Qollara sığmayan
tənhalığın
şeirləri
Şeir, poeziya, bu dildə səslənən hər şey həmişə təzədir və heç zaman köhnəlmir, çünki o, zamanla bir axmır, zamana qarşı durur. Bu tipli poeziyanı klassikaya, ortaçağ şeirinə bağlayan incə detallar var, məsələn, obraz, bədii mətndə məna yaradıcılığına yön verən digər elementlər: metafora, bənzətmələr, təşbehlər... sadəcə nəyisə nə iləsə bağlamağa xidmət etmir, fırçayla incə şəkildə kətana çəkilən boya kimi (elə xəfif toxunur ki, buna toxunmaq demək son dərəcə şərti anlam daşıyır...) "vasitə" olur, müqayisə dərhal unudulur ki, məna konteksti böyüsün, genişlənsin. Müqayisənin belə "sürüşkənliyi", nəfəs dərib aradan çıxması məna kontekstinə meydan açmaqla, şeirin daxili gizlinlərinin özünü hiss etdirməsini şərtləndirir. Qurbaninin "Bənövşəni" şeirini xatırlayın, birinci bənddəki mənzərə - ürək yandıran gözəllik (Başına döndüyüm ay qəşəng pəri // Adətdi, dərərlər yaz bənövşəni // Ağ nazik əlinlə dər, dəstə bağla // Tər buxaq altında düz bənövşəni.) sonrakı bəndlərdə sehrə dönür (Mələklərmi dərmiş, göydən gətirmiş...), yaxud birbaşa kompozisiyanın dərinliklərini göstərir (Bənövşə qız iylər, qız bənövşəni...)
...Dünyanı tutsun, sonra damcı-damcı, fraqment-fraqment və hekayə-hekayə dünyadan yığışıb özünə çəkilsin, məhz bu prosesin sonunda şeir yaranır, səslər, küy... hər şey lallığa dönür, çünki ən acı dərdi də lalın dilində söyləmək daha kəsərlidir, daha qeyri-poetikdir, şeir də məhz bu təşbehlərlə aşıb-daşan poetiklikdən xilas olunca (yaxa qurtarınca-!) dirilir, insan onu nəfəs kimi qarşılayır, öz nəfəsi kimi. Yuxuda ölülərin dirilməsi, canlıların yuxuda ölməsi kimi... Suya danışdığın, onunla bölüşdüyün yuxun kimi ərşə çəkilmir, suyla bir axıb gedir və geri qayıtmır, bu məqam, yəni geri qayıtmayacağını bilə-bilə nəyisə gözləməyin məkanı, dili, lisanı - lallıqdır, bir kəlmə demədən dünyanı dolanmaq (ərşi ilə fərşü kafi-nun...).
Üzdən poetik, cilvəli, bər-bəzəkli şeirlər oxucuya heç nə vermir, onun hisslərini ölgünləşdirir, həyat və gerçəklikdən, öz taleyi və gələcəyindən ayırır, buna görə şeir məhz qeyri-poetik olmalıdır, onda keçmiş, indi və gələcəyin nəfəsi bir-birinə qarışmalı, oxucu bu mətnləri istədiyi, arzuladığı "janrlarda" oxuya bilməlidir, yəni bədii mətndə "çevrilmə anı", yaxud "təhlükəsi" çevik olmalıdır, bir şeirin hansı layındasa bir hekayənin nəfəsi canlı və hiss edilən olmalıdır. Bədii mətn çevrilmələr zənciridir, buna görə də o, zamanı öldürüb-dirildən çarpaz xətt kimi qavranılmalıdır.
Yuxarıda adlarını çəkdiyimiz bənzətmə, metafora və sair "unudulan" elementlər şeirin danışan dili, müəyyən məqamda konteksti genişlənən məna isə bu dilin öz həqiqətini susaraq anlatmasıdır. Bənzətmələrin çox danışdığı, heç susmadığı, diqqətimizi döyəclədiyi şeirlər bizə heç nə vermir, anlıq təəssürat yaradır ki, bu da ən tez unudulan nəsnədir. Doğrudan da, bizdə bu tip nümunələr çoxdur, kitabı açırsan - hər şey maraqlıdır, çox maraqlıdır, özünə çəkir səni, doydurmaq, yormaq istəyir, yorulub kitabı bağlayırsan və hər şey unudulur. İndi sosial şəbəkələrdən sel kimi axan bu nümunələrin qarşısında dayanmaq sadəcə mümkün deyildir. Nə isə.
Gələk mətləb üstünə. Eminquey Akif.
Bir dəvə belinə bənzər gözlərim,
canında su saxlar ağlamaq üçün.
ürəyim Tur dağı, Hira dağıdı
- səninlə əlaqə saxlamaq üçün.
Yaxud "Eybi yoxdu" şeiri.
Qışqır, sinəmi döy, yorul, düş əldən,
hirsini
içindən at,
eybi yoxdu.
Devir
qaşlarının düyün yerini,
şirin
gülüşünü oyat,
yaxşımı?
Bu gün
tərs üzünü göstər, dözərəm,
sabah əllərimi
tut,
eybi yoxdu.
Əsən
əllərində sığal var, sığal,
küskün
gözlərində barış görsənir,
uzat əllərini,
uzat,
yaxşımı?
Bu
şeirlərin hər birində vurğuyla qeyd etdiyimiz məna
konteksti sadəcə bir mövzu və ya mətləblə məhdudlaşmır,
təmas o qədər yüngül və "görünməzdir"
ki, təsəvvür edin ən müxtəlif əşya və
nəsnələrə toxunub "rəqs edən" ritm sadəcə
həmin toxunuşun türküsünü oxuyur, başqa
heç nə və bu "heç nə"də
bütün dünyanın heç unudulmayacaq, insanın
ürəyinə isti damğa kimi vurulan zərbələrin xəritəsini
cızır; bu semiotik xəritədə bütün
oxunmuş nəğmələrin sevinci, içindəki ani
şadyanalıq hüznə çevrilir, sevinci tez
bağrına basan insanın acı çaydan içib
boğulması bu şeirlərin misralarının
arasından qan kimi axır.
Eminqueyin
şeirlərində məkan bəllidən bəllidir, məkanın,
mənəvi ərazinin bir qatını qaldırsan altından
insan dərdlərinin torpağı görünər və
görünür, bilinir də, zamansa bədii mətnin
yaratdığı ümumi fonda əvvəlcə boyaboy
görünür, bütün zamanları kapsayır və
anidən ovxalanıb toza dönür, zamanın ilğıma,
toza çevrildiyi şeirdə həmin mənəvi ərazi
qoynunda vaxtın qırılmış əqrəblərini
gizlədir, onları götürüb divara vursan,
yapışdırsan hər kəsin dərdinin
zamanını, başlanma və bitməmə tarixini
dürüst göstərəcək, əqrəb əqrəbin
üstünə mindiyi an bu şeirin unudulub, özünü
unutdurub yeni nəfəsə, yeni pıçıltılara
meydan açdığı məqama çevrilir. Belə bir
surrealist ovqat şeirin canındakı havanı içində
yaşadığımız gerçəkliyin havasına
qarışdırır, ancaq nə illah eləsə də,
bütün gücünü sərf eləsə də bu hava
o havaya qarışmır, tənhalığı qucaqlamaq istəyən
adamın qolları biləyindən qırılır, sən
demə, bir kəsi, bir nəsnəni qucaqlamağın ən
dürüst yolu qolların olmamasıdır, Eminquey də
şeirində bunu diktə edir, amma
hərdən uşaqlıq, hərdən gənclik, həm
də hələ gəlməmiş qocalığn itkin
düşmüş zamanında gizlədir. Baxın:
***
Məni
yarsan, görərsən ki,
içimdə
milyon ölü var - hamısı mənəm.
Birində
sinəm göyərib,
birində
qolum keyiyib,
birində
çənəm.
Məni
yarsan, görərsən ki,
içimdə
milyon ilim var - əlimdən çıxan.
Birində
xoşbəxt olmadım,
birində
azad olmadım,
birində
yoxam.
Məni
yarsan, görərsən ki,
içimdə
milyon dilim var - anlaşılmayan...
Birində
sözü kəsilən.
birində
deyə bilməyən,
birində
susan.
Məni
yarsan, görərsən ki,
içimdə
milyon əlim var - hamısı bağlı,
birinə
doğmam zəncir vurub,
birinə
dostum qıfıl vurub,
birinə
ağlım.
Məni
yarsan, görərsən ki,
içimdə
milyon ölüm var,
sağam
hələ ki...
Biri
ürəyimi yeyir,
biri
ümidlərimi,
biri
Günəşi.
Zamanın
ovxalanıb məkanda batması, gizlənməsi,
çıxmaq ümidinin heç olmaması,
sınmış əqrəblərin də bir dünyalıq
itməsi... bütün bunlar hər bir qum zərrəciyində
zamanın bərəlmiş gözlərinin rəsmini çəkməyə
sövq edir və ehtiras mətndən mətnə artır,
güclənir, bu gücün, enerjinin bir yerə cəmlənib
tufan, qasırğa yaratma ümidi olmasa da, kirimir, səslənir...
Nəticədə nə alınır: ən kədərli, ən
dərdli, ən həqiqi və real nəsnələr gəlir
ortaya, yan-yana düzülür və bunları,
yaydıqları işartıları daha da nəzərə
çarpdırmaq üçün həmin dərdə tərs
gələn misralar gəlir.
Günəşinə
pərdə tutan günüqara ölkənin,
bütlərini
sındırmamış adamların içində,
üstümüzə
hücum çəkən baxışlardan uzaqda,
gözdən
itən döngələrin beşində, ya
üçündə -
sevdim səni,
öpdüm
səni,
qucaqladım...
Bu dərdlər
məmləkətdən, dünyanın biz bildiyimiz və
tanımadığımız künc-bucağından gəlir,
yalnız mətləbi yazmaq, hamının and içdiyi həqiqəti
yalana çevirmək istəyən şairin şübhəsiz
ki, bundan xəbəri olmur, çünki o da ovxalanıb toza
dönmüş zamanın içindədir, ordan məkana -
çirklənməkdə olan mənəvi əraziyə
tamaşa edir, burda dayanıb hər kəsin reallqlarına,
özünün yuxusuna, məmləkətin ağ baxtına
zilləyən şair aradakı şəffaf pərdəni
aralayıb tamaşa etdiyi mənzərənin içinə qədəm
basa bilmir. Rəsm, poeziya, bütün bu susmaq sənəti beləcə
yaranır:
Gördüm,
qaranlıq şığıyır
ömrümün ağ
vaxtına,
bezdim,
dedim öz-özümə:
sən
axmaqsan, incimə!
Dönüb
baxdım lap geriyə,
getdim uşaq vaxtıma,
Günəş
çəkdim boz ömrümün
yuxarı sağ
küncünə -
sevdim səni,
öpdüm
səni,
qucaqladım...
Bu mətnlər
həmin prosesin - zamanın ovxalanıb toza döndüyü
anın şeirləridir, yəni dar macalda söylənən,
hər şeyi dünyanın sonu kimi qavrayan bədii mətn
nümunəsidir. Eminqueyin "Zəngə kimi" adlı
bir şeiri var, onu aktyorun səsindən dinləmişəm.
Bu və digər şeirlərində ən çox rastlanan,
birdən (?) "araya girən" Günəş obrazı
var, sənə elə gəlir ki, Günəş Eminqueyin bir
şeirindən o birinə keçir, sənin demək istədiyini
batıb çıxmağıyla möhürləyir, yəni
bu kimi obrazlar şeirdə sözü, onun
varlığını şərtiləşdirir, söz sanki
irreal dünyadan özünü göstərir, Eminqueyin
yazdığı mətndə məhz həmin "səsin /
sözün kölgəsi" iştirak edir, bu da təbiidir,
sözün özünü demək, dilləndirmək olar,
yazmaqsa mümkünsüzdür. Şeir bu məntiqi Günəş
obrazıyla tamamlayır. Təsbit edir.
Bizə öyrətmişdilər
ki,
Quşların
birini vuranda
O birilər
də uçub gedirmiş ağacın budağından,
Yəni
bir adamı tərk etmək
Bütün
bəşəriyyəti öldürməkdi,
O qoca
Misir müəllim də
Dəmir
xətkeşini partaya vurmaqla
səs
salmağın ən dəhşətli şey
olduğunu deyirdi bizə.
Birinci dəfəydi
görürdün
saçlarını
qələmlə
hörən qızın
gözlərinin dolduğunu
- Müəllim,
o xətkeşlə dünyada
silah səsini kəsmək
olarmı? -
deyib
ağlamışdı atasını Qarabağda itirən
qız.
...Yəni
Günəş, dadı olmazdı
həqiqətlər gizlin
olmasaydı...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 29
oktyabr.- S.15.