Anarın zamangörənliyi...
Cari ilin aprel ayının sonunda Beynəlxalq SilkWay Ədəbiyyat Festivalının finalı
Quba şəhərində
keçirildi. Beynəlxalq tədbirin həmsədrləri
Varis və Əlibala Məhərrəmov
idilər. "Quba
- Truskavets - Şahdağ"
sanatoriyasında 3 gün
ərzində keçirilən,
ədəbiyyatımızın inkişafına yönəlik
layihə olan bu maraqlı festivalda gözlənilməz
hadisələr baş
verdi. Həmin
günlərdə münsiflərin
səsverməsi ilə
üç gənc yazar (Ruslan Dost-Əli, Ulucay Akif, Cavid Qasımov)
qalib seçildi, cavan qələm adamlarının bir-birini dəyərləndirməsi nəticəsində
isə bir yeni nəsil yazarı (El Roman) birincilik
qazandı.
Festival günlərində Xalq yazıçısı
Anar ilə gənclərin görüşü
keçirildi. Tədbirin maraqlı tərəfi
o idi ki, burada iştirak edən cavan söz adamlarının hamısı qarşılarındakı
görkəmli qələm
adamının əsərlərini
oxumuş, mətni bilən cavanlar idilər deyə ona bir-birindən maraqlı suallar verə bilirdilər.
Xalq yazıçısından
soruşulan suallardan biri də bu
oldu ki, son günlərdə dərc
olunan "Altmışıncılar"
və son 60 ilin ədəbi həyatından
səhifələr" adlı
yazınızda sizə
uzun illər əvvəl ünvanlanan yazılardan dəqiq mənbələri sitat göstərməklə misallar
çəkirsiniz. Həmin mətnləri
toplamaq, saxlamaq ehtiyacı sizdə nədən doğur?
Ancaq bu məqam sualın
sadə tərəfi idi. Sualın özəkdə yatan əsas mənası bu idi ki, o cür
hədyanlara zaman sərf etməyə dəyərmi? Sualı "bir təpik də qazsaq", başqa bir dərin məna isə bu idi
ki, şəxsinizə
qarşı haqsızlığı
bunca sənədli-sübutlu
şəkildə oxucuların
diqqətinə çatdırmaq,
gələcək nəsillərə
ötürmək sizi
yormurmu? Həmin
sualı kimsə belə də qavraya bilərdi: bu sübut dolu
yazılar "növbəti
repressiya" üçün
"kağız qalxanlara"
bənzəmirmi?
Əlbəttə, Anar müəllim dərhal anladı ki, sual yeddibaşlı
əjdaha sayaqdır, soruşulan fikrə haqq naminə elə cavab verməlidir ki, "bütün başlar eyni anda əzilsin". Anar müəllim dedi: "Başqa ölkələrdə
bilmirəm necədir,
amma mən hələ gənc yaşlarımda ədəbiyyata
gələndən, sonra
da Yazıçılar
Birliyinə sədr seçiləndən sonra
anladım ki, bizim ölkədə ədəbiyyat həm də mübarizədir".
"Bəs həm
də mübarizədir"
nə deməkdir?
Deməli, ədəbi mühitimizdə
yazıçı olmaq
öz qələm yoldaşlarının həsədləri,
haqsız yazıları,
yüksəlişlərinə qarşı aqressiyaları,
şər-böhtanları, ömürgödəldən söz-söhbətləri,
ayaqaltı qazmaları
ilə mübarizədir.
Yazıçı mübarizəsi
həm də üzdə bir cür davranıb arxada başqa işlər çevirənlərdən
yayınmaq, bu gün tərifləyib sabah söyənlərin mənəviyyatsızlığına dözmək, badə dostlarının fitnəkar
"qardaşlığı"na susmaq, fürsətkeşlərin
yağmakar əqidələrinə
duruş gətirməkdir…
Bir sözlə, bu fitnə bazarında heç nəyini satmadan gözəl əsərlər qələmə
almağın min bir çətinliyini Anar bircə ifadəyə -
"həm də mübarizə" fikrinə
sığışdırmışdı.
Şəxsən mən o ifadənin
anladığım mənasından
diksindim, eləcə də, Anar müəllimi
dərindən anlayanlar
da. Sonra dəyərli gənc
şair dostlarımla
"çay söhbətləri"ndə
bu xüsusda fikir mübadiləsi apardıq.
Heç Anarın ifadə etdiyi həqiqətin üstündən bir gün keçmədi ki, festivalın qiymətverməsində dedi-qodu
başladı. Gənc yazarlar bir-birinə, istedadlı həmkarlarına
sıfır bal verdilər. Kiməsə sıfır bal vermək o deməkdir ki, o, insan heç
doğulmayıb, yoxdur.
Hətta
bəzi gənclər
arasında insafsızlıq
bu həddə yüksəlmişdi. Münsiflər içərisində kimlərinsə
adı "tərəfkeş"
kimi hallandı, festivala gəlməyənlər
ora gələnləri
"bir qarın çörəyə görə
Qubaya gedənlər"
dedilər. Kəsəsi, yeddi arxın suyu bir-birinə qarışdı. Bakıya qayıtdıq,
yenə də dövri mətbuatda, sosial şəbəkələrdə
narazı tonlu yazılar bir-birini əvəz elədi.
Və hələ ədəbiyyata
təzə qədəm
qoyanlar, söz meydanına yenicə ayaq açanlar üçün Anarın
dünən dediyi
"həm də mübarizədir" fikrinin
təsdiqi özünü
çox gecikdirmədi,
əyani şəkildə
bir gen sonra gerçəkliyə çevrildi.
Beləcə, Anarın sənədli-sübutlu
mübarizəsinin mahiyyətinin,
təcrübəsinin anlamının
öz aramızda
"şahidi" olduq.
Əslində, bu görüş
Anarın gənclərlə
görüşü yox,
həm də Xalq şairi Rəsul Rzanın dediyi: "Mübarizə bu gün də
var, yarın da..." misrası ilə görüşü
idi. Amma mübarizə R.Rzanın
dediyi kimi bəşəri mübarizə
yox, Anarın bədxahlarına, hədyançılarına
yönəlik dilə
gətirdiyi ürəyi
yanaraq söylədiyi,
əslində belə
bir mühitin olmasını arzulamadığı
"həm də mübarizə"si idi.
Önümüzdəki günlərdə Azərbaycan
Yazıçılar Birliyinin
növbəti qurultayı
keçiriləcək. Yenə də
"yekə ağızdan
tüpürənlər", hədyan yazanlar, Xalq yazıçısını
gənclərə qarşı
qoyanların münbit
dövrü başlayır.
Anarın şifahi söhbətinin
ibrət dərsini görənlər, yeridir ki, onun Azərbaycan
naminə yazdığı
yazıların da, əsərlərin də zamanın hökmü ilə uzlaşan həqiqətlərini sezə
bilsinlər. Belə
etsələr, onda
"həm də mübarizə"nin komik personajına deyil, həqiqi mübarizələrin gerçək
qəhrəmanlarına çevrilə
bilərlər...
Fərid HÜSEYN
Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.-S.27.