İki balon qızıl
Hekayə
O, həmişə
tək asqırardı. Elə ucadan və ürəkdən
asqırardı ki, elə bil, göy guruldayır,
ildırım çaxır, ya da meteoritdən-zaddan bir şey
qəfildən yerə düşür. Hələ onun
asqırmağa hazırlığını görəydiniz!
Asqırmamışdan öncə, sanki daha güclü
asqırmaq üçün hazırlaşardı. Bir-iki dəfə
tələsik nəfəs alar, sonra da beyni burnundan
töküləcək gücdə asqırardı. Hündür boya, enli gövdəyə, çox da
yekə olmayan qarına sahib olan bu nəhəng adamın burun
deşiklərinin iri olması heç də onun
işgüzarlığından xəbər vermirdi. Amma asqırdığı zaman burnunun yekə
deşikləri işinə çox yarayırdı. Bir də burnunda danışması onun xarakterindən
az-çox nəsə deyirdi.
Hər dəfə
asqıranda hasar qonşuları Bayramqulu kişiyə ucadan:
"Sağlam ol", - deyərdilər. Amma bu tək
səbir qonşu Məhəmmədi çox əsəbiləşdirirdi.
Ondan başqa heç kim bu
asqırıqdan narahat olmurdu. Əksinə, hər
zaman məclislərin söz-söhbəti, uşaqların
yamsılama obyekti idi. Bayramqulu, adətən,
ya sübh tezdən, ya da axşamlar asqırardı. Məhəmməd
kişi də işə sübhdən gedəndə
həmişə çalışırdı ki, bu tək səbirin
sədaları altında işə yollanmaqdan canını
qurtarsın. Amma son yeddi ildə bu asqırıq səsini
eşitmədiyi səhər çox az
olmuşdu. Elə bil Bayramqulu onu
güdürdü. Məhəmməd kişi
Bayramqulugilin qapısına çatanda hava guruldayar, qara
yağış Məhəmməd kişinin başına
tökülərdi. Hər işini xalq inanclarına söykənərək
edən Məhəmməd kişi "tək
səbir", "qara pişik", "qarşına
çıxan pis adam" kimi inanclara çox dəyər
verirdi. Hərdən özü ilə tək
qalanda düşünürdü ki, neçə ildir
övladı olmur. Bunun da səbəbi,
çox güman ki, səhər duranda, axşam yatanda
Bayramqulunun asqırmasıdır. Bir
neçə dəfə sınamışdı ki, Bayramqulunun
asqırığını eşitmədiyi gün işləri
yaxşı gedir. Bir sözlə, cana
gəlmişdi Bayramqulunun bu bədxəbər
asqırığından. "Tək Allahın
adıdır", - deyib hər dəfə deyinə-deyinə
gedib-gəlirdi.
İş orasındadır ki, o bir dəfə də
olsun Bayramqulu kişini asqıran zaman üzbəüz görməmişdi. Amma həmişə də
ürəyində: "Öz başını yeyəsən,
bir gün elə bu asqırmaqdan öləcəksən",
- deyərdi.
Bayramqulu həmin Bayramqulu idi ki, o boyda pambıq zavodunun
direktorunu diz üstə çökdürmüş,
qisasını almışdı. Bu hadisədən sonra bütün
rayon ondan çəkinər, rəsmi idarələrdə
heç kim ona gözün üstə
qaşın var deyə bilməzdi. Hadisə isə belə
olmuşdu...
...Bir
gün pambıq zavodunun direktoru Niyazi müəllim zavodun məsul
şəxslərini yığıb çox ciddi bir məsələ
barəsində onların razılıqlarını aldı. O
zaman Bayramqulu zavodun mühasibi işləyirdi; Niyazi müəllimin
də, demək olar ki, sağ əli idi. Bütün
əyri işləri bir yerdə edər, qazandıqları
pulları birgə bölüşərdilər.
Bir gün Niyazi müəllim iki müavini və
Bayramquluya üç yüz min manatlıq sənəd
imzalatdırdı. Bu o sənəd idi ki, onunla balansda olan
böyük məbləğdə pullar silinirdi. Bunun müqabilində Niyazi müəllim Bayramquluya
iyirmi min manat pul verəcəkdi. Pula həris
olan Bayramqulu da tərəddüd eləmədən bir
günün içində qazana biləcəyi məbləğdən
vaz keçmədi. Bütün həngamə
də elə bundan sonra başladı. Hər
şey bitəndən sonra pulun bölüşdürülməsinə
gəldikdə Niyazi müəllim cığallıq etdi.
Sənədə qol çəkənlərə
vəd edilən məbləği on dəfə azaltdı.
İyirmi min manat əvəzinə Bayramquluya iki
min manat təklif etdi.
- Sən
nə danışırsan, mən bütün həyatımı,
arvadımı, iki oğlumu təhlükəyə
atmışam, indi deyirsən, qəpik-quruşa razı olum? Yoox, yoldaş Niyazi müəllim, bu mümkün
deyil, - deyib etiraz etdi.
-
Bayramqulu, artıq hər şey bitib; istəsəm, sənin
özünü də içəri basdıraram, ancaq indiyə
qədər kəsdiyimiz çörəyə hayıfım
gəlir. Al bu pulu, dinməz-söyləməz xərclə.
Olmasa nə edəcəksən, həə?
Kimə sübut edə bilərsən ki bunu?
- ironiya ilə dedi və öz dediklərinə
heyranlıq və əminliklə güldü.
Bayramqulunun təpəsindən tüstü
çıxırdı. Necə yəni "nə edə bilərsən?". Axı o, indiyə qədər
heç vaxt haqqını kiməsə yedirməmişdi.
Bu haqq haram yolla qazanılsa da, onunku idi. Neçə kolxoz sədri ilə işləmişdi,
hamısından da öz payını artıqlaması ilə
almışdı. Şamaxıda işlədiyi
zamanlarda neçə-neçə kolxozçuya mükafat
yazdırmışdı. Üzüm lafetlərinə
yarıdan çox su, torpaq tökməyi belə bəzən
işçilərə öyrədib, onların
mükafatına və əməllərinə şərik
olmuşdu. İndi isə Niyazi müəllim
ona fırıldaq gəlmək istəyirdi.
- Niyazi
müəllim, biz söz danışmışıq, siz də
mənə verdiyiniz sözə əməl edin. Yoxsa pis olar.
Niyazi müəllim kreslosuna yayxanaraq ucadan güldü. Sonra da ciddiləşib ona tərəf
əyilərək pıçıltı ilə:
- İndi deyirsən, gedib camaata xəbər verəcəksən
ki, biz dövlətin puluna göz dikmişik, malını
oğurlamışıq, sənədləri "fiktivni"
düzəltmişik? Ay bədbəxt, elə bilirsən döşünə
medal taxacaqlar? Yoxsa bunu eşitsələr, kimsə
sənə inanacaq? Özün bilərsən, ya pulu
götür, ya da əlindən gələni beş
qazana çək! Sənə bundan artıq verə
bilmərəm, xərcim çox çıxıb.
-
Yoldaş Niyazi, o pulun on qatını səndən alacağam.
Necə olur-olsun. Bunu
qulağında sırğa elə. Sən
hələ məni tanımırsan. Canın sağ
olsun, Bayramqulunun kim olduğunu
tanıtdıraram sənə, - deyib otağına keçdi.
Elə ordaca hadisəni öz maraqları naminə
kağıza yazdı. On surət çıxarıb, müxtəlif
rəsmi orqanlara göndərdi.
Hər gün məktublarına nə cavab gələcəyini
gözləyirdi. Bir axşam yazdıqlarına cavab gəldi.
Amma məktub şəklində yox, KQB
işçiləri şəklində.
Gecə ilə Bayramqulunun qolunu qandallayıb apardılar. Kiçik bir məhkəmə
edib, anonim məktublar yazmaqda günahlandıraraq, iki il iş verdilər. Bayramqulu
yaxşı bilirdi ki, məsələnin gerçək tərəfi
Mərkəzi Komitəyə çatdırılmayıb.
Bunu Niyazinin əlaltı və
qarındaşları eləmişdi.
Bayramqulu
qələmdən istifadə etməyi hamıdan yaxşı
bacaran adam idi. Onunla
"baş da kəsməyi, yaş da kəsməyi"
bacarırdı. Yazdığı ərizələr
daşdan keçərdi. İnandırma
qabiliyyəti, əlində olan faktlardan məharətlə
istifadə etmək onunçün su içmək kimi bir
şey idi. Elə həbsxanada da
gününü bu mirzəliklə məşğul olmaqla
keçirmişdi. Qeyri-rəsmi olaraq
dustaqlara vəkillik, mirzəlik edirdi. Öz
işi qalsın bir tərəfə, neçə-neçə
dustağın işini yüngülləşdirmiş,
haqsız həbs edilənləri buraxdırmışdı.
Bunu sadəcə onlar üçün
yazdığı məktubları ünvanına göndərməsi
ilə bacara bilmişdi. Bunun da
müqabilində azadlıqdakından daha çox
qazanmışdı. Hətta o pullarla evlərinə
televizor, soyuducu almışdı. Bu bir yana,
hər ay pul da göndərirdi.
Amma öz işini də boş buraxmamışdı. Bir neçə
ay keçəndən sonra yanına gələn
qayınına bir neçə məktub verib, təcili Moskvaya
uçmasını və məktubları yazdığı
ünvanlara çatdırmasını istəmişdi.
Fəaliyyətinin nəticəsini bir neçə
ayın içində görmüşdü. Heç ili
tamam olmamış Moskvadan göstəriş gəlmiş,
Bayramqulunun "üzərindən" həbs qərarını
götürmüşdülər. Bu xəbər
rayonu bir-birinə vurmuş, Bayramqulunun "hörməti"
birə-beş artmışdı. Təcili
olaraq Raykom katibi də onu qəbul etmiş, bu rayonda istədiyi
işi ona verməyə hazır olduğunu bildirmişdi.
Təki qələmini rayonun xeyrinə işlətsin.
Bayramqulu hər şeyi başa düşürdü. Ona görə də ilk
olaraq rayon mərkəzində ev tikmək
üçün torpaq istəmiş və almışdı. Sonrakı müddətdə isə heç bir
işlə məşğul olmamış, camaatın
işini düzüb-qoşmaqla güzəranını
keçirmişdi.
Beləcə, birini polisdən qurtarıb, birinin təqaüdə
çıxmasına kömək edib günlərini yola
salırdı.
Daha nəsə yazmağa da ehtiyac yox idi. Neçə müddət idi ki, qələm
üçün çalışan Bayramqulu indi qələminin
"barını" yeyirdi.
Bir gün rayon mərkəzindəki çayxanalardan
birində oturub nərd oynayırdı. Bu dəm
Niyazi müəllim çayçıya gəldi. Ortaq dostlar aradakı nifaqın azalması
üçün onları bir araya gətirdilər. Amma söhbətləri yenə düz gəlmədi.
Niyazi ironiya ilə:
- Necə
oldu? Bir il yaman dincəldin ha! Sözümə qulaq asmadın,
qarşılığını da aldın, - deyib, qəlibləşmiş
müdir gülüşü ilə qələbə çalıbmış
kimi güldü.
Bu tənəli sözlər camaatın yanında
Bayramqulunu yaman tutdu. Ayağa duraraq ucadan dedi:
- Qoy
hamı eşitsin, əgər mən səndən iki yüz
min almasam, soyadımı dəyişib sənin soyadını
- Məmmədovu götürəcəyəm.
Bu
sözü o qədər əminliklə dedi ki, Niyazi belə
diksindi. Özünü o yerə qoymasa da,
gözlərində qorxunu rahatlıqla hiss etmək olurdu.
Bəlkə də, onun iki yüz mini olmasa idi,
belə qorxmazdı. Fikri artıq
özündə deyildi. Canına vəlvələ
düşmüşdü. Oğurluqla
topladığı və hamıdan gizlətdiyi pulları
qorxmasına səbəb olmuşdu. Amma
özünü sındırmadı. Sadəcə:
Görərik - deyib çayxanadan çıxdı.
Bu söhbətdən bir xeyli keçmişdi. Bəlkə də,
Niyazi Bayramqulunun verdiyi vədi unutmuşdu. Amma Bayramqulu ov güdən timsah kimi qisas almaq
üçün fürsət gözləyirdi. Bayramqulunun üstün xasiyyətlərindən biri
də çox səbirli olması idi. Bütün
işlərini təmkinlə, tükünü belə tərpətmədən
edərdi. Hətta ən ağır
günlərdə də hər şeyin yaxşı
olacağı inamını əldən verməz, gözləyər,
əldə etdiyini iştahla, ağız dadı ilə yeyərdi.
Çünki bilirdi ki, həyatın nəbzini
tuta bilməyənlər bu zövqü ala bilmirlər.
Bayramqulu bir gün axşam fikirli-fikirli rayon
univermağının yanı ilə evinə doğru gedirdi. Birdən
gördü ki, Niyazi müəllimin "Volqa"sı
univermağın şüşə qapısını
sındırıb, maşının faralarından biri
içəri girib. Niyazi müəllim isə
başını maşının sükanına söykəyərək
yatıb. Heç tələsmədən
astaca yaxınlaşdı, onun başını
qaldırdı. Niyazi müəllimin
ağzından gələn arağın üfunəti onu
vurdu. Bu iyi duyan Bayramqulunun üzündə
təbəssüm yarandı. Sanki həyatın qoxusunu
duymaq istəyirmiş kimi, bir də ona tərəf
yaxınlaşdı:
- Həəə,
Niyazi müəllim, indi nə deyirsən? - deyə
pıçıldadı.
Sonra o tərəf-bu tərəfə baxıb, ehmalca
sınmış qapıdan univermağa girdi. Bir-iki top
parçanı maşının salonuna atdı. Sonra da
univermağın qabağındakı telefona jeton salaraq polisə
zəng etdi:
- Tez olun,
univermağın qabağına polis göndərin; oğru
girib, saxlaya bilmirəm.
Dəstəyi asandan sonra Niyazi müəllimi oyatmağa
başladı.
Niyazi müəllim qarşısındakının kim olduğunu belə tanımayacaq qədər
dəm idi. Bayramqulu məqsədinə
çatmaq üçün onun univermağın
qapısına qədər gəlməsinə kömək
etdi. Sonra da içəriyə keçən
kimi onu yerə yıxdı.
Artıq hər şey bitmişdi. Vəziyyətdən
belə bəlli olurdu ki, o boyda Niyazi müəllim
univermağı yarmaq istəmişdi, söz ustası,
gözündən heç nə yayınmayan Bayramqulu isə
hadisənin tək şahidi idi. Özü
də univermağı yarmaq istəyən Niyazi müəllimi
saxlaya bilməyən Bayramqulu onu vurub yerə sərmiş,
oğurluğun qarşısını almışdı.
Sonra necə oldusa, Bayramqulu şahidlik ərizəsini dəyişdi,
Niyazi müəllimi də cərimə edərək azad
buraxdılar.
Bu hadisə camaat arasında Bayramqulunun ikinci qələbəsi
kimi dəyərləndirilirdi. Hamı
deyirdi ki, Bayramqulu ərizəni geri götürmək
üçün Niyazi müəllimdən iki balon
qızıl alıb. Amma Bayramqulu bu haqda
heç kimə heç nə demədi, heç arvadına
da.
Arvadı Bayramqulunu yaxşı tanıdığı
üçün Niyazini elə-belə
buraxmadığını yaxşı bilirdi. Amma kişinin
pulları hara qoymasından xəbəri yox idi.
"İki balon qızıl" əhvalatı isə
sadəcə dillərdə əfsanə kimi qaldı. Bayramqulu bu
mövzuda heç nə danışmır, bu
mövzulardakı zarafatı yaxın belə buraxmırdı.
Artıq
Bayramqulunun oğlanları böyümüş, Moskvada
oxumuş, hərəsi bir iş sahibi olmuşdular. Uşaqlar
oxuduqları müddətdə atalarının "zəhmətkeşliyi"
nəticəsində heç bir korluq çəkməmiş,
ailə quran kimi də ataları onlara növbəsiz
filansız ev aldırmışdı.
Bir
axşam yemək zamanı Bayramqulu arvadına: "Bəlkə
bir gedək Moskvaya, uşaqları görək, bir az onlarla
qalıb istirahət edək? Nə düşünürsən,
arvad?", - dedi. Leyla xanımın ürəyindən olan bu
təklifə sadəcə bir cavabı ola
bilərdi: "Əlbəttə".
Beləcə, ayın-oyundan götürüb,
uzunmüddətli səfərə çıxdılar. Bu səfər
bir aydan çox çəkdi. Rayondan
"evinizə oğru girib" teleqramı gəlməsə
idi, hələ bir neçə ay da qalacaqdılar. Oğlanları təcili bilet aldılar və onlar da
ataları ilə birgə rayona qayıtdılar. Həyətə girəndə bütün ailə hələ
də atasının iki balon qızılı hara qoyduğunu
düşünür, atasının ilk olaraq hara
baxacağını gözləyirdilər. Bayramqulu
gözucu zirzəmiyə baxdı, sonra diqqət çəkmədən
yuxarıya qalxdı, kostyumlarının cibini axtardı:
"Elə bir şey götürməyiblər, sadəcə
cibimdən iki min manat götürüblər", - dedi. Sonra
üzünü onlarla birgə evə gələn
"uçaskovı"ya tutdu: "Sabaha qədər iki min
manatı tapıb gətirməsən, yenicə tumurcuqlanmaqda
olan poqonlarından möhkəm yapış".
Ailə artıq iki balon qızılın, doğrudan da,
bir dedi-qodu olduğuna inanmışdı.
Hər şey yat-yut olandan sonra Bayramqulu axşam xəlvətcə
zirzəmiyə endi. Neçə illər bundan qabaq
basdırdığı "ölü"nün
"diri"liyini yoxlamaq istəyirdi. Nə
qədər qazsa da, daşın altından bir şey
çıxmadı. Bunu görən o boyda Bayramqulu
"vayyyy, sizin nəslinizə lənət!", - deyib dizi
üstə çökdü. Səsə
yığılan ailə tələsik çölə
çıxıb Bayramqulunu axtardılar. Zirzəminin
işığının yandığını
gördükdə içəri girdilər. Bayramqulunun qazılmış çalanın
yanında dizi üstə çökdüyünü görən
ailə üzvləri bir anlıq duruxsalar da, Leyla arvadın
ucadan şaqqanaq çəkərək gülməsi vəziyyəti
dəyişdi.
- Ay ata,
ha dedik belə bir şey varsa, bizə də de, yaxşı
bir yerdə gizlədək. Görürsən nə
etdin, - deyə böyük oğlu Zaur gileyləndi.
Amma Leyla arvadın da, Bayramqulu kişinin də ətini kəssən,
xəbərləri olmazdı; Bayramqulunun əsəbdən,
Leylanın isə gülməkdən. Bayramqulu artıq səbir və təmkinini
itirmişdi:
- Mən
bura qoymuşdum, iki balon idi. Yarısını
sizi oxumağa göndərəndə
götürmüşdüm. Baxın, bu
daşın altında olmalı idi. İndi
heç nə yoxdur. O alçaqlar götürüblər,
yəqin. Heç cibimdə də iki min pul yox
idi. "Uçaskovı"nı
qorxudaraq aldım ondan. O yazıq da, yəqin, qorxusundan borc-zad
alıb gətirib. Haram mənə
düşmür, deyəsən. Gərək
harama əl atmayaydım. Gülmə, Leyla, gülmə.
Biz batdıq. Bundan sonra mən
ölərəm, - deyə deyinirdi ki, qəfil gələn tək
səbir sözünü ağzında qoydu. Öz səbirinə güvənən, tək səbirin
ona uğur gətirdiyini düşünən Bayramqulu bu dəfə
buna önəm vermədi. Çünki
artıq gec idi. Bu səbir sadəcə onu
susdurmuşdu. Əlini dizlərinin
üstünə qoyub, gözlərini çalaya dikdi. Birdən Leyla gülməyini saxlayıb, ciddiləşdi.
- A kişi, əminsən ki, orda gizlətmişdin?
Axı Fatma xalanın iti hərdən bizim zirzəmiyə
girirdi, bəlkə, daşın yeri dəyişib.
Bunu eşidən kişinin gözlərinə
işıq gəldi. Bu, son ümid idi. İnanmaq
istəyi ona bu fikrin həqiqət olduğunu söyləyirdi.
Oğlanları ilə birgə bütün zirzəmini
qazdılar və nəhayət, balon yarım qızılı
tapdılar.
Bayramqulu artıq həmin Bayramqulu idi. Özünə
olan güvəni, inamı, bacarıq və qabiliyyəti ilə
bağlı duyduğu qürur hissi, özünə
vurğunluğu geri qayıtmışdı. Yenə də gözləri
işıldayırdı. Əvvəlki
kimi ailədəki hakimiyyəti əlinə
almışdı. Öz bildiyinin və
etdiyinin ən düz əməl olduğuna əmin idi.
"Başına gələn başmaqçı
olar", - deyirlər. Bayramqulu əlində olan bütün
qızılları istiqraza - uduşlu pula çevirib, Əmanət
kassasına yatızdırdı. Pulları
əmin əldə olduğu üçün gecələr elə
rahat, elə mışıl-mışıl yatdı ki,
heç yediyi haramların səsini belə eşitmədi.
Zaman keçdi, milli oyanış oldu, xalqlar öz
azadlığı üçün ayağa qalxdılar. SSRİ tərkibində
olan ölkələr öz müqəddəratını həll
etdilər və yeni siyasi quruluş başladı. Bunun üçün də bütün maliyyə
sistemi dəyişdi. Banklar bağlandı,
inflyasiya yarandı və beləcə, xalq dili ilə desək,
"zayomlar öldü".
Bayramqulu o "zayom"ları özünün əsgərlikdən
gətirdiyi kiçik çamadanında saxlayırdı. Bu çamadan
onun üçün o qədər əziz və doğma idi
ki, ondan başqa heç kimin ona əli belə dəyə
bilməzdi. İçində də əvvəllər
yalnız əsgərlik xatirələrini əks etdirən
xüsusi hazırlanmış albom var idisə, sonralar ölkədəki
zavod və fabriklərin özəlləşdirilməsi
üçün dövlətin verdiyi çeklərlə
dolmuşdu. Bir də bu çamadan onun
üçün ona görə doğma idi ki, Voronejdə hərbi
xidmətdə olduğu zaman sevgilisi olmuş rus qızı
Svetlananın şəkilləri də içində idi.
Onunla bağlı o qədər şirin xatirələri
var idi ki, qiymətli kağızlara baxmaq üçün hər
gələndə əvvəlcə o sarışın
qıza baxar və mütləq dərindən köks
ötürərdi.
Beləcə, aylar, illər ötdü. Bayramqulu
qocaldı, amma pullara olan inamı və məhəbbəti
qocalmadı. O qiymətli kağızlar qiymətsiz
kağıza çevrildi və heç bir işə
yaramadı. Amma bununla belə, onun
üçün heç bir zaman dəyərini itirmədi.
"Bəlkə də qaytardılar", - deyib
Sovet hökumətinin geri dönəcəyini və onun
"halal" pullarının nə zamansa dəyərə
minəcəyini gözlədi.
Bir gün yenə səhər-səhər həyətə
çıxmışdı. Günəşin
çoxdan doğduğunu görüb, yuxuya
qaldığını hiss etdi. Və adəti
üzrə yenə asqırmağa hazırlaşdı. Bu asqırmaq da insanın xarakterini açan bir əlamətdir
əslində. Asqıranda yanındakıları narahat
etməsin deyə, asqırığını içində boğan adamlardan fərqli olaraq, dünyada
özündən başqa heç nəyi düşünməyən,
ətrafın narahatlığının fərqinə
varmayan, daha doğrusu, varmaq istəməyən adamlar kimi
Bayramqulu güclü bir leysan yağacağından xəbər
verən hava kimi gurladı. Sanki
rahatlamışdı. Amma bu dəfə gətirdiyi
səbir tək olmadı. O, yenə
"yağmağa" hazırlaşdı. Silkələndi.
Titrədi və nərə çəkib ikinci
dəfə asqırdı. Bu zaman başının gicəlləndiyini
hiss etdi. Səndələdi və stola söykənə-söykənə:
"Arvad", - dedi. Arvadı gəlincə
artıq gec idi. Böyük cüssəli nəhəng adam yerə yıxılmış və
ölmüşdü.
Ölümündən sonra onun albomunu arvadı qoruyub
saxlasa da, nəvələri kəndə gələndə
Bayramqulunun göz bəbəyi kimi əzizlədiyi qiymətli
kağızlardan quş düzəldib uçurdur, əylənirdilər.
Şəmil SADİQ
Ədəbiyyat qəzeti.- 2022.- 22
oktyabr.-S.26-27.