Hüseyn Cavid ilə
bağlı bir qeyd
24 noyabr 2019-cu il tarixli
gündəlikdən
Artıq xeyli vaxtdır repressiya olunmuş şair və yazıçılarımızla bağlı materialları
oxuyuram. Rafiq Həşimovla bərabər
çəkdiyimiz "Sözün
repressiyası" sənədli
filmi üçün.
Az əvvəl
Hüseyn Cavidin dindirilmə protokollarını
oxudum. Dəhşətdir. Cavidi düşünürəm.
Əlbəttə, heç vaxt
yazıla bilməyəcək
şeylər var.
Kimdir Cavid?
Düşünürəm ki, elmi-texniki və mədəni inkişaf deyilən bir şey varsa və bu inkişaf
"ümumdünya səciyyəsi"
daşıyırsa, biz tarixi-siyasi,
coğrafi reallığımız
səbəbilə bu inkişaf prosesində heç vaxt ahəngdar şəkildə
yürüyə bilməmişik.
Çünki əziz xalqımız
öz varlığını
imperiya və böyük dövlətlərin
əhatəsində, onların
maraqlarının, qanlı
çəkişmələrinin mərkəzi nöqtəsində
sürdürüb; xüsusən
son üz yüz illik tariximiz bu qənaətimi qətiləşdirir. Amma bu inkişafdan da faciəvi dərəcədə
geri qalmışıq
da yaza bilmirəm.
Səbəbi çox
adi və bir az da qəribədir. Çünki xalqımız elə insanlar yetişdirib ki, məhz onların
hesabına biz dünya
xalqları və dövlətlərinin 200-250 illik
bir dövrdə keçdiyi yolu 30-40 ilə, sanki bir az daha
sıx şəkildə
keçməli olmuşuq.
Axundovun,
Zərdabinin, Cavidin, Üzeyir bəyin ömürləri, həyat
və yaradıcılıqları
bu qənaətimin ən doğru nümunələridir.
***
Şərq elləri irişilməz
"xəyal" için
yaşarkən,
Qərb
aləmi az
da olsa həqiqətdən
xoşlanar.
Şərqin sönük duyğusunu
afyon ruhu qoşarkən,
Onlar yeni bir silah kəşfini
səadət sanar.
***
Kimdir Cavid? "Dünya
ədəbi-mədəni prosesi"ndə
böyük dövlətlərlə
bizim aramızda olan böyük bir bərabərlik işarəsi. Ümumdünya səciyyəsi daşımalı
olan prosesdəki xalqımızın bəxtinə
yazılımış bir
div ki, onun böyük, azman addımları və canatımları hesabına
"geridəqalmışlığın"
məsafəsi qısalıb,
boşluqlar doldurulub.
Hə, belədir. Bu necə olub? Hüseyn Cavid bunu necə
edib?
Dindirilmə protokollarındakı bir məqam bu sualın
ən doğru cavabıdır.
Müstəntiq deyir ki, filankəs, filankəs və filankəs sizi əksinqilabçı,
burjua, millətçi,
müsavatçı (və
sair və sair və sair)
hesab edir, dövlət əleyhinə
iş aparmısınız.
Hüseyn Cavid bu deyilənlərin
doğru olmadığını
söyləyir.
Müstəntiq niyə həmin adamların belə söylədiklərini sual
edir.
Hüseyn
Cavid eləcə
"bilmirəm" deyir:
nə o adamları söyür, nə onları yalançı adlandırır, nə də başqa hər hansı xoşagəlməz ifadə
işlədir. Eləcə "bilmirəm" və
"doğru deyil"
söyləyir. Bu, dəfələrlə təkrarlanır.
Düşünürəm, görəsən,
aqibətini bilən, üzərinə şər
atılan bir adam bu işi edənləri niyə təhqir etmir ki? Halbuki həmin
adamları ən yumşaq formada olsa belə yalançı, böhtançı,
nə bilim şərçi adlandıra
bilərdi.
Çünki Hüseyn Cavid doğrudan bilmirdi: onun əleyhinə donos verənlərin niyə belə etdiyini, ümumiyyətlə,
donos verib-vermədiklərini,
yaxud bu baş veribsə, hansı şərtlərdə
baş verdiyini bilmirdi, bilə bilməzdi.
Odur ki, o, ən xırda "yalanı"
belə özünə
rəva görmür.
Üstəgəl, bu dürüstlüyü
ilə həmkarlarını
da qoruyur, öz alicənablığını
saxlayırdı.
20 il
keçəcək, Cavid
əfəndi və elə başqa böyük ədiblərimiz
bəraət alacaq, o vaxt dindirilənlərin bir çoxu təkrar sorğu-sual ediləcək, bir çoxu öz ifadələrindən imtina
edəcəkdilər; deyəcəkdilər
ki, həmin ifadələri müstəntiqlər
onların adından yazıblar. Biz indi
hər şeyin həqiqətdə necə
baş verdiyini bilmirik.
Amma Hüseyn Cavidin "bilmirəm" sözü
bütün zamanlar üçün doğru və "alnıaçıq"
cavab idi. Onun böyük ruhundan, arınmış nəfsindən,
dühasından, sevgisindən,
imanından xəbər
verirdi. Əlbəttə,
xalqların və millətlərin
məhz Cavid kimi şəxsiyyətlərin
hesabına öz tarixlərindəki boşluğu
doldura bilməsi (bu haqda əvvəldə
yazdım deyəsən)
adi, sıravi məsələ deyil.
Hüseyn Cavid kimdir?
Fikirləşirəm ki, əgər Hüseyn Cavid adlı bir insan bu
yer üzünə gəlməsəydi, "Maral",
"Şeyda" pyesləri,
"Ana", "Şeyx Sənan",
"Uçurum" və
"Afət" faciələri, "Peyğəmbər"
və "Topal Teymur" kimi bir-birindən dərin, fərqli, bəziləri dahiyanə olan bu əsərlər, yaxud "Bir ahi-məzlumanə", "İştə
bir divanədən bir xatirə", "Hübuti-Adəm"
kimi poemalar yazılmasaydı və hardansa, necəsə müəllifini tanımadığım
"Qız məktəbində"
şeiri əlimə keçsəydi, mən həmin şeirin adını ömrün boyu oxuduğum, sevdiyim şeirlərin siyahısında, lap əvvəldə
yazardım.
Səlim BABULLAOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.15.