Günlərin birində...
Sənlər yoxa çıxır səni görüncə,
O sənlər içində bir sən varıydı.
Dünya fanisinə gəlmədən öncə
Sən elə hardasa irsən varıydın.
Varıydın... Qalmışdın gün saya-saya
Ömrünü gələcək vaxtdan aldılar...
Özündən xəbərsiz gəldin dünyaya
Ruhunu bədənlə tora saldılar.
Bülbüllər nə belə haray qoparır
Nə xəbər eşidib səhər yelindən?
Əzəldən əbədə çəkib aparır
Kim tutub, görəsən, vaxtın əlindən?
Boşuna getməz ki, qürbətə gedən
Nə qədər qalar ki, gəmi limanda.
Getdin, gedişini duymadı vətən
Döndün, tapılmadı qarşılıyan da.
Toxum göyərəcək əkən əkirsə
Yolunu gözləyər nur içində nur.
Unudulduğundan dərdmi çəkirsən,
"Bəndə unudanı Allah unutmur".
Gözəgörünməzlər gözə görüksə...
Uyuyar torpağın altında almaz.
Bir də ki, cevizin içi çürüksə
Üstündə qabığın mənası qalmaz.
Vaxt paltar misalı qalmaz əyində
Gələcək duymaz ki, keçmiş vaxtları...
Quşlar caynağıyla yer eşməyində
Hərə bu dünyada nəsə axtarır.
Dünya fanisini bölüşər, bölər
Torpağa qovuşan kiçik bir dən də.
İlan qabığından çıxmasa ölər
Bəs ruh neyləsin köhnə bədəndə.
Günlərin birində yolların üstə
Çıxar qismətinə dərdin ənindən;
Vədəsi çatdımı ayrılmaq istər
İlan qabığından, ruh bədənindən...
Keçmək
Və... beləcə
gözləri kor, qulaqları sağırlarla dolu
Bu Bakı küçələrindən
Dodağa gəlməsi müşkül
səs kimi keçmək.
Gözə görünə-görünə
Gözəgörünməz kimi keçmək
Öləziyən şam,
Bir qərib yolçu, qərib axşam kimi keçmək.
Doğmalar arasından
Yad oğlu yad kimi keçmək
Otuz yeddinci illərin dolaylarından
XXI əsrin dolaylarına
Hüseyn
Cavid, Əhməd Cavad kimi keçmək...
Şükür
Evrən
dənizində məchul
bir ada...
Gəlirdin, gəlişin doğmaydı
yada,
Könüllər Tanrıda, əllər
səmada
Ata da şükürdü,
ana da şükür.
Dərindən dərinsə düşdüyün
quyu
Allaha təvəkkül edib də uyu
Sən susub dursan da
şükür oxuyur
Düşdüyün daş-divar, bina da, şükür.
Hər kəs öz işində, niyə mən demə
Dərdini dəsən də
ürəkdən demə
Sınağa çəkilmək buymuş
sən demə,
Qədərlə düşdüyün inada,
şükür.
Nə haqqa asi
ol, nə özünü yor
Qızsınmı qaranlıq dünyalara
kor
Dərdlər görərsən ki,
sağalması zor
Şükür oxuyarsan buna da şükür.
Hələlik deyimmi nəymiş
hələlik
Çatmaz harayıma poladdan çəlik.
Nə günə saldın ki, məchul xətəlik
Şükür oxuyuram sana da, şükür.
Bu dünya qürbətdən
nə qaldı yadda
O nə yollar idi çıxdın səfərə
Yolunu gözləyən
nəydi yarında?
Səksən illik ömrün
getdi hədərə
Söndü əsrlərin dolaylarında.
Açdı ayağını yol
uzaqları
Sənə danışmağa dillər
öyrətdi.
Başından keçməyi payız
çağları,
Başını itirən yellər
öyrətdi...
İllər arxasında qaldı
gəncliyin
Qaldı ortalıqda orta yaşın da.
Hardasa didərgin düşdü
dincliyin
Amansız bir ömür, gün savaşında.
Niyə
inlədirdi aşıq
o sazı
Tarçı çılınladırdı o tarı niyə?
Sirliydi alnına yazılan yazı,
Haçaydı durnanın qatarı niyə?
Əlin
işə yatmaz, gözün gözlüyə
Gecələr qəhətə çıxar
yuxun da
Kövrək qocalığın qışı
gözləyər
Pərişan payızın qonşuluğunda.
Bu dünya toruymuş, tələymiş məgər
Hər yanda tuzaq var, hər
yanda pusu.
Bizi asta-asta ölümə çəkər
Bizimlə yaşayan ölüm qorxusu.
Seçənlər seçibmiş
gəldiyin yeri
Oxuyan bəxtini oxumuş sənin
Axırda
bildin ki, Allahdan qeyri
Heç
kimin, heç nəyin yoxuymuş sənin...
Ya adna axşamı, ya da ki,
cümə
Naməlum gələcək, məlum
gələcək
Yəqin,
son anıma, son görüşümə
Hamının önündə ölüm
gələcək...
Bu dünya qürbətdən
nə qaldı yadda
Geriyə
boylanıb baxsan min kərə:
Köhnə iş otağın
ikinci qatda
Gözləri yol çəkən
küskün pəncərə...
Kim çəkəcək
qış şəklimi...
Hayana baxsan
Tanrının şəkli -
dünənin, bu günün,
yarının şəkli...
Ömür albomumu hazırlayanların
Əlləri boşda;
Yetimlik çəkdi gözlərindən
nisgil yağan yaz şəklimi.
Nə şəkillər və nisgillər qalıb
Ömrün yayından.
Dardanel boğazı bomboş
Yarıbikef, yarımeyxoş Egə
suları
Payız payından.
Əsrikdə
Hər yan başdan-başa həsrət iqlimi
Çəkmək qəbirqazanlaramı qaldı
Qış şəklimi?
Məmməd İSMAYIL
Ədəbiyyat qəzeti.- 2022.-
29 oktyabr.- S.14.