140 yaşlı
çağdaşımız, yaxud böyük gələcək
Cavidin nə qədər
haqlı olduğunu sübut etdi
Məlumdur
ki, avropalaşma meyilləri, milli mədəniyyətin yeni
istiqamətdə inkişafı, bədii, fəlsəfi və
ictimai düşüncənin Qərb kontekstinə daxil olma
prosesi, Mirzə Fətəli Axunzadənin adı ilə
bağlıdır. Bu
miqyasda milli-kulturoloji oyanış, milli mədəniyyətinin
təşəkkülünü Qərb mədəniyyəti
ilə qovuşuqda görmək cəhdləri ədəbiyyatda
XX əsrin əvvəllərində Hüseyn Cavid
yaradıcılığında gerçəkləşdi və
daha çox içinə yönəlmiş "mən"in
axtarışları şəklində aparılmaqla fərqli
varlıq məqamlarına nüfuz etmiş oldu. Bu məqamlar hansılar idi? Axundov kimi, Cavid də
Şərqlə Qərbi üz-üzə qoyurdu, hətta bir
qədər irəli gedərək Qərbin səadətinin
kökündə Şərqin fəlakətinin
dayandığını qeyd edirdi: "Şərq uğraşır
yalnız "ölməyim" deyə,/Qərb
elləri maildir öldürməyə". Lakin Caviddə bu
insan xislətinin naqisliyi, iblislik sindromu ilə motivasiya
olunurdu: "İblis nədir, cümlə xəyanətlərə
bais/ Ya hər kəsə xain olan insan nədir,
iblis!"
Cavidin qəhrəmanları sələflərindən fərqli
olaraq daha çox düşünən qəhrəmanlar kimi
maraqlı idilər. Onlar dünya işlərinə qarışır, onun
sahmanına qarşı öz iç əzablarını
qoyurdular. Diqqət edək... Şeyx Sənan
öz fərdi duyumu formalaşandan sonra kamil dünya fəlsəfəsinə
qoşulanlardan biri kimi görünür. Xəyyam
öz idrak çeşməsilə profanlığa meydan
oxuyur, Peyğəmbər elmin və əqlin gücünü
hər vəchlə təlqin eləməyə
çalışır. Cavid bu "yerlə
çarpışıb, göylə əlləşən",
səmavi düşüncəli, ovqatlı, hallı-ruhlu qəhrəmanları
ilə əslində, Azərbaycan ədəbiyyatının
ruhsal harmoniyasını yaratmağa xidmət edirdi. Yenilik - milli ədəbiyyatın dəyərlərinin
dünya təcrübəsi ilə sintez edildiyi təqdirdə
yaranır. Cavid dramaturgiyası bu sintez işinə
yalnız süni texnologiyalar tətbiqi ilə yanaşmır,
dünya ədəbiyyatı faktorunu, kontekstini yaşam şəklində
- həzm edərək verirdi. Bu mətnlər milli ədəbiyyatımızın
ictimai-fəlsəfi və ədəbi-bədii ənənələri
üzərində gəlsə də, davamını dünya
mədəniyyəti sferasına qoşulmaqda tapırdı. Bu mənada, Cavid yaradıcılığını
böyük bir ədəbi hərəkatın
başlanğıcı sırasında almaqdan daha çox,
onu dünyada gedən qlobal-mənəvi, ictimai-fəlsəfi
hadisələrin nəticəsi kimi almalıyıq. Zamanı gəlmiş, əsr daşan enerjisini daha
bir istedadın simasında əyaniləşdirməyə
fürsət tapmışdır. Bu dəfə seçilmiş
dahi Cavid idi...
Hər bir əsər bizim Tanrı, insan, təbiətlə
bağlı təsəvvürlərimizin
sınırlarını genişləndirməyə xidmət
eləyir. Cavidin əsərləri bu təsəvvürləri
dünya hüdudlarında gəzişdirəcək qədər
potensiala malikdir. Ona görə yalnız
milli və Şərq hadisəsi olan digərlərindən fərqli
olaraq Cavid həm də dünya ədəbiyyatı
faktıdır.
Etiqad, əxlaqü
adət, hər nə var...
Həp
kökündən qaldırın divanəvar...
Həp
qırın, həp çeynəyin, həp məhv edin,
Heç zərrə yox, bir müvəssət səhv
edin.
Bütün yeniliklərin - yeni düşüncənin,
yeni əxlaqın, yeni sənət nəzəriyyələrinin
dünya ilə dialoqu belə başlayır. Deyilişin
tonu, münasibətin tipi o səviyyəyə çatır
ki, şeir deklamasiya çərçivəsindən
çıxır, alt qatdakı dərin məzmunun üzə
çıxmasına yardımçı olur. Bir tərəfdə irəli getməyə qoymayan
donuq, ehkamlaşmış düşüncənin tənqidi,
digər tərəfdə heç kəsə sırımaq
istəmədən şerə gətirilən genişlik, onu
öz kölgəsi üstündən uçmağa
qanadlandıran üsyan. Bu "ikimərtəbəlik"
Cavidin demək olar ki, bütün
yaradıcılığını qapsayır, hadisəyə,
təsvirə münasibətində üzə
çıxır.
Şairin
əsərlərində yeniləşən dünya və
"mən" obrazının fərqli inikası,
deformasiyaya uğramış, ənənəvi məzmununu
itirmiş yaddaş lövhələrinə yeni dil və boya
qatmaq cəhdi var. Cəmiyyətə və dünyaya kəskin
münasibət, həyat hadisələrinin prozaik işarələrlə
mənalandırılması, epizmə meyl, sərt dramatizm,
hadisəçilik, süjetlilik, kəskin pafos, ironiya - Cavidin
dramaturgiyasına gəlməzdən öncə şeirlərində
sərgilənir. Bu şeirlər istər qrafik,
istər struktur, istərsə də obrazlar sistemi
baxımından modernist forma axtarışları ilə diqqəti
çəkir. Bu, həm
zamanın ardınca gətirdiyi dalğanın təzahürü
olaraq, həm də Cavidin təhsil aldığı, - İstanbul ədəbi
mühitinin təsiri altında meydana
çıxmışdır.
Biz hələ də tarixin açılmamış qatlarına,
oxunmamış səhifələrinə istinad edib həmin
dövrdə ədəbi cərəyanların
funksionallığından o qədər də əminliklə
bəhs edə bilmirik. Amma qatlar açıldıqca, səhifələr
çözülüb "ağ ləkələr"
silindikcə əsr bizi
düşünməyə sövq edir: doğrudan da, necə
ola bilər ki, Fransanın Sarbon Universitetini bitirən Əhməd
Ağaoğlu, Peterburq Universitetini bitirən Əli bəy
Hüseynzadə, İstanbul darülfünununda təhsil alan
Hüseyn Cavid dünya proseslərinə, onun mədəniyyətinə,
ədəbiyyatına bu qədər dərindən bələd
olub həmin cərəyanlardan xəbərsiz qalsın,
onlardan təsirlənməsin... Və tək onlar deyil, XX əsrin
əvvəllərində yazıb-yaradan əksər
aydınımız bu cür dünya elminə açıq, Qərb
mədəniyyətinə vaqif biriləri idilər. Dünya ədəbiyyatından tərcümələr
edən, onlarda gedən bütün yenilikləri milli ədəbiyyata
gətirməyə meylli olan bu münəvvərlər həmin
ərəfədə qaynar dövrünü yaşayan Avropa cərəyanlarına
biganə qala bilərdilərmi?! Təbii
ki, yox. Bunu meydanda olan faktlar, bu faktların
yer aldığı ilk mötəbər mənbə - Cavid
haqqında ən dəyərli monoqrafiyanın müəllifi
olan Azər Turanın "Cavidnamə"si də sübut
edir. Ümumiyyətlə, XX əsrin əvvəllərində
yazıb-yaratmış şairlərimizin, özəlliklə
romantik düşüncə sahiblərimizin
yaradıcılığı onlarda bir sıra cərəyanların
funksionallığından danışmağa əsas
verir. Bu barədə yekdil nəzəri
yanaşmalar elmi dövriyyəyə daxil olduqca həmin sahədəki
boşluqlar da aradan qalxacaq, milli modernizmə cəhdlərinin
XX əsr hüdudunda gəzişən poetik palitrası bütün
boyası və əlvanlığı ilə görünəcəkdir.
Bu dövrdə dünya ədəbi-fəlsəfi
fikirdə çevriliş yaradan yazıçıların mətn
içində qoyduqları Sirrin dərinlərinə enib ordan
milli ədəbiyyatın üst qatlarına
çıxırdı. Əslində, bu
heç üst qat da deyildi ki?! Nə qədər
dərin olmasını yəqin ki, sənətkarı
sürgünə göndərən rejim ilk olaraq daha
yaxından hiss eləmişdi. Bu
günün kontekstindən isə Cavid
yaradıcılığı sonsuzluğa qədər
açıla bilir və ardından bütöv bir tarix
sırasını, dünya insanının faciəsinin səbəblərini
çözməyə stimul verən nəsnələr
buraxır.
Cavid əsərlərində insan daha sərt və
qatı konfliktlər sisteminə adlayır. Ona görə
bu əsərlərdəki insanlardan yalnız milli
düşüncə, ədəbiyyat faktı kimi
danışmaq birtərəfli yanaşma olardı. Bu qəhrəmanlar mənəvi-sosioloji-fəlsəfi-psixoloji
yaşam halı ilə daha çox XIX əsr hadisələrinin
yetirdiyi insanlar kimi "yüklənmiş"
görünürlər. Yüngül mövzular, bəsit
ictimai-mədəni təsisatlarla silahlanmış sovet
düşüncəsi isə görünür belə bir
"yükü" çəkməyə özündə
güc (oxu: cəsarət) hiss eləmirdi. Çünki Cavid obrazlarının
düşüncə sistemini elə paradiqmalar müəyyənləşdirirdi
ki, onları sovet dövrünün elmi-nəzəri
yanaşmaları, estetik mündəricəsilə, qapalı
kulturoloji struktur sistemlərlə araşdırmaq
mümkün deyildi. Yalnız 60-cı illərdən
başlayaraq mətn oxunuşu və bununla bağlı
funksionallıq qazanan
nəzəri postulatlar ədəbiyyatşünaslıqda
ədəbi fakta, ədəbi prosesə yanaşmada dominanta
çevrildikcə, müasir dünyanın qavrama və dərketmə
prosesini idarə etməyə başlayan universal baxış
sistemləri düşüncə strukturumuza daxil olduqca bu
yöndə konseptual tədqiqatlar aparmaq mümkün oldu. Ədəbiyyatşünas-alim Məmməd Cəfərin
"Hüseyn Cavid" monoqrafiyası bunun nəticəsi
olaraq meydana gəldi. Amma bu dövrdə
belə biz əsl Cavidi görməyə müvəffəq
olmuruq. Mərhum alim Cəlal Qasımov "Ədəbiyyat
qəzeti"nin "Repressiya gizlin və gerçəkləri
ilə" adlanan "Müzakirə saatı"nda belə
bir ibrətamiz fikir səsləndirmişdir: "Bəraət
dövründə - 56-cı ildən sonra udanlar və uduzanlar
oldu. Fikrimcə, Cavid uduzanlar siyahısındadı, Ruhulla Axundov, Vəli
Xuluflu isə udanlar. Yəni, Cavid 37-də
güclü idi, yoxsa 56-da? 37-də Cavid
türkçü kimi, turançı kimi böyük idi.
56-da isə ona bir sovet mundiri geyindirib
kiçiltdilər. "Cavid və oktyabr
inqilabı" adlı yazılar yazıldı. Əlbəttə, o dövrdə Cavid bəraət
almasaydı 4 cildliyi çıxmayacaqdı, haqqında
danışılmayacaqdı, dərsliklərə düşməyəcəkdi,
haqqında monoqrafiyalar yazılmayacaqdı. Lakin
bütün bu proses onun dilinə, üslubuna toxunulmaqla həyata
keçdi. Məncə, bu reabilitasiya Cavidin sovet
hökümətindən intiqamı deyildi. Sistemin özünün özündən intiqamı
idi. Cavidin bəraəti
onun Sibirdən dönüşü ilə başladı.
Cavidin dönüşü əslində Cavidə
dönüşün başlanğıcı oldu. Nə
idi Cavidə
dönüş? Cavidə dönüş
türkçülüyə dönüş, turan əxlaqına
dönüş, Cavidə dönüş sufi təfəkkürünə
dönüş, mili-mənəvi əxlaqi dəyərlərə
dönüş idi".
Bəli,
sosialist realizminin zorən tətbiqi bütün başlanan prosesləri
yarımçıq qoymaqla bahəm, xalqın milli
oyanış əzminə güclü zərbə vurdu. Bir tərəfdən, yaşadığı iki
dünya müharibəsinin fəci nəticələri, digər
tərəfdən, rejimin antimilli təbliğat kompaniyası
xalqı öz kökündən, milli kimliyindən,
keçmişindən, tarixi statusundan məhrum etmək siyasəti
Azərbaycan insanını dünya müstəvisində təklənməsinə
gətirib çıxardı. Öz genetik
kodu və milli müəyyənliyi ilə bağlı
düşüncələrinin bədii mətnə
köçürülməsinin qadağalarını
yaşaması, həmçinin dünya məkanında gedən
proseslərdən təcrid olunaraq qapalı məcrada fəaliyyət
göstərməsi ona sosial statusunu fərqləndirmə və
fərdiləşdirmə imkanı vermədi. Cavidin poemaları başlanğıcını
türk dastanlarından, türk ortaqlığından
götürərək sanki bir mesaj səciyyəsi
daşıyırdı. Xalqın genetik
bağlılığı olan bir toplumu var, qəhrəmanı,
yaratdığı tarixi səhifələri var. Cavid öz
dramlarında bu birliyi realizə etməyə, tarixi öz
varlığında mətnlərə gətirməyə
başladı. Bu, ilk növbədə,
yaradıcı insanda fərdi özünüdərk amilinin
güclənməsi, dünyanı və insanı görmə
bucağının dəyişməsi və yeni dəyərlər
sistemi kontekstində düşüncə axtarışı
ilə əlaqədar idi. Böyük gələcək Cavidin nə qədər
haqlı olduğunu sübut etdi. Cavid Azərbaycan
dramaturgiyasına türk düşüncəsinin, ondakı
epos təfəkkürünün imkanlarını,
potensialını gətirdi.
Həmçinin özünün
yenilikçi meyillərində əsrin ideya qaynaqlarını
tapa, əsaslandıra bildi. Şairin
yaradıcılığını qapsayan
çöküş fəlsəfəsi davamını əsrin
sonlarında xələflərinin dünyaduyumunda tapdı.
Cavid şerinin fəlsəfi siqləti
çözümsüz kədəri obraz səviyyəsinə
qaldıran, diqqəti və düşüncəni toplumdan fərdə
yönəltməyi ehtiva edən cəsarətində və
bir qədər də...
çaşqınlığındadır. "Təməddünün
sonu vəhşətmidir, nəmidir, əcəba?" - bu sual əsr vaqeələri
qarşısında Cavid zəkasının heyrət
nidası kimi necə ərsəyə gəlmişdisə,
dünyanın çağımızadək
düşündüyü başlıca məsələ
olaraq qalır.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.8.