Hikmətizm
İsmayıl Hikmət Moskva ilə Ankaranın, Stalinlə Atatürkün
arasında gedən açıq ideoloji savaşın mərkəzindəydi. Və onun
"Dörd il yarım Azərbaycanda"
("Azerbaycanda dört
buçuk yıl")
memuarı təmsil etdiyi dövlətin, daha doğrusu, Atatürkün Azərbaycanla
bağlı ideoloji konsepsiyasını həyata
keçirən bir türk aliminin məqaləsidir. Bu məqalədə o, həm
də Stalinin Azərbaycan siyasətini təhlil edib. Türk birliyi ideyasının nəzəriyyədən praktikaya
tətbiq edildiyi indiki şəraitdə bu əsərin nəzərə alınmasına,
elmi araşdırmalarda
ona istinad edilməsinə ciddi ehtiyac vardır. Hər şeydən əvvəl ona görə ki, 1920-ci illərdə Azərbaycan
hökumətinin xüsusi
dəvəti ilə Bakıya gəlib burada Azərbaycan ədəbi-elmi mühitinin
əsas simalarından
birinə çevrilən
və fəaliyyəti
sonralar sovet ədəbiyyatı ideoloqları
tərəfindən hikmətizm
epiteti ilə yarğılanan, əsərləri
yandırılan, milli
şüurla yetişmiş
yüzlərlə tələbəsi
"darmadağın və
pərişan" edilən
İsmayıl Hikmət
səviyyəsində hansısa
başqa bir türk alimi yoxdur. Digər tərəfdən, türk alimləri arasında İsmayıl Hikmətdən başqa heç kəs 1920-ci llərdə Azərbaycanda
humanitar elmi proseslərin belə dolğun təhlilini verən əsər yazmamışdır. Ədəbiyyatşünaslarımızın bu yazıdan
öyrənəcəyi çox
şeylər vardır.
Tutaq ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın pərdəarxasında baş
verən proseslər,
"Qızıl qələmlər"in
aktivləşdirildiyi dövrdə,
Xalq İcraiyyə Komitəsinin təşəbbüsü
ilə yaradılmış
və xalq ədəbiyyatı, Şərq
ədəbiyyatı, Qərb
ədəbiyyatı, təhlil
və tənqid, uşaq ədəbiyyatı,
tərcümə, rus
ədəbiyyatı, ədəbiyyat
tarixi kimi on bir istiqamətdə fəaliyyət göstərən
Ədəbiyyat Cəmiyyətinin
məhz Türkiyədən
dəvət olunmuş
professorların iştirakı
ilə qurulmasındakı
məqsəd, bədii
ədəbiyyatda psevdosimvolizm
problemi (ki, biz 1920-ci illər ədəbiyyatımızı
bir də bu nəzərlə oxumalıydıq), məktəb
yaşlı uşaqların
mədəni inkişafını
təmin etmək üçün uşaq ədəbiyyatı seriyasının
ümumtürk kontekstində
hazırlanıb çap
edilməsi, din birliyinə
vurulmuş zərbənin
nəticələri, dil
birliyinin təhdid olunması, Rusiyanın Azərbaycanda gəlişməkdə
olan türk düşüncəsinə qurnaz,
sinsi, hiyləgər və məkrli münasibəti və s...
İsmayıl Hikmətin məqaləsində
Türkoloji Qurultay ərəfəsini təsvir
edən ilginc bir məqam var: "O zaman maarif komissarı olan şəxs böyük bir təlaşla vəziyyəti
anlatdı: "Ruslar türklərə ən böyük zərbəni
bu dil məsələsində
endirəcəklər. Bizi Universitet
tədrisatından, türk
dili və ədəbiyyatından məhrum
edəcəklər. Rus dilinin
əsarəti altında
qalacağıq. Bir
çarə tapın!
Qurultayda
türk dilini müdafiə edin".
Təsadüfi deyil ki, 1937-ci il repressiyasına
məruz qalmış
Azərbaycan ədəbiyyatçılarının
böyük əksəriyyəti
türkiyəli professorlar
tərəfindən qurulmuş
həmin Ədəbiyyat
Cəmiyyətinin üzvləri
idilər. 1926-cı ildə bağlı qapılar arxasında İsmayıl Hikmətə
yuxarıda xatırlatdığım
sözləri deyən
isə Maarif Komissarı Mustafa Quliyev idi. Mustafa Quliyev
də, Hüseyn Cavid də 1937-ci ildə müstəntiqlərin
İsmayıl Hikmətlə
bağlı suallarına
cavab verməli olurdular. İstintaq materiallarında belə fikirlər keçir ki, türkiyəli professorlar təkcə Azərbaycanın ədəbiyyat
məsələlərində fəal iştirak etmir, onlar eyni
zamanda məqalələr,
dərsliklər yazır,
guya üstəlik, pul
da verirmişlər… İsmayıl Hikmətin evində Hüseyn Cavid həm də yazıçı olan türk səfiri Memduh Şevket Esendalla görüşürmüş və bu görüş
zamanı türk ədəbiyyatından heç
nə ilə fərqlənməyən Azərbaycan
ədəbiyyatına türk
nüfuzunun təsiri məsələləri müzakirə
olunurmuş...
1937-ci ildə Ədəbiyyat
Cəmiyyətinin əksər
üzvləri həbs
olundu, Çünki o
dövrün mətbuatının
yazdığına görə,
"Köhnə yazıçıları
birləşdirən "Ədəbiyyat
Cəmiyyəti" əsas
etibarilə mürtəce
yazıçılardan ibarət
idi. Bu cəmiyyətin sədri Böyükağa Talıblı,
katibi isə Əhməd Cavad idi. Bu "cəmiyyətin"
"marksist" fikri ifadə edən partiya yadrosu Tağı Şahbazi, Hənəfi Zeynallı və Talıblı kimi nasionalist və çürük liberallardan ibarət olmuşdur ki, sonra bunlar kontrrevolyusyon
mahiyyətlərini göstərdilər.
Bu adamlar Cavadların,
Çobanzadələrin və
Səməd Mənsurların
təsirində qul olmağa qədər enmişlərdi. Bunların sayəsində
Ədəbiyyat Cəmiyyətinin
orqanı olan "Ədəbi parçalar"
jurnalının səhifələrində
"Rəngidir" kibi
mürtəce şeirlər
çap olunurdu. Cəmiyyət özünün bütün fəaliyyəti
ilə demək olur ki, o zamankı
gənc proletar yazıçılarının pozisiyasını da zəiflətməyə çalışırdı.
Bir faktı göstərmək
kifayət edər ki, cəmiyyətə məşhur pantürkist və panislamist, Azərbaycan burjuaziyasının
ilk ideoloqu Əli bəy Hüseynzadə fəxri üzv olaraq qəbul edilmişdir". "İdealist
romantizm xəstəliyinə
təşkilati cəhətdən
rəvac verən Ədəbiyyat Cəmiyyəti
və "Ədəbi
parçalar" jurnalı
öz səhifələrində
nəinki H.Cavidin
"Həp sənsən",
Səməd Mənsurun
"Həpsi rəngidir"
şeirlərini", İsmayıl
Hikmətin "Qərb
ədəbiyyatı" məqaləsini
dərc etdiyinə,
"hətta mürtəce
romantizmi nəzəri
cəhətdən əsaslandırmağa
çalışan burjua
ideoloqu Əli bəy Hüseynzadəyə
tribuna verdiyinə"
görə tənqid olunurdu.
İsmayıl Hikmətin "Dörd
il yarım Azərbaycanda" memuarından
isə həm də o aydın olur ki, sən
demə, ilk böyük
ədəbi təşkilatımız
olan Ədəbiyyat Cəmiyyəti türkiyəli
professorların, o cümlədən,
İsmayıl Hikmətin
iştirakı ilə
qurulub və onun məqsəd və məramını Hikmətin
bu məqaləsindən
başqa heç bir mənbə belə təfərrüatı
ilə şərh etmir.
Azərbaycan Yazıçılar Birliyinin
XIII Qurultayı ərəfəsində
Ədəbiyyat Cəmiyyəti
ilə bağlı geniş haşiyə çıxmağım səbəbsiz
deyil. Yuxarıda qeyd etdim ki, Ədəbiyyat Cəmiyyəti Azərbaycanın
ilk böyük ədəbi
təşkilatı olub.
Onun "Ədəbi parçalar" jurnalında
təkcə Hüseyn
Cavid deyil, Süleyman Rüstəm də, təkcə Əli bəy Hüseynzadə deyil, Cəlil Məmmədquluzadə
də iştirak edib. Cəmiyyətin üzvləri sırasında
Əbdürrəhim bəy
Haqverdiyevlə yanaşı,
Süleyman Sani Axundov da, 82 yaşlı Məşədi
Rəhim Fəna ilə yanaşı, 31 yaşlı Əliağa Vahid də var
idi. Abdulla Şaiq
də burdaydı, Bəkir Çobanzadə də, Mikayıl Rəfili də.
Bu yazını həm
də Hüseyn Cavdin 140 illiyini əks etdirən sayımızda təqdim edirəm. Məsələ burasındadır ki, tədqiqatçılar
Hüseyn Cavidin "məfkurəvi böhran illəri" kimi xarakterizə olunan 1920-ci illər yaradıcılığının
nəzəri baxımdan
dəqiq təsnifatını
vermək üçün
mütləq mənada
İsmayıl Hikmətin
məqaləsinə istinad
etməlidirlər. Unutmayaq ki,
Cavidlə Hikmət həm də məfkurə dostu idilər. Ədəbiyyat Cəmiyyəti üzvlərinin
1926-cı ildə çəkilmiş
fotosunda da Hüseyn Cavid İsmayıl Hikmətlə
yanaşıdır.
İsmayıl Hikmətin 1958-ci ildə
Münhendə çıxan
"Dərgi" jurnalının
13-cü sayında dərc
olunmuş "Dörd
il yarım Azərbaycanda"
məqaləsi 1920-ci illərdə
gedən siyasi-ədəbi
prosesləri, eləcə
də bu günə qədər qaranlıq qalan nüansları aydınladan,
dövrün dolğun
elmi-siyasi təsvirini verən ilk yazıdır.
Mən onu Azərbaycanda ilk dəfə Ədəbiyyat
qəzetinin 4 iyul
2008-ci il tarixli sayında təqdim etmişdim. Təəssüf ki, aradan keçən 14 il müddətində
mövcud problemlə bağlı elmi araşdırmalarda ona yetərincə istinad edilmədi. Halbuki, dövrün humanitar
mənzərəsi barədə
aydın təsəvvür
əldə etmək üçün "Dörd
il yarım Azərbaycanda" əsəri
tədqiqatlarımızın əsas qaynaqlarından biri olmalıydı. 1920-ci illər ədəbiyyatımızın
ümumtürk, daha çox isə Türkiyə-Azərbaycan kontekstində
tədqiqinə, eləcə
də, "Bir millət - iki dövlət" meyarına
əsaslanan çağdaş
münasibətlərimiz fonunda,
özəlliklə İkinci
Qarabağ savaşından
sonra İsmayıl Hikmətin bu yazısı Azərbaycanda
ümumtürk düşüncə
tarixinin 1920-ci illərdəki
mərhələsinin daha
dərindən öyrənilməsinə
ciddi elmi istiqamət verə bilər.
20 oktyabr 2022
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.28.