Ürəklərdə yanan işıq
Hardasa zülmət səltənətində Tanrı
öz tükənməz nurundan bir çınqı verərək
qaranlıqlar arasında bir işıq yandırır və o
işıq tanrısal ilhamın gücü ilə
başlayır yavaş-yavaş ətrafdakı zülməti
qovub dağıtmağa. Ancaq zülmət də asanlıqla təslim olan
güclərdən deyil və bir gün fürsət tapıb
o işığı basmarrıyıb söndürür...
Zülmət
öz görünməz əllərini bir-birinə
sürtüb, işığı söndürdüyünə
sevinir və elə bilir ki, artıq zülmət səltənəti
əbədidir... Ancaq tez sevinir, vaxtından əvvəl
şadlıq eləyir; çünki sönməzdən əvvəl
milyon-milyon ürəklərə sirayət etmiş, öz
nurunu paylaşmışdı o işıq və artıq onu
söndürmək praktik cəhətdən
mümkünsüzdür.
Hüseyn Cavid də qanlı bolşevik zülmətinin
cismani cəhətdən "söndürdüyü" belə
bir işıq idi və sönməzdən öncə öz
gur zəka və maarif işığını milyonlarla
ürəklərdə yandıra bilmişdi.
Cavid işığı hər şeydən öncə
öz xalqına və ümumilikdə bəşəriyyətə
nə gətirmişdi? Bu işığın
qarşısında zülmətin hansı mənfi
çalarları solmuşdu, aradan çıxmışdı,
qorxub zülmət səltənətinin zir-zibilli
künc-bucağında özünə sığınacaq
tapmışdı?
Bütün
bu suallara cavab vermək üçün hər şeydən
öncə böyük şair, ardınca da böyük
filosof, mütəfəkkir, humanist sənətkar olan
Hüseyn Cavidin ölməz irsini bir də vərəqləyək,
onun ruhu ilə bir neçə müddət baş-başa
qalaq, dərdləşək, zavallı bəşəriyyətin
düşdüyü şər girdablarından,
burulğanlarından, zülmət dolanbaclarından
çıxış yolu axtaraq və görək bu yöndə
Cavid yaradıcılığı bizə nə verib, nə
verir və nə verəcək?
***
Dünya tarixi insanın bir sosial varlıq kimi
formalaşmasından başlayır və bu günə kimi hələ
ki davam etməkdədir. Niyə hələ ki deyirəm, çünki bir bioloji
varlıq kimi insana xas olan aqressiya bu cür davam edərsə,
dünyanın insan tərəfindən fiksə edilən
tarixi də tez bir zamanda ancaq kosmik yaddaşda
şirinli-acılı bir xatirə kimi qala bilər...
Həm də çiynimizin üstündən boylanaraq
ani bir baxış fırlatmağımız yetər ki,
dünya tarixinin əslində ardı-arası kəsilməyən
müharibələr tarixindən başqa bir şey
olmadığına əmin olaq. Müharibə isə, təbii ki,
qan, qırğın, zülm, yanğın, əsarət,
alçaltma, zülüm, təcavüz, işğal... deməkdir
və ən qəribəsi və ağlamalısı da odur
ki, bəşəriyyətin böyük əksəriyyəti
məhz bu qeyri insani hadisələrlə fəxr etməkdə,
qürur duymaqdadır...
Hüseyn
Cavid demişkən: "Nə tühaf!.."
Oysa dahi
şair düşünürdü ki:
Düşündüm
ki, əməl çəmənzarında
Açar
qızılgüllər, zümrüt yapraqlar;
Düşündüm
ki, ömrün ilk baharında
Al şəfəqlər saçar qonça dodaqlar.
Hələ
bu azmış kimi, humanist şairin düşüncə
fantaziyası bir az daha ictimai çalar kəsb
edir:
Düşündüm
ki, susar qanlı tufanlar,
Keçər
zalım fırtınalar, böhranlar,
Çəkilir
dumanlar, sönər vulkanlar,
Ninni söylər bana coşqun ırmaqlar.
Ancaq sən
saydığını say, gör fələk
nə sayır? O fələk ki, Hüseyn Cavidin əzəmətli
qələmində İblis obrazına çevrilir:
Yazıq!.. Ortalığı zülmətlər
aldı,
Ölüm
yarı yardan aralı saldı,
Həsrətlər
içində ruhum bunaldı,
Qanatdı gönlümü xain dırnaqlar.
Əvət! "Xain dırnaqlar!" və:
"İblis nədir? - Cümlə xəyanətlərə bais!..".
Əcəba,
qaranlıqda, soyuqda, aclıqda, səfalətdə
qalmış insanlara ürəyi yandığından
Tanrıların ocağından od
apardığı üçün Prometeyi Qafqaz
dağlarında bir yalçın qayaya İblismi zəncirləmişdi?
- Zəncirləməmişdi!
Əcəba, qulluq halqasını qulağından
çıxarıb tolazlamaq istəyən Spartak
üsyanını qan gölündə İblismi
boğmuşdu? - Boğmamışdı!
Əcəba, "Homo homini lupus" şüarına
qarşı çıxıb insanı insana qardaş bilən
İsanı çarmıxa İblismi çəkmişdi? - Çəkməmişdi!
Əcəba, Tanrı sözünü insanlara
çatdırıb onlara doğru yolu - insanlıq yolunu
göstərmək uğrunda hər cür əzaba
qatlaşan Məhəmməd peyğəmbərin dişini
İblismi sındırmışdı? -
Sındırmamışdı!
İnsanı kamillik zirvəsinə ucaldaraq Tanrıya
yaxınlaşdırmaq, Tanrının lütfünə layiq
olduğunu sübut etmək üçün uf demədən
şirin canından keçən Nəsiminin dərisini
İblismi soymuşdu? - Soymamışdı!
Min illərlə yaşadığı ərazidə
bütün qonşularını səmimiyyət və ürək
açıqlığı ilə qardaş bilən,
qayğı və sevgi göstərən böyük Azərbaycan
xalqının başına ta bu yaxınlaradək
ağlasığmaz işgəncələrlə, müsibətlərlə
oyun açaraq ən qəddar soyqırımlarını
İblismi törətmişdi? - Törətməmişdi!..
"Ya hər kəsə xain olan insan nədir? - İblis!".
Hüseyn Cavid yaradıcılığının qlobal-bəşəri-humanist
mahiyyətini məhz bu sözlərdə axtarmaq
lazımdır. İnsan xislətində özünü
göstərən bütün mənfi, qeyri-insani xüsusiyyətlərin,
çirkinliklərin toplusunu riyazi-mifoloji düşüncədə
məhz İblis adlandırmışdılar. Və bu, xislətlərindəki çirkinlikləri
zaman-zaman aşkara çıxarmaqdan bir dürlü özlərini
saxlaya bilməyən insanlar üçün ən əlverişli
alibilərdən biri idi. Sanki min cür fırıldaqdan
çıxıb insanlara qarşı milyon cür pislik və
zülm edən birisinin heç bir günahı yox imiş;
onu sadəcə lənətə gəlmiş İblis yoldan
çıxarıbmış...
Zaman-zaman
bəşəriyyətin yetirdiyi böyük humanist dahilər
cılız, naqis həmcinslərinin bu gülünc alibisini
darmadağın etmiş, insanı öz günahlarını
boynuna alaraq pisliklərdən çəkindirməyə, insan
adına layiq olmağa, öz üzərində
daim çalışaraq kamilləşməyə dəvət
etmiş, bir çoxları da bunu şəxsi örnəyində
göstərməklə tamamilə mümkün və real
olduğunu sübuta yetirmişdilər. Hətta böyük
humanist şair-mütəfəkkirimiz İmadəddin Nəsimi
gerçək həyatda kamil insan görərək onu
salamlamaq sevincini də əldən qaçırmamışdı:
Mərhəba,
insani-kamil, canımın cananəsi!
Aləmin cismi sədəfdir, sənmisən dür danəsi?
Hüseyn
Cavid də öz böyük sələfləri kimi kamil insan
obrazına müraciət etmiş, bəşərin
xilasını onun yaydığı zəka və maarif
toxumlarının münbit zəmində cücərərək
bol məhsul verməsində görmüşdü:
Azər
düşünür... Bəlkə otuz yıldır o hər
an
Düşkün bəşərin eşqini, fəryadını
inlər.
Yaqdıqca
yaqar beynini bir gölgəli böhran,
Əflaka sorar dərdini, yıldızları dinlər.
Göz
qırparaq ancaq ona yıldızlar edər naz,
Dilsiz və sağır göylər onun halını
duymaz.
Şübhəsiz
ki, bu parçadakı "açar söz" məhz
"düşkün bəşər"dir. Filosof Azəri və
onun yaradıcısı filosof Hüseyn Cavidi
düşündürən də məhz bəşərin
düşkünlüyü, milyon illik tarixinə baxmayaraq, hələ
də zülmət səltənətində əlhavasına
sürünməsi və ən pisi də bu sürünmənin
özü də fərqinə varmadan onu dibsiz uçuruma
doğru aparmasıdır.
"Onların gözləri var, ancaq görmürlər;
onların qulaqları var, ancaq eşitmirlər; onların
ürəkləri var, ancaq duymurlar!" deyir Tanrı naqis bəşər
üçün, div xislətli insanlar üçün,
İblisə uymuş toplum üçün.
Türki-islami
bir mühitdə böyüyüb tərbiyə almış
Hüseyn Cavid də türkün, islamın qızıl
dövrünü yana-yana xatırlayıb heyrətlə
soruşurdu:
"İblisəmi
uymuş bəşəriyyət?!".
Və
böyük şair-mütəfəkkir göz yaşları
içində acı-acı gülürdü:
Əcəba, İblisi də insan özü
yaratmadımı? İndi öz yaratdığının əlində
yesirmi qaldı? Bir dürlü onun qan-qada
ilə yoğrulmuş, insan qanına susamış təlqinindən
qurtara bilməzmi? Böyük Mirzə Fətəlinin
sözüylə desək, "Meymunu yadından
çıxara" bilməzmi?
Bu
sualı test sorğusu saysaq iki cavab mümkündür:
A) Prinsipcə
qurtara bilər, çıxara bilər;
B) Praktik
olaraq qurtara bilməz və çıxara bilməz.
Bax, elə
problemin çözülə bilməməsinin sirri də bu
təzadda gizlənib: bu ziddiyyətdən kompromis yolu,
"qızıl orta" tapmaq mümkündürmü, yoxsa
heç cür mümkün deyilmi?
İnsan bu təzadın ağırlığı
altında məhv olub gedəcəkmi, yoxsa özündə
güc və iradə tapıb xilas olacaqmı?
Görəsən, "Tanrısı gözəllik və
sevgi olan" bir Şairlə "qan püskürən, atəş
savuran kinli krallar" eyni bioloji materialdanmı yaranırlar,
yoxsa onlar tamamilə başqa-başqa dünyaların törəmələridir? Sevgini də,
kini də eyni kimyəvi proseslər idarə etmirmi? Nədən
yalnız nektarla qidalanan arının neştərində həm
də zəhər yaranır?..
Min illərdir bu suallar işıqlı insanları
düşündürür, ancaq nə yazıq ki, hələ
də bir dürlü çıxış yolu tapmaq
üçün təklif etdikləri cavablar, üsullar hələ
də heç bir səmərə vermir.
Bəşəriyyətin
işıqlı zəkalarının layiqli sələfi kimi
dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn
Cavid də bu sualların cavabını axtarır, insanı
layiq olmadığı düşkün, miskin vəziyyətdən
qurtarmaq üçün yollar axtarır, zülmət qafalarda
işıq yandırmaq, qaranlıq ürəklərə
işıq salmaq istəyir.
Hüseyn Cavidin bu yöndəki fəlsəfi
görüşləri bütün əsərlərində
özünü büruzə versə də, zənnimizcə,
"İblis" faciəsi ilə "Azər"
poemasında bu suallar və axtarışlar, bu
axtarışlara həsr edilmiş düşüncələr
özünü daha kəskin şəkildə göstərməkdədir. Bu da təsadüfi
sayılmasın gərək. Hər halda həmin
əsərlərin yazıldığı tarixi şəraitin
xarakterindən, bəşəriyyətin qarşısına
qoyulmuş taleyüklü sualların kəskinliyindən, bir
də şübhəsiz ki, Hüseyn Cavidin bir mütəfəkkir
sənətkar kimi yaradıcılığının yetkin,
kamil bir dövrünü yaşamasından irəli gəlirdi.
Tutuşdu
qəm oduna şad gördüyün könlüm,
Müqəyyəd
oldu ol azad gördüyün könlüm...
Füzulinin könlü niyə şad idi və birdən-birə
niyə qəm oduna tutuşdu? Çox vaxt humanitar elmimizdə
Füzuli qəmini, kədərini "dünya qəmi"
adlandırırlar; ancaq mənə qalarsa, bunu "insan qəmi"
adlandırmaq daha düzgün olardı; çünki
insansız dünya əslində heç dünya da sayıla
bilməz, dünya yalnız insan zəkası ilə
özünü dərk etdikdə əsl dünyaya çevrilə
bilər.
Ancaq yenə
təzada baxın: insan öz böyüklüyünü, təbiətin
möcüzəsi sayıla biləcək zəkasını dərk
edir, eyni zamanda öz həmcinsinin zülmünə,
alçaltmasına qatlaşmağı da özünə rəva
bilir. Sevginin möcüzələr yaratmaq qabiliyyətinə
heyran olarkən ürəyi ülvi işıqlı
duyğularla çırpınır, ancaq eyni zamanda fürsət
düşəndə öz həmcinsinin qanını
içməkdən də özünü saxlaya bilmir...
Beləcə, iki polyar duyğunun məngənəsində
orta hədd axtarır, ancaq zaman saatının rəqqası
kimi bir dürlü qərar tuta bilmir.
"Mən
fəqət hüsni-xuda şairiyim!".
Görəsən, gözəlliyə bu qədər
aşiq olan insan niyə təbiətin və özünün
yaratdığı gözəlliyi bir anda məhv edib külə
çevirə bilən kütləvi qırğın
silahları yaradıb, bəşəriyyətin başı
üzərindən Damokl qılıncı kimi asır? Həm də
Hüseyn Cavidin yaşadığı dövrlə indiki
dövrün kinli kralları arasında, görəsən,
çoxmu fərq var? Əlbəttə, gözəl Yer
kürəsini dağıdıb məhv etmək potensialı
baxımından yerlə göy qədər fərq var...
Bir daha qayıdaq görək Azər nə
düşünür?
Sevdirmiş
içindən ona bir cilvə həyatı,
İnsanlara qoşmaq və qavuşmaq dilər əlan.
Duymaq və
duyurmaqda bulur zevqi, nişatı,
Yalnızlığa, ıssızlığa qəlbən
edər isyan.
İstər
bulut olsun da, dənizlər kibi aqsın,
İstər
Günəş olsun da, qaranlıqları yaqsın!
Hüseyn Cavidin Azəri Günəş olmaq,
qaranlıqları yaxmaq istəyir. Aydındır ki, bu,
avtobioqrafik bir obrazdır, Cavidin özüdür. Həm
də bu zaman "Günəş" və
"qaranlıqlar"dan məqsəd sadəcə optika elmi
baxmından işıq və kölgə deyil,
qarşı-qarşıya qoyulan "sevgi" və
"kin" duyğularıdır.
O da əlamətdardır
ki, Hüseyn Cavid yaradıcılığında sevgini təcəssüm
etdirən obrazlar kini təcəssüm etdirən obrazlardan
qat-qat çox olsa da, sanki qüvvələr cəmi bir-birinə
bərabərdir və bu əbədi mübarizədə
heç biri sona qədər o birinə qalib gələ bilmir.
Füzulinin
şad könlü günün günorta çağı
gözlənilmədən qəm oduna tutuşduğu kimi,
Cavid də bir şeirində sevginin xronologiyasını
qısaca olaraq təsvir edir:
Çocuqluğumda
eşitmişdim eşqin atəşi var,
Diyordular ki, o hər hanki qəlbə düşsə
yaqar.
Bu incə
söz o zaman pək tühaf gəlirdi bana,
Gülümsəyib
də diyordum: zavallı insanlar!
Nasıl da hər sözə bel bağlayıb da
aldanıyor?
Nədən bu eşq, əcəba, xalqı eyləsin
bizar?
Bu yolda
yansa da,
qəhr
olsa kimsə dönməz imiş!
Demək,
bu öylə bir əfsanədir ki, əfsunkar!
Şübhəsiz ki, bu məqamda yada böyük
şairimiz və dahi sərkərdəmiz Şah
İsmayıl Xətainin "Dəhnamə"
poemasındakı bənzər süjet və aşiqin
halı düşməyə bilmir. Doğrudur, Hüseyn Cavidin Xətai
yaradıcılığı ilə tanış
olub-olmadığını bilmirik, ancaq məsələ bunda
deyil.
"Eşq
yolunda yansa da, qəhr olsa kimsə dönməz imiş!". Sevginin əfsunu bunda imiş və bu əfsun
insanı təkcə ülvi məqsədlərə deyil,
cinayətə də sövq etməyə qadirdir. Məgər
"aşiq" obrazının antonimi kimi təsvir edilən
"rəqib", "əğyar", zahid obrazları
boş yerdəmi yaradılmışdı? Əlbəttə,
yox! Həm də nə bilmək olar ki, obyektiv
şəkildə yanaşsaq, bu obrazlardan hansı müsbət,
hansı mənfidir? Axı hər kəsin
öz həqiqəti var və nə bilmək olar ki, konkret
situasiyada onlardan hansı haqlıdır? (Elə
sadəcə "İblis"dəki Ariflə Vasifi örnək
gətirmək kifayətdir).
Bəlkə buna görədir ki, qədim romalılar
"sevgi" və "ölüm" sözlərini eyni
kökdən yaratmışdılar?
Bəlkə buna görə dahi Azərbaycan şairi və
mütəfəkkiri Gəncəli Nizami Leyli ilə Məcnunun
bu dünyadakı faciəli sevgisini o dünyada - cənnətdə
xoşbəxt qovuşmağa çevirmişdi?
Bəlkə buna görə insanın bu müvəqqəti
dünyadakı bütün əzab-əziyyətlərinin
qarşılığında o dünyada əbədi həyat
vədləri haqqında cəlbedici əfsanələrlə
insana kosmik ədalətin hər halda mövcud olması barədə
şirin vədlər verilir?
Bəli,
milyonlarla insan bu vədlərə ürəkdən inanıb əzab-əziyyətlərə
sinə gərir, bütün ömrünü ibadətə sərf
edir, Tanrı gözəlliyinə qovuşacağı
günün həsrəti ilə insan zülmünə
dözür... Təkcə bəşəriyyətin yetirdiyi
işıqlı zəkalardan, dahi mütəfəkkirlərdən
başqa!
Onlardır ki, ürəklərdə humanizm
işığı yandırmaqla bəşəriyyətin
xoşbəxt gələcəyinin nə vaxtsa baş
tutacağına, Yer üzünün əsl cənnətə
çevriləcəyinə inanırlar və bütün
insanları da buna inandırmağa çalışırlar.
Dahi
Hüseyn Cavid də məhz bütün bəşəriyyətə
məxsus olan, Azərbaycan xalqının yetirdiyi bu cür
böyük işıqlı zəkalardandır!
3 sentyabr
2022
Teymur Kərimli
Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.14-15.