Ümid
1.
Ümid
kiçik bir şam kimi
Görünər uzaqlardan,
Əlinin
buzunu əritməsə
də
Qəlbini buzlanmağa qoymaz...
2.
Biz
Axşamdan bişən yemək
kimi
Ümidin
bir azını
Məcburuq saxlamağa sabaha.
3.
Həyat
qanadlarını açıb
Şığıyan qartaldısa
Ümid
Körpə-körpə quşların üstünü örtən
Yamyaşıl yarpaqdı.
Bir intiharın tarixçəsi
Siqnal səsi daş kimi düşüb
Şüşə kimi çilik-çilik
edər fikirlərini
Anidən
ayılar sərxoş
adam
Ayılar
xəyala getdiyi yolun ortasında
Ayılar
ağrılarından, acılarından...
Bir az geriyə
qaçar,
Bir az qabağa
Sürücü yazıq bilməz
Sağa
qaçsın,
Sola qaçsın.
Heç
bilmədiyi bir oyunun içində
Hara gedəcəyini bilmədən
qalar...
Sərxoş adamın film kimi
gözünün
önündən keçər
yaşamadıqları
Qızının əlindən tutub
dərsə aparmamağı,
Yoldaşının üzünə
gülməməyi,
Oğlunun çiyninə əlini
qoymamağı...
Əyləc səsi,
İçini qurd yemiş ağac kimi yerə yıxılan adam
Sıraya
düzülər maşınlar
Tanımadıqları adamın cənazə namazına...
Kimin göz yaşıdı
belə
Kimin göz yaşıdı belə
Bir evdə bir cüt
gözdən çıxıb
Min evin damından axır
Min-min adamı isladır.
Kimin göz yaşıdı belə
Oğluna
sarı açılan
İsti-isti güllələri
Bir damcısıyla
soyudur.
Kimin göz yaşıdı belə
Sahibsiz əsgər məzarının
Qapqara mərmərdəki
Üzünü, gözünü yuyur.
Kimin göz yaşıdı belə...
Malik ATİLAY
Ədəbiyyat qəzeti.- 2022.-
15 oktyabr.-S.27.