Hüseyn Cavidin
türkcəsi
Elmi araşdırma
Orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən başlayaraq tarix səhnəsinə çıxan türk dilləri XX əsrin əvvəllərində artıq həm norma, həm də funksional üslub miqyaslarında öz müstəqilliklərini kifayət qədər aydın şəkildə nümayiş etdirsələr də, məlum səbəblərdən gecikmiş (həmin dövrdə isə bütün parlaqlığı ilə təzahür edən!) türkçülük ideologiyası türklər üçün ümumi (və mükəmməl) bir ədəbi dilin axtarışında idi. Azərbaycanda bu axtarışlara istiqamət verən "Füyuzat" jurnalı yazırdı ki, "hüdudi-Çindən Ağ dənizə qədər bütün türklərin şükufeyi-ruhi olacaq bir ədəbiyyati-qərrə vücudə gətirilməsi zamanı gəlmişdir. Bunun üçün də Osmanlı, Krım, Qafqas, Qazan, Mavəraünnəhr və ilax. türklərin mətbuat vasitəsilə bir təmasi-daimiyi-fikir halında buluşması, yekdigərinin təkamülat və tərəqqiyati- lisaniyyəsini təqib etməsi əlzəmdir". "Füyuzat", nəticə etibarilə, İstanbul ləhcəsini türklərin ədəbi ünsiyyətini təmin edəcək ən münasib vasitə sayırdı... Türkçülüyün gec də olsa bir milli ideologiya kimi meydana çıxıb türk xalqları arasında mənəvi, ictimai, siyasi inteqrasiyaya təkan verməsi nə qədər mütərəqqi hadisə olsa da, dil diferensiasiyasının qarşısını almaq cəhdləri, ən "gözqamaşdırıcı" ümumi ədəbi dil təkliflərində belə, özünü doğrultmurdu. Halbuki təklif olunan dil "nümunə"si ("Füyuzat"ın dili!) də göstərirdi ki, Vaqif-Zakir-Mirzə Fətəli xətti ilə gəlişmiş bir ədəbi dil təcrübəsi qarşısına bu cür hər cəhətdən yad "nitq texnologiyası"nı çıxartmaq (və bunun qəbul ediləcəyini güman etmək) də absurd idi.
Lakin Əli bəy Hüseynzadə başda olmaqla bütöv bir yaradıcı nəsil ? romantiklər öz Osmanlı məsləkdaşlarının ardınca mümkünsüzü mümkün etməyə çalışdılar. Və maraqlıdır ki, 20-ci, 30-cu illərin ictimai-siyasi konyukturası - Azərbaycan SSR-lə Türkiyə Cümhuriyyətinin müvəqqəti yaxınlaşması bir müddət bu meyli o dərəcədə müdafə elədi ki, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza ilə başlayan yeni poeziya da bəzən İstanbul ləhcəsində "danışmağ"a cəhd göstərdi.
Adətən Məhəmməd Hadi, Hüseyn Cavid və Abbas Səhhətin dil-üslubunu müqayisə edirlər. Və bir qayda olaraq göstərirlər ki, bu üç şairin öz romantik ideallarına münasibətində olduğu kimi, bədii ifadə texnikalarında da əhəmiyyətli fərqlər vardır. Görünür, Abbas Səhhət dil-üslubu etibarilə daha çox azərbaycançıdır, Məhəmməd Hadidə osmanlıcanın ərəb, Hüseyn Caviddə isə osmanlıcanın türk (İstanbul ləhcəsi) yönü güclüdür.
Cavid 30 yaşlarında, yəni şair kimi formalaşdığı illərdə belə bir dil tipologiyasına yiyələnmişdi:
Bütün ətrafı sarmış bir məlal,
ağlar, cahan ağlar.
Könül məhzun, hava məhzun,
günəş məhzun, səma məhzun.
Cahan bir qətlgah olmuş,
aman yox zülmü vəhşətdən,
Bu insan məzbəhindən
kimsə çıxmaz, kimsə qurtulmaz.
Könüllər qan, çiçəklər qan,
bütün çöllər, çəmənlər qan,
Dənizlər qan, buludlar qan,
hava qan, iştə hər yer qan.
Və bu dil 20-ci illərdə müxtəlif üslubi maneraları ilə artıq onun yaradıcılıq metodunun o dərəcədə üzvi tərkib hissəsi idi ki, ruhuna doğma olan mövzuları başqa bir dillə nəzmə çəkib istədiyi ideya-estetik məqsədə çata bilməzdi.
Cavidin türkcəsini əsrin 10-cu illərində "Ana", "Maral",
"Şeyx Sənan",
"Şeyda",
"Uçurum",
"İblis";
20-ci illərində "Peyğəmbər", "Topal Teymur", "Knyaz", "Telli saz"; 30-cu illərində
"Siyavuş",
"Xəyyam",
"Şəhla", "İblisin intiqamı" dramları, "Azər" poeması təmsil edir.
Əlbəttə, bu zəngin yaradıcılığı
hər hansı bir dil-üslub təkamülündən kənarda
təsəvvür etmək
çətindir... Ancaq müşahidələr
göstərir ki, bu, keyfiyyət fərqləri yarada biləcək bir təkamül deyil. Şairin son dil təcrübələri
əvvəlkilərdən çox
da seçilmir. Məsələn, "Azər"dən
bir parça:
Azər
düşünür dalğa
keçərkən
Birdən-birə həp dalğalı,
həp şən
Bir vəlvələ qopdu,
Bir fırtına,
bir zəlzələ qopdu.
Sarmışdı bütün ölkəni
heyrət,
Lakin...
Çox üzdə gülümsərdi
şətarət.
Hər nəşəli gəncin
Ruhunda açılmışdı çiçəklər,
Coşmuşdu diləklər.
...Sıyrıldı günəş
sisli buluddan
Hər kəs süzüyorkən onu heyran.
Parlarkən üfüqlər
Birdən-birə çarşaflar atıldı,
Həp coşdu
nütüqlər.
Erkəklərə meydan oxunurkən
Onlar da qatıldı.
Çarşaf kimi qalpaq da yox olsun...
deyə birdən
Erkək
və qadın dalğalanıb gurladı,
coşdu,
Məbədlərə qoşdu...
Şeirin ritmində, intonasiyasında
20-ci, 30-cu illərin "üsyankar"
əhval- ruhiyyəsi açıq-aydın görünür. O illərdə
Səməd Vurğunun,
Rəsul Rzanın, Mikayıl Müşfiqin şeirlərinə də
həmin əhval-ruhiyyə
hakim idi (bütün süniliyi ilə birlikdə) ... Ancaq məsələ burasındadır
ki, bu "üsyankarlıq" çox
da davam eləmədi...
Cavidin türkcəsini 20-ci illərlə
30-cu illərin qovuşağında
elmi dilçilik təfəkkürü necə
dəyərləndirmişdi?.. Ən böyük
dilçimiz professor Bəkir
Çobanzadə Azərbaycan
ədəbiyyatında üç
dil cərəyanı
olduğunu göstərir:
1) mollanəsrəddinçilərin dili, 2) Hüseyn Cavid kimi bəzi
ədiblərin dili,
3) bir tərəfdən,
canlı danışıq;
digər tərəfdən,
klassik ədəbi ənənələrlə bağlı
ədiblərin dili...
Hüseyn Cavidin adı ilə bilavasitə bağlı olan cərəyanla əlaqədar
olaraq deyilir ki, bu dil
"daha artıq İstanbul ədəbi şivəsinə bağlıdır. Dil etibarilə Azərbaycan ləhcəsinin xüsusiyyətlərini
çox az əks etdirən və digər tərəfdən, Azərbaycanın
bir neçə yüz illik klassik ədəbiyyatının
dili ilə zəif bir surətdə
bağlı olan bu ikinci qrup
mühərrirlərin (mollanəsrəddinçilərdən
sonrakılar nəzərdə
tutulur - N.C.) dilinin də Azərbaycan ədəbiyyatının ümumi
inkişafında öz
rolunu oynayacağına
şübhə olunmaqla
bərabər, nəhayət,
Azərbaycanda yeganə
ədəbi dil olaraq yerləşə biləcəyini zənn etmək mümkün deyildir".
Professor Bəkir Çobanzadə üçüncü cərəyanın
perspektivli olduğunu göstərir ki, əslində, təcrübəli
mütəxəssisin belə
bir qənaətə gəlməsi tamamilə təbii idi... Hər şeydən əvvəl ona görə ki, türk dillərinin
diferensiasiyası prosesi
yerli şivələrlə
mövcud klassik ədəbi dil ənənələrinin "dialoq"una
əsaslanırdı. Nə qədər yaxın olsa da, hər hansı
digər türk ədəbi dilini (bu halda Anadolu
türkcəsini) "idxal"
edib yerli klassik ədəbi ənənə ilə yanaşı, yeni formalaşmış danışıq
dili təmayüllərinə
qarşı qoymaq özünü doğrulda
bilməzdi. Bu isə o deməkdir ki, Cavidin türkcəsi
tarixdə əvvəl
mənsub olduğu ədəbi cərəyana,
sonra isə şairin təkrarsız yaradıcılıq dühasına
xidmət etmiş özünəməxsus bir
dil fenomeni olaraq qaldı.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2022.- 22
oktyabr.- S.11.