Nurun insan
çaları
Aspiranturanın birinci ili
idi. Fəlsəfədən,
xarici dildən mühazirələrə və
məşğələlərə başım qarışdığından
institut əməkdaşları
ilə ünsiyyətdə
az olurdum.
Ancaq elmi işimlə bağlı məsələ olanda şöbəyə gedirdim,
onda da sıxıla-sıxıla...
Hesabat vermək
lazım oldu, yazıb elmi rəhbərimə (rəhmətlik
Qasım Qasımzadəyə)
təqdim etdim. Vaxtını dedilər, özüm iştirak etməli imişəm. Bir gün əvvəl, atam rəhmətə getdi... Səhərisi gəldim hesabata, elə ki, mən
gəldim... Zalın bir küncündə qısılıb oturmuşdum,
elə bil kimsəsiz bir adaya atmışdılar məni...
Aydın bir səs adımı,
soyadımı çəkdi,
ayağa durdum. İnstitutun
elmi katibi idi, mənim haqqımda danışırdı...
sanki yuxuda idim... mənə başsağlığı verdi, təsəlli verdi... valideynlərimə
minnətdarlıq bildirdi
- mənim kimi istedadlı övlad yetişdiriblər... gələcəyin
layiqli alimi olacaqmışam... daha nələr... Qulaqlarıma inanmağım gəlmirdi,
amma onu hiss edirdim ki, qırılan
qanadlarım havalanmaq istəyir. Məni o kimsəsiz adadan uçuran bir işıq ucu idi o səs... Sıxıntılı anlarda,
nəfəsin daralanda,
gözlərin qaralanda
bir "işıq ucunun" nə olduğunu bilənlər bilir...
O zaman Şirindil müəllim özü də gənc idi. Bir elmi
katib kimi hesabatını təqdim etdiyi sıradan bir aspirantın hüznlü anına dəng gələn çıxışını müəyyən etiketlər
çərçivəsində sunmuşdu bəlkə də...
İllər keçdi, bu illər ərzində bir yerdə işlədiyimiz Ədəbiyyat
İnstitutunun çox
işıqlı simaları
arasında Şirindil
müəllimin xüsusi
yeri, mövqeyi olduğunu gördüm. Məmməd
Cəfər, Yaşar
Qarayev, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Qasım Qasımzadə və başqa ustad ədəbiyyatşünasların əhatəsində onun intellekti, cəsarətli, məntiqli mühakimələri
ilə hesablaşıldığının
şahidi oldum. Ədəbiyyat İnstitutunun gənclərdən
ibarət elmi potensialının - Kamran Əliyev, Arif Əmrahoğlu, Nizaməddin
Şəmsizadə, Muxtar
İmanov, Teymur Kərimli kimi layiqli varisləri arasında Şirindil Alışanlı məqamı
bir başqa idi.
Təxminən qırx ilə yaxın bir zaman su kimi
axıb keçdi hər birimizin ömründən. Bu illər
Şirindil müəllimi
müdrik bir mərtəbədə elmi
əsərləri, sanballı
tədqiqatları - ədəbiyyatşünaslığımızın
mükəmməl konsepsiyaları
haqda yazdıqları örnəkləri ilə
onu möhtərəm
bir mövqe sahibi etdi. Müasir dövrdə ağılları
qarışdıran bəzi
qara güclərin gəncliyimizi yanlış
yanaşmalara təhrik
etdiyi məqamlarda Şirindil Alışanlının
yazdıqları düzgün
istiqamət üçün
istinad mənbəyi və ədəbiyyatşünaslığımızın
etalon sayılacaq prinsiplərini
özündə ehtiva
edən mükəmməl
vəsaitdir.
Şirindil Alışanlının "Sözün estetik yaddaşı" (Bakı,
"Elm", 1994), "Romantizm: mübahisələr, həqiqətlər"
(Bakı, "Elm", 2000), "Ədəbi-bədii düşüncənin
sərhədləri" (Bakı,
"Sabah", 2010), "Müasir humanitar təfəkkür
və Azərbaycan ədəbiyyatşünaslığı"
(Bakı, "Elm", 2011), "Ədəbi-nəzəri fikrin
tarixiliyi və müasirliyi" (Bakı,
"Elm", 2013), "Sözün yaşamaq haqqı" (Bakı, "Sabah", 2022) - kitabları,
yüzlərlə məqaləsi
ədəbiyyatşünaslıq elmimizin işıqlı bir qərinəsini təşkil edir. Məhz işıqlı qərinəsini
...çünki zamanın
qarmaqarış dönəmindən
keçərkən hər
cür dəyərlərin
ayarlarını itirmək
təhlükəsi ilə
üz-üzə, ağılların
qarışdığı bir zaman mənəvi
mükəmməlliyi yalnız
daxili işığın
gücü ilə qorumaq mümkündür.
Ədəbiyyatın, incəsənətin tarixi
xalqın tarixindən
keçir. Hansı formasiya, hansı
mühit, ictimai-siyasi
durum olur-olsun, mənəvi
dəyərlər mənsub
olduğu xalqın ruhuna işıq tuta bilirsə, kökünə söykənirsə,
bu xalqın xəzinəsidir. Və bu
xalqın kimliyinin göstəricisi olan mənəvi dəyərlərinə,
bu xalqın tarixi taleyinə həssaslıqla yanaşmaq,
gələcək nəsillərə
qədirbilənlik naminə
ötürmək zərurətindən
Şirindil Alışanlı
kimi "Dante"lərin
məşəlinə xalqımızın
da, ədəbiyyat və ədəbiyyatşünaslığımızın
da ehtiyacı vardır. Çünki onun işıq
tutduğu bu yol sələflərinin, xüsusən də böyük dəyər verdiyi, şərəflə
davam etdirdiyi Yaşar Qarayev kimi ustadının yoludur - "Milli ictimai fikrimizdə, elmi vicdan və
əxlaqımızda, yüksək
ziyalı ünsiyyətində
bənzərsiz intellekti
ilə seçilən
Yaşar Qarayev" yoludur.
Örnəklər, məktəblər həyat
yoluna, yaradıcılığına
işıq tuta bilər, lakin insanın içini, ruhunu aydınladan nur özünün fitrətində olmazsa, yaratdıqlarında, ifadə
etdiklərində, yazdıqlarında
(hətta elmi dərin olsa belə) o insan sönük, soyuq portreti ilə könüllərdən, yaddaşlardan
silinir zamanla...
Şirindil Alışanlının "yüksək elmi əxlaq" dediyi ayar bir alimin
cəmiyyət içində
malik ola
biləcəyi məqamın
göstəricisidir. Şirindil
müəllimin "məqamı"nda
onun mənəvi dünyasını aydınladan
nurun çalarları
çoxlarından fərqləndirir
onu... Həyatında da, yaradıcılığında
da alicənab, yüksək kaletəli ziyalı mövqeyini - nurun işığını
elm camiəsi yüksək
dəyərləndirir. Hər zaman sadədilliyi, safniyyətliliyi,
hər bir siyasi "manevr"lərsiz
(bunu belə desəm, mənə xeyirdir düşüncəsindən
uzaq) həqiqət bildiyi bütün deməli olduqlarını
deyən həm zəki, həm qətiyyətli, həm də cəsur və humanist alim-insan nümunəsi - bu xalqın ərənlik etalonudur.
Şirindil müəllim yazılarında
təqdim etdiyi obyekti haqqında dedikləri həm də onun özünü
işıqlandırır. ("Hər xalq öz
dilində görünür"
atalar sözünün
fəlsəfəsi həqiqət
olduğu kimi. Hər kəs də öz dilində görünür,
doğrudan da...). Onun yazılarında təsvir
etdiyi (araşdırdığı),
oxucuya tanıtdığı,
yəni qarşısındakı
portretlə üzbəüz
sanki (güzgüdəki
kimi) özünü də cızır, canlı, ürəyi ilə, duyğuları, niyyəti ilə birgə, həm də bütün rəngləri ilə öz dünyasını təqdim edir.
Səməd Vurğun, Mir Cəlal
Paşayev, Məmməd
Cəfər, Bəxtiyar
Vahabzadə, İlyas Əfəndiyev, Elçin,
Qəzənfər Paşayev,
Aşıq Şəmşir,
Teymur Bünyatov, Oljas Süleymenov və başqaları haqqında yazdıqlarında
təqdim etdiyi portretlərlə bizim təsəvvürümüzdə bütövləşən onun
öz portreti arasında əlaqə yaradan ifadə forması sözünün
səmimi, içdən,
ehtiramlı, duyğularının
həssaslıqla çözdüyü
kəlmələrinin axınında,
daxilindəki işıq
selində onun şəxsiyyəti aydınlanır:
"Tale bu ağsaqqala,
qələm əhlinə,
ictimai xadimə, saz-söz xiridarına Vətən, xalq qarşısında şərəflə
yaşamaq, elin-obanın
ağrı-acılarına dözməyə təpər,
ümid və inam verib. Ömrümün
müdriklik çağına
aparan illərin, yolların şahidləri
onun həsrətlə
baxdığı dağların
o tayında - Kəlbəcər
ellərində qalıb" . Bu ifadələr
"Dağlar oğlu"
(2017) məqaləsindəndir, Qəmbər müəllimdən
danışır. "Kəlbəcər elləri"ni Laçın elləri ilə əvəzləmək olarsa,
fərqi yoxdur, həm qəhrəmanın,
həm də müəllifin obrazından
keçib-gedir, bu ağrılı, nisgilli səciyyələr...
Əsirlikdə qalan ellərimin
30 illik yanğısına
- ömrünün ən
ağır dərd yükünə dözməyə
təpər, ümid,
inam verən tale Şirindil müəllimi
- elin ziyalı, nurlu şəxsiyyətini
70-ci yaşam ilində
Laçına qovuşdurdu.
Həm həyat yollarında, həm də doğma Laçına gedən yollarda işığınız gur
olsun, gözəl insan - Şirindil Alışanlı!!!
Hicran Nəsibova
Ədəbiyyat qəzeti.- 2022.- 29 oktyabr.- S.20.