Yeni dilçilik metodunun konteksti
Elmi araşdırma
Kamal
Abdullanın elmi yaradıcılığının növbəti
aşamasını "mifolinqvistik yanaşma ideyasına
çağırış" adlandırmaq azdır. Qoy oxucu
onun elmi camiyəyə atdığı bu ideyanın hansı
yaradıcılıq labirintindən doğduğunu
görsün ki, təxminən 30 yaşından sonra
"görkəmli alim" epitetini qazanmış bizim bu
akademikin və Xalq yazıçısının
axtarışlarının hardan başlayıb hara gəldiyini
bilsin. Bəs niyə bilsin?
Kamal
Abdulla yazdığı bədii, elmi əsərlərə
görə indi elə titanik universal təsir
bağışlayır ki, artıq onu mənəvi
dünyamıza yeni paradiqmlər vermiş çox az universal
alimlərdən biri saya bilərik. Mən anlayıram ki, bu
sözlərimin səsləndirdiyi yüksək dəyər məni
tanımayan, Kamal Abdullanı tanımayan oxuculara təntənəli
yubiley çıxışı və ya tostu kimi görünəcək
və bununla da indi deyəcəklərimin amacına işləməyəcək.
Ona görə də məcburam deyim: məqaləmi Kamal
Abdullanı şərəfləndirmək üçün
yazmıram, çünki onun mədəniyyətdə və
elmdə etdiklərini dərindən açan yetərincə
ağıllı yazılar olub. Mənim amacım onun yeni nəzəriyyəsini
anlamaq üçün oxuculara orientirlər verməkdir.
Kamal
Abdullanın elmi yaradıcılığının əvvəli
obyektin qatları, layları bölgüsündən
başlayır. Bu bölgü Azərbaycan elmi
düşüncəsinə dilçilikdən, daha dəqiq
desək, struktur dilçilikdən gəlir. Dünya fəlsəfəsində
qatlara, laylara bölmək paradiqmi həm də Hussanın
(Husserlin), Hartmanın fəlsəfələrinin törəməsidir.
O yerdə ki gözlər öyrənilən obyektin
qatlarına açılır, orada dərin və üzdə
olan qatlar ideyası formalaşır. Xomskinin generativ
qrammatikası bu qatlara yanaşmada öz yeniliyini vermişdi.
Bu yenilik rekonstruksiya etmək (bərpa etmək) alqoritmi ilə
gizli və dərin qatlardan üzdəki qatlara çıxmaq
ideyasını formalaşdırmışdı. Obyekti qatlara
bölmək, obyektdə dərində qalıb görünməyən
layları bərpa etmək yüksək yaradıcı istedad
və biliyi tələb edən bir işdir. Kamal Abdulla bu
istedadı və biliyi nümayiş etdirdiyindəndir ki, məndən
yubiley öygüsünə oxşar sözlər qopardı.
İndi əlavə edim ki, o, dərin qatları bərpa etmək
şakərini həm bədii yaradıcılığında
("Yarımçıq əlyazma" kimi romanlarında, həm
"Platon, deyəsən, xəstələnib" tipli hekayələrində),
həm də "Gizli Dədə Qorqud" kimi əsərlərində
sərgiləyib.
Renessansın
ulduzlarına titanlar deyirdilər. Ona görə deyirdilər
ki, universal idilər, fəlsəfə yapırdılar, şəkil
çəkirdilər və rəssamlığın,
memarlığın dadını, qədrini bildiklərindən
bir çox alanlarda parlaq bacarıq göstərirdilər. Bu məsələdə
bizdə Kamal Abdulla ilə heç kimi tutuşdurmaq olmaz, bircə
Anardan başqa. Ancaq Anardan fərqli olaraq Kamal Abdullanın
universallığında həm də strukturalizm, semiotika
instumentarisi var. (Əvəzində Anarda kinematoqrafiya da var).
Parlaq yazar, parlaq dilçi ampluasına görədir ki, Kamal
Abdullanı universal intellektual kimi görürəm. Onun
Mifolinqvistik nəzəriyyəsinə onun
universallığının növbəti bilintisi kimi
baxıram. Oxucu onun yenicə çapdan çıxmış
"Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar.
Mifolinqvistika" adlı kitabını bu konteksti gözə
alaraq oxumalıdır.
Bir
konfransda bir ağıllı qadından eşitmişdim ki,
yaradıcı düşünmək başqalarının
düşüncələri ilə düşünməkdir.
Bu deyim gözəlliyinə və gerçəkliyinə
görə indiyədək başımda qalmaqdadır.
İnsan başqalarının düşüncələrindən
pilləkan düzəldib irəliləməyə, əslində,
paralel olanları dişli çarx kimi bir-birinə pərçimləyib
çoxtaktlı gedişlər etməyə məhkumdur. Kamal
Abdulla Mifologiya ilə dilçiliyi iki dişli çarx kimi
bir-birinə geydirib bu kitabda çoxtaktlı, çoxritmli,
çoxgedişli silsilə yaradır. Hələ fəlsəfənin
dansökülənində (Kamalın sözüdür)
Əflatuna aydın idi ki, biz bilmədiklərimizi bildiklərimizlə
bilirik. "Oğuznamə"də bu ideya belə səslənir:
"Bilir bilir bilürü, bilməz nə bilər
bilürü". İnsan fəlsəfi ideyaları,
anlayışları bilməlidir ki, onların
araçılığı, "çarxlarındakı
dişləri" ilə bilmədiyi yeni ideyanı
"çarxın" dişinə ilişdirib gətirsin, yəni
bilsin! İnsan invariant/variant terminlərini bilməlidir ki,
Kamal Abdullanın düzüb-qoşduqlarını tutsun.
İnsan invariantı (dəyişməz olanı) və
variantı (dəyişən olanı) bilməlidir ki, Kamad
Abdullanın bizə açdığı bilmədiklərimizi
yaxşı qansın.
Fəlsəfədə
dəyişənlərdə dəyişməz olanı
bildirmək üçün mahiyyət, sonra isə substansiya
terminləri ortaya çıxdı. Axırıncı termin bəzən
nəsnələrin maddi əsasını, çox vaxtsa azman
və önəmli olanların mahiyyətini bildirir. Ona görə
də filosoflar Tanrını varlığın substansiyası
adlandıra bilərlər, ancaq, tutalım, "əxlaqın
substansiyası" demək nəsə dilə gəlmir. XX
yüzilin erkənində sistem nəzəriyyəsində,
strukturalizmdə, semiotikada substansiyanın sinonimi kimi
"invariant" sözü dövriyyəyə
düşdü. Mahiyyət, adətən, nəsnələrin
gizlində qalan əsasını göstərir, invariant isə
gizlində qalan mahiyyəti formaya çıxmış
görkü ilə qoşalaşdırdı, yəni kiminsə
xasiyyəti və üzünün şarjda, karikaturada
görünən tipik cizgiləri birlikdə invariant anlayışına
uyğun gəldi. Bu, bildiklərimizdir. Kamal Abdulla isə bu
bildiklərimizdən pillələr qurandan sonra onlardan
"dişli çarx" düzəldir. Daha sonra müstəqimliklə
mif və metaforikliyə gedən xətti dişli çarxa
çevirib ikisini bir-birinə geydirir ki, biri fırlananda o
birisi də fırlansın ki, semantik sayrışmalar
alınsın. Bir invariantla o biri invariantların "yanıb
sönməsindən", bir-birinə "göz
vurmasından" variant çalarları cilvələnsin.
Kamal Abdullanın kitabında mifolinqvistik axtarışların
türlü gediş taktları bundan alınır. Ancaq bu
taktlarda düşüncələri böyük rəqsə
salır "Kitabi-Dədə Qorqud"da kitabın semantik
sayrışmalar" bölümü.
Əgər
kimsə bizim bilmədiklərimizi onların yan-yörəsində
səpələnmiş bildiklərinizlə açırsa, elə
də böyük iş görmür. Əslində, qatlar (laylar),
invariant/variant, müstəqimlik, mifolojilik, metaforalıq kimi
bildiklərinizdən söhbət salanda kimsə böyük
iş görmür. Böyük iş ondan başlayır ki,
o, bilmədiklərimizdən çox uzaqlarda gizlənib
durmuş bildiklərimizi meydana çıxarır, yəni
uzaq düşmüşlərin bir-birilə
görüşünü, vüsalını yaradır. Kamal
Abdullanın əlinizdə olan kitabı belə
"vüsalları" düzənləyən mətndir.
Füzulidən bildiklərimiz siyahısına
düşmüş "Aldanma ki, şair sözü, əlbəttə,
yalandır" misrası ilə "Qarşı yatan Qara
dağ" misrası arasında zaman məsafəsi kosmik səviyyədədir.
Sözsüz, mən Dədə Qorqud dastanının
özünü yox, dastanda onun əski prototipinin iz
salmış müstəqimlik, mifolojilik aşamalarını
deyirəm. Kamal Abdulla onları bilmədiyimizi bilmək
üçün görüşdürəndə mat
qalırsan.
O,
"kimi" qrammatik qoşmasını poetik
düşüncənin nəliyini, necəliyini anladan
açara çevirəndə bu açarı dərin,
ağıllı düşüncələrə
yabançı görünən prozaik nitq hissəsi ilə
vüsala salıb Aristotelin dediyi təəccüb, mat qoymaq
effektini yaradır. Kamal Abdulla, beləcə, elmdə bəlli
terminlərdən, ideyalardan (başqaların düşüncələrindən)
mifolinqvistika adında bilmədiyimiz metodu çıxarmaqla Dədə
Qorqud semantikalarını sayrışmalara salır. Bununla
"Azərbaycan" adlanan səmaya bizə, bir-birinə
göz vuran ulduzlar səpələyir.
Niyazi MEHDİ
Ədəbiyyat qəzeti.- 2022.- 29
oktyabr.- S.13.