Hüseyn Cavid dühasının çağdaşlığı

 

Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin baş direktoru Gülbəniz Babaxanlı ilə müsahibə

 

- Gülbəniz xanım, istərdim ki, Hüseyn Cavid fenomeninin ən ümumi cəhətlərinə çağdaş insanımızın nəzər nöqtəsindən baxaq, onun uşaqdan tutmuş böyüyə qədər - hamı tərəfindən bu qədər ehtiramla anılmasının sirrini anlayaq.

- Düşünürəm ki, ədəbiyyatımızın üfüqlərində əbədiyyət günəşi kimi parlayan Cavid əfəndi təkcə bənzərsiz sənətkarlığı, əsərlərinin fəlsəfi siqləti, poetik çalarlarla zəngin lirikası ilə oxucuları məftun etməmişdir, o həm də öz mövqeyi, şəxsiyyəti, keşməkeşli həyatı ilə mübarizlik, dönməzlik simvoluna çevrilmişdir. Elə buna görədir ki, Hüseyn Cavidin təxəyyülündə yoğrulan vətənpərvərlik-əqidə-humanizm paradiqması illər sonra real həyatda nümunəviləşmiş, Cavid yaradıcılığının işığında yetişən nəsillər zülmü, şəri dəf edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ Zəfəri çalmış, qalib xalqın simasına çevrilmişdir. Ulu öndər Heydər Əliyev hələ çox illər əvvəl müasir insanımızın qazanacağı bu kimi qələbələrə işarə edərək nahaq yerə demirdi ki, Hüseyn Cavidin  bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olmuşdur, onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çatdırmışdır.

Bilirsiniz, Hüseyn Cavidin yaradıcılığı ilə şəxsiyyəti bir-birini o qədər tamamlayır ki, ədibin həyatında onun əsərlərinin izlərini, əsərlərində isə həyatının inikasını görmək olur. Ədəbiyyat təxəyyül sənəti olsa da, Cavid əsərlərinin sehrinə düşəndə hiss edirsən ki, onun fikri, sözü bədii xəyalpərəstliyin sərhədlərini çoxdan aşmış və bir növ milli kimliyimizi qorumaq naminə çağırışa çevrilmişdir. Hüseyn Cavidin şəxsiyyəti də, yaradıcılığı da saxtakarlıqdan, yalandan, yaltaqlıqdan uzaqdır. Məncə, onu bu qədər sevdirən, oxunaqlı edən də məhz bu məziyyətidir.

- Zənnimcə, Hüseyn Cavid əsərlərinin və ideyalarının yaşamasında, çağdaş beyinlərə çatdırılmasında, sevilməsində onun qızı Turan Cavidin də böyük zəhməti olmuşdur. Bir vaxtlar Cavidlərin yaşadığı mənzilin sonradan ulu öndər Heydər Əliyevin qayğısı ilə Hüseyn Cavidin Ev- Muzeyinə çevrilməsi də Turan xanımın adı ilə bağlıdır. Elə bu barədə də danışmağınızı istərdim. 20 yaşlı ev-muzeyin fəaliyyəti nə yerdədir, bu illər ərzində nələr dəyişib?

- Siz elə böyük şəxsiyyətlərin adlarını çəkdiniz ki, onlar qəlblərdə yaşayan Hüseyn Cavidin tanınması, mənəvi bəraəti, öyrənilməsi, xatirəsinin əbədiləşdirilməsi üçün təkcə müasir deyil, gələcək nəsillərin də xatırlayacağı möhtəşəm işlər görüblər. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşinin Vətənə qaytarılması, Naxçıvanda məqbərəsinin inşa edilməsi, dəfələrlə yüksək səviyyədə yubileylərinin qeyd olunması, Bakıda ev-muzeyinin yaradılması, Turan xanım tərəfindən isə ev-muzeyinin fəaliyyətinin inkişafı, ağır zəhmət bahasına Cavidin orijinal imlalı seçilmiş əsərlərinin çapı və s. -  bütün bunlar Hüseyn Cavidin ruhuna ən böyük ehtiramdır. Biz də həmişə çalışırıq ki, bu ənənəyə sadiq qalaq, ehtiramı qoruyub saxlayaq, Cavidin adına layiq işlər görək.

İşimizi əsasən, üç istiqamətdə qurmuşuq: birincisi və ən vacibi Cavidlərin həyat və yaradıcılığı ilə bağlı eksponatların toplanılması və lazımi səviyyədə qorunmasıdır. İkinci istiqamət həmin irsi tədqiq etmək, tədqiqatın nəticələrini elmi tədavülə buraxmaq və bu sahədə mütəxəssislər yetişdirməkdir. Və nəhayət, üçüncü istiqamət ölkədə və ölkə xaricində Hüseyn Cavid irsini təbliğ etməkdir...

Muzeyin tədqiqat fəaliyyətlərini də məhsuldar hesab etmək olar. Bu illər ərzində Cavidlərin həyat və yaradıcılığının öyrənilməsinə istiqamətlənmiş onlarca tədqiqat işi və bu tədqiqatların nəticəsi kimi meydana çıxmış kitablar, "Cavidşünaslıq" kimi dəyərli toplular, məqalələr və s. dediklərimin sübutudur. Hüseyn Cavid əsərlərinin yeni nəşrlərini, 30 cildlik "Cavidşünaslıq" toplusunu, onlarca monoqrafiyalarımızı, Ərtoğrol Cavidin yaradıcılığı ilə bağlı silsilə materialları, o cümlədən "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyini, "Ərtoğrol Cavid. Musiqi əsərləri" not kitabını, "Turan Cavid - ömür salnaməsi" kimi möhtəşəm əsərləri və s. vərəqlədikcə bu illər ərzində çəkdiyimiz zəhmətin bəhrəsini görə bilərsiniz.

O ki qaldı Hüseyn Cavid irsinin təbliği məsələsinə, deyə bilərəm ki, bu sahədə gördüyümüz işlər muzeyin fəaliyyətində ən vacib yerlərdən birini tutur. Biz təbliğat işini həm ənənəvi, həm də müasir üsullarla aparırıq.

- Cavid əfəndinin dünyada təbliği məsələsinə toxundunuz və dediniz ki, nəşrlərinizi xarici kitabxanalara da göndərirsiniz. Bilirəm ki, son zamanlar xaricdəki diasporumuz da Hüseyn Cavidin təbliği ilə bağlı xeyli işlər görür, müxtəlif ölkələrdə ədibə heykəllər qoyulur, əsərləri oynanılır və s. Sizcə, bütün bu fəaliyyətlər Hüseyn Cavidin zəngin bədii bioqrafiyasını lazımi qədər tanıtmaq üçün kifayətdirmi?

- Məncə, Hüseyn Cavidin tanıtımı üçün nə qədər iş görsək, yenə azdır. Əlbəttə, yaxşı olar ki, ədəbiyyatımızın inkişafı, təbliği naminə bundan da artığına nail olaq.

Siz dediniz, ona görə bir daha aydınlıq gətirmək istəyirəm ki, bizim xarici kitabxanalara göndərdiyimiz kitablar ancaq ana dilində olan kitablar deyil. Biz xaricə Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı başqa dillərdə hazırladığımız nəşrləri də göndəririk. Məlumat üçün bildirim ki, son 5 ildə Hüseyn Cavidin bir çox əsərlərini 15-dən artıq xarici dilə tərcümə etmişik. İndi Cavidin əsərlərini rus və türk dilləri ilə yanaşı, ingilis, fransız, macar, çex və başqa dillərdə də oxumaq mümkündür. Məsələn, bu yaxınlarda "Topal Teymur"u ilk dəfə ingilis və rus dillərində hazırlayıb çap etdirdik və Türkiyə, ABŞ, Fransa, Rusiya, Almaniya kitabxanalarına yolladıq. Bu gün həmin kitabxanaların elektron kataloqu vasitəsilə "Topal Teymur" əsərinə xeyli sayda müraciətlərin olunduğunu görəndə, anlayırıq ki, zəhmətimiz hədər getməyib.

Onu da deyim ki, biz Cavidi xarici dillərə çevirib həmin əsərləri kitab şəklində yaymaqla işimizi bitmiş hesab etmirik. Bununla yanaşı, Hüseyn Cavidlə bağlı həm Azərbaycanda, həm də xaricdə beynəlxalq konfranslar təşkil edirik, nüfuzlu elmi jurnallarda məqalələrimiz nəşr olunur. Xarici ölkələrdəki səfirliklərimiz, mədəniyyət mərkəzlərimiz vasitəsilə universitetlərdə Hüseyn Cavid auditoriyaları, Hüseyn Cavid mərkəzləri yaradılıb. Məsələn, ötən il oktyabr ayında böyük mütəfəkkirin doğum günündə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığımız sayəsində Qaraqalpaqıstanın nüfuzlu ali təhsil ocağı olan Nukus Dövlət Pedaqoji İnstitutunda Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı oldu. Bu istiqamətdə işlərimiz uğurla davam edir.

- Gülbəniz xanım, bir müddət öncə Prezidentin fərmanı ilə Hüseyn Cavidin ev-muzeyi AMEA-nın balansından çıxarılaraq, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi. Bu dəyişiklikdən nə gözləyirsiniz? Məsələn, qeyd etdiyiniz ənənəvi elmi işlərinizi davam etdirəcəksinizmi?

- AMEA-nın strukturunda edilən dəyişiklik ölkədə elm və təhsil sahəsində aparılan islahatların bir parçasıdır. Hüseyn Cavidin ev-muzeyinin Mədəniyyət Nazirliyinin tərkibinə verilməsi isə idarəetmənin təkmilləşdirilməsi məqsədi daşıyır. Muzeyimiz hansı qurumun tabeçiliyində olmasından asılı olmayaraq, biz öz işimizi muzeyin fəaliyyət istiqamətinə uyğun görürük. Hər zamankı kimi gələcəkdə də H.Cavid və ümumiyyətlə Cavidlər ailəsinin irsini lazımınca qoruyacaq və təbliğ edəcəyik. Elmi fəaliyyətimizin davam etdirilməsi məsələsinə gəlincə bildirməliyəm ki, muzeyin əməkdaşlarının böyük qismi elmi işçidir. Biz bu vaxta qədər bir çox elmi tədqiqat layihələrini həyata keçirmiş, "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyini, "Cavidşünaslıq" elmi araşdırmalar toplusunu məhz tədqiqat layihələri çərçivəsində nəşrə hazırlamışıq. Bu sahədə hələ işlərimiz davam edir. Düşünürəm ki, Mədəniyyət Nazirliyinin tərkibində olmağımız muzeyin bu istiqamətdə fəaliyyətinə də müsbət təsir göstərəcək. Nazirliyin həyata keçirəcəyi yeni elmi-mədəni layihələrə biz də bir muzey olaraq cəlb olunacağıq.

- Məsələn, elə bayaq adını çəkdiyiniz "Cavidşünaslıq" toplusu... Məncə, belə bir çoxcildliyi tərtib etməklə, siz Hüseyn Cavid üzrə araşdırmalar üçün çox zəngin biz mənbəşünaslıq bazası formalaşdırmısınız.

- Tamamilə razıyam və işimizə verdiyiniz bu dəyərə görə Sizə təşəkkür edirəm. 30 cildlik "Cavidşünaslıq" araşdırmalar toplusunu tərtib etməklə, Hüseyn Cavidlə bağlı zəngin məlumat bazası formalaşdırmışıq. 1912-ci ildən bəri müxtəlif nəşrlərdə, o cümlədən monoqrafiya, qəzet və jurnallarda Hüseyn Cavidin bədii irsi ilə bağlı işıq üzü görmüş yazıları bir araya toplamışıq, ağır mənbəşünaslıq, mətnşünaslıq fəaliyyəti aparmışıq. Saysız-hesabsız arxivləri, mənbələri, o cümlədən kitab, qəzet və jurnalları bir-bir təftiş etmişik, oradan Cavid yaradıcılığına aid olan hissələri seçib bir araya gətirmişik...

- Gülbəniz xanım, qarşıdan Hüseyn Cavidin 140 illik yubileyi gəlir. Yəqin ki, bununla bağlı cavidsevərlərin muzeydən müəyyən gözləntiləri var. Bu istiqamətdə nə kimi işlər görürsünüz?

- Bildiyiniz kimi, Hüseyn Cavidin 125, 130, 135 illik yubileyləri ilə bağlı Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları olub. Cənab Prezidentin 24 sentyabr 2022-ci il tarixdə imzaladığı  "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncam da dövlət başçısının böyük mütəfəkkir sənətkarın şəxsiyyətinə və yaradıcılığına olan qayğıkeş münasibətinin növbəti göstəricisidir.  Biz də öz növbəmizdə bu diqqət və qayğıya görə ölkə rəhbərinə öz dərin minnətdarlığımızı bildiririk.

Məsələn, ilin əvvəlində "Cavidşünaslıq" çoxcildliyinin son 10 cildi də hazır olduqdan sonra bütövlükdə 30 cildin təqdimatını keçirmişik, Beynəlxalq Türk Akademiyası ilə birlikdə "Eyni amal uğrunda ortaq taleyi bölüşənlər - Əhməd Baytursunlu, Hüseyn Cavid və Əhməd Cavad" mövzusunda beynəlxalq elmi konfrans təşkil etmişik. 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan edilməsi və yubileylə əlaqədar Hüseyn Cavidin "Ana" mənzum dramının Şuşa Dövlət Musiqili Dram Teatrında yeni quruluşda səhnələşdirilməsinin təqdimatını keçirmişik. Eyni zamanda, Birləşmiş Ştatlar - Azərbaycan Ticarət Palatasının Vaşinqtondakı inzibati binası üzərində Hüseyn Cavid barelyefinin vurulması ilə əlaqədar olaraq aidiyyatı təşkilatlara ədibin həyat və yaradıcılığı ilə bağlı informasiya dəstəyi göstərmişik. Barelyefin müəllifi heykəltəraş Kamran Əsədov muzeyin fondunda mühafizə olunan materiallardan, fotolardan istifadə edərək şairin realistik əksini yarada bilib.

Bir müddət əvvəl isə "Cavid hikməti - seçilmiş aforizmlər" və rus dilində "Quseyn Djavid. İzbrannıe pğesı" adlı kitablarımız işıq üzü görüb. İkinci kitabı Beynəlxalq Türk Akademiyası ilə birlikdə buraxmışıq. Amma əlbəttə, yubiley münasibətilə görəcəyimiz əsas işlər hələ qabaqdadır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə "Hüseyn Cavid sənəti: ideallar və müasir dövr" adlı Beynəlxalq elmi konfrans keçirməyi planlaşdırırıq.

Bundan başqa, "Hüseyn Cavid və sənəti", "Hüseyn Cavidin fəlsəfi irsinin tədqiqi", "Hüseyn Cavidin linqvopeotikası" monoqrafiyalarını, Muzeyin izahlı kataloqunu, "Hüseyn Cavid: həyat və sənət yolu" adlı biblioqrafik göstəricini nəşr etdirmək istəyirik.

- Yeri gəlmişkən, bildiyim qədər, Məmməd Cəfərin "Hüseyn Cavid" monoqrafiyasını da latın qrafikasında nəşr etdirmisiniz. "Cavidşünaslıq"ın bəzi cildlərində isə Qulam Məmmədlinin "Cavid salnaməsi"ni latın qrafikasında, belə demək mümkünsə, yenidən canlandırmısınız.

- Bəli, düz vurğuladınız. Muzey artıq illərdir ki, həm əski əlifba ilə, həm də kiril qrafikası ilə nəşr olunmuş Cavidşünaslıq materiallarını - görkəmli cavidşünasların əsərlərini, monoqrafiyaları və elmi-populyar nəşrləri, H.Cavidlə bağlı xatirələri müasir əlifbaya transliterasiya edərək nəşr etdirib. Biz bununla da kifayətlənmirik, mühüm Cavidşünaslıq materiallarını da dünyanın aparıcı dillərində nəşr etdiririk. Məsələn, Məmməd Cəfərin "Hüseyn Cavid" monoqrafiyasını həm müasir qrafikada hazırlayıb çap etdirmişik, həm də rus dilində nəşr etdirmişik.

140 illik yubiley münasibətilə isə Rəfiq Zəka Xəndanın "Cavid sənəti" monoqrafiyasını latın qrafikası ilə çapa hazırlayıb nəşr edəcəyik.

- Dediniz ki, yubileylə bağlı ədibin seçilmiş əsərlərini rus dilində nəşr etdirmisiniz. Bununla kifayətlənəcəksiniz, yoxsa?

- Yəqin ki, xarici dillərdə başqa kitablarımız da olacaq. Ədibin seçilmiş şeirlərini və ayrıca "Şərq qadını" şeirlər kitabını rus dilində yenidən nəşr etdirmək fikrindəyik. Əlavə olaraq "Maral" əsərini ingilis, Kamran Əliyevin "Hüseyn Cavid: həyatı və yaradıcılığı" adlı monoqrafiyasını türk dilinə çevirib nəşr etdirmək istəyirik. Yubiley münasibətilə bu kimi elmi tədqiqat, nəşr, tərcümə işləri ilə yanaşı, bir sıra texniki, sosial-mədəni işlərin də həyata keçirilməsini planlaşdırırıq... Necə deyərlər, təki ömür vəfa etsin, yoxsa ki, Cavidin yolunda görüləcək işlərimizin sayı-hesabı yoxdur...

 

Gülbəniz Babaxanlı

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.12.