Müqəddəs Adorata
Hekayə
Bir dəfə
Macarıstanda olarkən, Sepeni adlanan qəsəbədəki
kilsəyə baş çəkdim: orada mənə yerli
sakinlərin dərin sayqı göstərib, hifz elədiyi bir
sənduqəni göstərdilər.
Bələdçi
dedi:
- Bu sənduqədə
müqəddəs Adoratanın nəşi saxlanılır.
Onun məzarı altmış il əvvəl,
buradan bir qədər aralıda aşkar olunmuşdu.
Görünür, bu müqəddəs qadın
xristianlığın təzəcə
yayıldığı vaxtlarda, Roma imperiyası zamanı
işgəncəyə uğrayanlardan biridir: buranın yerli əhalisi
müqəddəs Pyotrun edamını öz gözləriylə
görən keşiş Martsellinin təbliğatı sayəsində
vaxtilə xristian dinini qəbul edibmiş. Çox
yəqin ki, xristianlığı bu qadına məhz Martsellin
özü təbliğ edib, işgəncələrdən
sonra isə Roma keşişləri onun nəşini torpağa
tapşırıblar. Təxmin olunur ki,
"Adorata" adı bu qadının xristianlığa qədərki
adının Latın versiyası imiş, çünki mərhumə
xaç suyu ilə yox, məhz öz qanını axıdaraq,
xristianlığı qəbul edib. Həm
də axı "Adorata" adı xristian mənşəli
adlara heç bənzəmir. Digər tərəfdən
isə torpağın altında əsrlər uzunu yatmasına
rəğmən, onun bədəninin öz təravətini hələ
də qoruması qadının seçilmiş bəndələrdən
biri olduğuna dəlalət edir və deməli, onun ruhu indi cənnətdə
uca Tanrıya şükür edən məsumların
arasındadır. Müqəddəs Adoratanın adı
da on il əvvəl Roma kilsəsi tərəfindən
müqəddəs simalar sırasına daxil edilib.
Mən bu danışılanları candərdi dinləyirdim,
çünki Müqəddəs Adorata məni sən deyən
də maraqlandırmırdı. Kilsənin
çıxışına tərəf üz tutduğum zaman
tamamilə yaxınlığımda duran bir nəfərin dərindən
ah çəkdiyinə şahid oldum. Bu, bəstəboy və
zövqlə geyinmiş bir qoca idi: özünün mərcan
qaşlarla bəzədilmiş əsasına söykənən
bu adam baxışlarını həmin sənduqəyə
zilləmişdi.
Kilsədən bayıra çıxdım, o qoca da
ardımca gəldi. Geri qanrıldım ki, onun zövqlü
geyiminə rəğmən, qocafəndi görkəminə
bir daha nəzər salım. Kişi mənə
gülümsəyirdi. "R" hərfini macarlara xas
şəkildə tələffüz edərək o,
fransızca məndən xəbər aldı:
- Cənab,
deyin görüm, siz o bələdçinin
anlatdıqlarına heç inandınız?
Dedim:
-
Düzü, belə məsələlərdə mən tamamilə
cahil biriyəm.
O,
sözünə davam elədi:
- Cənab,
siz buralara gəlmə birisiniz, mən isə bildiyim bir sirri
çoxdan bəri kiməsə açmaq istəyirəm. Onu
sizinlə ancaq bir şərtlə bölüşə bilərəm:
gərək bu barədə yerli sakinlərə bircə kəlmə
də deməyəsiniz.
Maraq hissi mənə güc gəldiyindən bu sirri
qoruyacağıma and içməli oldum.
Qoca kişi sözə başladı:
- Hə,
cənab, o müqəddəs Adorata vaxtilə mənim sevgilim
olub.
Qarşımdakı adamın başına at təpdiyini
düşündüyüm üçün səksənib,
geri çəkildim. Çaşqınlığımı sezdiyi
üçün o, gülümsədi, ancaq səsini nisbətən
qısaraq öz hekayətinə davam elədi:
- Mən
dəli-zad deyiləm, cənab, sizə də tam həqiqəti
söylədim. Müqəddəs Adorata həqiqətən
də mənim sevgilim olub. Hələ bu harasıdır!
Əgər razılıq versəydi, hətta mən onunla evlənərdim
də! Onunla tanış olanda cəmi on
doqquz yaşım var idi. İndi yaşım səksəni
keçsə də, mən həyatım boyu ondan başqa
heç bir qadına könül bağlamamışam. Varlı mülkədar olan atamın malikanəsi isə
Sepeni qəsəbəsinin yaxınlığında idi. Mən təbabət elminə mehr
salmışdım, elmlə necə ciddi-cəhdlə məşğul
olurdumsa, artıq tamamilə zəifləyib, əldən
düşmüşdüm. Bununla bağlı həkimlər
mənə tam istirahət eləməyi və səfərə
çıxmağı məsləhət gördülər
ki, bəlkə bir az fikrim dağıla,
qapıldığım dar mühitdən qopam.
Mən İtaliyaya yollandım. Piza şəhərində
ikən bu xanımla rastlaşdım və sonrakı
ömrümü tamamən ona həsr elədim. Romada və Neapolda dolaşarkən o mənimlə
idi. Bu, dadından doyulmayacaq bir səyahət idi: qədəm
basdığımız bütün şəhərlər sanki
bizim eşqimizin nuruna bələnirdi... Birlikdə ta Genuyaya qədər
getdik, daha sonra mən onunla vətənimə, Macarıstana
dönmək, kəbin kəsdirməzdən öncə onu
öz ata-anamla tanış eləmək
istədim. Ancaq bir səhər yuxudan oyandığım zaman
yatağımda onun cansız bədənini gördüm...
Qoca bir dəqiqəliyinə susdu.
Təkrar
sözə başladığı zaman qısıq səsindəki
titrəyiş daha da artdığından mən onun dediklərini
artıq güclə eşidirdim:
-
Sevgilimin ölümünü o qaldığımız otelin
xidmətçilərindən birtəhər gizləyə
bildim. Buna nail olmaqdan ötrü isə mən
əsl qatillərin əl atdığı o hiylələrdən
yararlanmağa məcbur qaldım. İndinin
özündə də onlar yadıma düşəndə
bütün bədənimə vicvicə düşür.
Məndən heç kəs şübhələnmədi
- hamı sevgilimin sübh tezdən oteli tərk elədiyinə
inandı. Bir sandığa yerləşdirdiyim
o cəsədin yanında keçirdiyim qorxu və məşəqqət
dolu saatlar barədə ətraflı danışmağıma
dəyməz, əlbəttə. Sözün
qısası, mən həm ölünü, həm də onu
necə mumyaladığımı ört-basdır eləməkdən
ötrü hər cür fəndə əl atdım.
Buna nail olmama o böyük oteldəki müştəri
axınları da rəvac verdi,
çünki o cür tünlük yerlərdə heç kəs
başqasının işlərinə burnunu soxmur,
özünü nisbətən sərbəst hiss edir ki,
düşdüyüm qəliz durumda da bu, mənim hədsiz dərəcədə
işimə yaradı. Sonra mən uzun sürən
yolçuluğa çıxdım, sərhədləri
keçərkən müxtəlif çətinliklərlə
qarşılaşdım, ancaq Tanrının köməyi sayəsində
bütün bunların da öhdəsindən uğurla gəldim.
Cənab, sizi inandırıram ki, bu, heyrətamiz bir əhvalatdır!
Evimizə dönərkən rəngim yenə
avazımışdı, tanınmaz dərəcədə
arıqlamışdım.
Yolüstü
Vyanadan keçərkən oradakı bir əntiq əşyalar
dükanından daşdan yonulmuş sənduqə satın
aldım: o, vaxtilə hansısa məşhur kolleksiyanın
bir eksponatı imiş. Öz evimə gəldikdən
sonra mən artıq istədiyim cür davrana biləcəkdim
- İtaliyadan bura öz yanımda gətirdiyim baqajın nə
sayı, nə ölçüləri, nə də onlardan necə
yararlanacağım başqalarını narahat eləyə bilərdi.
Pərəstiş elədiyim qadının örtüyə
bükülmüş nəşini yerləşdirdiyim həmin
sənduqənin daş səthində mən öz əllərimlə
onun "Adorata" adını və bir xaç işarəti
oydum.
Bir gecə, min bir əziyyətə qatlaşaraq, təkbaşına
o sənduqəni qonşuya aid tarlaya sürütməklə,
torpağın altına gömdüm. O yeri yadımda saxlamaqdan ötrü
isə bu dünyada sırf mənə bəlli olan şərti
nişanələr qoydum. Sonra hər axşam tək-tənha
həmin yerə gedib, mərhuməyə dualar oxudum.
Beləcə,
bir il ötdü... Bir dəfə
mən Budapeştə gedəsi oldum. Aradan ancaq iki il keçəndən sonra geri dönə
bildim və özümün ən misilsiz dəyərimi
gömdüyüm o ərazidə hansısa fabrikin inşa
olunduğunu görüncə, hansı çarəsizliyə
qapıldığımı indi siz özünüz bir təsəvvür
eləyin!
Dərd-sərdən
lap ağlımı itirmişdim, canıma qəsd etmək istəyirdim.
Ancaq bir axşam bizə təşrif buyuran
keşişimiz bildirdi ki, fabrik üçün təməl
qazılarkən torpağın altında Roma işğalı
dövründən qalma "Adorata" adlı hansısa
xristian müqəddəsinin sənduqəsi
tapılıbmış və bu qiymətli
tapıntını aparıb, bizim sadə kənd kilsəmizin
içində yerləşdiriblər. O ilk dəqiqələrdə
mən az qala məsələnin
bütün məğzini açıb, keşişə
danışmaq istəsəm də, sonra fikrimdən
daşındım, başa düşdüm ki, sənduqə
kilsədə qorunarsa, mən öz misilsiz dəfinəmi istədiyim
vaxt və istənilən qədər ziyarət eləyə
biləcəyəm. Odur ki, susdum. İçimdə şölələnən sevgi
hissi mənə deyirdi ki, dünyalar qədər sevdiyim o
qadın zatən bundan belə ona göstəriləcək o
sayqı və rəğbətə tamamilə layiq biri idi.
Mən hələ də əminəm ki, o
qadın özünün qeyri-adi gözəlliyi, misilsiz məlahəti
və onun bəlkə də ölümünə yol
açan sonsuz sevgisi ilə bu qədir-qiyməti haqq eləmişdi.
Hə, hə, o qadın nəcib, ürkək və
ismətli birisiydi, əgər amansız ölüm vaxtilə
bizi ayırmasaydı, mən mütləq onunla evlənəcəkdim.
Odur ki, mən hadisələri öz axarına
buraxdım və içimdə çağlayan sevgi hissi tədricən
dərin bir ehtiram hissinə çevrildi.
Beləcə, sevgilimi əvvəlcə mübarək zat
elan elədilər. Sonra onu seçilmiş zat, aradan əlli il
ötüncə isə müqəddəs zat elan elədilər.
Bununla bağlı təntənəli mərasimdə
iştirak etməkdən ötrü mən durub, hətta
Romaya da getdim və bu, mənim ömrüm boyu şahidi
olduğum ən misilsiz tamaşaya çevrildi!
Müqəddəs elan olunduğu andan sevgilim əlçatmaz
göylərə yüksəldi. Mən isə cənnətdəki mələklər
qədər bəxtəvər idim, qəlbimi bürüyən
çılğın və eyni zamanda qəribə bir ruh
halıyla əlüstü buraya qayıtdım ki, o müqəddəs
Adoratanın sənduqəsi qarşısında öz
dualarımı oxuyum...
Bunu deyən o bəstəboy, zövqlə geyinmiş
qoca gözləri yaşarmış halda məndən
aralandı.
Əlindəki mərcan qaşlarla bəzədilmiş əl
ağacını taqqıldadaraq irəlilədiyi zaman o, bu
sözləri aramsız təkrarlayırdı: "Müqəddəs
Adorata! Müqəddəs Adorata!.."
Giyom Apolliner
Tərcümə: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2022.- 15
oktyabr.- S.28.