O gecə...
2020-ci ilin oktyabrında
Gəncə raket atəşinə
tutulmuşdu...
Zaman çərtib barmağını
duz bağlasa da,
Gələn qan-qadanı qoymuşdu
gözdən...
Neçəsinin əcəli
Qanad çala-çala keçmişdi
neçə-meçə dərədən,
düzdən...
O gecə
Mənzillər dönmüşdü
Ölüm pətəyinə...
Daşlar-divarlar
həyatın üstə
axnamışdı...
Gözəgörünməz qatilin əlləriylə
Ürəklərdəki ümid, inam laxlamışdı...
O gecə
Havanın dizini yerə gətirmişdi
Tüstü qoxusu...
O gecə gözlərində
dəfn olunmuşdu
Neçə uşağın,
Neçə ata-ananın yuxusu..
O gecə
Nizami sığmırdı məqbərəsinə,
Şerinin hər sözü,
hər hecası diksinmişdi...
Şahə qalxmışdı Cavad
xanın qəzəbi,
Qılıncının dəstəyi
əl içi boyda isinmişdi...
O gecə ölüm saçan işıqdan,
Ulduzlar da dönüb fağır olmuşdu.
O gecə Atlantın sərpmişdi beli,
Bircə
anın içində
Yerin ağırlığından
Çiyni yağır olmuşdu!..
Füzuli qoymadı
şair olmağa
Füzulişünaslara ehtiramla
Söz-söz pöhrələdi gözümdə
aləm,
Misraya düzüldü gah sevinc, gah qəm...
Amma heç əlimə yatmadı qələm,-
Füzuli qoymadı şair olmağa.
Duyğular köksümü döydü
qapıtək,
Heca-heca
açdı hər gül, hər çiçək...
Qovrulub qalsa da sinəmdə
ürək,
Füzuli
qoymadı şair olmağa...
Min yol alışsam da,
Min yol yansam da,
Şeiri
ən əziz balam sansam da;
Tanrının gözündən oğurlansam
da,
Füzuli
qoymadı şair olmağa!..
Şairlər yaşayır
bu yer üzündə
Özünə, sözünə bel
bağlamayan,
Bircə
misrası da heç buğlanmayan;
Sinəsi
dərd-qəmlə burğulanmayan,
Şairlər yaşayır bu yer üzündə.
Şairlər yaşayır bu
yer üzündə,
İşarmır göyündə bircə
ulduzu...
Duyğusu ucuzdur, hissi ucuzdur,
Bilmir ki,
İlhamı udur, uduzur...
Şairlər yaşayır bu
yer üzündə,-
Elə üzüyola, başıaşağı...
Yatır
mağazada beş arşın ağı!..
Şairlər yaşayır bu
yer üzündə!..
***
Bu gül kolu
Azadlığı andıran
Günəşin işartısına
Aldanıb.
Arzusunda,
istəyində olduğu
Baharı
anıb,
Yazı anıb.
Qönçələyib minbir həvəslə;
Gül açıb...
Sanki girəvələyib,
Məhbəsdən
Bir məhbus qaçıb...
Amma qışın da adı qışdır,-
Yenidən tutulub hava,
Yenidən buz bağlayıb su.
Şaxta
axır ki,
Keçirib ələ,
Məhbəsdən qaçan bu məhbusu!..
***
Günahlarımı
xəyalımdakı
başdaşıma yazdım.
...Və günlərin bir günü
Özümü günahlarımdan asdım...
***
Dörd
yol ayrıcında
Nəhəng bir çinar...
Nə tufan, nə şimşək qırmaz gözünü.
Əvvəl-axır tənhalıq gətirər yerə,
Onun dizini!..
İlk sevgi şeirim
İlk qarmış sinəmdə
qəmim, qəhərim,
Çoxları kənardan gülürmüş
bir vaxt.
Mən sənə yazdığım
o sətirlərin
Ağzından süd iyi gəlirmiş
bir vaxt.
Hələ seçilmirmiş üzüm,
astarım,
Dəyişmirmiş cildi, qiyafəni də...
Ötən o hisslərim, o duyğularım
Şikəst eləyibmiş qafiyəni
də...
İndi
nə şeir um, nə də söz istə,
Cəzam taleyimə yazılıb daha.
Ürəyimin giriş qapısı
üstə
O şeirin cəsədi asılıb daha...
Qoşmasayağı
Bu necə dünyadı, necə əyyamdı,
Filə
söylədilər naşıdı,
xamdı...
Qutulardan
çıxdı milçəyin
adı,
Qoymadı bir getsin huşa
dərdimi.
Görən gözlər baxıb
haqqı görmədi,
Bilmədim qarnının ağrısı
nədi...
Yaz da ətəyini ələ vermədi,
Söylədim axırda qışa dərdimi.
Bu gediş-gəlişi gözüm
almadı,
Şeytanın yolunda izi qalmadı...
Məni
bir anlayan, duyan olmadı,
Açdım bircə-bircə daşa dərdimi.
Baxmadılar taleyə də
dən düşər,
Bədxah
ürəklərə duman-çən
düşər...
Düşündülər uçub gözdən gen düşər,
Axır döndərdilər quşa
dərdimi.
Vaxt ötdü...
Yolumu bağlasalar da,
Sinəmi
yüz yerdən dağlasalar da;
Özümü ayaqda saxlasalar da,
Çəkdiklər həmişə başa dərdimi.
Bircə istəyim var...
"Ukrayna dəftəri"ndən
Vinnitsa şəhərinə düşən
qanadlı raket
dörd yaşlı Lizanı və anasını həlak etdi...
Çərpələng qanadına toxunmalı vaxtınıydı,
Nə deyim...
Raket qanadına toxundun, Liza!
"Özün rənglə"
albomunda
Raket şəklini
qırmızı rəngə
boyamışdın,-
Fırçanı həvəslə çəkə-çəkə...
Günlərin birində Raket də
səni qirmızı rəngə boyadı
al qanını tökə-tökə...
Anan da canını tapşırdı səninlə
birgə,
Eh!.. Kim öldü, kim qaldı...
Qucağına sıxdığın kuklan da,
Bu dünyada yetim qaldı...
Bircə
istəyim var,
Sənin
şəklinlə qoşa,
Qatilin də şəkli böyüdülsün
gərək.
Sənin
şəklini göz yaşı isladacaq,
Qatilinkini
tüpürcək!..
Buça
"Ukrayna dəftəri"ndən
Bu yaxınlarda bizim Xocalının gününə
salınmış Buçayla
bağlı sosial şəbəkələrdə bir foto və mətnlə
qarşılaşdım. Ev
sahibi arvadını və uşağını
götürüb güllə,
mərmi yağışı
altda bir təhər canını qurtarır... Gedərkən
qapıdakı itin xaltasını açıb
buraxır və onu özü ilə götürə bilmir... Bir neçə
gündən sonra geri qayıdan həmin adam
iti uçub-dağılmış
evinin həndəvərində
tapır...
Səksəkəli döndüm öz
oymağıma,
Səni sağ-salamat görüb sevindim.
Gözlərim çevrildi qan
çanağına,
Hikkəmi səbrimlə hörüb
sevindim.
Ay itim, üzünə mən necə baxım,
Tufanlar ağzında sanki sovruldum...
Səni
belə günə kim saldı
axı?
İynə ulduzundan keçəsi oldun.
Taleyinmi
güldü üzinə
burda,
Sağ-salamat qaldın, bu nə sirdir, sirr...
Səngər yeri tapdın özünə burda,
Şükür ki, düşmənə
düşmədin əsir...
Sənsizlikdən dinclik tapammadım
bir,
Həkk oldu sinəmə əzabın sənin.
Bəlkə Moskvada azlıq
eləyir,
Ora aparıldı yal qabın sənin!?
Öz yuvana olan məhəbbətinlə,
De, təhnizmi vurdun mənə yüz kərə!?
Doğma
od-ocağa sədaqətinlə,
Düşmənin dizini gətirdin
yerə...
Axtardım, aradım həndəvərimi,
İynə itirsəydim tapardım, ay
it.
Zəncirini hərbi qənimət
kimi,
Yəqin
rus əsgəri apardı, ay it!
Düşünmə Buçanın daim yasıdır,
Mən qisas atımı minib çaparam.
Xaltan da tarixin bir
parçasıdır,
Sabah Ermitajdan gedib taparam...
Səksəkəli döndüm öz
oymağıma,
Səni sağ-salamat görüb sevindim.
Gözlərim çevrildi qan
çanağına,
Hikkəmi səbrimlə hörüb
sevindim!..
Daş dili
Ömür-gün yoldaşım
İradə xanımın xatirəsinə
Beş ildir ki, gəlib
dolanıram
məzarının başına,
Hər dəfə də
Özün deyil,-
Şəklin çıxır qarşıma...
Daşla
dil tapıram,
Daşla danışıram.
Gah buz bağlayır fikirlərim,
donuram,
Gah da od tuturam,
Alışıram, yanıram...
...Ömür boyu
yaxşı öyrənə
bilmədim mən,
Nə rus, nə də
ingilis dilini...
Bu sevdadan götürdüm əl...
Amma
beş ildə
Daş dilini öyrəndim
Çox
səlis,çox mükəmməl...
Varlığımda yaşadıram,
Daş sevgisini,
Daş məhəbbətini...
Hətta
ürəyimdə tərtib
etmişəm
Daş dilinin izahlı lüğətini...
Daha
Yoxsa məhşər günü
çatırıb indi,
Şeytanın sayını artırb
indi...
Daş atmaq gözümü bərk qırıb indi,
Daşı ətəyimdən tökürəm
daha.
Yaxşı anlayıram, yaxşı
qanıram,
Dərd-qəmin qolunu çətin
qanıram...
Ünvan
soruşsalar, susub qalıram,
Gözümü torpağa dikirəm daha.
Ömrüm çəhlim salır
yetmiş yaşıma,
Gah qobu, gah qolpun
çıxır qarşıma...
Ürəyi buraxıb başlı-başına,
Əlimi köksümdən çəkirəm
daha.
***
Zamanın şaxtası dondurur
məni,
Günəşə əlimi yelləyənmirəm.
Götürdüyüm belin sınıb təfkəci,
Şər-böhtanı dibdən belləyənmirəm.
Yerini dəyişir aran da, dağ da,
Sanki havanın da
yolu dolaşır.
Bahalaşır un da, şəkər də, yağ da,
Söz qiymətdən düşür,
Söz ucuzlaşır...
Görəsən bu dəblə gedirik hara,
Gözü qamaşdırır bədən
sərgisi...
Şıdırğı satılan ağ yalanlara,
Qoyulmur əlavə dəyər vergisi...
Çoxları yaşayır muzdlu
həyatı,
Üzündən, gözündən qəhər
çəkilmir.
Sanayır aldığı beş-on
manatı,
Ovcunda qabarı
sanaya bilmir.
Bağ evləri ilə sədd çəkə-çəkə,
Xəzəri alırlar mühasirəyə.
Yolu kəsirlər ki,
Dənizdə bəlkə
İntiharın sayı azalar deyə...
Dəli
şeytan tərs-tərs
baxır üzümə,
Ağzına yiyəlik elə
deyir sən!
Ağlına gələni kağıza
düzmə,
Görünür məndən də
hələ dəlisən!
Zamanın şaxtası dondurur
məni,
Günəşə əlimi yelləyənmirəm.
Götürdüyüm belin sınıb təfkəci,
Şər-böhtanı dibdən belləyənmirəm...
Ələsgər
ƏLİOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 15
oktyabr.- S.29.