Böyük Çölün dahi oğlu
Muxtar Auezov
"Muxtar Auezov bədii hadisə
olmaqla, həyatımızın nəhəng simvolu, insan-əfsanə,
yeni dövrün müdriki, əsl şair və
yazıçıdır".
İrakli Andronikov
rus ədəbiyyatşünası,
Lenin və
Dövlət mükafatları laureatı
Muxtar
Omarxan ulı Auezov (28.09.1897-27.09.1961) - qazax xalqının
tarixində müstəsna yeri olan dahi yazıçı,
ictimai xadim, alim, filologiya elmləri doktoru, professor,
Qazaxıstan Elmlər Akademiyasının akademiki (1946), Əməkdar
elm xadimi (1957) kimi tanınmaqdadır. İlk təhsilini
aul məktəbində almış Muxtarın babası Auez
Abay Kunanbayevin qohumu və dostu kimi gələcək
yazıçının dünyagörüşünün
formalaşmasına böyük təsir etmişdir. Aul məktəbindən sonra o, Kəmaləddin mədrəsəsində,
daha sonra Semipalatinsk şəhər beşsinifli məktəbdə
(1910-1915-ci illər) təhsil aldığı dövrdə
özünün ilk "Tufana doğru"
("Dauıl") hekayəsini yazmışdır. 1915-ci ildə Semipalatinsk Müəllimlər
Seminariyasına daxil olmuş Muxtar 1917-ci ildə Şakərim
Xudayberdinin dastan motivləri əsasında "Yenlik-Kebek"
pyes-faciəsini qələmə almışdır. 1917-ci ildə baş vermiş bir sıra əsaslı
hadisələr (Rusiyada inqilabi-siyasi çevriliş,
"Alaş" hərəkatının yaranması və
sovet hakimiyyətinin qurulması) onun baxışlarına xeyli
dərəcədə təsir etmişdir. Bu dövrdə
M.Auezov "Alaş gəncləri" İttifaqını
qurur, müxtəlif tipli dərnəklərin yaranmasına
köməklik göstərir, "Alaş"
("Alaş" həm də millətçi təşkilat
idi) və "Sarıarka" qəzetləri
üçün məqalələr yazır, qazax gənclər
təşkilatı olan "Gənc azamat"ın ("Jas
azamat") fəal iştirakçısı olmaqla,
"Alaş" hərəkatının maraqlarını
müdafiə edirdi. M.Auezov Semipalatinskdə
Yusubbəy Aymautovla birlikdə elmi-idraki, sosial-iqtisadi
mövzulu material və məqalələr hazırlayıb
sivil-milli demokratik cəmiyyət yaratmaq ideyasına söykənən
"Abay" elmi-ictimai jurnalını nəşr etdirir.
"Abay" qadağan edildikdən sonra Auezov
gizli fəaliyyətlə məşğul olur. Semipalatinsk Müəllimlər Seminariyasında təhsilini
başa vurub bir sıra mühüm vəzifələrdə
(Semipalatinsk Quberniya İnqilab Komitəsində şöbə
müdiri, Qazaxıstan MSSR-də Mərkəzi İcraiyyə
Komitəsində siyasi katib) işləyir. 1921-ci ildə "Qızıl Qazaxıstan"
jurnalında (¹ 3-4) özünün "Müdafiəsizin
günü" ("Korqansızdın kuni", qeyd edək
ki, bu əsər həm də başqa bir ad altında -
"Yetim payı" kimi məlumdur) hekayəsini,
"Yenlik-Kebek" pyesinin ikinci variantını
("Teke-Oral") çap etdirir. Qazax
teatrında onun "Bəybişə-tokal" ("Bəybişe
tokal") və "El ağası" pyesləri
oynanılır.
1921-1922-ci illərdə M.Auezov qazax
ziyalılarının repressiyaedilmə siyasətini və
Moskvanın qazaxlara qarşı apardığı iqtisadi təzyiqini
tənqid edir.
7 mart 1922-ci ildə o, Qazaxıstan Muxtar Sovet Sosialist
Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin
üzvü Smaqul Saduakasovla birlikdə bolşevik partiyasına
qarşı hiddətini ifadə edərək Rusiya Kommunist (b)
Partiyası Mərkəzi Komitəsinin nümayəndəsinə
özlərinin siyasi, iqtisadi və sosial tələblərini
təqdim edir. Bu tələblər sırasında milli
müstəqillik, aclığın ləğvi, konfiskasiya
olunmuş torpaqların qazaxlara qaytarılması, qazaxların
təsərrüfat işlərinə cəlb edilməsi,
qazax dilinin dövlət dili elan edilməsi, milli maarifin, elm və
mətbuatın inkişafı və s. qeyd etmək olar. Belə itaətsiz davranışa görə 1922-ci
ilin martında M.Auezovla S.Saduakasov "millətçi alaş
ordalılar" elan olunurlar. Semipalatinsk Müəllimlər
Seminariyasından sonra M.Auezov Daşkənddə fəaliyyət
göstərən Orta Asiya Dövlət Universitetinə dinləyici
kimi daxil olmaqla bərabər, həm də "Şolpan"
və "Sana" jurnalları ilə əməkdaşlıq
edir. "Səhra hekayələri"
("Kır ənqiteleri") və "Evlənmə"
("Uylenu") hekayələrini nəşr etdirir. Aktiv millətçilik fəaliyyətinə görə
1923-cü ildə Rusiya Kommunist (b) Partiyasının
sıralarından kənarlaşdırılır. Elə həmin ildəcə Leninqrad Dövlət
Universitetinin Filologiya fakültəsinə daxil olur.
1924-1925-ci illərdə Semipalatinsk Müəllimlər
Texnikumunda çalışır. "Dan"
jurnalını buraxmaqla, burada "Yasa bürünmüş
gözəl" (yeri gəlmişkən, qeyd edək ki, bu
hekayəni biz dilimizə tərcümə edib "Azərbaycan"
jurnalında (2017, ¹ 7-8) oxucuların ixtiyarına vermişik),
"Yasa bürünmüş gözəl"
("Karalı sulu"), "Zorakılıq"
("Juandık") hekayələrini dərc etdirmişdir.
1926-cı ildə Semipalatinsk vilayəti ərazilərində
qazaxların folklor irsinin öyrənilməsi və
toplanması üzrə elmi ekspedisiya təşkil etmiş
M.Auezov "Qaragöz" pyesini yazmış, 1927-ci ildə
"Ədəbiyyat tarixi" monoqrafiyasını nəşr
etdirmişdir. 1927-1929-cu illərdə o,
Abayın əlyazmalarının külliyyatını - 20
cildliyini nəşr etdirməklə bərabər, "Qəddar
illər" ("Kilı zaman") romanı və "Xan
Kene" faciəsini sona catdırır. M.Auezov
1928-ci ildə Orta Asiya Dövlət Universitetinin
aspiranturasına daxil olduqdan sonra qırğız səhralarına
səfərlər edərək "Manas"ı öyrənməyə
və yazıya almağa başlayır. 16
sentyabr 1930-cu ildə M.Auezov Gənc Qazax
Yazıçılarının orqanı olan "Alka" cəmiyyətində
olduğuna və siyasi baxışlarına görə həbs
edilir. Ona qarşı bir sıra ittihamlar irəli
sürülür ki, bunların sırasında onun sovet
hakimiyyətinə qarşı gizli mübarizəsi, hakimiyyətin
devrilməsi ilə bağlı silahlı üsyana
çağırış, varlıların əmlakının
konfiskasiya olunmasına qarşı çıxışlar,
"Alka" milli burjuaziya təşkilatının fəal
üzvü olması, inqilabaqədərki qazax həyatı və
məişətinin təbliği ilə bağlı əsərlər
nəşr etdirməsi göstərilirdi.
Bundan sonra o, dostu, istedadlı şair İlyas Cansuqurovun
məsləhəti ilə bir müddət siyasəti
buraxıb yaradıcılıqla məşğul olmağa
başlayır. M.Auezov iki il yarım istintaq
altında yatır. 1932-ci ilin aprelində üç il müddətinə şərti olaraq
azadlıqdan məhrum edilir. Sovet siyasi sistemi ilə
"dürüst" və "səhvsiz" işləməyə
səy göstərdiyi vaxtlarda (10 may 1932-ci il)
"Açıq məktub" yazaraq onu "Sosialist
Qazaxıstanı" və "Kazaxstanskaya pravda" qəzetləri
vasitəsilə özünün "Qaragöz",
"Yenlik-Kebek", "Xan Kene", "Qəddar illər"
kimi bədii əsərlərindən və qazax ədəbiyyatı
tarixi üzrə yazdığı bir sıra tədqiqat
işlərindən imtina etməyə məcbur edirlər. M.Auezov olduqca dinamik və yaradıcı insan
olduğundan dayanıb durmur. Yazıçılıqla
yanaşı, pedaqoji fəaliyyətlə məşğul
olur. Qazaxıstan Kənd Təsərrüfatı
İnstitutunda qazax dili və ədəbiyyatı müəllimi
işləyir, Qazax Pedaqoji İnstitutunda baş müəllim,
professor kimi çalışır. Eyni zamanda o dövrdə
bir sıra pyeslər, hekayələr, povestlər yazır ki,
onların sırasında "Oktyabr üçün" (Oktəbr
uşın), "Ayman-Şolpan", "Mübarizə"
("Taptıs"), "Əl-ələ" (Bilikke bilek),
"Üç gün" ("Uş kun"), "Həsənin
çevrilməsi" ("Kasenin kubılıstarı"),
"Tunqi sarın", "Tac tulek", "Akan-Zayra",
"İzlər" ("İzder"),
"Sıldırım" ("Şatkalan"), "Qum və
Əsgər" ("Kum ten Askar"), "Keçmişin
kölgəsində" ("Eskilik kölenkesinge") və
"Qaraş-Qaraş" xüsusilə qeyd edilməlidir.
M.Auezovla bağlı material və sənədlərlə tanış olarkən hiss etmək olar ki, bu illərdə
sovet hakimiyyətinin ona münasibəti sanki bir qədər
yumşalmışdır. Buna nümunə
olaraq 1936-cı ildə M.Auezovun Qazaxıstan MSSR
Yazıçılar İttifaqının nümayəndə
heyətinin tərkibində Moskvada keçirilən Qazax
Ədəbiyyatı və İncəsənəti
dekadasının iştirakçısı olduğunu göstərmək
olar. Bu dövrdə M.Auezov bədii
yaradıcılıqla fəal şəkildə məşğul
olmaqla bərabər, bir sıra nəsr və dram əsərləri
yaratmışdır ki, onların sırasında "Alma
bağında", "Şekerada", "Berkutçu"
(Burkitşi), "Ağ qayın" ("Ak kayın"),
"Beket", "Kalkaman-Mamır", "Abay" və s.
kimi nümunələr diqqəti daha çox cəlb edir. Amma bununla belə, M.Auezovun əsərləri NKVD-nin
xoşuna gəlmədiyindən onun kitabları qadağan
edilir, özü isə işdən çıxarılır.
1940-cı ildə M.Auezov kinossenarist kimi
çıxış edərək "Reyhan" filmini ortaya
qoyur. Rus yazıçısı və dramaturqu Leonid
Sobolevlə birlikdə "Səhra nəğmələri"
("Dala jırı") məcmuəsini nəşr etdirir,
1941-ci ildə "Abay" romanı üzərində işi
tamamlayır. Böyük Vətən müharibəsi
illərində A.Abişevlə birlikdə "Sın
saqat" və "Namıs qvardiəsı" pyeslərini
yazır. M.Auezov 1943-sü ildən
ömrünün sonuna qədər Dil, Ədəbiyyat və
Tarix Elmi Tədqiqat İnstitutunun əməkdaşı,
Qazaxıstan Dövlət Universitetində Qazax ədəbiyyatı
kafedrasının professoru kimi
çalışmışdır. 1944-cü
ildə "Abay" operasına libretto, 1945-ci ildə
"Kınaptan kılış" ("Abay gnderi") filminə
ssenari yazmışdır. 1946-cı ildə
M.Auezov Abaya həsr olunmuş romanın ikinci kitabı üzərində
çalışmağa başlamış, 1947-ci ildə onu
nəşr etdirmişdir. 1946-cı ildə
o, filologiya elmləri doktoru, professor, Qazaxıstan Elmlər
Akademiyasının akademiki seçilmişdir. 1947-ci ildə "Qazaxıstan SSR-nin ədəbiyyat
tarixi" və "Qazax sovet ədəbiyyatı tarixi" nəşrinin
müəllif kollektivinin rəhbəri olmuşdur. 1940-cı illərin sonunda "Abay" romanı
birinci dərəcəli Stalin mükafatına və
Qazaxıstan hökumətinin mükafatına layiq
görülmüşdür.
1947-ci ildə Qazaxıstan Kommunist Partiyası
"Qazaxıstan Elmlər Akademiyası Dil və Ədəbiyyat
İnstitutunun işindəki kobud nöqsanlar haqqında" Qərarını
qəbul etdikdən sonra M.Auezov yenidən göz altına
alınmış, ona rahat ədəbi-elmi fəaliyyətlə
məşğul olmağa imkan verilməmişdir. 1952-ci ildə "Abay
yolu" romanının birinci kitabı qazax dilində nəşr
olunsa da, elə həmin il yanvarın 29-da "Pravda" qəzeti
Auezova vətəndaşlıq sayıqlığını
itirdiyi ilə bağlı cinayət işi irəli
sürmüş, bir gün sonra isə "Kazaxstanskaya
pravda" qəzeti həmin məqaləni təkrar çap
etmişdir.
Bundan sonra M.Auezov "burjua-millətçi səhvlərinə
görə" universitetdən
uzaqlaşdırılmış və Qazaxıstan SSR tarixi
çoxcildliyinin müəllif kollektivi sıralarından kənarlaşdırılmışdır. Eyni zamanda qeyd
edək ki, o, hələ 1950-ci ildə "Abay"
romanının üçüncü kitabını oxuculara təqdim
etmişdir. 1951-ci ildə "Şərəf
nişanı" ordeni ilə təltif olunsa da, elə həmin
ildəcə onun yaradıcılığına qarşı
hücumlar başlamış, yenidən fəaliyyətinin tənqidi
ilə bağlı kampaniyaya start verilmişdir. Onu "millətçi alaş ordalı"
adlandırmaqla Rusiyaya qarşı elementləri özündə
daşıyan qazax folkloru nümunələrinin çap edilməsində,
"Abay" romanında feodalizmin təbliğində,
Qazaxıstan və qazax ədəbiyyatının tarixinin təhrif
edilməsində təqsirkar bilmişdilər. 1953-cü ildə həbs edilmə təhlükəsi
qorxusu ilə üz-üzə dayandığı vaxtda
A.Fadeyev, K.Simonov, V.Kojevnikov, N.Tixonov və başqa bu kimi
böyük rus yazıçıları Moskvada onun müdafiəsinə
qalxmışlar. 1953-1954-cü illərdə
M.Auezov Moskva Dövlət Universitetində "SSRİ
xalqları ədəbiyyat tarixi" xüsusi kursundan
mühazirələr aparmışdır. 1954-cü
ildə Almatıya qayıdıb "Abay yolu"
roman-epopeyası üzərində işi
tamamlamışdır.
M.Auezov
1954-cü ildə Moskvada "Abay yolu" tetralogiyasını
sona çatdırdıqdan sonra elə Moskvada nəşr
olunan "İnostrannaya literatura" və "Drujba
narodov" jurnallarının redaksiya heyətinin tərkibinə
daxil olmuşdur. İttifaqlar Evinin Sütunlu
salonunda Abaya həsr olunmuş təntənəli tədbirdə
iştirak etmiş və Almatıya qalib kimi qayıdıb
bütün əvvəlki vəzifələrinə bərpa
olunmuşdur.
1955-1957-ci
illərdə M.Auezovun seçilmiş əsərlərinin 6
cildliyi, 1956-cı ildə "Beş dost" ("Bes
dos") pyesi nəşr edilmişdir. 1957-1961-ci
illərdə M.Auezov Qazaxıstan Elmlər Akademiyası Dil və
Ədəbiyyat İnstitutunda Şifahi xalq ədəbiyyatı
şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Bir-birinin ardınca onun "Dos-Bedel dos", "Alua",
"Asıl nəsinder" bədii əsərləri,
"Müxtəlif illərin düşüncələri"
("Mısli raznıx let") və "Abay (İbrahim)
Kunanbayev" monoqrafiyası nəşr olunmuşdur. 1959-cu ildə "Abay yolu" roman-epopeyasına
görə M.Auezov Lenin mükafatına layiq
görülmüşdür. "Qaraş-Qaraş"
məcmuəsinin üzərində işləmişdir.
Bu isə M.Auezovun bir yazıçı, alim kimi
reputasiyasını getdikcə möhkəmləndirmişdir.
Bununla belə,
yaradıcılığının məsuliyyətli, şəxsiyyətinin
bəraət qazandığı bir dövrdə Muxtar Auezov 27
iyun 1961-ci ildə Moskvada əməliyyat olunduğu zaman
dünyasını dəyişmişdir. M.Auezov
yaradıcılığı qazax nəsri və
dramaturgiyasının inkişafında əsaslı rol
oynamışdır. Onun "Abay" və "Abay
yolu" tetralogiyası, "Qəddar illər" romanı,
"Yenlik-Kebek", "Bəybişə-tokal",
"Qaragöz", "Gecə gurultusu", "Abay",
"Qaraqıpçaq Koblandı" və s. kimi pyesləri
qazax dramaturgiyasını dünya mədəniyyəti inciləri
səviyyəsinə qaldırmışdır. Auezov qazax
folklorunun öyrənilməsində yeni mərhələ
açmış, qazax ədəbiyyatşünaslığında
abayşünaslığın bünövrəsini qoymuş,
qazax akınları Həsən Qayğılı,
Şortanbay, Murad və onların Qazax dövlətinin yaradılması ilə
bağlı elmi baxışlarını incələmiş,
Dədə Qorqud rəvayət və nəğmələrini
öyrənmiş, "Manas" eposu haqqında fundamental elmi
əsər yazmış, qazax ədəbiyyatının
tarixini dərindən araşdırmışdır. Auezova
K.Telcanov, M.Kenbayev, S.Mambeyev, Y.Sidorkin, Y.Vuçetiç,
N.Nurmühəmbetov və digər rəssam və memarlar əsərlər
həsr etmiş, ona Vətənində çoxsaylı heykəllər
qoyulmuşdur. Qazax televiziyasında dahi
yazıçı haqqında on iki seriyalı film çəkilmişdir.
M.Auezovun əsərləri dəfələrlə tərcümə
olunaraq dünyanın müxtəlif dillərində nəşr
olunmuşdur.
Onun haqqında böyük alim və yazıçılardan
A.Kurella, Q.Krempiyen, E.Müller, V.Baum, T.Q.Mayoresku, F.Soukup,
L.Araqon, A.Stil, R.Berjeron, A.Qatti, İ.Qassel, Q.V.Brandes, V.Vintu,
O.Braun, M.Karatayev V.İvanov, Z.Kedrina, İ.Braginski, Y.Lizunova və
başqaları yüksək fikir söyləmişlər.
1997-ci il YUNESKO-nun qərarı ilə bütün
dünyada Muxtar Auezovun 100 illiyi geniş şəkildə qeyd
olunmuşdur. Muxtar Auezov XX əsr qazax ədəbiyyatında
elə bir təkrarolunmaz iz buraxıb ki, onun
yaradıcılığını bu günün özündə
də müxtəlif prizmalardan təhlillərə cəlb etməyə
böyük ehtiyac duyulmaqdadır.
M.Auezovun istedadlı fikir sahibi kimi Azərbaycanda
tanınması, əsasən, onun "Abay yolu" romanı
ilə əlaqədardır. Bu əsərdən
başqa onun mühüm panoram yaradan digər nümunələri
haqqında (bəzi kiçik əsərlərinin tərcüməsi
istisna olunmaqla) təsəvvürlər yetərincə məhduddur.
Bununla belə, M.Auezovun elə maraqlı əsərləri
vardır ki, onlar
uzun zaman kəsiyində qadağan edildiyindən
hansı tarixi hadisələri əks etdirməsi, mövzusu, məzmunu,
ideyası, hansı obrazları özündə əhatə
etməsi ilə bağlı ədəbi ictimaiyyətə
geniş məlumat verilməmişdir. Ədibin
belə maraqlı əsərləri sırasında digərləri
ilə yanaşı, "Aşırımda atəş" və
"Qəddar illər" ("Kılı zaman") kimi
nümunələrin yeri xüsusilə müstəsnadır.
Hələ vaxtilə görkəmli rus
yazıçısı Vsevolod İvanovun Muxtar Auezov
haqqında ağızdolusu danışması da onun yüksək
istedadı ilə bağlı idi. M.Auezov
qazax ədəbiyyatına və ədəbiyyatşünaslığına
ilk roman-epopeya müəllifi, dramaturq, rus və Avropa klassiklərinin
əsərlərinin tərcüməçisi, böyük tədqiqatçı-alim
kimi daxil olmuşdur. Yazıçının əsərləri
ilə yaxından tanış olarkən ("Yenlik-Kebek",
"Qaragöz", "Baybişə-tokal",
"Müdafiəsizin günü", "Yasa
bürünmüş gözəl", "Boz Qəddar",
"Aşırımda atəş", "Qəddar illər"
və s.) görürük ki, Muxtar Auezov yazıçı gəncliyilə
həyat yaşamayıb, sanki birdən-birə qazax ədəbiyyatına
ilk nəhəng işıqlı ulduz kimi daxil olmuşdur. Onun
əsərlərinin episentrində adi insanların əzabları,
istismara boyun əyməməsi və s. özünəməxsus
şəkildə işıqlandırılırdı.
Müasir mərhələdə qazax ictimai-fəlsəfi
və sosial-estetik fikrində nəzərəçarpacaq yer
tutmuş Muxtar Omarxan ulı Auezovun yaradıcılıq irsinin
öyrənilməsi mühüm əhəmiyyət kəsb
edir. Bu, ilk növbədə, XX əsrin 60-cı illərinə
qədər mövcud olan ictimai-siyasi sistemin M.Auezovun ədəbi-estetik
baxışlarında nəzərəçarpacaq iz
buraxması ilə əlaqədardır. Eyni zamanda bu da
qeyd edilməlidir ki, ideoloji buxovları olduqca güclü və
amansız olan bolşevik hakimiyyəti dövründə həyata
milli mövqedən yanaşan
Muxtar Auezovun əsərlərinə partiya basqısı nə
qədər güclü olsa da, onlarda qazax xalqının
mövcud və gələcək tarixi taleyinə işıq
salınır, ona təəssübkeşlik edilir. Türk
xalqlarının, o cümlədən qazaxların tarixi taleyinə
Rus imperiyasının, bolşeviklərin, kommunist partiyası
funksionerlərinin vurduğu zərbə son onilliklərdə
tarix, etnoqrafiya, folklor, ədəbiyyat və s. sahəsində
araya-ərsəyə gələn tədqiqatlarda yetərincə
və bütün çılpaqlığı ilə ortaya
qoyulmaqdadır. Eyni zamanda bu da müəyyən olunmuşdur
ki, bəhs etdiyimiz mərhələdə qazaxların siyasi
müstəqillik qazanmasına siyasi partiya və qüvvələr
heç cür imkan verməsə də, M.Auezov,
İ.Cansuqurov, Ə.Baytursınulı S.Seyfullin və başqa
bu kimi milli mədəniyyət və ədəbiyyat
mücahidləri doğma xalqın gələcəyi
uğrunda həm siyasi, həm ictimai, həm də ədəbi
cəbhədə durmadan mübarizə aparmışlar.
Muxtar Auezovun nəzəri baxışları XX əsrin əvvəlləri və sovet dövründə sovet imperiyasının qazaxlara və müstəmləkə şəraitində yaşayan digər xalqlara qarşı apardığı ideoloji konsepsiyasının iç üzünü göstərməklə yanaşı, həm də ədibin bədii yaradıcılığının dərin qatlarının açılmasına şərait yaradır. M.Auezov yaradıcılığı bariz şəkildə nümayiş etdirir ki, bir insan eyni zamanda həm yüksək sənət nümunələri yarada bilir, həm də bədii təcrübəni nəzəri baxımdan ümumiləşdirməyə müvəffəq olur. Elə buna görə də bu sənətkarın bütün yaradıcılığı gerçəkliyə praqmatik münasibətin təzahürü kimi diqqət mərkəzindədir. Muxtar Auezov XX əsr qazax folklorunun, eposunun, mədəniyyətinin, ədəbiyyatının, onun səhra psixologiyasının bütün əzəmətini və vicdanını özündə şərəflə daşıyan xalqın dahi oğludur. Muxtar Auezov müasirimizdir!
Nizami Məmmədov Tağısoy
Filologiya elmləri doktoru, professor
Ədəbiyyat qəzeti.- 2022.- 29
oktyabr.- S.28-29.