Əbədi səadət
axtarışı, əbədi məyusluq-
Hamlet sualları,
Ərtoğrol Cavid şərhi
1937-ci il. Qanlı
repressiyaların tüğyan
etdiyi, haqqı deyən səslərin həmişəlik susdurulduğu
vaxt 18 yaşlı Ərtoğrol Cavid "Olum, ya ölüm?.." dilemmasını çözə bilməyən
Hamletin suallarına cavab arayırdı...
Hüseyn
Cavidin yadigarı, bircə oğlu Ərtoğrol 24 illik ömrünə çoxşaxəli
sənət axtarışlarını
sığdıra bilmiş,
bəstəkar, musiqi tədqiqatçısı, rəssam,
şair, nasir, pedaqoq, filoloq kimi bir-birinə yaxın və uzaq sahələrdə fəaliyyət göstərmişdi.
Ərtoğrolun rəngarəng və
zəngin irsində onun "Hamlet" pyesi haqqındakı kurs işi xüsusi diqqətə layiqdir.
Azərbaycan Pedaqoji İnstitutunun
Dil və ədəbiyyat fakültəsi
tələbəsi olduğu
dövrdə (1936-1940) üstün
zəkası, ictimai fəallığı, yüksək
qiymətləri ilə
seçilən Ərtoğrol
həm də Azərbaycan Dövlət Konservatoriyası yanında
Musiqi Elmi Tədqiqat Kabinetində elmi işçi kimi çalışır,
atasının həbsindən
sonra himayəsində
qalan anası və bacısının maddi təminatına səy göstərirdi. Çətin günlər idi,
istər maddi, istər mənəvi, psixoloji baxımdan. Bunlara rəğmən tələbə
Ərtoğrol dərslərini
də gözardı etmir, savad və
çalışqanlığı ilə müəllimlərinin
rəğbətini qazanmağı
bacarırdı.
İdealist insanın faciəsi mühitlə münasibəti
tənzimləyə bilməməsində,
şərtlərlə barışmadan
qəbul edə bilmədiyi riyakarlıq və xeyirlə pərdələnmiş şərə
qarşı mübarizəyə
gücü çatacağına
kor-koranə inamındadır. Məşhur bir ifadədə deyildiyi kimi, 20 yaşında üsyankar olmayan ruhsuz, 40 yaşında üsyankar olan ağılsızdır.
Ərtoğrol "Hamlet" əsəri haqqında referatı ruhunda üsyanın tüğyan etdiyi yaşlarda yazmışdı.
Bu pyesin fonunda öz narahatlıq və təbəddülatlarını
təhlil müstəvisinə
gətirirdi: "Hamlet bir
intiqamçı kimi çox geniş baxır. O, xüsusi qətl üçün deyil, cəmiyyətin qətlçiliyini ifşa
üçün intiqamçıdır".
Həqiqətin gözünə dik baxaraq onu cəsarətlə
təsvir edə bilən Şekspirin digər müsbət obrazları kimi, xudpəsəndlik və fərdiyyətçilikdən uzaq
Hamlet də humanizm ideyası və azad insan idealını
əks etdirə bilir. Əlbəttə, Hamletin faciəsi
yalnız mühitlə
barışıq halda
yaşaya bilməməsindən
deyil, həmçinin
öz daxili ziddiyyətləri və ruhi-psixoloji halından qaynaqlanırdı. Faciə fəlsəfi
təhlillərə ən
çox açıq
olan janrdır. Şekspirin həyatın, zamanın, mühitin bütün ziddiyyətlərini çılpaqlığı
ilə əks etdirən faciəsi də tədqiqatçıdan
hərtərəfli, panoramlı
münasibət tələb
edir. Ərtoğrol
"Hamlet"i məhz
bu cür, geniş rakursdan dəyərləndirir, təhlillərində
birtərəfli mövqe
sərgiləmir: Hamletin
faciəsini ruhunda hiss
edir, özündən
daha artıq mühitinin obrazını
incələyir, fəlakətə
düçar olmuş
dünya üçün
onunla birlikdə üzülür, bədbinləşir.
O, Şekspir qəhrəmanının
ruhi-emosional vəziyyətini,
artıb-azalan fəallığını
izləyərkən psixoloji
cəhətdən əsaslandırmaqla
kifayətlənmir, həmçinin
özündən əvvəlki
ayrı-ayrı tədqiqatçıların
və nəzəri məktəblərin qənaətləri
ilə razılaşdığı
və inkar etdiyi məqamları da vurğulayır.
Ərtoğrol
"Hamlet" əsəri haqqındakı araşdırma
yazısında Şekspir
pyesinin qaynaqlarını
araşdırır, özünəqədərki
filosofların təlimi
və bədii mətnlərin ideya-estetik
məzmunu ilə qarşılaşdırır. 18 yaşlı
gəncin pyeslə bağlı şərhləri,
situasiya və qəhrəmanları antik
yunan mifologiyası,
Tomas Kidin, Esxilin, Volterin... əsərləri
ilə müqayisədə
təhlili bir tədqiqatçı üçün
ən vacib xüsusiyyətlərdən biri
olan analitik təfəkkürünün göstəricisidir.
O həmçinin özündən
öncəki fikirlərə
alternativ münasibət
yürütməkdən də
çəkinmir. Məsələn,
Don Kixotla Hamleti müqayisə edib üstünlüyü birinciyə
verən Turgenev haqqında
Ərtoğrol yazır:
"Turgenevin başqa
görüşü ola bilməzdi. O ölmüş feodal nümayəndəsi olmaqla
öz həmsinfi Don Kixotu müdafiə etməli idi".
Referatın xeyli hissəsi Ərtoğrolun pyes haqqında oxuduqlarından
(rus dilində) qeydlər şəklindədir:
Gertsen, Tolstoy, Heyne, Brandes, Hüqo, Belinski, Veber, Altman və digərləri də olmaqla, 36 müəllifin əsər
haqqında fikirlərinə
istinadlar edir. Nəzərə alsaq ki, indiki kimi
bir kliklə istədiyin məlumatın
qarşına gələcəyi
bir dönəm deyildi, bu gəncin
atasının həbs
olunduğu, ailənin
mənəvi-psixoloji, maddi
sıxıntılarla çarpışdığı
bir zamanda dərslərdən sonra imkan tapıb Milli Kitabxanada saatlarla oxuyub öyrənməsi də əzmkarlıq nümunəsi
idi.
Ərtoğrolun pyesdəki əsas hadisə və obrazlara münasibəti qısa və konkretdir, onları uzun-uzadı şərh etmir. Buna görə də daha çox
qeydlər şəklində
olan "Hamlet" faciəsi
haqqındakı referat
bir qədər də tamamlanmamış təsiri bağışlayır.
Əsər barədə qənaətlər
bizi heyrətləndirəcək
dərəcədə fövqəladədirmi?
Fikrimcə, deyil. Rəğbət doğuran məqam pyes haqqında ədəbiyyatımızda hələ
geniş tədqiqatlar
yazılmadığı bir
dönəmdə 18 yaşlı
gəncin belə ağıllı, əsaslandırılmış
qənaətlərə gələ
bilməsi, təhlilində
doğru istiqamət götürməsi idi.
Ərtoğrol Cavidin bütün əsərlərini
toplayıb nəşr
etdirən (2005) Azər
Turan yazır ki: "Məncə, Azərbaycan ədəbiyyatşünaslığında,
Cəfər Cəfərovun
yazdıqları istisna
olunarsa, "Hamlet kimdir?"
sualı hələ bu günəcən Ərtoğrolun yanaşdığı
miqyasda tədqiqata cəlb olunmayıb".
Hamletin monoloqlarını şərh
edən Ərtoğrol
daha çox məşhur "Olum, ya ölüm?.." sualının yer aldığı monoloq üzərində dayanır.
Yalnız
budur, eylər bizi
illərcə sürüklənməyə
məcbur!
Kim yoxsa dözərdi
Dünyadakı bu zülmə, fəsada?
Həp müstəbidin kibrinə,
Həp güclülərin cəbrinə,
təhqirinə,
Min dərdinə bir
qaytarılıb çeynənən
eşqin?
Hakimlərin azğınlıq, utanmazlığına,
Qanundakı gücsüzlüyə,
Ya doğruluğun bir yaramazlıq kimi təqdirinə
Kim, kim dayanardı?
Hamletin bu monoloqunda səsləndirdiyi həlledici
"Olum, ya ölüm?.." sualı pyes boyu həyatın mənası haqqında düşüncələrini yönləndirir,
qarşısını almaqda
aciz olduğu riyakar mühitə qarşı passiv mübarizəsini şərtləndirir.
"Not to be" (ölüm) aciz olmaq, göz
yummaq, susmaq, barışmaq deməkkən
"to be" (olum) mübarizə
deməkdir. "Olum, ya ölüm?.." - taleyi
əbədi məyusluqla
nəticələnən əbədi
səadət axtarışından
ibarət olan Hamletin, həmçinin Ərtoğrolun dilemması
idi. "Olum, ya ölüm... Budur məsələ!" - Ərtoğrol
Cavid olumu seçdi, yolu ölümdən keçən...
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.17.