye-dəhr,
Male qaibət
xiş core an ğədar.
Nə be
xerədist ze morği ke, didə dam be şeşm,
Bəraye daneye u baz mixorəd timar.
Sədaye
şöhrəto avazeye-honər to bedan,
Misale tof dərin cofe qonbəde dəvar.
Məqu xəyale-digər,
danəm anke bər əhləş,
Çegune əcr dəhəd in sipehre-kəcrəftar.
Mətndən göründüyü kimi, ürək
şairə cavab verir ki, ey tənhalığımın
munisi, yoldaşı, içimdə məni yandıran daha
artıq, ciddi səbəb var. Çəmən şahidləri
(çiçəkləri) kimi mən bahar nəsimindən
sonra payız küləyinin olacağını bilməmişdim. Söz
süvarisini qovub qılınc dilimlə adından hər tərəfə
car çəkəcəyəm. Dünyanın
vəfasızlığı mənə çoxdan
aydındır, o qəddarın cövrü bizim
varlığımıza xitam verir. Gözü
ilə toru görən o quş ağılsızdır ki, yenə
bir danə üçün tora düşür. Hünərin və şan-şöhrətin sədası
dairəvi günbəzin içində gürlayan səs
kimidir. Ayrı bir xəyal etmə, bəllidir
ki, fələk daima yaratdıqları ilə tərsinə rəftar
edər.
Əsərin bu yerinə, yəni 28-ci beytə qədər
nə A.S.Puşkin, nə də onun ölümü barədə
bircə kəlmə də olsa danışılmır. A.S.Puşkin
bir obraz olaraq 28-ci beytdən etibarən ürəyin
cavabında mətnə daxil edilir və ürəyin niyə
bu qədər qəmli-ələmli olmasının da səbəbi
bundan sonra aydın olur. Mətndə oxuyuruq:
Məgər
to ey ze cəhan bixəbər nə beşnidi,
Ze
Puşkin be xeylo soxənvərane-salar?
Çe
Puşkin ke, behengam nokte pərdaziəş,
Sədayi mədh ze hər guşe xasti səd bar.
Çe
Puşkun ke, kağəz şodi siyəh ru
zan,
Ke, kaş xameye- veyra fitəd beruş qozar.
Xəyal
daşt be hər gərdeşəş ke, çün tavus,
Hezar nəqşe
təb ğərib əz soxən şod nimudar.
"Ey dünyadan xəbərsiz, məgər sən
söz ordusunun başçısı, sərkərdəsi
Puşkindən bir xəbər eşitməmisən?"
sualı ilə müəllifə xitab edən ürək
A.S.Puşkinin bir şair və sənətkar kimi hansı
xüsusiyyətlərə mailk olduğunu söyləyir. Ürək A.S.Puşkini belə
təqdim edir: O Puşkin ki, sözə başlayan zaman hər
guşədən yüzlərlə alqış səsi
qopardı. Yazmağa başlayanda qələmi
üstündə gəzsin deyə, kağız da qaralanar,
sevinərdi. Xəyalı tavus kimi gəzib
şeir mülkünü bəzər, sözdən minlərlə
qəribə naxışlar yaradardı.
Bundan sonrakı beytlərdə şair ürəyin dili
ilə A.S.Puşkini Lomonosov, Derjavin və Karamzinlə
müqayisə edərək (32, 33, 34-cü beytlər) onlardan
üstün tutur. Həmin beytlərin anlamı belədir: Lomonosov nəzm
evini gözəl şəkildə bəzəmişsə də,
orada ancaq onun, yəni Puşkinin xəyali bərqərar oldu. Əgər Derjavin söz mülkünü
tutmuşsa da, nəzmin hökmranlığına ixtiyar sahibi
o oldu. Karamzin irfan şərabını
cama töksə də, ancaq dolu mey dolu piyaləsi ona, yəni
Puşkinə qismət oldu.
35 və 36-cı beytlərdə M.F.Axundzadə daha da irəli
gedərək A.S.Puşkinin qazandığı şöhrətini
çar Nikolayın şövkəti ilə müqaiyə
edir. Diqqət
edək:
Gereft
şöhrəti fəzləş cahan bedan gunə
Ke, şövkəte Nikolay əz Xətay ta tatar.
Məşar
bud be ənqoşt dər fəzayi şomal
Çonan ke, məşriqiyan rast mah tazə məşar.
Yəni çar Nikolayın şövkəti Xataydan
Tatara - Çindən türkdilli xalqların
yaşadıqları bütün məmləkətlərə
yayıldığı kimi, Puşkinin də şöhrəti
bütün dünyanı tutub. O elə bir şöhrət sahibi
idi ki, Şimalın, Şimal ölkələrinin səmasında
o, barmaq işarəsi ilə Şərq göylərində
doğan təzə Ay kimi nişan
verilirdi.
Şairin təsvirində bu zəkada, bu təbdə hələ
belə bir oğul görünməmiş, çar dövlətində
yeddi nəsildə ana belə oğul
doğmamışdır. Şairi təəccübləndirən
odur ki, bu övladı qorumalı olan valideynlər, yəni
dövlət sərt davranışlara göz yumaraq ona vəfasızlıq
etdilər, onun ölümünü özlərinə ar bilmədilər:
Pesər
be fəhm conan pesər be `çonin,
Ze həft
ab nə be zaide bud madəre-çar.
Konun ze mən
be təəccob şeno ke in əbuben,
Nə daştənd ze bi mehri-o mər u ra ar.
Poemanın
sonrakı beytlərində M.F.Axundzadə (39, 40, 41, 42, 43)
A.S.Puşkinin ölümündən yana
mütəəssir olmaqla yanaşı, konkret kimsəni yox, zəmanəni
onun ölümündə təqsirkar hesab edir. Anlamını
verdiyimiz beytlərdə müəllif yazır ki, zəmanə
əcəl oxuyla onu nişanlayıb yüz heyif ki,
ölümlə onun varlığına son qoydu. Zülüm qara buluddan dolu yağdıraraq onun həyat
budağının ömür barını tökdü.
Əcəl küləyi onun ruhunun
çırağını söndürdü və susmuş
gecə kimi cismi qapqara oldu. Qoca bağban əlindəki
zülm tişəsi ilə bu gülzar səhnəsindən
cavan budağı kəsdi. Mənaların
xəzinəsi olan o ürək sahibinin yeri indi ətrafında
ilanlar gəzən məskən olmuşdur.
Bu dediklərimizi
nəzərə alaraq akademik F.Qasımzadənin poema
haqqında dediyi aşağıdakı fikrə haqq
qazandırırıq: "Şairin ürəyindən qopan
bu dərin və lirik ricətlərdə onun bir tərəfdən
böyük bir dühanın ölümünü təşkil
edən çar sarayına qəzəb və nifrəti, o biri
tərəfdən isə böyük şairə hədsiz məhəbbəti
ifadə olunur".
Qırx dördüncü beytdə şair təəssüflə
yazır ki, bülbül cəh-cəhinə bənzər təbində
ki, qönçələr açılardı, qəbri
üstə bitən tikanlar daha həmin qönçələrdən
xəbər verməz. Sonrakı beytlərdə oxuyuruq:
Pərid
morğe rəvanəş ze aşiyane-bədən,
Be kərd
ənise ələm cümlə səğar, kəbar.
Zəmine
rus be yas o hüzn konəd nohe,
Ke, ey qətil ze dəste qutule bəd kerdar.
Yəni
cisminin yuvasında can quşu ki, uçdu, onun qəmindən
böyük-kiçik hamı ah-nalə çəkdi. Rus
torpağı: "Ey qatillər əli ilə ölən bəd
tale", - deyərək ona yas saxlayıb hüznlü
növhə deməyə başladı.
47-ci beytdə şairin ruhuna xitabən "tilsimin də
səni eybəcər zəmanə cadugərinin sehrindən
qurtara bilmədi", - deyən şair 48-ci beytdə "Sən
ki bu dünyadakı dostlarından uzaqlaşdın, göydə
haqqın rəhməti sənə yar olsun" söyləyir.
Müəllif
əsərini belə tamanlayır:
Ze molke
Bağçesəra buye ətr əz an ke
qolət,
Dəhət bexake to fəvvarə ba nəsime bəhar.
Əz in xəbər şode pir,
sefid muye Qafqaz,
Be
şeirhaye Səbuhi torast matəmdar.
Tərcüməsi:
Torpağına
səpməyə iki gül ətri,
Qopar Bağçasaraydan bir incə ruzgar.
Tutulub bu
xəbərdən ağ saçlı
Qafqaz,
Səbuhinin şeirilə yasını saxlar.
Tərcümə
Mikayıl Müşfiqindir
M.F.Axundzadənin
"A.S.Puşkinin ölümünə Şərq
poeması" haqqında fikirlərimizi ümumiləşdirərkən
belə bir yekun nəticəyə gəlirik ki, bu əsər
müəllifin "subyektiv düşüncələrinin məhsulu
kimi deyil, böyük bir şairə real xalq məhəbbətinin,
onun öldürülməsinə ümumxalq
etirazının, bir sözlə, cəmiyyətin sərt
reaksiyasının nəticəsi kimi meydana gəlmişdir"
(Şahbaz Şamıoğlu).
İslam Qəribli
Ədəbiyyat qəzeti.- 2022.- 15
oktyabr.- S.24-25.