“O başqaları kimi “peşəkar axmaq”
olmaq istəmirdi”
Alman
filosofu Rudiger Safranski ilə Martin Haydeqqer haqqında söhbət
Alman filosofu və "Haydegger: Bir
alman ustad" kitabının müəllifi Rudiger Safranski ilə
Martin Haydegger haqqında söhbəti təqdim edirik. Safranski Haydeggerin totalitar rejim tərəfindən necə
təhrik edildiyindən, Hitlerə verdiyi dəstəyin həyatında
hansı çatışmazlıqlara və istəklərə
uyğun gəldiyindən bəhs edir.
- Martin Haydegger həyatı
boyu ölkəsində fəlakətə səbəb olan iki
dünya müharibəsinin şahidi olub. Bu müharibələrdə bilavasitə
iştirak etməsə də, bu, ciddi həyat təcrübəsidir.
Sizcə, bu iki müharibə onun
dünyagörüşünə necə təsir edib?
- Birinci Dünya müharibəsi Haydegger
üçün çox mühüm təcrübə idi. Xüsusilə
də intellektual sahədə. XIX əsrin
və müharibədən əvvəlki dövrün ənənəvi
dəyərləri şübhə altına alınıb və
ya çökmüşdü. Müharibələr,
milyonlarla insanın ölümü ilə müasirlik
ölümcül hala gəlmişdi və yeni
düşüncəyə ehtiyac vardı. 1920-ci ildə Haydeggerin ekzistensializminin meydana
çıxdığı şərtlər beləydi. "Narahatlıq" (Sorge), "Atılma"
(Geworfenheit), "Ölümə qaçmaq" (Vorlaufen in
den Tod) onun tezislərinin açar sözləri idi. O, ənənəvi
dini rədd edirdi, onun düşüncəsində
"Əziz Tanrı" yoxdur, inanclı daseina* etibar etmək
olmaz. Fərdlər cəsarət və güvəni
özlərindən almalıdırlar. Bu tip ekzistensializm
20-ci və 30-cu illərin əvvəllərində çox
müasirdi. Deməli, Haydegger o vaxtlar
"modern" filosof idi. Haydeggerin ilk fələsəfəsi
kollektivist, ya da ənənəçi deyil, fərdiyyətçi
idi. Lakin bu vəziyyət dəyişdi, məsələn,
"Həqiqilik" ("Eigentlichkeit") ilkin olaraq tamamilə
fərdin üzərində qurulmuşdu. Fərdi
varlıq idealı, yalnız 1933-cü ildə hakimiyyətin ələ
keçirilməsi ilə bütöv bir xalq, "əsl"
("həqiqi") oldu. Bu, onun ilkin
düşüncəsində köklü dəyişiklikdir,
xəyanət olduğu da deyilə bilər.
- Haydegger üçün hazırladığınız
tərcümeyi-halı oxuyanda onun həyatında davamlı
ziddiyyətlər və kəskin çevrilmələr
görürük. Bunu Haydeggerin
düşüncə dünyasında da görmək
mümkündür? Xüsusən
1933-cü ildə rektor olduqdan sonra, sizcə, onun fikirləri
tamamilə dəyişdi, yoxsa elə həmişə bu fikirlərdə
olub?
-
Yuxarıda qeyd etdiyimiz "həqiqiliyin" təfsirində
aydınlanan şey Haydeggerin həyatındakı ziddiyyətin
refleksidir. Fərd olmaq ehtiyacı ilə
kollektivin bir hissəsi olmaq ehtiyacının ziddiyyəti.
Məsələn, mənsub olduğu katolik kilsəsi
kollektivinin bir parçası, xırda burjua-kəndli
kollektivinin bir üzvü, eyni zamanda isə akademik kollektivin
iyerarxik hissəsinə çevrildi. Haydegger gəncliyində
üsyankar, az qala anarxik xasiyyətə
malik idi. Həmin illərdə o, cəsarətli
tezisləri ilə vicdanlı akademik ictimaiyyəti
qıcıqlandırmaq, eyni zamanda onlar tərəfindən də
tanınmaq istəyirdi. O, başqaları kimi "peşəkar
axmaq" olmaq istəmirdi. O özünü daha çox
Sokratdan əvvəlki dövrün vəhşi nəslin
davamçısı kimi görürdü. Haydegger
fəlsəfədə güclü mənlik hissi,
ömrünün qalan hissəsində isə burjuanın əziklik
kompleksi arasında gedib-gəlirdi. Bu ziddiyyət, qəzəbdən
doğan güc fantaziyalarını yaratdı: Böyük
filosof nəhayət, ictimai sahədə söz sahibi olmaq istədi.
1933-cü ildə bunu etmək imkanı əldə
etdi. Artıq bir filosof kimi özünü
bir hərəkatın başında yerləşdirə biləcəyinə
inanırdı. Nəticədə o, bir
növ Sokratiklərdən əvvəlkilərlə Hitlerin
davamçılarının sintezinə çevrildi. Gizli, anlaşılmaz "varlıq" ideyası
ona Hitlerlə birlikdə gəldi. O, hesab edirdi ki, bu yolla
o, ümumi varlıq mənasında köklü dəyişikliyi
hiss edir, siyasi mistisizmi. Bütün bunlar
çılğın fikirlər kimi səslənir və əslində
çox təhlükəli şeylərdir.
- Haydegger katolik kilsəsini tərk
etdikdən sonra metafizika ilə bağlı fikirlərini yenidən
nəzərdən keçirir sanki. Bu vəziyyət
bizə fəlsəfənin inancdan ayrıla bilməyəcəyini,
hətta fəlsəfənin inanca birbaşa təsir etdiyini
göstərir? Ayrıca, Haydeggerin
heç bir fərziyyə olmadan sual vermək cəsarəti
bizdən onu bir neçə dövrdə
araşdırmağı tələb edir. Siz
necə düşünürsünüz?
- Əlbəttə, Haydeggerin ömür boyu
araşdırdığı "varlıq" məsələsinin
həmişə dini sfera ilə əlaqəsi olub. Nəhayətdə,
bu, mənəvi bir sualdır. Söhbət
bilavasitə sensasiyadan kənara çıxan təcrübə
ölçüsünü "açmaqdan" gedir. Bu "açılış" teoloji-spekulyativ və
ya dini-doqmatik deyil. Bəlkə də bunu təsvir etməyin
ən yaxşı yolu "intensivlik" (Intensit?t) terminindən istifadə etməkdir. Məsələn, Haydeggerin bu qədər
güclü vurğuladığı "həqiqilik" belə
bir intensivlikdir. Bunu əvvəllər daha
aktivist mənada başa düşsə də, sonrakı fəlsəfəsində
passiv-mistik əks-sədalar üstünlük təşkil
edir. Belə halda bu cür demək olar;
Keçmiş katolik namizədi kimi fenomenoloq, sonra fərdi
ekzistensialist, sonra kollektiv ekzistensialist (Hitlerizm kontekstində),
sonra bir növ avropalı Buddist və ya Şvarsvadlı
("Qara Meşə") Taoist oldu. 20-ci
illərin şiddətindən sonra isə onun
üçün varlığın qoruyucusu bir pastorala
(çoban) çevrilmişdi.
- Haydeggerin təkcə fəlsəfəsində
deyil, həm də insani münasibətlərində çox
kəskin tənqidlər etdiyini görürük. Məsələn,
onun həm dostu, həm də müəllimi olan Husserli (Edmund
Husserl - alman filosof, Fenomenologiya məktəbinin banisi - tərc.)
fenomenologiya mövzusunda tənqid etdiyini görürük. Həm
bu fikir ayrılığı, həm də Haydeggerin bu xarakteri
haqqında nə demək istərdiniz?
- Husserl
ona dərindən təsir edib. Hər şeyə
yenidən başlamağa, şüurda baş verənlərə
yeni rakursdan baxmağa təşviq edib. Husserl
ona yeni bir başlanğıc təklif edib, lakin fəlsəfi
cəhətdən olduqca ixtiraçı olan Heydegger öz yolu
ilə getməyi seçib. Fenomenologiya cəhətdən
o, təkcə şüuru deyil, həm də "dünya
içində var olmağı" öyrənib
(araşdırıb). Bu onun
şüur-fenomenologiyasının şüur həbsxanasından
dünyaya doğru dahiyanə şəkildə partlaması
idi. Yol onu şüurdan varlığa
apardı. Haydegger Husserlə minnətdar
idi, amma eyni zamanda qeyri-müəyyən hissə də
qapılırdı. Özünü Husserldən azad
etdiyi üçün hiss etdiyi minnətdarlıq Husserlə
qarşı duyduğu pis hisslə birləşdi. Əvvəlcə bunun nasist dövrü ilə
heç bir əlaqəsi yox idi, lakin nasist dövrü problemi
daha da pisləşdirdi. Artıq, təkcə
qətiyyətsizlik deyil, eyni zamanda Haydeggerin şəxsi
qorxaqlığı da üzə çıxdı,
çünki təcrid zamanı Husserlə insan kimi dəstək
verməyə də laqeyd yanaşırdı.
- Gənc Haydegger heç
vaxt irəli çəkilməsə də Hitlerin
akademiyanı monopoliyasına almaq üçün etdiyi dəyişikliklərlə
bərabər Haydeggerin də yüksəldiyini
görürük. Haydegger Hitleri
buna görə dəstəkləyirdi? Gücdən
istifadə edirdi, yoxsa ideyaları əslində Hitler və
nasist hərəkatına paralel idi?
-
1933-cü ildə Haydegger partizan və ya opportunist deyildi,
özünü inqilabçı kimi hiss edirdi. Sadəcə,
zahirən uyğunlaşmaqla qalmadı, zəhər içinə
də nüfuz etmişdi. Nasist hərəkatını
öz xeyrinə istifadə etmək istəyirdi. Onun aydın siyasi anlayışı yox idi, sadəcə
qeyri-müəyyən baxışı vardı. İdeyaları; kütləvi demokratiya olmadan daha
sinfi əsaslı cəmiyyəti hədəfləyirdi.
O, Federal Gənclər Hərəkatının xarizmatik lider
prinsipi ilə tanış idi və
düşünürdü ki, bu, bütün cəmiyyətdə
olmalıdır. Onun fikrincə, böyük kilsələrin
siyasi təsiri azaldılmalı, universitetlər
formalaşdırıcı qüvvə kimi yenilənmiş fəlsəfə
ilə yenidən bir növ Platonçu akademiyaya çevrilməlidir.
Bu, onun yanlış yönləndirici və
"rəsmi" doktrinadan uzaq "şəxsi" milli
sosializmi idi. Haydegger 1930-cu illərin ortalarına
qədər Hitlerə heyran olmağa davam etdi. Haydegger bundan sonra heç vaxt bu rəğbətdən
bəhs etmədi, təhlil də etmədi. Fəlsəfi olaraq niyə bu qədər
yanıldığı barədə heç vaxt
düşünməmişdi. O, totalitar təfəkkürün
onu necə bu qədər təhrik etdiyini heç düşünməmişdi,
düşünübsə də belə, bunu açıq
şəkildə dilə gətirməyib. O, heç vaxt
mistisizmin siyasi mistisizmə çevrilməsi barədə
düşünməyib.
- Bu gün Almaniyada Haydegger necə
qiymətləndirilir? Həmçinin dil baxımından da bənzərsiz
mütəfəkkir olan Haydegger, sizcə, alman
ziyalıları tərəfindən adekvat şəkildə
oxunur, başa düşülür?
- Bu
gün də Haydeggerin fikrincə, mühüm yer tutan bəzi
fəlsəfi impulslar var, məsələn, Daseinin
"Varlıq və Zaman"dakı fenomenoloji və gündəlik
həyat kontekstində təhlili, ekzistensial terminlərlə
"Həqiqilik" fəlsəfəsi, texnologiya fəlsəfəsindəki
son dövr tənqidləri və təbiətin məhv edilməsi
və istismarının fəlsəfi tənqidi bunlardan bəziləridir.
Təəssüf ki, indi Almaniyada insanlar demək
olar ki, Haydeggerin yalnız siyasi günahları haqqında
düşünürlər. Haydeggeri
müzakirə edəndə gənc fəlsəfə alimləri
çox vaxt fəlsəfi ruhu olmayan siyasi ittihamçılara
çevrilirlər. Bəlkə də
siyasi düzgünlük bəzən fəlsəfi cəhaləti
ört-basdır etmək üçün istifadə edilən
örtükdür. Digər məsələlərdə
də cəhalət çox vaxt əxlaqa təşviq edir.
- Haydeggerin nələrə məruz
qaldığını da nəzərə alsaq, sizcə,
filosof siyasətlə məşğul olmalıdır? Yoxsa siyasət və fəlsəfə bir-birinə
toxunmamalı olan iki ayrı dünyadır?
- Siyasi qərarların
həmişə fəlsəfi mülahizələrlə əlaqəsi
var. Bununla belə, bu səbəbiyyət deyil. Siyasi
baxımdan Haydeggerin 1920-ci illərdəki fəlsəfi
düşüncəsindən tamamilə fərqli nəticələr
çıxarmaq olar. Məsələn,
Sartr 1939-1940-cı illərdə solçu siyasi fəaliyyətə
qayıtmasına haqq qazandırmaq üçün Haydeggerin
"tarixilik" konsepsiyasından istifadə edib. Fəlsəfə ilə siyasət arasında əlaqə
var, amma səbəb əlaqəsi yoxdur. Bu
o deməkdir ki, Haydeggerin bütövlükdə fəlsəfi
düşüncəsi onun nasist dövründə
oynadığı rola görə nüfuzdan düşməz.
- Siz də Haydeggerin iddia edildiyi kimi
sadə və adi bir mistik olduğunu iddia edirsiniz, yoxsa yenidən
qurub yaratmaq istəyən və sorğu-suala cəsarət edən
ustad?
- Haydegger rasionallıq və reallıq anlayışlarının təhlükəli birölçülülüyünü dərindən nümayiş etdirən filosofdur. Bunu edərkən istər-istəməz zaman-zaman mistik ölçüyə də toxunur. İnsanlar virtual mühitdə getdikcə daha çox hərəkət etməyə davam etdikcə və artıq reallıqda kim olduqlarını bilməz hala gəldikcə, mövcud olmaq istəyi aktual olaraq qalacaq.
*Dasein - almanca "varlıq" mənasına gəlir, Martin Haydegger tərəfindən "Varlıq və Zaman" adlı əsərində istifadə edilən bir termindir.
Hazırladı:
Nilufər Hacılı
Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.31.