Sözü yaşadan insan
Şirindil Alışanlı - 70
Bəs mən kiməm? - sənətin
dupduruca bulağı,
Hər sözüm qaralmayan bir azəri
çırağı.
Hüseyn Kürdoğlu
Şirindil Alışanlı Azərbaycan
ədəbi-bədii fikir tarixinin orbitinə öz fundamental və
orijinal tədqiqatları ilə keçən əsrin 70-ci illərində
daxil olmuşdur. Görkəmli alimin keçdiyi böyük və
şərəfli yaradıcılıq yolunun
başlanğıcı 1970-1975-ci illərdə təhsil
aldığı Bakı Dövlət Universitetindən
başlasa da, bu uğurlu yol 1977-1980-ci illərdə SSRİ
Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunun möhtəşəm auditoriyalarında daha da zənginləşmiş,
cilalanmış, ədəbi-estetik fikrin kamillik mərhələsinə
qədər yüksələ bilmişdir. Ş.
Alışanlı elm aləminə məşhur estetik Yuri
Borevin rəhbərliyi altında "Romantizm problemi, onun Azərbaycan
ədəbiyyatşünaslığında inikası"
mövzusunda yazdığı namizədlik dissertasiyası ilə
gəlmişdir. Alimin yarım əsrlik fəaliyyətinin əsas
mərhələsi bu gün də böyük
yaradıcılıq enerjisi ilə
yaşayıb-yaratdığı Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu ilə bağlıdır. 1976-cı ildən bu
mötəbər elm ocağında elmi işçi kimi fəaliyyətə
başlayan gənc alim öz istedad və bacarığı
sayəsində institut rəhbərliyinin və elm
adamlarının hörmət və nüfuzunu
qazanmış, əvvəlcə elmi katib, sonra şöbə
müdiri vəzifəsində
çalışmışdır. Şirindil
Alışanlı dövrün böyük alimləri
Mirzağa Quluzadə, Məmməd Cəfər Cəfərov,
Əziz Mirəhmədov, Kamal Talıbzadə, Bəkir Nəbiyev,
Yaşar Qarayev və başqa görkəmli şəxsiyyətlərlə
eyni bir elm məbədində çiyin-çiyinə
çalışmış, onların dəyərli və
qiymətli tövsiyələrini dinləmiş, elm yolunda daha
cəsarətlə və inamla addımlamışdır. Onun
zəngin erudisiyası, mütaliəsi, elmə və sənətə
olan sonsuz marağı gənc və istedadlı alimi yeni-yeni
zirvələrə ucaldır. Hətta böyük təcrübəyə,
dərin mühakimə qabiliyyətinə malik olan alimlərimiz
də onun elmi potensialını, yaradıcılıq
şövqünü, fasiləsiz yazıb-yaratmaq
bacarığını görüb gənc tədqiqatçıya
yüksək dəyər verir, institut rəhbərliyi isə
etimad göstərərək, 1998-2003-cü illərdə
Nizami adına Ədəbiyyat İnstitutu Tarixi poetika
şöbəsinin müdiri vəzifəsinə təyin edir.
Bu məqamda məşhur bir fəlsəfi fikri xatırlatmaq
yerinə düşər: "Alimin tanınması
üçün onun öz kəşfləri kifayət deyil,
gərək onun özünü də kəşf edənlər
olsun". Doğrudan da, Şirindil Alışanlı
sözün həqiqi mənasında kəşf edilən
alimlərimizdəndir. Məhz bu obyektiv seçimin nəticəsidir
ki, o, hal-hazırda XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri vəzifəsində
çalışır. Yaradıcı insanların əhatəsində
olmaq, onlara rəhbərlik etmək, elmi söhbətlər
aparmaq, ədəbiyyatımızın böyük bir mərhələsini
tədqiqat obyektinə çevirmək olduqca şərəfli
və məsuliyyətli bir işdir. Alimin məqsədyönlü
fəaliyyətinin nəticəsidir ki, hər il şöbə
əməkdaşlarının çoxlu sayda məqalə və
kitabları Azərbaycan və dünya mətbuatının
nüfuzlu dərgi və toplularında işıq üzü
görür. İllərdir rəhbərlik etdiyi kollektivin dərin
hörmətini qazanan Şirindil Alışanlı öz
müsbət aurası ilə daim şöbədə səmimi
və xoş ovqat yaradır, yüksək idarəçilik
qabiliyyətinə malik bir şəxsiyyət kimi həmişə
diqqəti cəlb edir. Şöbə əməkdaşlarının
sevincinə şadlanan, qəminə üzülən
Şirindil müəllim onlara mənəvi dəstək, arxa,
dayaq olan mərhəmətli və xeyirxah bir insandır. Bu
yerdə dahi Tolstoyun bir müdrik fikri yada düşür:
"Bir kəs ki, ağrı hiss edir - canlıdır, o kəs
ki, başqasının ağrısını hiss edir - o
insandır".
Sözün
həqiqi mənasında İnsanlığın zirvəsində
dayanan Şirindil müəllim həm şəxsi keyfiyyətləri,
həm də ictimai və ədəbi fəaliyyəti ilə
o ucalığı fəth edə bilmişdir. Şirindil
müəllimin xarakterindəki bu ülvi duyğuları hələ
orta məktəbdə oxuyarkən sevimli sinif müəllimi
Bibigül Almazova da müşahidə etmişdir. Mən də
o xoşbəxt insanlardanam ki, bir zamanlar Şirindil müəllimin
təhsil aldığı Yasamal rayonundakı 21 saylı orta məktəbdə
illər sonra Azərbaycan dili və ədəbiyyat fənnini
tədris etmişəm. Vaxtilə Şirindil müəllimə
qələm tutmağı öyrədən Bibigül müəllimlə
bir kollektivdə çalışmışam. Bu
ağsaçlı, nurani qadın indi də Şirindil müəllimi
ağıllı, dərslərini yaxşı oxuyan,
nizam-intizamlı bir şagird kimi xatırlayır. Söhbət
əsnasında bu gün tanınmış alim kimi
şöhrət qazanan Şirindil Alışanlı da xəyalən
qayğısız və xoşbəxt uşaqlıq illərinə
qayıdır, ona və bütün uşaqlara ana nəvazişi
göstərən, elmin enişli-yoxuşlu yollarında
uğurlar arzulayan bu xeyirxah insana minnətdarlığını
kövrək duyğularla yada salır.
Bütün
varlığı ilə kollektivə və geniş mənada
vətəninə, elinə bağlı olan alimin
insanlığa böyük önəm verməsi, bu ülvi
hiss və duyğuların bütün məqamlarda
qorunmasına sadiqliyi, daim əhatəsində olan, ünsiyyət
qurduğu, tanıdığı adamlara humanist münasibəti
imkan verir deyək ki, "Hər qəlb öz içindəki
çiçəyin qoxusunu yayar" (Əbdülqədir
Gilani). Budur əsl alim ürəyi!
Şirindil
Alışanlı öz məhsuldar
yaradıcılığı ilə Azərbaycan elminə
böyük töhfələr verir. O, hələ institutda
yenicə fəaliyyətə başladığı dövrdə
akademiyanın mötəbər və nüfuzlu alimləri ilə
birgə "Ədəbi proses" silsilə məcmuələrinin
əsas müəlliflərindən biri kimi böyük
yaradıcı iş aparmışdır. Bu gün Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda ənənə
halını alan "Ədəbi proses"
konfranslarının sistemli şəkildə keçirilməsi
və ədəbi materialların dərc olunması məhz
illər öncə yaradılan, əsası qoyulan bu
özüllər üzərində qərarlaşıb.
Ş.Alışanlının zəngin və çoxşaxəli
yaradıcılığında ədəbiyyatımızın
müxtəlif problemləri, dövrləşmə
konsepsiyası, ədəbi cərəyanlar haqqında
maraqlı fikir və mülahizələr, çağdaş ədəbiyyatın
qayğı və problemləri, ədəbi-nəzəri və
estetik prinsipləri geniş şəkildə əksini
tapır. Alimin səmərəli axtarışları onun ədəbiyyatşünaslığın
və ədəbi tənqidin müxtəlif problemlərini
özündə ehtiva edən sanballı elmi
araşdırmalarında, monoqrafiyalarında geniş şəkildə
əksini tapmışdır. Şirindil
Alışanlının uzunmüddətli
axtarışlarının nəticəsi kimi ərsəyə
gətirdiyi "Sözün estetik yaddaşı"
(Bakı, "Elm", 1994), "Romantizm: mübahisələr,
həqiqətlər (rus dilində) (Bakı, "Elm",
2000), "Ədəbi-bədii düşüncənin sərhədləri"
(Bakı, "Sabah", 2010), "Müasir humanitar təfəkkür
və Azərbaycan ədəbiyyatşünaslığı"
(Bakı, "Elm", 2011), "Ədəbi-nəzəri
fikrin tarixiliyi və müasirliyi (Bakı, "Elm", 2013),
"Sözün yaşamaq haqqı" (Bakı,
"Sabah", 2022) və başqa kitabları həm mövzu
və problematika baxımından, həm də ədəbiyyatımızın
ideoloji aspektdən, yeni meyarlar əsasında dəyərləndirilməsi
baxımından olduqca gərəkli və aktual
görünür. Müəllif hər bir əsər üzərində
işləyərkən onun əsas spektrlərini dəqiq
müəyyənləşdirir, oxucunun təhtəlşüurunda
təlqin edəcəyi fikir və mülahizələr
haqqında dolğun, dürüst və münbit zəmin
hazırlayır, əsl həqiqəti faktlara söykənərək,
dəqiq və sərrast mənbələr əsasında
oxucuya çatdırır. Səmimi söylənilən ədəbi
düşüncələrə öz oxucusunu inandıra bilir
və fikir karvanının arxasınca aparmaq gücünü
aşkara çıxarır. Bu isə alimin uğuru, sözə
və sənətə yüksək dəyər verməsinin
bariz nümunəsidir. "Sözə yaşamaq haqqı verən"
alim üçün, doğrudan da, sözdən böyük,
sözdən ulu, sözdən müqəddəs bir anlam
yoxdur. İlahidən gələn haqq sədasından
tutmuş, şair dilində, alim dilində, ziyalı dilində
min bir fikrin yükünü çəkən, insanı
göylərin əlçatmaz ənginliklərinə qədər
ucaldan sözün ecazkar sehri, amiranə gücü
bütövlükdə bəşəriyyətin
özünüifadə forması kimi əbədidir. Nə
xoş o kəslərin halına ki, sirli-sehrli
dünyamızın hikmət xəzinəsindən inciləri,
mirvariləri sapa düzə-düzə kainatın
möcüzələrinə vaqif olur, onun müəmma dolu
sirlərindən agah ola bilir və dərk etdiyi,
anladığı hər bir məchul olanı məluma, həqiqətə
çevirərək, cilalaya-cilalaya insana anlayacağı,
duyacağı, sadə, aydın, rəvan və cəlbedici
bir tərzdə çatdırmaq qüdrətinə malik olur.
İnsan idrakı kainatı dərk etməyə başlayandan
həmişə sözün siqləti, çəkisi,
hökmü, cilvəsi və ecazkarlığı qəlbləri
fəth etmiş, bəşər övladının hər mənada
özünütəsdiqinə və daxili dünyasını
dövrəsindəkilərə tanıtmaq vasitəsinə
çevrilmişdir:
Bəyaz
varaqlardır sözə xırmanım,
Qızıl
buğdam olar söz axır mənim.
Bilmirəm
qandırmı nəbzimdə vuran,
Yoxsa
ürəyimdən söz axır mənim?!
Əsrlər,
qərinələr keçsə də, Şirindil
Alışanlının bəyaz vərəqlər üzərində
səpdiyi toxumlar boy verəcək, cücərəcək, elm
yolunu seçən gənclərimizin yoluna nur çiləyəcək.
Onun elm kəhkəşanının zirvəsində
saldığı körpülərin üzərindən
yalnız dözüm və qətiyyət göstərənlər,
bu çətin və şərəfli yolda hər cür
çətinliyə sinə gərərək zəngin və
tükənməz xəzinənin açarını əldə
edənlər adlayıb keçə biləcəklər. Alim
vaxtilə ustadlarından əxz etdiyi elmin sirlərini bu
gün böyük məmnunluq hissilə ədəbi gəncliyə
öyrədir. "Üzünü gəncliyə tut, səsin
gələcəyə çatsın" - deyən unudulmaz
alimimiz Xudu Məmmədov çox böyük uzaqgörənliklə
xalqımızın taleyinin gələcəyimiz olan gənclərimizin
əlində olması fikrini irəli sürür. Bu prinsipə
sadiq qalan Şirindil Alışanlı elm yolunda kövrək
addımlarını atan gənclərimizə həmişə
diqqət və qayğı göstərir, onlara böyük
ümidlər bəsləyir.
Qoy sənət
yoluna varım ürəkdən,
Söz
dilə könüldən, var um ürəkdən.
Mürəkkəb
olmasa alnımın təri,
Varağa
tökülməz varım ürəkdən.
Qəvvas
kimi min bir əziyyətə qatlaşaraq dərin
ümmanlardan dürrü, incini çıxaran alim bu gəlimli-gedimli
dünyada, vardan-yoxa, yoxdan-vara hər şeyi özündə
təcəlla edən sözün siqlətinə, zərifliyinə,
gözəlliyinə, məna dərinliyinə varan mükəmməl
elm sahibidir. Onun sözünün gücündə haqq-ədaləti
cəsarətlə söyləmək qüdrətindən
tutmuş, dərin fəlsəfi fikirlərə, məntiqə,
elmi təfəkkürün gücünə söykənən
dəyərli və sanballı kəşflərə, qəlblərə
məlhəm olan yumşaq, həzin, kövrək
duyğuların yaşantılarına kimi hər nəsnənin
izharını görmək mümkündür.
"Söz
biliyə, zəkaya əsaslanarsa, inci kimi hamı onu
qulağına taxar" (Əhvədi). Mütəfəkkir
şairin müdrik aforizmi ilə ömür yoluna işıq
saçan Şirindil Alışanlı bir çox dəyərli
alimlərimiz kimi bu müsbət tendensiyanı həyat və
yaradıcılıq kredosuna çevirib.
Vüqarın
"qəzəbli bir dağa" bənzər,
İlhamın
mərcanlı bulağa bənzər.
Qəlbin
bir səfalı yaylağa bənzər,
Alaçıq-alaçıq
qurular sözün.
Hərdən
sərt qayasan, hərdən də ipək,
Açıq
xəzinədir sinəndə ürək.
Vətən
bir çinardır, sətirlər tənək,
Vətənin
boynuna sarılar sözün.
Şirindil
Alışanlı zəngin mənəviyyatlı, təmiz əqidəli,
təəssübkeşlik hissilə süslənmiş, sədaqətli,
vəfalı, Azərbaycan kişilərinə məxsus
müsbət keyfiyyətləri özündə cəmləşdirən
bütöv xarakterə malik bənzərsiz şəxsiyyətdir.
Ömrünün müdrikliyinə doğru yol gedən alimin
daxili dünyasındakı bu saflıq, duruluq, xeyirxahlıq,
alicənablıq, milli təəssübkeşlik kimi ülvi
duyğuları formalaşdıran əsas faktor Şirindil
müəllimin doğulub boya-başa çatdığı o
müqəddəs məkan, ecazkar təbiət, diş
göynədən bulaqları, başı lacivərd göylərə
söykək olan məğrur dağları, yaşıl
ormanları, igidlər, qəhrəmanlar oylağı,
sözünün sahibi olan ağır ləngərli,
ağzı xeyir-dualı ata-babalarımızın məskunlaşdığı
Laçın adlı gözəlliklər diyarında
dünyaya göz açması və sayılan-seçilən
bir nəslə mənsub olmasıdır. Şirindil
Alışanlının dünyaya gəlişini, ailəyə
sevinc, fərəh gətirməsini təbiət vurğunu,
gözəllik aşiqi, qəlbi vətən eşqi və
yurd həsrətilə çırpınan, Azərbaycanın
əzəmətli, vüqarlı və məğrur sənətkarı,
şair qardaşı Hüseyn Kürdoğlu "Ayaq tutub,
dil açdın uca dağlar başında, Pozulmaz izlərin
var torpağında, daşında" - deyərək həzin
və kövrək misralarda poetikləşdirib.
Şirindil
Alışanlının böyük yaradıcılıq
yolunda onun elmi rəhbərliyi ilə müdafiə olunan
dissertasiyaların önəmli yeri vardır. Alimin aspirant və
doktorantlarına qarşı tələbkarlığı, ədəbiyyatımızın
müxtəlif dövrlərinə, ayrı-ayrı yazıçı
və şairlərimizin yaradıcılıq yoluna, ədəbi
fikir tarixinə gətirdiyi yeniliklər, onların ədəbiyyatımızdakı
yeri və mövqeyi, bəzən ideoloji baxımdan mübahisəli
görünən məqamlar haqqında maraqlı diskussiya və
polemikaları, dəyərli məsləhətləri sonda orijinal,
yüksək elmi və faktoloji mənbələrə əsaslanan
sanballı əsərlərin Azərbaycan elmi dövriyyəsinə
daxil olması ilə nəticələnir. Məhz Şirindil
Alışanlının öz yetirmələri ilə
ardıcıl və səmərəli fəaliyyəti sayəsində
onlarca dissertasiya yüksək səviyyədə müdafiə
olunmuş, bu prinsipial və önəmli məsələlər
bu gün də uğurla davam etdirilir.
Şirindil
Alışanlının ən böyük xidmətlərindən
biri də onun rəhbərliyi və redaktəsi ilə
çoxsaylı Azərbaycan oxucularının,
ziyalılarımızın, tədqiqatçılarımızın
və gənc nəslin faydalana biləcəyi mötəbər
elmi və bədii mənbələri, qiymətli mətnləri,
dəyərli sənət əsərlərini özündə
ehtiva edən məcmuə və antologiyaların çap
olunmasıdır. Bu baxımdan alimin rəhbərliyi ilə nəşr
edilən "Azərbaycan ədəbiyyatının tarixi
poetikası". I kitab. (Bakı, "Elm",1989),
"Yaradıcılıq metodu məsələləri"
(Bakı, "Elm", 1989), "Ədəbi-nəzəri
fikir iki əsrin qovuşağında" (Bakı,
"Elm", 2001), "Azərbaycan ədəbiyyatının
tarixi poetikası". II kitab (şeir şəkillərinin təkamülü)
(Bakı, "Elm", 2006), "XX əsr ədəbiyyatı
məsələləri. I kitab. (Bakı, "Elm", 2006),
"XX əsr ədəbiyyatı məsələləri".
II kitab (Bakı, "Elm", 2008), "XX əsr ədəbiyyatı
məsələləri". III kitab (Bakı, "Elm",
2010), "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın
nəzəri-metodoloji məsələləri. (Bakı,
"Elm", 2010), "XX əsr Azərbaycan şeiri
antologiyası". I kitab. 1920-ci illərin poeziyası
(Bakı, "Elm", 2009), "XX əsr Azərbaycan
şeiri antologiyası". II kitab. 1930-cu illərin
poeziyası (Bakı, "Elm", 2010), "XX əsr Azərbaycan
şeiri antologiyası". III kitab. 1940-cı illərin
poeziyası (Bakı, "Elm", 2011) kimi monumental əsərlərin
nəşri çoxəsrlik Azərbaycan ədəbiyyatının
salnaməsinə yazılan qızıl səhifələrdir.
Bu kitabların sırasında Azərbaycan ədəbi tənqidinin
poetikasını yaradan görkəmli filosof-alim, AMEA-nın
müxbir üzvü Yaşar Qarayevin seçilmiş əsərlərinin
V cildlik külliyyatının və Bertels məktəbinin
layiqli davamçısı, böyük Nizamişünas
alimimiz, klassik Azərbaycan şairi, dahi Nizami Gəncəvi
yaradıcılığının əvəzsiz
araşdırıcısı, professor Azadə Rüstəmovanın
əsərlərinin yüksək səviyyədə
çapa hazırlanması və nəşr olunması istiqamətində
apardığı işlər Şirindil
Alışanlının qədirşünaslığından
xəbər verir. Bu xeyirxah missiyanı qəlbinin dərinliklərindən
gələn böyük minnətdarlıq duyğusu ilə həyata
keçirən alimun udulmaz sənətkarların
yaratdığı fundamental ədəbi irsin qorunması və
gələcək nəslə çatdırılması ilə
Azərbaycan elmi və onun yaradıcılarının
qarşısında öz ziyalılıq borcunu şərəflə
yerinə yetirir.
Professor
Şirindil Alışanlının tədqiqatlarında XX əsr
Azərbaycan poeziyasının görkəmli nümayəndələri,
onların ədəbiyyatımıza gətirdiyi yeniliklər,
çağdaş şeirin problematikası, mövzu və
ideya zənginliyi, janr rəngarəngliyi haqqında şəxsi
qənaətləri, maraqlı fikir və mülahizələri,
orijinal tapıntıları alimin həm də əsl söz sərrafı
olduğunu göstərir, onu analitik təhlil və mühakiməyə
məxsus obyektiv tədqiqatçı kimi xarakterizə edir.
Gözünü dünyaya açandan ailədə Azərbaycan
poeziyasının ağ saçlı qartalı Səməd
Vurğuna, onun milli yaddaşa söykənən geniş və
vüsətli yaradıcılığına böyük sevgi
görüb. Xüsusilə, ruhuna və adına
tapındığı, müqəddəs and yeri
sandığı Hüseyn Kürdoğlunun timsalında
rişələnən, boy verən Səməd Vurğun
sevgisi onun qəlbində heykəlləşib, əbədiyyət
qazanıb:
Sözün
Qıratını min qəlbi dağdan,
Yaxşı
söz qurtarar min qəlbi dağdan.
Vurğuna
dağlarla yanaşı baxdım,
O qəlbi
göründü min qəlbi dağdan.
Şirindil
Alışanlı "Səməd Vurğun sənəti
müasir ədəbi-ictimai reallıqlar kontekstində"
adlı məqaləsində yazır: "28 yaşlı Səməd
Vurğunun 1934-cü ildə yazdığı "Azərbaycan"
şeiri milli istiqlalın yeni biçimdə poetik məramnaməsi,
milli ideologiya kimi dövlət siyasətinə
çevrilmiş azərbaycançılığın poetik
bir məkan tutumundan milli ictimai, ədəbi-bədii
şüura çevrilməsi idi. XX əsr boyu və indi də
Səməd Vurğun poeziyası Azərbaycanın poetik rəmzidir.
"Azərbaycan" şeiri əslində xalqın ruhunda əbədi
kök salmış himndir. Səməd Vurğun azərbaycançılığın
bayraqdarı olduğu kimi milli istiqlal hərəkatının
beşiyi başında duran qüdrətli sənətkardır".
Şirindil
Alışanlının bir alim, naşir, redaktor kimi yetişməsində
onun keçdiyi şərəfli ömür yolunun əsas
dönəmlərinə diqqət yetirmək kifayətdir.
Alimin 1990-cı illərdən indiyədək "Sabah" nəşriyyatındakı
direktorluq fəaliyyəti, 1993-1998-ci illərdə
"Elm" qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə
isə "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin
direktoru vəzifələrində çalışması
onun peşəkar bir redaktor, işinin ustası olan naşir və
kitabşünas alim kimi formalaşmasında müstəsna rol
oynayıb. Bu illərdə onun redaktorluğu və rəhbərliyi
ilə nəşr edilən çoxsaylı elmi və bədii
əsərlər Azərbaycan oxucusuna ən qiymətli
töhfədir.
Yetmişdən
yüzə sarı yolların hamar olsun,
Bar versin
diləklərin, Tanrı sənə yar olsun.
Yüz il
sonra saçların mənimkitək qar olsun.
O gün
nura qərq olar əbədiyyət mənzilim,
Ay istəkli
qardaşım, əzizim, Şirindilim!
Şirindil
Alışanlının zəngin mənəviyyatı,
yüksək insani keyfiyyətləri, milli dəyərləri
özündə təmərküzləşdirən xarakteri
bəşəriyyətə, saysız-hesabsız elmi məqalələri,
fundamental araşdırmaları, sanballı tədqiqatları
isə Azərbaycan ədəbiyyatşünaslığına
və ədəbi tənqidimizə əvəzsiz töhfədir.
Qeyd: Məqalədə Hüseyn
Kürdoğlunun poeziya nümunələrindən istifadə
olunmuşdur.
Elmira Babayeva,
Filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat qəzeti.- 2022.- 29
oktyabr.- S.18-19.