Fridrix DÜRRENMATT (1921-1990)
Görkəmli İsveçrə nasiri,
dramaturqu, esseçisi
və rəssamıdır.
Əsərləri dünyanın 40-dan çox dilinə çevrilib.
1961-69-cu illərdə
yeddi dəfə ədəbiyyat üzrə
Nobel mükafatına namizəd
göstərilsə də,
nüfuzlu ödülü
qazanmayıb.
Cavanlıqda iki seçim qarşısında qalan Dürrenmatt ədəbiyyatı
rəssamlıqdan üstün
tutsa da, bütün bədii əsərlərində onun
rəssamlıq bacarığı
həmişə özünü
büruzə verib. Bu səbəbdən o, tablolarla yanaşı, öz əsərlərinə
illüstrasiyalar da yaradıb.
Oğul
Hekayə
Təkcə məşhur bir
klinikanın baş həkimi kimi yox, həm də
özünün elmi araşdırmaları və
yoxsullara yardım fəaliyyəti ilə də hamının rəğbətini qazanan bir cərrah öz karyerasının zirvəsində ikən dostlarının və həmkarlarının dərin
təəssüf hissinə,
heyrətinə baxmayaraq,
günlərin bir günü öz işini-gücünü atdı,
ölkənin bütün
qəzetlərində özünün
evlənmək istəyini
açıqlayan elanlar
çap etdirdi, aldığı çoxsaylı
təklifləri ən
incə təfərrüatlarına
qədər araşdırdı,
şəhərin bütün
işrətxanalarındakı qadınlarla birbəbir, uzun-uzadı söhbətlər
apardı və bu yolla həyatda
rastına çıxacaq
istənilən qadının
xasiyyətinə bələd
olmağın sirlərinə
yiyələndi, subaylığın
məhz sultanlıq olduğundan əminlik duyulan bu davranışıyla
o, hamını hədsiz
dərəcədə karıxdırdı
və ən nəhayət, varlı bir fabrik sahibinin
on səkkiz yaşındakı,
həm də özünə zərrəcə
rəğbət bəsləməyən
qızının könlünü
almağa girişdi, onu hansısa bəhanə ilə evinə gətirib, kobud şəkildə zorladı, sonradan bu qadının onun öz klinikasında
və şəxsi həkim nəzarəti altında dünyaya gətirdiyi oğlan uşağını - zahı
qadının qanaxmadan
ölməsinə heç
bir məhəl qoymadan - əlüstü maşınına qoyaraq, yaşadığı şəhərdən
əlli kilometr aralıda, kol-kos basmış bir parkın içində tikdirdiyi villaya apardı, orada onu hər hansı
kənar köməyə
ehtiyac duymadan, hətta dayə də tutmadan, xüsusi şəraitdə
böyütdü; uşağın
yanında özü daima çılpaq dolaşırdı, hər
arzusunu qeyd-şərtsiz
yerinə yetirdiyi bu uşağa o, xeyir ilə şərin, yaxşı ilə pisin fərqi barədə heçcə nə öyrətmədi, onu digər insanlarla ünsiyyətdən nə
dərəcədə uzaq
tutdusa, oğlan dünyada atasından və özündən başqa birisinin olmadığına, dünyanın
isə içində
yaşadıqları o parkdan
ibarət olduğuna inandı, bu vəziyyət oğlan on beş yaşına dolduğu zaman atası hansısa adi işrətxanadan onun üçün bir fahişə tapıb gətirənə
qədər beləcə
davam elədi, sonra oğlan lüt anadangəlmə evi tərk etdi,
ancaq bir saat sonra əyninə
paltar geyinməkdən
ötrü, sonrakı
gün isə əlləri və üz-gözü qan içində evə döndü, sən demə, ona müftə yemək verməkdən imtina edən birisini soyuqqanlı şəkildə
qətlə yetiribmiş,
izinə düşən
polislərdən və
itlərdən qurtulmaqdan
ötrü o, doğma
atasının evinə
sığındı, atası
da ondan heç nə soruşmadan pulemyotla polisləri güllə yağmuruna tutdu, qarşı tərəf cavab atəşi açanda isə otaqlardan birini oğluyla özünə
sığınacaq seçən
ata son gülləyə
qədər polislə
atışmağına davam
elədi, həm də o, ara əl qumbaralarının yarımxaraba vəziyyətə
gətirdiyi villanın
alovlara bürünməsinə
də məhəl qoymadı, sayca qat-qat çox olan düşmənə hər cür müqavimət göstərdi,
onların üstünə
hücuma keçənləri
dəfələrlə geriyə
oturtdu, evinin həndəvərində cəsədlərin
qalaqlanması da onu əsla üşəndirmədi,
ən nəhayət, atılan güllələrlə
çiynindən ağır
yaralanan oğlunun nəfəsi olduqları otağa dalğa-dalğa dolan bayıldıcı tüstünün
təsirindən daralmağa
başladı, atasını
ən ağır şəkildə lənətləyən
oğlan onu əsl yırtıcı kimi tərbiyə elədiyinə, başqa insanların onu vəhşi heyvan kimi, itlərin köməyi ilə izlədiklərinə görə
məhz atasını
günahlandırdı və
bunun ardınca ata gözünü belə qırpmadan doğma oğlunu güllələdi.
Tərcümə:
Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2022.- 22
oktyabr.- S.21.