Bişkekdə Hidayətin “Burdan min
atlı keçdi”
əsəri türk
dilində nəşr olunub
“Burdan min atlı keçdi”ni oxuyanlar oradan Azərbaycanın son əlli illik siyasi tarixinə, regionun coğrafi tarixindən düşüncə və ədəbiyyat tarixinə qədər xeyli məlumat ala bilərlər. Əsərin adı onun ruhunun ifadəsidir. Türkün həyatında at müstəsna rol oynayıb və yaşadığı çətinlikləri onunla yaşayıb, onunla keçib.
AZƏRTAC xəbər verir ki, bu sözlər yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Hidayətin türk dilinə tərcümə olunaraq Bişkekdəki Qırğızıstan-Türkiyə Manas Universitetinin nəşriyyatında nəşr edilən “Burdan min atlı keçdi” əsərinə həmin universitetin rektoru, qədim tarix, türk mədəniyyəti, tarixi coğrafiya və strategiya üzrə nüfuzlu ekspert, professor Alparslan Ceylanın yazdığı “Ön söz”də yer alıb.
Azərbaycan oxucusuna kifayət qədər tanış olan, ötən əsrin 60-cı illərindən bu günə qədər xalqımızın çıxdığı sınaqlardan, bu kontekstdə ancaq ölkəmizdə və Ermənistanda deyil, bütün bölgədə gedən proseslərdən bəhs edən “Burdan min atlı keçdi” memuarının bədii və tarixi dəyərindən söz açan rektor əlavə edir: “Memuar səmimi dillə yazıldığından ancaq ədəbi deyil, hadisələrin baş verdiyi dövrün mənzərəsini yaradır və bununla həm də dəyərli tarixi qaynağa çevrilir”.
Əsərdə Azərbaycan xalqının taleyüklü məqamlarında onun yanında olan, şəxsi nüfuzuna, siyasi çəkisinə görə yalnız Sovet İttifaqında deyil, dünyada nüfuzlu siyasətçilərdən və dövlət xadimlərindən biri kimi tanınaraq qəbul edilən Heydər Əliyevin xidmətlərinin bütün miqyası ilə görünməsi faktına toxunan tarixçi bunun azman tarixi şəxsiyyətlərin missiyasında zəruri hal sayır.
Kitabda yer alan “İrəvana yeddi məktub” fəslində verilən o məktubların hər birində ötən əsrin 60-cı illərinin sonlarından 1982-ci ilədək müddətdə ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanda, sonradan Ermənistan SSR adlanan nominal dövlətdə yaşayan soydaşlarımızla bağlı narahatlığı, şəxsi nüfuzundan istifadə edərək onların sosial həyatının yaxşılaşdırılması istiqamətindəki fəaliyyəti əks olunur.
Daha sonra memuarda Qərbi Zəngəzurda, ümumiyyətlə, Qərbi Azərbaycanda bu ərazilərin aborigen əhalisinə qarşı bütöv bir xalqın erməni millətçiliyi ilə zəhərlənməsinin hansı fəsadlar yarada biləcəyi vurğulanır və bununla bağlı konkret faktlar xatırlanır: “1973-cü ildə “Ararat” futbol klubu çempion olmuşdu. Məşhur erməni artisti Frunzik Mkrtçyan bu münasibətlə təşkil olunan tədbirdə çıxış etdi: “Yerdən yeni bir daş çıxartdılar. O daşın üzərində “Ararat” 1974-cü ildə dünyanın ən böyük kubokunu alacaq- yazılıbmış”,-dedi və əlavə etdi: “Bilmirəm, o daşı oraya sonradanmı qoyublar, yoxsa qədim dövrlərdən qalıb?”. Salon həyəcana gələrək uğuldadı və danışanı alqışladı. Çünki Frunzik həmin sözlərlə “Erebuni-2750”yə (Guya ermənilərin 2750 il əvvəl saldığı Erebuni şəhərinə) işarə vururdu”.
Əsərdə böyük bir xalqın son 100 ildən bəri gəldiyi, son 60 ildə yazıçı-dramaturq Hidayətin də içində olduğu hadisələr faktlarla sadalanır, bu 60 ildə lideri ətrafında birləşən xalqın onun üçün hazırlanan fəlakət ssenarisindən necə çıxdığı təqdim olunur. 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibədə qazanılan Zəfər məhz bu kontekstdən qəbul edilir. Kitabda 30 ilə yaxın müddətdə Ermənistanın işğalda saxladığı Şuşanın azad edilməsi ilə bağlı xəbəri xalqına Fəxri xiyabandan, ümummilli lider Heydər Əliyevin məzarı önündən çatdıran Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı bunu bir daha sübut edir.
Ədəbiyyat qəzeti.- 2022.- 22
oktyabr.- S.7.