Mihai Firica - 26 iyul 1970-ci ildə Rumıniyanın Krayova şəhərində anadan olub. O, Beynəlxalq Münasibətlərin İdarə Edilməsi üzrə aspirantura, Ədəbiyyat, Tarix və Hüquq fakültələrində təhsil alıb. Rumıniya, Bolqarıstan və Xorvatiyada təşkil olunmuş bir neçə kurs və təcrübələrdə iştirak edib. Tanınmış mətbuat və televiziya jurnalisti, televiziya tok-şousu müəllifi və bir neçə gündəlik qəzet və mədəni nəşrlər yaradıb.

1989-cu ildə "Ramuri" jurnalında mütəmadi olaraq şeirləri dərc edilib, şeirləri ingilis, fransız, ispan, macar, yapon və bolqar dillərinə tərcümə edilib.

1997-ci ildən Rumıniya Yazıçılar İttifaqının üzvüdür. "Xülasə edilmiş tərcümeyi-hal" (1996) kitabına görə "Mihai Eminesku" Beynəlxalq Akademiyasının Poeziya Mükafatını alıb. "Səyahət edən ilanın dili" (1997) poeziyasının ikinci kitabı "Marin Soresku" mükafatını və Rumıniya Yazıçılar İttifaqının Krayova Şöbəsinin mükafatını alıb. 2017-ci ildə o, "Son günlər və axirət" şeirlər toplusunu nəşr edib.

 

Axşam saatlarında gülümsəyirsən

 

Axşam saatlarında gülümsəyirsən.

Mum divarlar duanı udur,

Öz içində Tanrı ilə danış,

Pıçıltı ilə ah çəkirəm,

sözləri təsəlli edirəm...

Bundan öncə müqəddəslər mənim dostlarım idi,

faydalı olmaq üçün

yararsız hala düşmüşdülər...

Bəlkə bəziləri çürüyüb geri qayıdacaq,

Bəlkə öz kökü arasında gizlənəcək bu dualar

və ya işığa həsrət qalacaqlar.

Bu şəhərdə günəş batır;

Sənin ürəyin qollarımda uyumuş bir heyvan kimidir,

gecə soyuqdur,

yuvarlaq və solğun ulduzları var,

səhər saatlarında ləçəklər üstünə düşürlər.

Bütün bu fotoşəkillər, görəsən, kimə aiddir,

biz oradan yad adamlara baxırıq.

Parlaq ulduzlar yığınında üzürəm

- geniş qanadları ilə bizi örtən quş

bizi qızıl qanadları ilə vurur.

Adımı xatırlamayacaqsan

solğun saralmış şəkilə baxanda.

bu,

gənc qadınlar saçlarını kəsdikdə baş verir

bütün yol boyu küləyi daşıyır o saçlar...

 

Səni tapa bilmədiyim yerdə

 

Ölü oyandım;

səni hər dəfə yanımda tapanda başıma gələn budur.

Sən mənə inanmayacaqsan,

gözümün arxasına baxıram yenə mənə təbii görünür

- mavi bədəndə bir yara kimi.

Gəncliyi tərk etmək şansım olsaydı,

məni məhəbbət üçün təsdiqləyərdi kainat.

bütün saatlar beynimin dərinliklərində qaldı,

qaynar dəmir kimi yanan məktublar.

Meyxanada gələcəyi qara alov içində

            gizlənmiş qadınlar boş yerə oxudu.

Mən həşərat xəyalını yığıram

minlərlə jestlə sizi təəccübləndirmək istəyirəm.

bədənimin mənlə üz-üzə uçduğunu gördüm,

ikiqat eqolu!

Maraqlandım ki, bizi başqa kimsə izləyirmi?

Kim bilir bu dünyada necəyik biz?

qədəri qalıb qədərini bitirəcəyik...

Boşluqda bir səyahətçi kimi

qaranlıqdayam...

Ətrafdakı hər şey nəzərdən keçirilməlidir,

danışmaq yenidən yazmaq asan deyil.

Ayağa qalxmağı xəyal etmək istəmirəm...

 

Çəhrayı başmaq

 

Güldüm, əllərimi qorudum,

bataqlıq məni az qala udacaqdı,

soruşa bilərəmmi, üzünüzü necə görmək olar?

sənə çatmaq üçün edim?

Kölgəsiz insanlar

səni alnına yapışan puldan çox əzizləyəcək,

Sənin varlığın barmaqlıqlarla məzara enəcək.

Vaqonda gələnlər məni fəryad etdilər,

tikanlı məftillər hasarın yanında

ölümlə qol-qola,

unudulmuş kimi,

divarları aşaraq tarixə gizlicə girmək!

Artıq uşağımın başmaqlarını bəyənmirəm,

külək onları yaşıl çəmənlikdə asdı -

uzaqdan isə bir üfüq görünür,

pambıq yun buludların gəldiyi yuxu kimi...

Mən onlara ancaq axşamlar anamla yatanda toxuna bilirəm.

Atam orada olmalıydı,

payızdan qovulmuş Tanrı misalı

kəpənək qanadı göndərdiyi mehlə.

Bir an içində qalıram

səni tapa bilmirəm.

Tüstü düyünləri son baxışda itir...

 

Qaranlığın bir yerində

 

Qaranlığın bir yerində özümü görürəm,

üzümdə bir qısqanclıq bitir,

ağzımın kənarında acı bir təbəssüm.

Kül rəngində qapalı ev,

asılmış rəsm düşür yerə.

Nifrət etdiyim uzun bir gündür,

onu qucağımda saxlamadığıma peşman oluram,

sinəmə çəkirəm,

döyünən ürəklərimi dinləyirəm.

Düşünürəm ki,

dünyada özünə yer tapmaq da bir sənətdir...

Dostlar içində dəyirmi masalar arasında

            sağ qalmaq kimi yəni.

Evdən çıxmaq mümkün qədər gec qayıtmaq kimi...

Gözündən axan gözyaşı da nəfəs alır.

ömrüm boyu qədər daşa dönsəm belə,

uzun illər hissiyyatsız qalsam da,

hələ itmiş uşağın yanağında göz yaşı kimi

səni gözləyəcəm.

 

Tərcümə: Ümid NƏCCARİ

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.31.