Bakıya yağış yağır

 

Göy qəzəbli qarıtək

çadrasını bağlayır.

Küçə reklamındakı

çılpaq gözəl ağlayır.

Bakıya yağış yağır...

 

Köhnə çəkmə tayını

sular alıb aparır.

Əyripapaq damların

örtüyü qaval çalır.

Bakıya yağış yağır...

 

Bədəni  islaq qadın

sanki bir ikonadır.

Tindəki şorgöz kişi

udqunur  fağır-fağır.

Bakıya yağış yağır...

 

Ayaqyalın dilənçi

suları şappıldadır.

Adamsız, boş küçədə

"müştəri" tapammayır

yeriyir ağır-ağır.

Bakıya yağış yağır...

 

Ucuz, isti kafelər

qazan kimi qaynayır.

İslaq pişik qapıda

şansını cırmaqlayır.

Bakıya yağış yağır...

 

Bir qadın suya girən

uşağını danlayır.

Əvvəl qadın qışqırır

sonra uşaq ağlayır.

Bakıya yağış yağır...

 

Uzunqıç göydələnlər

hamıdan tez islanır.

Şəhər kirini tökür

yuyunur hamamlanır.

Bakıya yağış yağır...

 

Darıxmağın şeiri

 

Hamı ayrı yaşayır, hamı ortaq darıxır,

havada rəqs eləyən huşsuz yarpaq darıxır,

yük üstünə atılmış köhnə papaq darıxır,

bir addım atammayır, o boyda dağ darıxır.

 

Dəli olub, başına daş düşən gündən bəri,

deyir, görən hansı gün xəyanət edib əri?

Özünə sığal çəkir tənha qadının əli,

küncdəki əzik-üzük, bomboş yataq darıxır.

 

Uşaq kimi yeriyir əli əsalı qoca,

dərmanını atıbdır, dincəlibdir bolluca,

eyni nöqtəyə baxır, gözləri yorulunca,

hamı ölüb gedibdi, qalıbdı sağ darıxır.

 

Qapıdan, pəncərədən hörümçəklər sallanıb,

bir tay uşaq corabı yerə atılıb qalıb,

küncdə bir topa qəzet, boş banka qalaqlanıb,

yiyəsi köçüb getmiş bomboş otaq darıxır.

 

Mən gələndə bu şəhər gül kimi şəhər idi,

küçələri genişdi, səhəri səhər idi,

o gün halını sordum, halı birtəhər idi,

arsız göydələnlərə olub calaq, darıxır.

 

Külək vurub aynanı güldan, qəndqabı aşıb,

tökülənlər elə bil, bir-birilə savaşıb,

sürüşüb yerə düşən qələm, pozan yadlaşıb.

Dağılanlar cəhənnəm, fikirlərim dolaşıb,

masamın üzərində bir varaq darıxır.

 

Şəhərə payız gəlib

 

Dəli külək ipdəki paltarları uçurur,

yolu keçən uşağın papağını qaçırır,

yarımçıq tikilinin elanını aşırır,

şəhərə payız gəlib.

 

Quş uçuran oğlanın köynəyi küləklənir,

köynək şar kimi şişir, boşalır, ütülənir,

oğlan quşa dən səpir, quş uçub çiçəklənir,

şəhərə payız gəlib.

 

Köhnə tramvay xətti xəzəl üçün yuvadır,

arıq süpürgəçinin qayğısı dam boydadır,

süpürgəsi oynayır, elə bil ki, toydadır,

şəhərə payız gəlib.

 

Ağacın altında qız yarpaqları oynadır,

sevgilisi gəlməyib, gözü hələ yoldadır.

Ağac da, yarpaqlar da, ayrılıq da su dadır,

şəhərə payız gəlib.

 

Külək susur, səngiyir, dalınca yağış düşür,

göydə bulud oynayır, hava tez-tez dəyişir.

Göy qazantək qaynayır, durnalar burdan köçür,

şəhərə payız gəlib.

 

Sən payızda qaldın

 

Səndən sonra o il

gur yağdı yağışlar,

yoxa çıxdı bir-bir tanışlar.

Çoxlu toylar oldu, bayramlar ötüşdü.

Kimsə qulağını burdu saatın

sən payızda qaldın...

 

Səndən sonra

adını yazdığın ağacı kəsdilər.

ağac budaq-budaq doğrandı,

ağac elə bil ki, sən adlı oğlandı

yerə düşdü adın

sən payızda qaldın...

 

Qonşu küçədəki

qarımış çilli qız

özünə toy etdi,

toyunda o ki var oynadı.

O il bolluq oldu,

hər yerə qar yağdı.

Qız səndən əvvəldi,

toy səndən sonradı.

sən payızda qaldın...

 

Hər gün yol getdiyin

o köhnə qatarı

dəyişdi

alverçi lal Məmiş.

Məmişin arvadı

o köhnə qatarda

daha çaydaşıdı,

qab yudu,

qonaq qarşıladı,

oldu bufet-qadın.

sən payızda qaldın...

 

Bir ki,

sevdiyin o qızdan

sənə aid heç qalmadı.

Oldu tamam yadın.

Adını heç qara daşa da yazmadın...

Bəlkə hardasa itmisən,

bəlkə hardasa qocaldın,

sən payızda qaldın...

 

Bax, bu, elə sevgidir...

 

Bir səhər ayılırsan

doğulduğun şəhərə

küçəyə sığışmırsan.

Aya, günə, gündüzə

gecəyə sığışmırsan.

Canına yığışmırsan,

İkiyə bölünürsən,

bütöv ola bilmirsən.

Həyatın ikilidir.

Ürəyin elə bil ki,

yarımçıq tikilidir.

Bax, bu, elə sevgidir...

 

Gecənin bir yarısı

deyirsən hardan tapdım,

deyirsən necə tapdım

mən bunu?

Bu, axmağın biridir,

bu, vecsizin biridir.

Səhər durub görürsən

əllərin fikirlidir,

gözlərin fikirlidir.

Bax, bu, elə sevgidir...

 

Hər gün başına dönmək,

hər gün qadasın almaq,

saçının hər telindən

ürəyinə yol salmaq,

nəfəsinə sığınıb

əllərinə toxunmaq,

Odlu baxışlarıyla

hissə-hissə oxunmaq,

azad ikən qul olmaq

xoşbəxtliyin dibidir.

Bax, bu, elə sevgidir...

 

Tanımırsan, bilmirsən

adam kimin kimidir?

Bəlkə ağıllıdır,

bəlkə elə dəlidir?

Yüz dəfə öldürürsən

baxırsan ki, diridir.

Burdan atıb gedirsən,

ordan qarşına çıxır,

addımları iridir.

Açanı, çözəni yox,

yorulub bezəni yox,

yerin-göyün sirridir.

Bax, bu, elə sevgidir...

 

Bu şəhəri yığışdır

 

Pəncərəmdə yenə bulud ağlayır,

bulud göyü, göy buludu saxlayır.

Uzaqlardan bir ümid haraylayır,

bu səhərin üzü mənə tanışdır.

 

Özüm üçün yol getdiyim çığıram,

məndən gedib, yenə mənə çıxıram.

Küçəsinə, vağzalına sığmıram,

canımdakı bu şəhəri yığışdır.

 

Adamların arasında naşıyam,

tələsirəm, yol gedirəm, çaşıram,

oxunmayan domino daşıyam,

uduzuram, gəl, daşları qarışdır.

 

Bilmədim ki, yollar harda qırıldı,

mən dünyadan, dünya məndən yoruldu.

Ürəyimi suya saldım yuyuldu,

dənizləndim, alnım qırış-qırışdır...

 

Narıngül Nadir

 

Ədəbiyyat qəzeti.- 2022.- 29 oktyabr.- S.22.