Yanan, yandıran sənət
Hüseyn Cavid
yaradıcılığına bir
baxış
Ədəbi aləmə lirik-romantik şair kimi gələn Hüseyn Cavid yaradıcılığının
sonrakı dönəmlərində
fikir və düşüncə sərbəstliyinin,
intəhasızlığının ifadəsini dramaturgiyada tapdı. Bununla da o, mənsub
olduğu romantiklər
nəslinin fərqli bir nümayəndəsinə
çevrildi.
Etiraf olunmalıdır
ki, XX əsr ədəbiyyatımızın romantik cərəyanına
mənsub H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq, S.Səlmasi yeni bir ədəbi
düşüncə sistemi
yaratmaqla cəmiyyətdə
baş verən ictimai-siyasi olaylara poetik müdaxilənin yolunu tapdılar. Bu - əqidə
və məfkurə yolu idi!
Təbii ki, romantik ədiblərimizin
məfkurə istiqaməti
eyni olsa da, dil-üslub xüsusiyyətləri, sözlə
davranmaq istedadları başqa-başqa idi. Əgər
Məhəmməd Hadinin
poetik leksikonu ərəb-fars istilahları
ilə "zəngin"
idisə, Hüseyn Cavidin şeir dili osmanlı
türkcəsinin təsiri
altında idi. Əlbəttə ki, bu, sözügedən ədəbi
şəxsiyyətlərə yaşadıqları mühitin,
aldıqları təhsilin
təsirindən irəli
gəlirdi. O dövrün
bəzi nihilistlərinin
isə guya Azərbaycan türkcəsinin
böyük fikirləri
obrazlı ifadə etməyə zənginliyi çatmır deməsi də XX əsrin ədəbi xaosundan xəbər verirdi. Bu ayrılan məslək yollarında H.Cavid sona qədər öz mövqeyini, həm də poetik üslubunu dəyişmədi:
Həqq,
ədalət, təbiət
iştə bu gün
Əbdi-məzlumə qarşı pək küskün...
Yaşadan kainatı qüvvətdir,
Gücsüzün həp nəsibi zillətdir.
Əvət, acizlərin cəzası
budur,
Kimsə
məzlum olursa zalim odur!
"Məzlumlar üçün",
1914
Yaradıcılığa lirik-romantik şeirlərlə
başlayan Cavid ilk vaxtlardan əsarətə
cəsarətlə yanaşan
odlu-alovlu, mübariz və millətsevər bir gənc yazar
kimi diqqəti çəkir. Bu, XX əsr
Azərbaycan şeirinə
gətirilən yeni nəfəs və dinamika idi. Təbii ki, gənc şairin
dünyaduyumunun formalaşmasında
Təbriz həyatı
və xüsusən Türkiyə mühiti böyük rol oynamışdır. Əgər Cavid
Təbrizdə Ümumşərq
fəlsəfəsini öyrənmişdisə,
İstanbulda ümumtürk
mədəniyyətinin ən
incə detallarına bələd olmuşdu.
İstanbul Universitetindəki
təhsili zamanı Rza Tofiqlə, Tofiq Fikrətlə tanışlıq, onlardan
öyrəndikləri bir
ömür boyü romantik ruhlu şairin karına
gəlmişdi.
H.Cavid ağlı-qaralı,
işıqlı-kölgəli həyat səhnələrini
teatr səhnəsində
əyani şəkildə
insanların üzünə
açdı. Ondan əvvəl də
dram və səhnə
əsərlərimiz mövcud
idi. M.F.Axundovun, N.B.Vəzirovun, Ə.Haqverdiyevin,
C.Cabbarlının pyesləri
teatr səhnələrimizin
repertuarından düşmək
bilmirdi. Lakin Cavid
mənsur yox, mənzum dramları ilə yeni bir
yaradıcılığa, fərqli
bir ədəbi uğura imza atdı.
"Ana",
"Maral", "Şeyx
Sənan", "Şeyda",
"Uçurum", "İblis",
"Peyğəmbər", "Afət", "Topal Teymur", "Knyaz",
"Səyavuş", "Xəyyam" kimi əsərləri Cavidin ümumtürk etnomədəni
sistemində yeni bir ədəbi mərhələnin - romantik-mənzum
dramaturgiyanın əsasını
qoymağını təsdiqləyir.
İstər lirik şeirlərində,
istərsə də dramlarında H.Cavid zamana və məkana sığmayan, millilikdən bəşəriliyə
yüksələn təxəyyül
və idrakının
konturlarını cızır:
Hər qulun cahanda bir
pənahı var,
Hər əhli-halın
bir qibləgahı
var.
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir,
sevgidir.
Bütün bəşəriyyətin, insanlığın
əslində gözəlliyə,
sevgiyə mənəvi
bir ehtiyacı var. Romantizmin estetikasında dayanan leytmotiv də bu ehtiyacın
- gözəlliyin, sevginin,
sülhün, barışın,
insana insani münasibətin təbliğinə
yönəlmiş məfkurə
xətti idi. Ona görə də "Mənim
Tanrım gözəllikdir, sevgidir" deyən Cavid bununla
Tanrını inkar etmir, əksinə, gözəlliyi, sevgini
Tanrı səviyyəsinə qaldırır.
Nizamidən başlayan ideal cəmiyyət
axtarışı Cavid yaradıcılığında yeni
biçimdə meydana çıxır:
Kəssə
hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavid yer üzünü
yersiz müharibələrdən,
bihudə axan qanlardan xilas edə biləcək insanı təsadüfən
"dahi" adlandırmır. Əslində bu, bir yox,
bir neçə xalqın yox, bütün bəşəriyyətin
problemidir.
Cavidin tarixi mövzulara müraciəti
də müəyyən
zərurətdən irəli
gəlir. Sənətkar yaşadığı tarixin
üzünə deyə
bilmədiklərini uzaq
tarixin yaddaşından
qopardığı obrazlara
transfer etməklə yeni
bir metodun təməlini qoyur.
Həm əruzda,
həm hecada yazan Cavid hər
iki vəzndə mükəmməl əsərlər
yaradır. Əruzda yazdığı əsərlərin
dilində ərəb-fars
tərkiblərindən, osmanlı türkizmlərindən
istifadə müəyyən
səviyyədə özünü
büruzə versə
də şairin hecada yazdığı əsərlərdə (istər
lirik, istərsə epik - A.C.) bu elə də hiss olunmur. Əksinə, onun heca şeirlərində xalq ruhunun, ana dilimizin
ətrini duyuruq.
"Çoban türküsü"
adlı şeirdən
iki bəndə diqqət yetirək:
Açmasın çiçəklər, gülməsin güllər,
Ötüşməsin şirin dilli bülbüllər.
Dərdim
çoxdur, ellər, ellər, ay ellər!
Yar-yar deyib gecə-gündüz ağlaram.
Göz yola dikməkdən bağrım oldu qan,
Bir xəbər
yox hilal qaşlı yarımdan.
Yaralı
könlümü olmaz
oxşayan,
Yar-yar deyib gecə-gündüz ağlaram.
On bir hecalı, qoşma tipli bu şeirdə poetik leksikon xalq dili, folklor
motivləri əsasında
formalaşıb və
Cavidin bu qəbildən olan əsərləri az deyil.
Şair-dramaturqun bəlkə də xəyalına gəlməzdi
ki, onun yaratdığı iblis gerçək həyatda nə vaxtsa üstünə gəlib şirin ömrünə acı zəhər qatacaq. "Pantürkist", "Turançı" damğası
ilə həbs olunanda qulağına gələn ilk səs
"cümlə xəyanətlərə
bais" olan iblisin qəhqəhələri
olmuşdu...
Təəssüflər olsun ki, Cavid
həbs edilib mənzili müsadirə olunanda bəzi əsərlərinin əlyazması
da itib-batmışdı. Yaxşı ki,
şairin övladı
Turan Cavid onun indi əlimizdə
olan əsərlərini
repressiya maşınının
ağzından qopara bilmişdi.
Sovet ədəbiyyatşünaslığı
"pantürkist" şairin
yaradıcılığına səthi və qorxa-qorxa yanaşmış,
onun poeziyasını və dramaturgiyasını
layiqincə dəyərləndirməmişdi.
Əslində, sovet senzurası
da buna yol
verməzdi. O baxımdan
ədəbiyyatşünaslarımızı
da qınamıram. Azərbaycan öz müstəqilliyinə
qovuşandan sonra Cavid yaradıcılığına
obyektiv və əhatəli yanaşmalar,
əsərlərinin bütöv
nəşri meydana çıxdı. Cavidşünaslığın
ilkin mərhələsində
Məmməd Cəfərin,
Əkrəm Cəfərin,
Məsud Əlioğlunun,
Rafael Hüseynovun, Kamran
Əliyevin və adlarını unutduğum
bəzi ədəbiyyatşünasların
da əməyini dəyərləndirməyə borcluyuq. Ancaq son illərdə filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Azər
Turanın Hüseyn Cavidlə bağlı araşdırmaları mənim
fikrimcə, daha böyük dəyər daşıyır. Konkret arxiv
materialları, müxtəlif
ölkələrdəki nəşrlər
və Turan Cavidin verdiyi istiqamətlər əsasında
ortaya qoyulan "Cavidnamə" daha mükəmməl və daha dəyərlidir.
Monoqrafiyada böyük şairin
bioqrafiyası, yaradıcılığı
faktoloji materiallar əsasında peşəkarlıqla
araşdırılır. Bu əsər ümumən cavidşünaslığın uğurudur, təkcə Azər Turanın yox...
H.Cavid haqqında
bu sətirləri yazarkən Bakı Dövlət Universitetinin tələbəsi olanda mərhum professor Qulu Xəlilovun böyük sənətkar haqqında söylədiklərini xatırlamaya
bilmirəm. "Cavid
sənəti yanan, yandıran sənətdir".
"Cavid sənəti
divara dəyib pul-pul olan sənətdir". Əslində,
XX əsr Azərbaycan
sovet ədəbiyyatından
mühazirə oxuyan professorun sovet rejiminin tüğyan etdiyi bir zamanda
(70-ci illəri deyirəm
- A.C.) bundan artıq, daha doğrusu, bu obrazlı eyhamlardan artıq deyə biləcəyi nə ola
bilərdi ki?!
Və mən 2004-cü ildə H.Cavidin Naxçıvandakı
məqbərəsi önündə
duyğulanaraq yazdığım
şeiri "yanan, yandıran" şairə
həsr etməklə
özümdə bir rahatlıq hiss etdim:
O illərdə, əfəndim,
Sən hardaydın,
biz harda?
Necə
duruş gətirdin
Sibir adlı
məzarda?
Ruhunu sıxmadımı
Qürbət adlı dar məzar,
Divarları qar məzar?
Vətənin həsrətiylə
Sümüklərin üşüdü.
Bir gün döndün vətənə -
Bu, Tanrının işidi...
Gətirdilər nəşini
Uzaq-ucqar
Sibirdən,
Hər yanı
qar Sibirdən.
Qovuşdun ana yurda,
Qarışdın torpağına.
Bir təsəlli çilədin
Cavidsizlik dağına.
Torpağın alt qatında,
Zamanın üst qatında
Uyuyursan haçandır.
Bu - doğma Naxçıvandır...
Hələ Sibir soyuğu
Çıxmayıbdır canından.
Həsrətə ağı deyən
Araz axır
yanından.
Ağ mərmərdən yapılan
Nur biçimli
odan var.
Darıxmazsan, əfəndim,
Yanında el-oban var.
Mələklər hifz eləyir
Məqbərəni, türbəni.
Nəsil-nəsil yaşadıq
Sənə dəyən zərbəni.
...Dönəndə çərxi-dövran
Şər xeyiri əyirmiş,
Xalqa atılan güllə
Şairinə dəyirmiş...
"Cavidin məqbərəsi önündə"
Təbii ki, bir qəzet
məqaləsində H.Cavid
yaradıcılığını geniş təhlilə çəkmək, bu zəngin və çoxşaxəli sənətkarlığı
yetərincə dəyərləndirmək
qeyri-mümkündür. Mən böyük
şairin ümman timsallı yaradıcılığının
bir damlasına diqqəti yönəltdim.
Adil CƏMİL
Ədəbiyyat qəzeti.- 2022.-
22 oktyabr.- S.13.