Böyük Şərqin dahisi-Hüseyn Cavid
Hüseyn Cavidin 140-cı doğum
gününə
Öncə
ondan başlamaq istəyirəm ki, Cavid və onun irsi
haqqında yazmaq mənə həmişə çətin və
xəyalçatmaz görünüb. Azərbaycan ədəbi
mühitində də
onun haqqında dəqiq, gözəl və Cavid əfəndiyə
layiq yazılar çox azdır. Cavidin bütün əsərlərini,
onun haqqında yazılmış bütün araşdırmaları
(xüsusən Azər Turanın araşdırmaları) və
adıkeçən bir çox sənədləri, məktubları
oxusam da, o mənim üçün elə böyük mifdir
ki, ətaləti və bütün dövrlərə
düşən proyeksiyaları daim ona bütün Şərqin
ən böyük dahilərindən biri ünvanını
qazandırıb və onun haqqında söz deməyə
çəkinmək ədəbi həyaya çevrilib. Bəli,
o, bütün Şərqin dahisidir. Onun yazdıqları
ötən əsrdə də aktual idi, bu gün də. Buna
görə də Caviddən sonrakı bütün şairlər,
bütün fikir adamları, mənə görə, onun
ideyaları və mətnləri qarşısında balaca
görünür. Cavidin ədəbi irsi humanizm,
tolerantlıq, sülhə çağırış və ən
saf hisslərin yaratdığı böyük bir kollajdır.
Tarixin və millətinin ən ağır zamanlarında ən
həssas mövzuları səhnələşdirən
Hüseyn Cavid repressiya dövründə qaranlığın
daşladığı, cəhalətin və siyasi vandalizmin
bizdən aldığı peyğəmbər idi.
O, Azərbaycan ədəbiyyatında
ilk mənzum dramların, ilk milli ideologiya xəttinin,
romantizmin, ilk irfani dramların, ilk pozitivist, ilk passifist ədəbi
nümunələrin, Azərbaycan türkcəsi ilə
Türkiyə türkcəsi arasında ortaq şeir dilinin
banisidir. Cavidin yaradıcılığı ədəbiyyatımız
üçün bir çox mövzunun mənbəyi oldu.
SSRİ-nin yarandığı illərdə və Azərbaycanı
işğal etdiyi bir zamanda türkçülüyü,
milliyyətçiliyi müdafiə etməsi onu və
dostlarını ölümə aparırdı. Qorxdularmı?
Yox! Məhz Hüseyn Cavidin həmin dövrdə İstanbula
getmək şansı olsa da, Bakıda qaldı. Pantürkist,
panislamist damğalarına rəğmən.
Hüseyn
Cavidə ilk xeyir-duaları
İstanbulda "Siratül müstəqim" qəzetində
Mehmet Akif Ersoy, Bakıda "Füyuzat"da Əli bəy
Hüseynzadə verdi. 1906-cı ildə
İstanbula təhsil almağa gedən Hüseyn Cavid (indiki
İstanbul Universiteti, Ədəbiyyat fakültəsi) Rıza
Tevfikin, Mehmet Akif Ersoyun, Halit Ziya Uşaklıgilin dərslərindən,
danışdıqlarından ciddi təsirlənmişdi. Repressiya
olunana qədər də müəllimlərinin ona miras
qoyduğu ideologiyaya sadiq qaldı.
Hüseyn Cavid yaradıcılığı
bəşəridir. "İblis"
bütün dövrlərin Xeyir və Şər mübarizəsi
haqqında yazılmış ən yaxşı dramlarından
biridir. Əsərdə təkcə Qafqaz, Orta Şərq, Mərkəzi
Asiya xalqlarının siyasi, ictimai, sosial problemləri yox, həm
də əsərin yazıldığı dövrdə
(1918-ci il, ermənilər Bakıda qanlı cinayətlər
törədirdi) Qərb ideoloqlarının Azərbaycana və
türk xalqlarına münasibətini, rus və fars imperialistlərinin
Azərbaycan torpaqlarına "göz qoyması" təsvir
olunmuşdu. Həmin dövrdə Cavid özü də ermənilərin
əsiri olub. Bir müddət sonra isə Təbrizə -
Şeyx Məhəmməd Xiyabaninin yanına gedib.
"İblis"in gərgin süjet xəttinin, vahiməli
monoloqlarının, idealist, humanist dialoqlarının səbəbi
məhz belə bir dövrdə yazılmasıdır.
Dünyada şərin, fitnənin müxtəlif obrazlara girib
insanlıq üçün yaratdığı fitnələri
Cavid əfəndi İblisin monoloqlarında sadə və
anlaşıqlı təsvir edib.
Rüya
gibi her an olarak zahir-ü-qaip
Ben Şarkta abid
olurum, Qarpta rahib.
Bir kazi olup, gah
ederim fitneler icat,
Bir mürşit
olup, gah ederim alemi
berbat.
Bazen olurum bir papa! Cennet
satarım ben,
İsa dirilip gelse de korkar
qazabimden...
Hüseyn Cavidin insanlığa xitab etdiyi, bütün
dövrlər üçün aktual olan ikinci bir əsəri
"Şeyx Sənan"dır. Qədim ərəb əfsanəsi əsasında
yazılan, özündən əvvəlki eyniadlı faciələrdən
fərqlənməyi bacaran Cavid əfəndi bu əsəri ilə
dini, irqi və milli ayrıseçkiliyi tənqid edir, bu
ayrıseçkiliyin ölümə belə səbəb
olmasını aydın ştrixlərlə oxucuya,
tamaşaçıya çatdırır.
"Şeyx Sənan"
ədəbiyyatımızda irfani məsələlərin, şəriət
və din problemlərinin dramatikləşdirildiyi, səhnələşdirildiyi
ilk əsərdir. Hüseyn Cavid ilk dəfə irfanı göydən yerə
endirib, onun canındakı dramatik kodları
teatrallaşdırıb. İstər qədim ərəb əfsanəsi,
istər Firuddin Əttarın, istərsə də
Əlişir Nəvainin eyniadlı əsərləri Cavidin
dördpərdəli tragediyası yanında solğun
görünür. Bu əsər bütün dini, siyasi
ideologiyaların insan sevgisi, insan məhəbbəti və mərhəməti
yanında kiçik göründüyünü,
lazımsız olduğunu göstərir.
"Şeyx Sənan"
faciəsinin məşhur
obrazlarından biri kor ərəbin naləsi hələ də
Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda,
teatrında əvəzedilməz monoloq kimi anılır.
Ne aşk
olaydı, ne aşik, ne nazlı afet olaydı,
Ne halk olaydı,
ne halik, ne eşki-i hasret olaydı.
Ne dert olaydı, ne derman, ne
sur olaydı, ne matem,
Ne aşiyane-i vuslat, ne bari firkat olaydı.
Hüseyn Cavid "Kor ərəbin mahnısı" ilə
ədəbiyyatımızda nihilist düşüncənin, ekzistensialist
ovqatın əsasını qoydu. Məhz bu düşüncə
sistemi ilə Azərbaycanın həmin dövrdə
keçdiyi siyasi yol, görünən siyasi mənzərə
üst-üstə düşür. Cavid buna görə
dahidir. Ki, onun əsərləri həm öz dövrü
haqqında kifayət qədər geniş məlumat verə
bilir, həm də sonrakı dövrlərlə körpü
qura bilir. Borxes ədəbiyyat haqqında müsahibələrindən
birində bu tərifi təkcə mətnlərə deyil,
bütün sənətə aid edirdi. Sənət gələcəklə
bu gün arasında qurulan körpüdür. Hüseyn Cavid bu
baxımdan həm dövrünün, həm də yüz il sonranın
mütəfəkkiridir.
1922-25-ci illər. Moskvada ateizmin təbliği
başlanılır. Kiçik xalqların dini adət-ənənələri
sıxışdırılır. Din bir ikona kimi gözlərdən
uzaqlaşdırılır və Allah mifə çevrilir. Belə
bir dövrdə Hüseyn Cavid "Peyğəmbər"
dramını yazıb bitirdi. Məncə, "Peyğəmbər"
və "Topal Teymur" Cavid əfəndinin sürgün və
repressiya pasportları oldu. Biri İslamı, digəri
türkçülüyü tərənnüm edən
möhtəşəm əsərlər idi. Stalinin "xalqlar
dostluğu" yaratdığı, milli kimliklərin
unutdurulduğu, milliyyətçilərin manqurtlaşdırıldığı
vaxtda "Topal Teymur" bum effekti yaratmışdı.
İstanbulda dil problemləri artan vaxt, fransız mədəniyyətinin
türk mədəniyyətinə sinə gərdiyi bir
dövrdə Hüseyn Cavid "Uçurum"u yazdı. Və türk camiasına
olan sədaqətini bir daha göstərdi.
Hüseyn Cavid sürgün edildi, sürgündə erməni növbətçilər
tərəfindən çox işgəncələr
gördü, onu Sibirdə qarın içində gəzdirdilər,
ac saxladılar. Mişkinaz xanımın göndərdiyi corablar da onu xəstəlikdən
xilas edə bilmədi. Nəhayət, 1941-ci il dekabrın 5-də,
gecə saat 22:30-da Sibirdə sepsis və ürək iflicindən
dünyasını dəyişdi.
Həyatının
ən ağır dövrlərində də əfəndiliyini
qoruyub saxladı. Səliqəli, şık geyimi, dərin
baxışları və şux yerişi, davranışı
ona əfəndilik qazandırdı. Haqqında həmin
dövrdə çox yazıldı. Dövrünün
böyük şairləri haqqında donoslar yazdı, onu
türkçülükdə ittiham etdilər. Bu donoslara
görə o böyük şairlərin döşünə
medal da asıldı, ad da verildi. Amma heç biri Cavid əfəndi
kimi şərəfli və faydalı yaşaya bilmədi.
Türk sevdası ilə yaşayıb, türk sevdası ilə
dünyadan köçdü.
Mişkinaz xanım (H.Cavidin həyat yoldaşı) xatirələrində
yazır ki, o, yazıları ilə məşğul olanda
uşaqları necəsə yatızdırırdım, sakitləşdirirdim. Ağlayanda isə deyirdim
ki, atanız işləyir. Ərtoğrol da, Turan da kimin
övladları olduqlarını bilirdilər, dərk edirdilər.
Cavidin oğlu Ərtoğrol da atasının taleyini
yaşayırdı. "Xalq düşməni"nin
oğlunu cəbhəyə deyil, işçi qüvvəyə
göndərmişdilər. Yenə Mişkinaz xanımın
qeydlərində oxuyuruq ki, oğlunun kimliyini çox yerdə
gizlədirdi, istəmirdi ki, onu da öldürsünlər,
çünki Ərtoğrol da atası kimi düha idi. O,
Üzeyir Hacıbəylinin sinfində musiqi təhsili
almışdı. Bəstələri var idi. Cəmi 24 illik
bir ömrünə çoxlu musiqilər, uğurlar
sığışdıra bilmişdi.
Cavid haqqında
yazmaq onun misraları
qarşısında dahiyə kiçik ad günü təbrikindən
başqa bir şey deyil. Cavidin varlığı bu millətin
böyüklüyünü sübut edəcək qədər
müqəddəsdir.
Tanrısı gözəllik, sevgi
olanın ali ruhuna
ehtiramla...
Rəvan CAVİD
Ədəbiyyat qəzeti.- 2022.-
22 oktyabr.- S.20.