Azadlığı istəyirdi
səma kimi...
Xəlil Rza ULUTÜRK – 90
62
illik ömrün bəzi unudulmaz səhifələri. 1994-cü ilə
qədər onun səsi meydanlardan, tribunalardan, uca
kürsülərdən, şeir məclislərindən gəlirdi. Bu səsdə
qətiyyət, cəsarət, çağırış
vardı. Bu səs bir məmləkətin
azadlıqsevərlərinin səsiydi. Həyatını,
varlığını Azərbaycanın müstəqilliyi, azadlığı
uğrunda mübarizəyə həsr etdi və bu yolda son nəfəsinəcən
bircə addım da geri çəkilmədi. Onun ömür yolu daşlı-kəsəkli,
sıldırımlı yollardan keçdi, təqiblər, mənəvi
işgəncələr yol yoldaşı oldu, zindana
atıldı, amma ruhu sarsılmadı. Bəlkə
də adi bir ömür yolu qismətinə düşsəydi,
çoxları kimi hər şeyə qane olardı, vəzifə,
var-dövlət, rütbə, alilər yanında fəxri yer.
Amma o zaman bu məmləkətin Xəlil
Rzası olmazdı. Belə bir cəsur
ürək sahibi olmalıydı ki, sinəsini irəli versin,
düşmən süngüsünün qarşısına
şeirlə çıxsın.
Mən hər dəfə onunla rastlaşanda Nəsiminin
"məndə sığar iki cahan, mən bu cahana
sığmazam" misralarını xatırlayırdım. Bir gün ona dedim ki, sizin
mühazirələrinizi dinləyək, özümüz dərs
keçməyək... Gözüm tələbələrin
üzündəydi. Baxışlarından
oxuyurdum ki, şairi dinləmək istəyirlər. "Kimin sualı var?" deyə tələbələrə
müraciət etdim. Onlardan biri ayağa qalxdı: -
Müəllm, belə fürsət ələ düşməyəcək.
İstəyirik Xəlil müəllimi də
dinləyək. Əl çaldılar.
Xəlil kürsüyə yaxınlaşdı.
Onun səsindən divarlar cingildədi:
...Nə
həsrət, nə hicran olsun,
Vahid Azərbaycan
olsun!
Qoy birləşsin,
bir can olsun
O sahil də,
bu sahil də.
Bu,
üsyan idi... Xəlili izləməyə
başladılar, danlamağa başladılar. Çək-çevirlər, hədə-qorxular
çox oldu. Onu ali məktəb auditoriyalarından,
tələbələrdən - canlı insanlarla təmasdan
uzaqlaşdırdılar".
Xəlil
Rza Elmlər Akademiyasında - Nizami adına
Ədəbiyyat İnstitutunda elmi işçi kimi
çalışmağa başladı. Çünki
Xəlil Rza çoxcəhətli yaradıcılıq fərdiyyəti
ilə seçilirdi və bunu Ədəbiyyat İnstitutunda da
sübut edə bildi, özbək sovet ədəbiyyatının
banilərindən biri - həmyerlimiz Maqsud Şeyxzadənin həyat
və yaradıcılığı haqqında doktorluq
dissertasiyasını qələmə aldı. Özbək elində bunu çox yaxşı
qarşıladılar. Xəlil Rza özbək
dilini də öyrənmişdi və müdafiə zamanı
təmiz özbəkcə danışırdı.
Xəlil
Xəlilovdan Xəlil Rza Ulutürkə qədər... Xəlil
Xəlilov, Xəlil Xəlilbəyli, Xəlil Odsevər, Xəlil
Rza. Bu imzalardan sonra Xəlil Rza Ulutürk gəlir
(1991-ci ildən). Amma istəyirəm ki, Xəlil
Rza Ulutürkə qədər bu böyük şairin
poeziyasından söz açam. Onun
"Doğmalıq", "Hara gedir bu dünya" və
"Məndən başlanır Vətən" şeirlər
kitablarını şəxsən özü mənə
bağışlayıb. Xəlil Rza
"Doğmalıq" kitabına öz dəst-xətti ilə
bir avtoqraf da yazdı (1978, bahar).
Xəlil Rza Ulutürkün istiqlal mücadiləsi elə
sovet dövründən başlamışdı. Onun şeirlərinin
əksəriyyətində iki müqəddəs kəlmə
- Vətən və Azərbaycan - tez-tez səslənirdi.
Və bu iki kəlmənin səsləndiyi
şeirlərdə qətiyyən şablon, standart, bir-birinin
yedəyində gedən ifadələrə, söz birləşmələrinə
təsadüf edilməzdi. "Vətən"
şeirinə (1970) diqqət yetirin:
Məslək
vuruşunda, səngər başında,
Kişi
qeyrətindən doğulan vətən!
Uğrunda
o qədər alovlandıq ki,
Odlar
torpağına, oda döndün sən...
Səninçün
daimi döyüşdür Vətən,
Həyatda əriyib itməməyindir.
Böyük
döyüşlərdə zərrə qədər də
Heç kəsə güzəştə getməməyindir.
Həmin
kitabda mənim ən çox sevdiyim bir şeir var:
"İgidlər, dahilər". Xalq şairi Bəxtiyar
Vahabzadə yazırdı: "Yaxşı yadımdadır,
neçə il əvvəl Şəkidə yay istirahətində
idim. "Ədəbiyyat və incəsənət"
qəzetində Xəlil Rzanın "İgidlər, dahilər"
şeirini oxudum, sehrləndim. Şeirdən
aldığım dərin zövqü və sevincimi müəllifə
çatdırmaq üçün dərhal ona məktub
yazdım. Bu şeir müasir
poeziyamızın ən gözəl incilərindən
sayıla bilər". Şeir şairin qəbiristanda
düşüncələrə dalıb dahilər və igidlər
haqqında fikirləri ilə bizi tanış
edir. Xəlil Rza Ulutürkün bir şair kimi
poetik ustalığı bu şeirdə o dərəcədə
göz oxşayır ki, heyrətini gizlədə bilmirsən.
Dahilik və igidlik arasında - o məfhumların
ifadə etdiyi mənalar birləşir.
Fikirlər
içində çırpınır könlüm,
Gedən yer üzünə bir daha gəlmir.
Həyatdan
hamını qoparır ölüm,
Yalnız
dahilərə toxuna bilmir,
Yalnız
igidlərə toxuna bilmir!
...Mamırlı,
yosunlu məzavolar nə çox,
Fəqət yepyenidir Sabir, Nizami.
Dahilər
torpağa ölü kimi yox,
Bəlkə basdırılır xəzinə kimi.
Poeziya!
Poeziya! Xəlil Rzanın sənət amalı
onun "Mən hər şeyə cavabdehəm" tezisində
ifadə olunur. Yazırdı ki: "Məncə,
müasir Azərbaycan poeziyasının ümdə vəzifəsi
xalqın ruh yüksəkliyini, tərəqqi uğrunda əsrlər
boyu qazandığı böyük mübarizə təcrübəsindən
doğan tarixi nikbinliyi qoruyub saxlamaq və daha da zənginləşdirməkdir.
Müasir poeziyamız həmişə olduğundan daha qəti
və daha cəsur səslə hayqırlamalıdır ki,
Nizami və Füzuli, Babək və doktor Tağı
Ərani, Səttarxan və Xiyaban, Nəsimi və Cavid, Sabir və
Möcüz, Firudin İbrahimi və Şəhriyar, ən
başlıcası Misri qılınc və saz
yaradıcısı olan bir millət bir daha öz gücünə,
öz qüdrətinə inansın. Cənubi Azərbaycan
şairi Söhrab Tahirə xitabən yazdığım
"İki qardaşın söhbəti" adlı poemada mən
məhz bu məfkurə xəttini əsas
götürmüşəm, elə bilirəm ki, bu ruh qüdrəti
Arazın həm o tayında, həm də bu tayında
yaranmış və bu gün də yaranmaqda olan poetik sərvətlərin
başlıca ahənginə tam uyğundur".
Xəlil müəllimin əksər müsahibələrini
oxumuş, şifahi nitqlərini dinləmişəm və demək
olar ki, hamısında poeziya haqqında eynən belə fikirləri
ilə rastlaşmışam. O, poeziyanı vətənpərvərliyin
bədii ifadəsi kimi dərk edirdi və həmişə bu
fikirlərində haqlı idi.
Sevgilər. Xəlil Rza sevən bir qəlbin şairiydi. Onun içində Azərbaycan sevgisi - Vətən məhəbbəti,
heç şübhəsiz, bütün sevgilərinin
tacıydı. İnsanlara, bəşər
övladlarına sevgiləri də tükənməzdi. Təbiətə dəlicəsinə vurğun idi.
Bu sevgilərin hamısını Xəlil Rza
lirikası öz dairəsində birləşdirirdi.
Təbiət. Xəlil Rza təbiət aşiqiydi.
Onun Türkanda bağı vardı və bu
bağın hər guşəsi, orada əkilən ağaclar,
o ağacların budaqları da onun şeirlərinə
çevrilirdi. Hətta üç aylıq tənək
də, portağallı bir budaq da...
Həftədə
bir kərə, ayda bir kərə,
Çıxaram şəhərdən, uçaram
bağa.
Verib
bülbüllərlə dodaq-dodağa,
Açıram könlümü qızılgüllərə.
Onun
"Göygöldə sübh açılır",
"Gül yastıq", "Min yaşlı
çinarlar", "Xəzərdə bir gecə" və
s. onlarca təbiətin gözəlliklərindən söz
açan şeirləri haqqında onu deyə bilərəm
ki, Xəlil Rza nəinki təbiəti sevir, onun gözəlliklərindən
şairanə söz açır, deyərəm ki, təbiət
ona sevdiyi Vətən qədər əziz idi, doğma idi.
Sənət ulduzları. Xəlil Rzanın
öz şair dostlarına, ustad hesab etdiyi sənətkarlara həsr
etdiyi onlarca şeirləri var ki, bu şeirlərdə onun
şair xarakterindəki bir xüsusiyyət - özündən
ucalara - korifey saydığı sənətkarlara dəyər
vermək istəyi duyulur. Xəlil Rza ustad Şəhriyarı
çox sevirdi və eşidəndə ki, o, Bakıya gələcək
(amma gələ bilmədi), çox sevinirdi:
Can
atır çayları Kürləşdirməyə,
Xırda
duyğuları birləşdirməyə,
Qüzeyi
güneylə birləşdirməyə,
Fəxr elə, ey Vətən Şəhriyar gəlir.
O, Rəsul
Rzanı da çox yüksək qiymətləndirirdi, ona bir
neçə şeir həsr etmişdi: "Xoşlayıram Rəsulu,
Çünki cəsur, mərd şeir vətənimin
canıdır, Məni mənə tanıdır". Məmməd Arazla Xəlil Rzanın dostluğundan
çox söz açırlar, bu dostluq təkcə iki
şairin şəxsi ünsiyyətindən
yaranmamışdı, həm də bir-birinin sənətinə
dəyər verməklə bağlıdır.
Dinləyib
şeirini pıçıldamışam:
Xalqımın
sənətkar oğludur Araz,
Xalqımın yaralı bağrıdır Araz.
Hər
misran hədəfə sərrast dəyən ox!
Sevgi dünyası. Xəlil Rzanın bir sevgisi və bir
sevgilisi vardı - o da həyat yoldaşı Firəngiz
xanım idi. Təbii ki, onun bütün
sevgi şeirləri Firəngiz xanıma həsr olunmuşdu.
Onların sevgisi əbədi və
ölümsüzdü, illərin, ayların, günlərin
sınağından keçmişdi.
Mən evəm,
sən mənim od-ocağımsan,
Bağbanam, sən mənim barlı bağımsan.
Mən dağ bulağıyam. Sən bulaqlı dağ,
Dünyada
ən böyük umacağımsan...
Xəlil Rzanın "Lefertovo şeirləri"ndə
də Firəngiz xanım tez-tez anılır və beləliklə
"Xəlil-Firəngiz" məhəbbət dastanı davam
edir. Amma bitmir, Xəlil Rza vəfat edəndən sonra onun
neçə şeir kitabı Firəngiz xanımın səyi
ilə işıq üzü görür.
Davam edir 37. Vaxtilə bizim tənqiddə "siyasi
lirika" anlayışı geniş yayılmışdı.
Sovet dönəmində siyasi lirika deyəndə
Leninin, Kommunist Partiyasının, sosialist inqilabının tərənnümü
olan mövzular nəzərdə tutulurdu. Amma
Xəlil Rza və bizim digər ünlü şairlərimiz bu
təsəvvürü tamam dəyişdilər. Onun
"Davam edir 37" şeiri bu mənada çağdaş Azərbaycan
poeziyasında yeni bir tendensiyanın yaranmasından xəbər
verdi. Poeziyada tarixlə müasirlik və
bugünlə gələcək qırılmaz tellərlə
bir-birini şərtləndirdi və Xəlil Rza sübut etdi
ki, tarixin şanlı səhifələri, həm də qanla
yazılmış vərəqləri hələ qurumayıb,
biz böyük amallar uğrunda çarpışan söz və
qılınc qəhrəmanlarını unutmamalıyıq.
Qalx
ayağa, Azərbaycan! Xəlil Rzanın adı
90-cı illərdə (ta vəfatına qədər)
bütün xalqın dilində əzbər olan şair-qəhrəmanlarından
biri və hətta deyərdim ki, birincisi idi. O illərdə
heç bir rahatlıq görməyən şair hər
gün öz şeirləri və alovlu
çıxışları ilə xalqı ayağa
qaldırırdı - Qalx ayağa, Azərbaycan! - deyirdi.
Sən
can dedin, çor dedilər,
Haqqını basıb yedilər.
Pak,
müqəddəs torpağını
Parçalayıb çeynədilər.
O qurdlara
sən vermə can,
Qalx
ayağa, Azərbaycan!
1990-cı ildə, ocaq ayında Xəlil Rza Ulutürk həbs
edildi, Moskvaya - Lefortovo zindanına aparıldı. Amma şairin
yaradıcılıq dünyası qapanmadı, əksinə,
Azərbaycan ədəbiyyatının yeni bir səhifəsi -
Zindan şeirləri yarandı. Bu şeirlər
onun illər boyu apardığı azadlıq mübarizəsinin
davamıydı. O şeirləri oxuduqca belə bir qənaətə
gəlirsən ki, Xəlil Rza tipli, Xəlil Rza ruhlu şairlər
üçün bu dünyada Qorxu, Ölüm məfhumu
yoxdur.
"Lefertovo
şeiri" ayrıca bir tədqiqatın mövzusu ola bilər (qələm dostumuz Hidayətin
"Xəlil Rza zindanda" məqaləsi ilkin təşəbbüs
kimi çox qiymətlidir).
Qayıtdı
Lefertovodan Xəlil Rza Ulutürk. Müstəqil
Azərbaycanın ilk illərinin o çətin, amma sevinclərlə
dolu illərini yaşadı. O illərdə Xəlil Rza
Ulutürk xalqla bir oldu, yurdun hər bir övladını
öz övladı kimi bağrına basdı, pirani
qocaların əlindən öpdü, bəzən bir
yanıqlı bayatıdan gözləri yaşardı (mən
də bunların şahidi olmuşam). Oğlu,
Azərbaycanın Milli Qəhrəmanı Təbrizin dəfnində
isə göz yaşlarını axıtmadı, amma
yaxından gözlərinin içinə baxanda şairin
ağlar ürəyini, ata əzablarını görərdin.
Dünyaya pəncərə. Xəlil Rza
Ulutürkün yaradıcılığını bir məqalə
daxilində izləmək istədim. Etiraf
edirəm ki, bu çox çətindir. Onun ədəbi
fəaliyyəti müxtəlif mövzuları, janrları əhatə
edir və hər gün öz yazı masasının
arxasında əyləşib yorulmadan yazı yazan, hətta
zindanda da - işıqdan, dünyanın gözəlliyini seyr
etməkdən məhrum olan bu sənətkar: Şair, tədqiqatçı-alim
doğrudan da, Fədai idi. O, şair doğulmuşdu, Xəlil
Rza Ulutürk adı səslənəndə Nizamidən,
Füzulidən üzü bəri müqəddəs
saydığımız şairlər yada düşür və
Xəlil Rza Ulutürk də bu üzü gələcəyə
yol alan karvanın sırasındadır. Amma o, tədqiqatçı-alim kimi də
özünü təsdiq edə bildi. "Müharibədən
sonrakı Azərbaycan Sovet Ədəbiyyatında poema janrı
(1945-1950) namizədlik dissertasiyası, "M.Şeyxzadənin
bədii yaradıcılığı və Azərbaycan -
özbək ədəbi əlaqələrinin aktual problemləri"
doktorluq dissertasiyası, "Maqsud Şeyxzadənin bədii
yaradıcılığı", "Rəsul Rza həsrəti",
"Bəxtiyar Vahabzadə", "Sabir Rüstəmxanlı"
və s. monoqrafiyaları - məqalələr toplusu bizə Xəlil
Rza Ulutürkü bir alim kimi də tanıdır.
Amma Xəlil Rza Ulutürk həm də mahir bir tərcüməçi
idi. "Qardaşlıq çələngi",
"Dünyaya pəncərə" (iki nəşri),
"Turan çələngi" tərcümə
kitabları Xəlil Rza Ulutürkün tərcüməçi
kimi də yorulmazlığını, bu işə çox məsuliyyətlə
yanaşdığını sübut edir. Mən
İlya Selvinskinin "Babək", Musa Cəlilin "Moabit dəftəri",
Robert Rojdestvenskinin "Otuzuncu əsrə məktub" əsərlərini
orijinaldan yox, Xəlil müəllimin gözəl tərcümələrindən
oxumuşam. O, tərcümə məsələlərində
də inadkar idi. Baxıb görürdü ki,
Yusif Balasaqunlunun "Qudatqu-bilik" əsəri hələ də
oxuculara çatdırılmayıb, girişirdi o əsərin
tərcüməsinə.
1150 səhifəlik "Dünyaya pəncərə"
kitabında ("Çinar - Çap - 2010) Xəlil Rza
Ulutürkün tərcümə coğrafiyası heyrət
doğurur.
Kimi istəyirsən, hansı ölkənin ən məşhur
şairinin şeiri ilə tanış
olmaq arzun varsa, buyur.
Qoy dara
çəksinlər, güllələsinlər,
Hər yerdə bağlıyam doğma torpağa.
Gözlərim
tutular, kəc baxsam əgər
Qanımdan
rəng alan qızıl bayrağa.
Bəli,
südlə girən sümüklə çıxar,
Polad gürz altında sınar, əyilməz.
Mənim məsləkimi mənim bağrımdan
İldırımlar belə qopara bilməz!
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.23.