Arif Buzovnalının 50
yaşına
Yeniyetməydik, gənc idik, biləndə ki, filankəsin 40, ya 50 yaşı var, sanki qədim, hansısa uzaq dünyadan əks-səda eşitmiş kimi birtəhər olurduq. İndi Arif Buzovnalının 50 yaşı tamam olur. "Necə
keçdi bu illər?" - cavab almaq üçün vermirəm
sualı. "Necə tez keçdi
bu illər?"
- bu sual
da təəssüf və cavab üçün
deyil. Eləcə Arifi düşünə-düşünə
özümlə danışıram.
Buzovna sözü (bəlkə də daha çox
səslənişi) mənimçün
yeganə yer adı və sözdür ki, şeirlə bağlıdır,
çox sevdiyim şeirin bir parçasıdır, lap dəqiq
desəm, uşaqkən
unudulmaz Mikayıl Müşfiqin "Yenə
o bağ olaydı"
şeirini eşidəndə
(!) bu sözün yer adı olduğunu
bilmirdim; sonradan biləndə isə yenə ilk səsləniş
və ilk təəssürat
ötüb-keçmədi. Odur ki, 50 yaşını qeyd etdiyimiz dostumun adı, təxəllüsü onu
şəxsən tanımayanda
belə şeir parçası olub mənim üçün və şairliyi məndə həmişə
təbii hadisə təəssüratı yaradıb.
***
Arif Buzovnalı
oxunmaq, yadda qalmaq kimi "klassik nigarançılığı
olmayan" çağdaş
şeirimizin görkəmli
təmsilçisidir. Mənə görə
klassik ədəbi ənənələrin təkrarsız
davamçısı, o böyük
şairlərimizin, qəzəlxanlarımızın
yadigarıdır.
Arifa, bilməsə də özgəsi, dostlar biləcək,
Qədrini bir necə beytə
sığışan arzuların.
Arifindir. O Arifin ki, öyrəndiyi ustadlar kimi yaxşı
bilir:
Hər hərfin öz ahəngi olur sözdə, unutma
Hər kəlmədə vardır
çəki, bihudə
danışma...
Arif Buzovnalı
indi təkcə ustad qəzəlxan deyil. O, indi klassik ədəbi irsin təfsirçisi, yorulmaz təbliğçisi, şeirşünasdır.
Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin sədridir
və bu məqamında onlarca gənc şairin, əruz aşiqlərinin, qəzəl müəlliflərinin
müəllimidir. Hər həftə,
hər ay təşkil
olunan, özü də təşkil olunmaq xətrinə təşkil olunmayan, təblə, çoşqun
şeir havasıyla dolu şeir məclislərinin mərkəz
nöqtəsi, ilhamvericisi,
aparıcısıdır.
Arif Buzovnalı, adı çəkiləndə ehtiram
edilən, haqqında ciddiyyətlə söz edilən bir ədibdir - bunu mən dəfələrlə
Azərbaycan Yazıçılar
Birliyinin rəhbərliyi
ilə söhbətlərdə
də, həmkarlarımızın
iştirakıyla fərqli
şeir məclislərində
və dostanə yığıncaqlarda da sezmişəm.
Yol-yoldaşı olmuşuq. Dəfələrlə geniş, əhatəli
söhbətimiz olub.
Klassik, milli ədəbiyyatdan da, dünya, xüsusən rus ədəbiyyatından, şeirindən
də, elə dünyanın özündən,
"gərdişi-dövrani kəcrəftar"dan da danışmışıq... dindən,
irfandan və daha nələrdən.
Arif Buzovnalı yaxşı, layiqli tərəf müqabilidir.
***
Şuşadakı ikinci günümüzdü. "Qarabağ" ötelinin qarşısındakı parkda
II Vaqif Poeziya Günləri çərçivəsində
təşkil olunan ilk
tədbir, rəsmi kitab təqdimatları bitmişdi. Kiçik bir fasilə
elan olunmuşdu deyə, hərə bir tərəfə dağılmış, Arif
də öz otağına qalxmışdı.
Parkdakı kitab köşklərinin
birinin qarşısında
musiqi çalınır,
muğam-təsnif səsi
gəlirdi. Gülyanaq xanımdı
oxuyan. Həmkarlardan
biri terrasdan Arifə zəng elədi, dedi ki, aşağı düşsün, bir az gəzişək.
Az sonra
Arif düşdü:
- Mürgü aparmışdı
məni, səs eşidirdim, elə bilirdim radiodur oxuyan, pəncərə açıqdı, sonra başa düşdüm ki, Gülyanaq xanımdı... Gedim təşəkkür edim...
- dedi. Təvazö göstərib oxunan
qəzəlin ona aid olduğunu söyləməsə
də, biz bunu bilirdik.
Sonradan məlum oldu ki, Arif ora
yaxınlaşar-yaxınlaşmaz Gülyaz
xanım bacısı
Gülyanaq xanıma:
- Bax, səhərdən
qəzəlini ifa etdiyin şairdir, Arif Buzovnalı, - deyibmiş Arifi təqdim eləyərək.
Yoxsa, ifaçı onu tanımayacaqmış...
Maraqlı, gözəl
hadisədir: səni şeirinlə tanıyırlar. Sağkən belə bir hadisəyə şahidlik eləmək hamının
nəsibi olmaz. Ümumiyyətlə isə şairin
taleyi yox, şeirin taleyidir ədəbiyyat və ədəbiyyat tarixi.
Eləcə də Arif Buzovnalının şeirlərinin.
Çox
yaşa, dostum!
Səlim
BABULLAOĞLU
Ədəbiyyat qəzeti.-
2022.- 22 oktyabr.- S.21.