Dörd il
yarım Azərbaycanda
1923-cü ilin baharı idi. Azərbaycan
Cümhuriyyəti Ankara Böyük Millət Məclisi
Hökumətindən Bakı Ali Pedaqoji İnstitutu ilə
Bakı Universitetində türkcə dərs vermək
üçün professorlar istəmişdi. Maarif təşkilatı hələ tamamilə
Ankaraya köçürülmədiyindən Ankara bu tələbi
İstanbuldakı təmsilçiliyinə həvalə
etmişdi. Getməmizə qərar verilən
mən və digər iki arkadaşım Bakıdan gələn
heyətin başçısı ilə söhbətləşmiş
və hərəkət zamanımızı qərarlaşdırmışdıq.
***
1905-ci il inqilabından bəri Rusiya daxilində
müsəlman-türk ölkələrində cərəyan
edən milli hərəkatlar çarlıq Rusiyası tərəfindən
çeşidli şəkillərlə baltalanmaqda, milli tərəqqi
və inkişafın önünə keçilmək
üçün müxtəlif zülmlər və qeyri-insani
davranışlar tətbiq olunmaqda idi. Türk-islam
millətləri bir çox qurultaylar keçirərək
öz müqəddəratları haqqında ortaq qərar verməyə
və bu surətlə zalım bir idarəyə qarşı
insani, mədəni, hüquqi və təbii haqlarını
müdafiə etməyə çalışırdılar.
1906-cı ilin avqustunda Kazan, Krım və Azərbaycan
nümayəndələrinin Nijni-Novqorodda toplanan
üçüncü "İttifaq" qurultayında
Krım nümayəndəsi İsmayıl bəy
Qaspıralının: "Ümumən türklərin əsli
və nəsli birdir. Zaman və məkan
ixtilafı ilə şivə və adətlərimizdə də
ixtilaf peyda olmuşdur. Bu ixtilaf bir-birimizi
anlamayacaq dərəcəyə gəlmişdir. Bundan sonra məktəblərimizi bir olan ədəbi
dilimizə xidmət edəcək hala gətirmək
lazımdır. Qurultayın məktəb və
mədrəsə komissiyası tərəfindən
hazırlanmış layihəsində ibtidai məktəblərimiz
üçün dördillik tədris müəyyənləşdirilmişdir.
Bunun üç ilində sadə məhəlli
şivə tədris icra edilib, son sənəsində ümumi
türk lisani ilə yazılmış kitablar oxudulmalıdır.
Bu sayədə tədricən müxtəlif şivə və
ləhcələr birləşmiş olur" təklifi
ümumiyyətlə qəbul olunmuşdu ki, bundan da təbii
bir şey ola bilməz. Bu gün
bütün mədəni dünyadakı millətlərin ədəbi
dilləri də şivələrin birinin inkişafı ilə
meydana gəlmiş olduğu tarixi və elmi bir həqiqətdir.
Xalq arasında danışılan bir-birlərindən
fərqli olan ağızlar bu birlərinə heç bir surətlə
mane olmur. Necə ki, bu xalq
ağızlarından meydana gəlmiş bir ağız ədəbiyyatı
da vardır ki, mənsur və mənzum məhsulları ilə
folklorun bir mühüm qismini təşkil edər. Hər
nə bahasına olur-olsun, öz hüdudları daxilində
bulunan millətlərin və bilxassə müsəlman
türklərin din və dil birliyini əngəlləməyə
əzm etmiş və bütün bu millətləri din və
dil baxımından ruslaşdırmağa qərar vermiş
olan çarlıq Rusiyası qurultayda verilən və qəbul
edilən qərardan rahatsız olmuşdur. Necə ki,
bütün milli fəaliyyətləri baltalamağa istiqamətlənmiş
18 dekabr 1910-ci il tarixli bir qərarnaməsində
görüləcək tədbirlər arasında ən
çox diqqəti çəkən qism: "Ədəbi
türkcə ilə danışan və yazan müəllim,
mühərrir, ədib və sair ziyalıların Osmanlı
casusu sayılması idi".
***
İştə
çarlıq Rusiyasının öz hüdudları daxilindəki
müsəlman millətlər haqqında
çıxardığı bu öldürücü qərarların
tətbiqi üçün hazırlıq aparmağa
çalışdığı o illərdə meydana gələn
inqilabla tarixdən silinməsi üzərinə təzyiq
altında yaşayan millətlər bir az
geniş nəfəs almışlar və hətta, çox
qısa bir zaman üçün olsa da, artıq hürriyyətin
və istiqlalın ləzzətini dadmışdılar.
Bolşeviklərin
7 noyabr 1917-ci il inqilabında müsəlman
millətləri öz tərəflərinə çəkmək
məqsədi və siyasəti ilə nəşr etdikləri
bəyannamədə "cami və məbədləri
çarlar tərəfindən dağıdılan, adət və
ənənələri ayaqlar altında çeynənən
siz ey, Rusiya müsəlmanları, İdil boyu və Krım
tatarları, Qafqaz dağlıları və çeçenlər.
Bundan belə sizin din və adətləriniz,
sizin milli və mədəni müəssisələriniz azad və
toxunulmaz elan edilir. Sizin buna haqqınız
vardır", - deyilirdi.
28 may
1918-ci ildə müstəqil Azərbaycan Cümhuriyyəti təşəkkül
etmişdi. Bu barədə Mirzə Bala: "11 may 1918-ci ildə
Şimali Qafqaz Millət Məclisi Şimali Qafqazın
istiqlalını elan etdikdən 15 gün sonra, Mavərayi-Qafqaziya
(Zaqafqaziya) Federasiyası süqut edincə Gürcüstan, Azərbaycan və Ermənistan müstəqil
cümhuriyyətləri təşəkkül etdi. Keçmiş Rusiya imperatorluğu daxilindəki
türk və müsəlmanların milli hərəkat tarixində
bu son hadisə çox böyük bir yer tuturdu. Zira Azərbaycan
ilə Şimali Qafqaz, böyük dövlətlər tərəfindən
də tanınan tam hökmranlıq haqlarına malik müstəqil
dövlət qurmağa müvəffəq olmuşdular" -
deyir və "Böyük milli qurultayda türk və müsəlmanların
milli-mədəni muxtariyyət fikrini müdafiə edən
Ayaz İsaqi bəy 1917-ci il inqilabından
20 il sonra bu sətirləri yazırdı: "Sovetlər
birliyində yaşayan biz türk-tatarlar, bir ana və
atanın övladlarıyıq. Mədəniyyətimiz,
tariximiz, dinimiz birdir, ancaq coğrafi durumumuz bir deyildir... Fəqət türk xalqları coğrafi baxımdan
bir-birindən nə qədər uzaqda yaşasalar da
oyanış dövrü başlar-başlamaz türk
kültür birliyi istinad nöqtəsi olaraq qəbul
edilmişdir. Çarlıq dövründə
bütün milli fəaliyyətlərimiz bu yolla
yürümüşdür. İnqilab
dövründəki qurtuluş həmlələrimizdə,
coğrafi ayrılıqlardan dolayı, ayrı-ayrı
görünsə də, mənən birlik ruhunda davam
etmişdir. Gərək məmləkət içindəki
işlərimiz və gərəksə mühacirliyimizin
işini yürütmək üçün bir-birindən
ayrı, Türk-islam, Azərbaycan, Krım, İdil-Ural və
Şimali Qafqaz istiqlal komitələri ətrafında
toplanmaqla bərabər, bunların getdiyi yol, təqib etdikləri
qayə Türk kültür birliyini mühafizə etmək və
öz xalqlarını yabançı boyunduruğundan
qurtarıb müstəqil yaşatmaqdadır"
parçalarında dilə gətirir.
Ancaq iki il qədər istiqlal dövrü və
hürriyyət həyatı yaşamağa müvəffəq
ola bilən Azərbaycan və Şimali Qafqaz bu dövr
müddətində ideallarını tətbiqə
başlamışdılar. Belə ki, bizim
1923-cü ildə dəvət olunduğumuz Azərbaycan
Cümhuriyyəti Sovetlər birliyinə daxil olduğu halda da
o ideallarının bir qismini olsa da yaşatmağa
çalışmaqdaydı. İbtidai
siniflərini bilmirəm, fəqət orta məktəblərində
dərs deyən müəllimlər tamamilə (Ədəbi
türkcə), yəni Türkiyə türkcəsi ilə dərs
oxudurdular.
Azərbaycan Cümhuriyyətinin Türkiyədən
müəllim istəməsinə Sovet Rusiyasının o zaman
mane olmamasında əsasən iki səbəb
görünürdü. Biri Türkiyə ilə olan zahiri
dostluğu; zahiri deyirəm, çünki həqiqətdə
bu dostluqdan əsər yoxdu. Hər gün Bakı
küçələrində xalqa nitq söyləyən firqəçilər
Türkiyə hökumətini paşalar hökuməti
adlandırır və onların zehnini tənqid edir; hər
gün də Türkiyənin Bakıdakı təmsilçisi
baş konsulluq tərəfindən aldığı etiraza:
"Çox mütəəssirik, bunu edənlər avam
xalqdır, üzr diləyirik, biz onların öhdəsindən
gələrik!" tərzində uydurma bir üzrxahlıq
edirdilər. Bu da aradakı dostluğun mahiyyətini
göstərməyə yetərlidir.
İkincisi də, Azərbaycan Cümruhiyyətini
şübhələndirmədən uyğun bir zamanda
münasib bir siyasət yürütmələri idi. Həqiqətdə
isə Sovet hökumətinin qayəsi əski Rusiya
çarlığının eynisi olub, bəlkə daha sinsi
bir davamı idi. Sovet Rusiyası öz
hüdudları daxilindəki müsəlman və türk millətlərinin
hər hansı bir sahədəki birliklərinə göz
yumurdu və yumacaqdı da. Əsasən,
kommunizmi ortaya atdığı sırada zatən dinə istədiyi
zərbəni vurmuşdu; kilsələri sözdə, camiləri
isə gerçəkdə qapatmışdı. Bu surətdə din birliyi qorxusu ortadan qalxmış
bulunurdu. İndi onu qorxudan dil birliyi
qalırdı. Həm də bu birlik sadəcə
Sovetlər birliyi daxilindəki türklərin dil birliyi deyil, ədəbi
türkcə deyilən Türkiyə dilinin də daxil
olduğu türk dil birliyi idi. Dil birliyi
kültür birliyi demək olurdu. Ədəbi
dil isə Sovetlər birliyi türklərini bu birliyə
doğru aparırdı. Ədəbi dil əski
çarlıq Rusiyasının qənaətincə osmanlı casusluğu demək deyildimi? Bu qənaət vaz keçilmiş deyil, Sovet
Rusiyası tərəfindən daha dərin, daha qatı bir qənaətlə
mənimsənilmişdi. Sovetlər birliyi
hüdudları daxilinə girən hər türkiyəli
sivil, hər nə məqsədlə girirsə girsin o,
"örtüyə bürünmüş bir casus türk
zabitidir" və oraya bir çox gizli məqsədlərlə
gəlmişdir. Buna görə də
arxasında çeşidli gözçülər, casuslar
dolaşan şübhəli və təhlükəli şəxsiyyətdir.
İştə, Türkiyədən Azərbaycana
göndərilən biz müəllimlər də bu casuslardan
biri idik.
Azərbaycan Cümhuriyyətinə zahirdə milli mədəniyyət
sərbəstliyi vermiş olan Sovet Rusiyası bizim də bu sahədəki
fəaliyyətimizə heç bir etirazda bulunmurmuş kimi
görünməkdəydi. Necə ki, Azərbaycanın
bizim fəaliyyətimizə verdiyi önəmi, hətta təşviqi
belə xoş və təbii görürmüş kimi
davranırdı. Tədris prosesinin ilk illərində
yapdığımız incələmə və
araşdırmaları belə şübhəli nəzərlərlə
gördüyü, arxamıza bir çox casuslar
taxdığı və fəaliyyətlərimizi yaxından təqib
etdiyi halda bizə rəng verməmək üçün
bütün istəklərimizi asanlaşdırırdı.
Yazmış
olduğum "Türk ədəbiyyat tarixi"nin dörd
cildlik ədəbiyyati-cədidə qismini hökumət
özü nəşr etdiyi halda belə səs
çıxarmamış, sadəcə "Kommunist" qəzeti
müdirinin öz təşəbbüsü ilə bir-iki
ötəri tənqidlə yeltənmişdi. Bir tərəfdən də bu kitabları ruscaya tərcümə
etdirmək arzusunu izhar etmiş və məni Leninqrad
Universitetinə istətmişdi. Fəaliyyətimiz
getdikcə genişlənməkdə idi. Nəşr
olunan əsərlərimiz sadəcə ədəbiyyat tarixinə
aid deyildi. Məktəb
uşaqlarının mədəni inkişafını təmin
etmək üçün bir də yardımçı mənsur
və mənzum uşaq ədəbiyyatı seriyası
hazırlamağa başlamışdıq. Bununla da kifayətlənməmişdik. Cümhuriyyət rəisinin də təsdiqi ilə
bir Ədəbiyyat Cəmiyyəti qurmuşduq. Bütün bunlar mənim rəhbərliyim
altında olurdu. Cəmiyyət on bir sahə
üzərində çalışır, "Alov"
adlı bir məcmuə çıxarırdı. Türk-müsəlman cümhuriyyətləri
bütün bu milli qeyrətlər və ideallarını
zahiri bir kommunist maskası ilə örtməkdə,
doğrusu, böyük bir məharət göstərirdilər.
Sovet Rusiyasının milli hərəkətlərə
verdiyi bu icazə həqiqətdə öz qayəsinə
doğru bir hərəkət, bir hazırlıq yolu idi. Bir çox yazılar yazılır, fəqət
yazılanların hamısında sovet idealına bir xidmət
gözlənilirdi. Əvət, sırf bu
qayəyə çatmaq məqsədi ilə milli dillərə
bir sərbəstlik verilmişdi. On bir sahədə
çalışan ədəbiyyat cəmiyyətindən belə
istənən bu xidmətdir. Əskilər,
əski üsulda, əski qayda və əski bədii yolda və
şəkildə yaza bilərdilər. Ancaq yeni həyati
tərif və təsvir etmək, mədhiyyələr və qəsidələr
yazmaq şərti ilə... Əskilər də bundan öz qayələrinə
görə faydalanmağa çalışmaq surətilə
özlərini qorumuş olurdular...
Türkiyədə Əbdülhəmid zamanında fikirlərini,
xəyallarını, əməllərini hökumət
senzorundan qaçırmaq istəyən sərvəti-fünun
şairləri bir növ psevdosimvolizm yaratmışdılar. Ya bir təsviri-təbiət
və ya tərifi-həqiqət şəklində ancaq
ziyalıların anlaya biləcəkləri mənaları gizlədirdilər.
Azərbaycanda buna bənzər bir psevdosimvolizm
doğmaq üzrə idi.
Başda Azərbaycan Cümhuriyyətini idarələri
altına almış olan ziyalılar olmaqla bir çox ideal
sahibi şəxsiyyətlər həqiqi simalarını qəsdli
gözlərdən gizləmək üçün üzlərinə
kommunist maskası keçirmişdilər. Bu da zərurət,
qarşılıqlı oyun idi. Bu oyunda
uduzanlar da, itirənlər də vardı. Bunlar
da ya kommunistlərə yarınmaq, yaxud da alçaq bir xəbərçinin
qurbanı olaraq ideallarını həyatları ilə ödəyənlər
idi. Bu bir ölüm-dirim oyunu idi. Ancaq aktyorların hamısı bir-birindən qorxur,
kimin xalis, kimin saxta olduğunu bilmək və buna inanmaq
mümkün olmurdu.
Biz türkiyəli müəllim və professorlar öhdəmizə
almış olduğumuz vəzifələrdə var
gücümüzlə çalışmaqda davam edirdik. Bir tərəfdən
tədris vəzifələrimizi yerinə yetirir, digər tərəfdən
də tədqiqi fəaliyyətimizi artırır, nəşrlər
həyata keçirirdik. İdarəsi
öhdəmizə buraxılmış olan işlərə də
rəhbərlik edirdik.
Əskilərin zövqlərinə və fəaliyyətlərinə
həqiqi bir zəmin təşkil edən tədqiq, təhqiq,
müqayisə və təhsis vəzifələrini vermişdik. Məsələn,
bu qol ələ keçmiş olan qırx bir əlyazma
Füzuli divanını tənqidi mətnini hazırlarkən,
yenilər rus ədəbiyyatından türkcəyə tərcümələr
edir, milli şairlər proletar örtüyünə
bürünərək türk köylülərinə vətən
köylərini və ocaqlarını təsvir edirdilər.
Kommunizm milli dilə, milli tərbiyəyə müsaidə
etmirdimi? Türk məktəblərində türkcə
oxunmurdumu? Bu, türk dilinə icazə və
hizmət, bu, türk milli tərbiyəsinə müsaidə və
hizmət deyildimi? Əlbəttə ki, bu
müsaidə və hizmətinə müqabil o da kommunizmə
bir hizmət istəyəcəkdi.
Bütün məktəblərdə oxudulan dərslər
kommunizmin, leninizmin əlifbasında, kommunizmin və leninizmin
ideallarında yüksələn fikirlərin təlimi və
intişarı, yayılması olacaqdı. Bu qədər
var ki, bunları təlim etmək üçün işlədilən
dil, rusca deyil, tamamilə türkcə olacaqdı. Fəqət bu türkcə ədəbi türkcə
deyilən türkcə deyil, Azərbaycanın ləhcəsi
olan türkcə olacaqdı. Keçmişin
gələcəyə ithaf etmiş olduğu bütün mədəni
yadigarlarda, bütün mədəniyyət abidələrində
bu yeni idealın yaşamasına, qüvvətlənməsinə
yarayacaq və yarayacağı sanılacaq, nə qədər
ünsür varsa bunlar ələnəcək, bunlar daranacaq,
bunlar xalqın və gəncliyin təlim və tərbiyəsinə
sunulacaqdı. Sovetlərcə elm bu idi.
Elmi tədqiqat da bu idi. Milli
mədəniyyət, milli tərbiyədə bu prinsipə və
bu metodların türk dili ilə nəşr və
yayılmasından ibarət olacaqdı.
Keçmişdən, milli ənənə, mədəniyyət
və tərbiyədən ancaq bu şəkildə istifadə
oluna bilərdi. Bir Əlişir Nəvai kommunist ruhu ilə
yazmış bir türk şairi olaraq göstəriləcəkdi.
Ondan ancaq bu şərtlə bəhs oluna bilərdi.
Bir Tofiq Fikrət tamamilə bu ideala görə əsərlər
vermiş bir şair olaraq göstərilə bilərdi!
Necə ki, bu ruhda bir təhlil ilə yazılmış
"Tofiq Fikrət" adlı bir əsər nəşr
edilmişdir.
Bu gün də o ruhda bir "Nəvai"
hazırlandığını eşidirik və heç də
təəccüblənmirik.
Hər gün başqa bir şəkildə
özünü göstərən bu ustaca təzyiqin
qarşısında... təsəvvüfi ümdələrlə
mənəviyyatı bəslənmiş, İslami mədəniyyət
içində yetişmiş olan bir cəmiyyət bu,
için-için təsirini göstərən təzyiq
altında bir müddət əfəlləmişdi. Nəhayət,
düşünmüş, milli ənənə və mədəniyyəti
yaşadan vəsiqələri tamam məhv olub getməkdən
qurtarmaq üçün kommunist təzyiqin istədiyi bu yolu,
özünün getmək istədiyi yola bağlamaq vasitəsini
tapmışdı. Zahirən, kommunistlərin
istədiklərini yapmış kimi görünərək, əski
əsərləri nəşr etmək və onlardan inqilab
ünsürlərini təlim edirmiş kimi görünərək,
yetişən gəncliyə, öz keçmiş ədəbiyyatının
şah əsərlərini tanıtmaq yolunu tutmuşdu. İki ideal daxilən çarpışır, zahirən
də guya birləşmiş olurdu.
Kommunistlər öz qəflətləri ilə bu yolu
açmış olurdular. Bu vəsilə ilə
də bir çox əski şairlərin, guya yeni inqilab nəzəriyyələrinə
uyğun olaraq yazmış olduqları irəli sürülərək
bir çox əsərləri nəşr edilmiş olurdu.
Kommunist təzyiqinin ikinci bir nöqtəsi də, əski
ədəbiyyatı yaxşı bilən və o ədəbiyyatın
bütün nəzəriyyələrini, bədiyyatını,
fikir və mənəviyyatını mənimsəmiş olan
şairlərə, bunların boş, mənasız və dəyərsiz
olduqlarını göstərmək vəzifəsini yükləmiş
olması idi.
Bu da o tərbiyənin bütün zövqü və həyəcanı
içində yaşayan və onu gəncliyə öyrətməməkdən
iztirab duyan bu zümrəyə yeni imkan vermiş olurdu. Əskiləri
tənqid etmək, onların boş yerə vaxt
keçirmiş, lüzumsuz şeylər söyləmiş
olduqlarını isbat eyləmək üçün
bütün yazdıqlarını, bütün sevdiklərini,
bütün qiymət və əhəmiyyət vermiş
olduqları şeyləri anlatmaqla işə başlamaq
lazım gəlirdi. Bu da, onların istəyib
və yapmağa imkan tapa bilmədikləri bir cəhətdir.
İndi onu tənqid adı altında etməyə
müvəffəq olurdular.
Ədəbiyyat üzərində kommunist təzyiqi zahirən
öz arzularına görə bir nəticə verirmiş kimi
göründüyü halda, gerçəkdə əski
türk ədəbiyyatı mənsublarının milli, ənənəvi
və kültürəl qayələrinə tam bir hizmət
olurdu. Kommunistlər bu həqiqəti çox gec anlaya
bildilər. Gənclik bu sayədə
öz milli mədəniyyətinin keçmişini öyrənmək
imkanı əldə etmiş oldu.
...Kommunist
siyasəti, türk ləhcələri arasında əsaslı
ayrılıqlar yaratmaq və bu surətlə türk milli vəhdətini
parçalamaq məqsədi ilə bütün ləhcələr
üzərində ayrı-ayrı çalışmalara da yol
açmışdı. Bir kərə
türk-tatar tarixini qəbul etməməklə işə
girişir. Türkün ayrı və
tatarın ayrı millət olduğunu önə sürür
və bu sahələrdə özlərinə həqiqətən
xidmət edə biləcək satqın alimlər tapmaqda
çətinlik çəkmirdilər ki, bu da çox təbiidir.
Bir heç ikən bir nə isə olmağı
düşünən milliyyətsizlər də bu fürsəti
özləri üçün qənimət sayırdılar.
Yuxarıda
tarixləri ilə də göstərildiyi kimi hələ
çarlıq zamanında Krımda, Bakıda, Qafqazda
başlamış və türk-tatar xalqlarının dil
birliyinə doğru istiqamət alan cərəyanı tamamilə
öldürmək üçün, bunlar arasında bir fərq,
bir ayrılıq olduğunu irəli sürənləri təşviq,
təxrib, hətta təhrik edərək bu ləhcələrin
ayrı-ayrı ləhcələr olduğunu və bu ləhcələrin
daha elmi-ədəbi təlim və tədrisə uyğun bir
dil halına gəlmədiyini, öz sahəsində inkişafa
möhtac olduğunu irəli sürür və bunun
üçün də mütəxəssis alimlərin,
dilçilərin çalışmaları gərək
olduğu, kommunist inqilabının bunlara yardımçı
olduğunu təmin etməyə çalışırdı.
Zahirdə, ruyi-haqdan görünən bu təşviq
və təhrikin gizlində nə qədər lənətkar qəsd
olduğunu anlamayacaq qədər saf, dar görüşlü
və qatı milliyyətçilər də bu sinsi təbliğatın
parlaq tərəflərinə qapılaraq o yolu mənimsəməyə
çalışırdılar. Bu da fürsət
gözləyən kommunistlərin çörəyinə yağ sürtürdü.
Kommunistlərin əsl və gizli qayələri, bu ləhcə
ayrılıqlarını irəli sürdürərək,
Rusiya daxilində yaşayan türk-islam xalqları arasında
dil ayrılıqları yaratmaq surəti ilə o dildə
danışan insanları fikrən, ruhən və mənən
də bir-birindən ayırmaq və sonra da onları bir-bir və
asanlıqla həzm etməkdi. Əsl qayə
bunların hamısını ana türkcə, ədəbi
türkcədən, yəni öz qənaət və təlqinlərinə
görə Türkiyə türkcəsindən
ayırmaqdı. Bu əsas qayələrini
heç bəlli etmədən, sezdirmədən tətbiqə
çalışırdılar. Çünki
o zamankı inqilab Rusiyası ilə inqilab Türkiyəsi arasında
mövcud olan siyasi dostluq bu qayənin, doğrudan-doğruya
açığa vurulmasına bir əngəl olurdu.
Kommunistlər özlərinə görə bunun da
çarəsini tapmışdılar. İnqilab Türkiyəsinin
yaratdığı yeniliklər və yeni həmlələr
arasında türk dilinin asanlıqla yazılıb oxunmasına
bir çətinlik yaradan ərəb hərfləri yerinə,
türk dili ahənginə, türk dili imlasına daha uyğun
gələn, latın hərflərini qəbul
etmək də vardı. Həqiqətdə hərf
inqilabi təşəbbüsləri heç də yeni deyildi.
Hələ Azərbaycan türkləri üçün...
Hələ çarlıq Rusiyası zamanında Azərbaycanın
çox dəyərli bir ədib və şairi olan Mirzə Fətəli
Axundzadə bu xüsusda çeşidli layihələr
hazırlamış və bunları Türkiyə və
İrana da bildirmişdi. Bu layihələrdən biri də latın
hərflərini qəbul etməkdi. Belə bir təşəbbüs
heç də Azərbaycan türklərinə
yabançı görünməyəcəkdi. Kommunistlər bu fürsəti qənimət bildilər.
Türkiyənin də belə bir təşəbbüsə
keçməkdə olduğundan faydalanaraq Bakıda bir dil
qurultayı çağırmağı
düşündülər. Planları
çox ustalıqla hazırlanmışdı.
Latın
hərflərinin qəbulu türk dili və imlasını
daha mükəmməl və daha sağlam şəkildə təsbit
edəcəyi üçün deyil, çünki bu cəhət
kommunistləri heç maraqlandırmırdı, bu dəyişmə
tələffüz fərqlərini də aydın və
açıq-aşkar gözə çarpdıraraq, guya ləhcələr
arasındakı fərqlərin ayrı-ayrı dillər
olduğuna şəhadət edəcəyi üçün
işlərinə yarayırdı.
Bu ləhcələrin inkişaf edə bilməsi,
ayrı-ayrı qramerlərə, ayrı-ayrı sintaksislərə
lüzum göstərməkdə olduğunu da irəli sürərək
bunların tamamən bir-birlərindən ayrılmalarına
bir yol açılmış olacaqdı. Bu da
onların arayıb tapmadıqları, tapıb da vara bilmədikləri
bir nəticə idi. Daha çox qəbul ediləcək latın hərfləri arasına atılacaq
ayrılıqlar da istənilən əsaslı
ayrılığı təmin etmək üçün vasitə
olacaqdı. Əsasən kommunist rusların latın
hərflərindən məqsədləri rus hərfləri
idi. Yoxsa özlərinin qənaətləri də latın hərflərinin səsləri ən
yaxşı təsbit edən hərflər olduğu sahəsində
olsaydı, öz inqilabları arasında, özləri də...
tamamilə latın hərflərini qəbul edərdilər. Qayələrinin nə olduğu bu gün Sovetlər
birliyi hüdudları daxilində yaşayan Türk hökumətlərinin
istifadə etdikləri rus əlifbasını isbat etməkdir.
Bu qayəni tətbiq etmək üçün bu zaman
Monqolustanın ortalarında yaşayan və əslən
türk irqindən olan, otuz min əhalisi olan bir cümhuriyyətin,
Leninqrada gələn heyəti mərhum türkoloq professor
Aleksandr Samoyloviç qəbul etmişdi. Bunlar Moskvaya
özlərinə bir əlifba yaratmaq üçün
müraciət etmişdilər. Rus
hökuməti də bu görəvi professor Samoyloviçə
vermişdi.
Görünür ki, Monqolustanın ortasında qalan bir
ovuc türkün belə digər türk dövlətlərinin
istifadə etdikləri əlifbadan başqa bir əlifba işlətmələri
istənilirdi.
Bu da o hökumətin inkişaf və mədəniləşməsinə,
digər türk hökumət və millətləri ilə mədəni
birliyinə mane olmaqdı. Hətta o zaman, həmin
nümayəndələrlə
görüşdüyümüz sırada öz hökumətlərinin
sınırları daxilində "Qutatqu bilik" adlı əsərin
olub-olmadığını soruşduğumuz zaman,
aralarından biri gülərək: "Hə, "Qutluqluq
bilik" demişdi. Bizim "Qutatqu bilik" dediyimiz əsərə
onlar "Qutluqluq bilik" deyirdilər ki, bizim əski
"Qutluq bilgisi" təbirimizə "Qutatqu bilik" daha
çox yaxındır. Təlim və tərbiyədə
tətbiq etdikləri milli dil və milli tərbiyə sərbəstliyində
bütün qayələrin türk vəhdətini, türk
birliyini qırmaq və bilxassə Türkiyədən
ayırmaq siyasəti idi. Bunun əsl
canlı vəsiqəsi Türk dil qurultayı
hazırlıqlarında ortaya atılmışdı.
Kommunist inqilabı siyasətçiləri hərf
inqilabı vəsiləsi ilə qurulan qurultayda sözü
dillər üzərinə də gətirərək əvvəlcə
zəmini hazırlanmış və hər ləhcənin
öz varlığı və imkanları hüdudunda
inkişaf edərək bir ədəbi dil olması lazım gəldiyinə
çoxlarını inandırmış və qayəsinin
qurultayda ortaya atılaraq bir əmrivaqi (oldu-bitdi) hasilə gətirilməsinə
hazırlanmışdı.
İnqilabın bu dövrəsində Bakı
universitetində bir neçə arkadaş müəllimlik
edirdik. Kommunistlərin qayələri Türkiyədən gəlmiş
olan professorları Universitetdən ataraq, Türkiyə
türkcəsindən qeyri ləhcələrin universitet tədrisinə
uyğun inkişafa hazır olmadığından bu
inkişafı əldə edincəyə qədər
universitet tədrisinin tamamilə rusca olaraq yapılmasına
bir qərar almaq imiş. Plan mükəmməldi,
inandırıcı idi, hətta müavinətkardı... Bu kültür siyasəti, bu milli tərbiyə sərbəstliyi
qayəsi bu surətlə ortaya atılmış olurdu.
Hənuz qurultay başlamamışdı. Türküstan,
Dağıstan, Krım, Kazan nümayəndələri gəlmişdilər.
O zaman maarif komissarı olan şəxs böyük bir təlaşla
vəziyyəti anlatdı: "Ruslar türklərə ən
böyük zərbəni bu dil məsələsində endirəcəklər.
Bizi Universitet tədrisatından, türk dili və
ədəbiyyatından məhrum edəcəklər. Rus dilinin əsarəti altında qalacağıq.
Bir çarə tapın! Qurultayda türk dilini
müdafiə edin" - deyə şikayətlənmişdi.
Ona mənim və arkadaşlarımın bu xüsusda qurultayda
müdafiəyə qalxmağımız kommunistlərin
çörəyinə yağ sürtər, bizim Türkiyə
türkcəsini müdafiə etdiyimizi, onların bu türkcə
haqqında bir söyləyəcəkləri
olmadığını, fəqət özlərinin təlim
və tədrisinə müsaidə etdikləri türkcənin
Türkiyə türkcəsi deyil, Azərbaycan, Cağatay,
Krım türkcələri olduğunu irəli sürərək
haqq qazanarlar. Buraxın, türk elm və ədəbi
dilinin vahid bir dil olduğunu və bütün türk ölkələrində
bu dillə danışılıb, bu dillə
yazıldığını öz alimlərinə, rus
professorlarına söylədək. O zaman etiraz etməyə
imkanları qalmaz - demişdim və elə də etdik...
Türk dili və ədəbiyyatı mütəxəssisləri
olan professor Samoyloviç, professor Aşmarin və daha bəziləri
ilə bu xüsusda apardığımız söhbətlərdə
müxtəlif türk qollarındakı şair və alimlərin
əsərlərini oxuyub anlamaqda bir çətinliyə
uğrayıb-uğramadıqlarını soruşduq. Uğramadıqlarını
söylədilər... Hər hansı bir
qoldakı alim və şairin digər qollardakı alim və
şairlərin əsərlərini oxuyub anlamaqda bir çətinliyə
uğrayıb-uğramayacaqlarını soruşduq,
uğramayacaqlarını söylədilər.
Öz tərəflərindən
çıxartdığımız nəticə bu oldu ki,
bütün türk dünyası üçün elmi və ədəbi
vahid bir dil vardır. Bu dil də oxumuş yazmışların
ortaq dilidir. Onunla hər cür elmi və ədəbi
əsərlər yazılır və hər universitetdə o
dil ilə türkcə tədrisat yapılır. Bu elmi bir həqiqətdi (İngiltərədə,
Amerikada, Yaponiyada ingiliscə kimi).
Kommunist siyasətçiləri ağıllarından belə
keçirmədikləri bu nəticə dil qurultayında
öz alimləri tərəfindən ortaya atılınca nəyə
uğradıqlarından şaşırmışdılar. Kommunistlərin
məqsədləri universitetdə cari olan türk dilinin
Türkiyə türkcəsi olduğunu irəli sürərək
bütün universitetlərdən türkcə tədrisatı
qaldıraraq yerinə rusca tədrisatı qoymaq və bu surətlə
bir əmrivaqe yaparaq yüksək məktəblərdəki
türkcə tədrisi yox etməkdi.
Türküstan və Dağıstandan gələn
nümayəndələrlə də
görüşdüyümüzdə, onlar da bizim öz
universitetlərinə də gələrək müəllimlik
etməyimizi, öz ədəbiyyat tarixlərini
yazmağımızı təklif və rica edirdilər. Biz də, hələ
Azərbaycandakı çalışma müddətimizin bitmədiyini
irəli sürərək bu işi sonraya saxladıq. Onlar da öz universitetlərində dil, ədəbiyyat
və tarixin türkcə olaraq tədrisini istəyirdilər.
Kommunistlər öz dilləri buna müsaid
olacağı zamana qədər bu tədrisatı kommunist
professorlara vermələrini təklif etməkdəydilər.
Nəticə ortaq türk dili ilə yüksək
məktəblərdə və universitetlərdə tədrisat
yapıla biləcəyi və yapılmaqda olduğu rus alimlərinin
iddiaları ilə də sabit olunca ruslar yüksək tədrisin
bu dillə həyata keçirilməsinə müsaidə etmək
məcburiyyətində qalmışdılar. O zaman
bütün digər türk ölkələrindən gələn
nümayəndələr də öz yüksək məktəb
və universitetlərində də, Azərbaycanın yüksək
məktəb və universitetlərində olduğu kimi
türk dilində tədrisat yapmağa qərar vermişdilər.
Bu surətlə, kommunist
inqilabçıları Bakı universitetinə zahirən
tövsiyə etmiş, həqiqətdə isə bütün
türk ölkələri universitetlərinə də təmim
və tətbiqə hazırlanmış olduqları təzyiqi
gerçəkləşdirməmək məcburiyyətində
qalmışdılar.
Həqiqətdə, Azərbaycanda çalışmaqda
olan türkiyəli professorları və orta məktəblərdə
tədrisatda bulunan müəllimləri bu vəzifələrdən
atmaq, türk birliyinə qəti bir zərbə endirmək məqsədilə
hazırladığı bu siyasi oyunun uğursuzluğu
önündə siyasətinə yeni bir cəbhə
tapmağa çalışmışdı. O da orta məktəblərdə
ancaq hər millətin öz ləhcəsiylə tədrisat
yapa biləcəyi, bunu etməyənlərin o vəzifələrdən
uzaqlaşdırılacağı şəkli idi. Bunu edə bilməyəcək türkcə müəllimi
yoxdu. Azərbaycan ləhcəsi deyilən türk ləhcəsi
əsasən əski osmanlı ləhcəsindən
başqa bir şey deyildi. Binaənaleyh o siyasətində
də məğlubiyyətə uğramışdı.
Bunun üzərinə, maskanı tamamilə üzündən
çıxartmaq, həqiqi məqsədlərini
açıqlamaq zorunda qalmışdı: Sovetlər birliyi
hüdudları daxilində çalışanların Sovet
tabeliyində olmaları, olmayanların o tabeliyə girmələrinin
vacibliyini elan etmişdi. Bu surətlə Türk
mədəniyyətinə, türk ənənə və
birliyinə, türk tarixinə xidmət edən Türkiyəli
türklərin Azərbaycan və sair türk ölkələrindən
çıxmaları və bu birliyi bu surətlə qırmaq
çarəsinə baş vurmuşdular.
Beləliklə, türkiyəli professor və müəllimlərin
Sovet hüdudlarından çəkilmələrinin ardınca
bunların bütün əsərlərini və bütün
izlərini məhv etmək üçün
çalışmışlar. Mənim bu tərz hərəkətimə
hikmətizm adını vermişlər, ruscaya da tərcümə
etmək istədikləri bütün əsərlərimi
yandırmış və əsl canlı əsərlərimi,
milli qayə, milli mədəniyyət, milli vüqar və
milli şüurlarla yetişmiş olan yüzlərlə gənci
darmadağın və pərişan etmişlər.
Budur,
milli tərbiyə, milli mədəniyyət, milli dil və
milli ədəbiyyata yardım vəd edən siyasətin
iç üzü!..
İsmayıl HİKMƏT
Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.28-30.